Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 4 / 5 · 60%

Məsum kişi çox fikirləşdi. Axırını bir yana çıxara bilmədi. Ərizə yazan bir idarə tanımır. Ürəyi bir adam tapmırdı. Fikir-xəyal içində getdikcə gedirdi. Başını qaldıranda özünü kitab dükanının qabağında gördü.

Cavan-cavan məktəblilər vitrinaların qabağında dayanıb baxır, kitabların üstünü oxuyur, bir-birinə göstərirdilər. Məsum kişi bir qarayağız oğlanın qolundan yapışdı:

– Bacıoğlu, sənə sözüm var.

Oğlan, belə laübali bir kişinin gözlənilməz hərəkətindən və sözündən xoflandı. Bir onun üzünə, bir qiyafəsinə baxdı. Dinmədi. Məsum kişi sözünü deyəndən sonra çəkilib küçənin bir tərəfində dayandı. Məktəblini gözlədi. Məktəbli ona yaxınlaşdı. Kişi məktəbliyə dedi:

– Bacıoğlu, səndən bir xahişim var, təvəqqe edirəm, mənə əl boyda bir kağız yazasan. Stalinə şikayətim var, işim düşüb. Allah səni atana-anana çox görməsin.

Məktəbli yoldaşlarını çağırdı:

– Ay ibrahim, kağızın varmı?

– Var, neynirsən?

– Əmiyə ərizə yazaq.

– Nə ərizədi, ayaq üstdə?

İbrahim kağız çıxardı, qarayağız oğlan küçənin sağına tərəf getdi:

– Bura gəlin, qiraətxanaya gəlin.

3

Məsum kişi belini əyir, bir əlini dizinə qoyur, bir əli ilə də kağıza işarə edib tələbəyə deyirdi:

– Əzəl başdan yaz ki, məndən, Qarxınlı Məsumdan çox-çox salamdua... İkincisi, yoldaş Stalin, sənə oğlumdan şikayətim var. Harda yazılıb ki, oğul atanı evindən qovsun, ayağa salsın. Mən özüm yaxşı bilirəm ki, yoldaş Stalin, sən özün dünya rəhbərisən. İşin çox-çoxdur. Yenə ananı görmək üçün Moskvadan Tiflisə gəlirsən. Çünki vacib bilirsən...

Tələbə dayandı:

– A kişi, sən düz adama oxşamırsan. Elə yerlərdə nə işin var. Sən şikayətini elə, bu nə söhbətdir.

Tələbə bunu deyib qələmi yerə qoydu:

– Mənim işim deyil, xatası-zadı çıxar. Sabah di gəl görək bunu yazan kimdir. Yox əmi, məni bağışla...

Tələbə yazdığını cırdı, çıxıb getdi. Məsum kişi qiraətxananm qapısında mat-məəttəl, donmuş kimi qaldı. Tələbənin hərəkəti onu bir az qorxutdu: "Hə, görəsən, rəhbərin acığı tutar?" Yenə kişini fikir-xəyalat götürdü. Darıxdığından eşiyə çıxdı, yaxasını cırdı. Yenə üzünü sahilə sarı tutub yeridi: "Deyəsən, mənim o dənizdən savayı nicat yolum yoxdur, axı." Gedirdi, amma ürəksiz gedirdi.

Heç inana bilmirdi ki, rəhbərə şikayət üzündən ərizə yazmaq qəbahət sayılsın. Bir deyil, min adamdan eşitmiş, neçəsinin işinin düzəldiyini gözü ilə görmüşdü. Öz-özünə fikirləşdi: "Yox, belə deyil ki, belə olsun. Stalin özü fəhlə balasıdır. Özünün başı pis adamlardan az cəfa çəkməyib, sürgün görüb, pis gün görüb, kasıb-kusubun halını ovcunun içi kimi bilir. Ərizəyə acığı niyə gəlsin... Tələbəyə inanmağı gəlmirdi:

"Oxuyanda nə olar, - deyirdi, - uşağın birisidir. Dünyanın işlərini nə qanır? İsti-soyuq dadmayıb. Yox, canım, ayrısına yazdıracağam."

Bu sözü ürəyində deməyi ilə təkrar qiraətxanaya sarı dönməyi bir oldu.

4

Məsum kişi şikayət kağızı yazdırandan sonra oğlunun evinə dönmədi. Bütün gecəni böyük şəhərin işıqlı küçələrində əli qoynunda, yorğun, yuxusuz, sərgərdan gəzdi.

Axırda əldən düşdü, bir çörəkxanaya girib xahiş elədi:

– Yerim yoxdur, bir gecəliyə qoyun daldalanım.

Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xamır yoğurur, kürəyə od qoyurdular. Qolu çirməkli, uzunboy xamırgir işarə ilə taxtın üstünü göstərdi.

Məsum kişi "Allah səndən razı olsun" deyib içəri girdi. Taxtın üstünə qalxıb palaz üstündə uzandı. Kişini o saat yuxu apardı.

Çörəkçilər gecəni səhərə qədər işləyər, verilən unu çörək eləyib arabalara doldurmaymca rahat olmazdılar. Bu gün saat doqquzu vu randa işlər tamam qurtarmışdı. Süpürgəçi teşti yuyur, kürəni təmizləyir, aranı yığışdırırdı. Məsum kişi gözünü açanda ucaboy xamırgirin oturub çay içdiyini gördü, xamırgir soruşdu:

– Yəqin, taqqataqdan yatmadınız, hə?

– Yox, qardaşoğlu, lap rahat yuxuladım. Həmişə rahatlıqda olasan.

Xamırgir Məsumun qabağına da bir stəkan çay qoydu.

– Haradan belə, - dedi, - əmi? Qərib adama oxşayırsınız?

Məsum kişi, xamırgirin sözündən köyrəldi. Başını aşağı saldı və dedi:

– Qərib olsam nə var, ay oğul, bədbəxtəm.

Xamırgir maraqlandı:

– Necə bəyəm, əmi, nə üz verib?

Kişi başına gələnləri açıb danışanda xamırgir təəccüb elədi. Doğma övladdan belə işi birinci dəfə eşitdiyini dedi və əlavə etdi:

– Özünüzdə günah var. Acığına gəlməsin, səndə də var.

– Mən nə eliyə bilərəm, ay bala?

Xamırgir hirsli bir ahənglə danışdı:

– Necə nə eləyə bilərəm, səni sağ olasan, bu nə zəmanədir ki, sən bu tövr övladın kölgəsində yaşayırsan. Bəyəm sənə nə olub, əlin, başın salamat adamsan. Qoca olanda nə olar. Tüpürərəm, elə oğlun evinə də, eşiyinə də. Odur ey, sağ olsun hökumətin işi, qayğısı, gəl, lap mənnən köməkləş, bir aydır adam axtarıram. Qapıda 5-6 saat qaravul durmağa bir adam tapmıram. Sənə nə olub, bir tikə çörəkdən ötrü, bağışla məni, itin sözünü eşidəsən.

Məsum kişinin gözləri işıqlandı.

– Sən doğrudan deyirsən?

– Doğrusu yoxdur. Günü bu gündən sən mənim işçimsən, meylin çəkirsə.

Məsum kişi şadlıqdan gülümsədi, dinmədi, yadına bir şey düşmüş kimi soruşdu:

– Ay oğul, axı mənim qalmağa yerim də yoxdur.

Xamırgir əli ilə olduğu yeri göstərdi:

– Yer budur ey, bəyəm mənim alaxanam-balaxanam var? Hələlik burada yaşayıram, sağlıq olar, otaq-zad düzəldərik, söz veriblər.

O gündən Məsum çörəkxanada qarovulçu vəzifəsində çalışmağa, xamırgirə bir yerdə yaşamağa başladı.

O, indiki dinc və sakit həyatından o qədər razı idi ki, oğlunun evindəki günlərinə lənət oxuyurdu. Belə bir yeri vaxtında axtarıb tapa bilməməsinə, nahaq yerə pis fikirlərə düşməsinə təəssüf elədi. Öz-özünə dedi: "Gərək ərizə-zad da yazmayaydım."

Məsum kişi on-on iki gün yaşadı və ürəyində qoydu ki, bu məsələni xamırgirə heç açmasın.

Bir axşam Məsum kişi özünə qənd almağa, aşağılara, mağazalara sarı getmişdi. Çörəkxananın qabağında bir maşın dayandı. Qarabuğdayı cavan bir oğlan düşüb içəri gəldi. Xamırgirdən Məsum kişini soruşdu.

Xamırgir unlu kisələri sayıb üst-üstə yığırdı.

Maşını və oğlanı görəndə, Məsum kişini axtardıqlarını biləndə quruyub ayaq üstdə qaldı:

– Qardaş, neynirsiniz Məsum kişini?

Qarabuğdayı oğlan dedi:

– Vacib işimiz var. Haradadır o?

Xamırgir irəliyə gəldi:

– Bu saat burada idi. Qənd almağa getdi.

– Ha tərəfə?

– Bu yana, yəqin mağazada olacaq, istəyirsiniz gedim çağırım. Qarabuğdayı oğlan xahiş etdi:

– Mümkünsə çağırın, mən üzdən tanımıram, yoxsa özüm gedərdim.

Xamırgir pencəyini əyninə çəkdi. Papağını başına atıb mağazalara sarı götürüldü.

Məsum kişi qucağında kağıza bükülü nə isə gətirirdi. Xamırgir əli ilə işarə elədi:

– A kişi, sən düz adama oxşamırsan. Bu nə işdi, maşın ilə axtarırlar, gəl görək.

Məsum kişi qızardı:

– Necə bəyəm?

– Maşın gəlib dalınca. Nə İşdi bu? Məni də xataya-zada salarsan ha? Müsürmana yaxşılıq yoxdu...

Məsum kişi özünü itirdi və xamırgirin sözündən utandı:

– Qorxma, qardaşoğlu, hər nə olsa, sənə ziyanım dəyməz. Ərizəm var, bəlkəm...

Qarabuğdayı oğlan Məsum kişi ilə əl verib görüşəndə və xoş dindirib maşına əyləşdirəndə xamırgirin ürəyi yerinə gəldi. Bildi ki, "xeyir olacaq!"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki səs

Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

19454 dəq
Qələmdan

1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:

194515 dəq
Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 dəq
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 dəq

Başqa şairlərin şeirləri