Səhifə 3 / 3 · 67%

2

Biri dünyanın o başından gəlmiş, biri isə güclü ayaqları ilə öz torpağında möhkəm dayanmış iki fermer qabaq-qabağa dururdu. Göy və həris gözlərilə hər yerdə olduğu kimi, burada da qazanc axtaran başını qaldırıb gördüyü qoz ağacına, zoğal, əzgil ağacına, gül kollarına baxıb sual verirdi:

– Hər ağacdan nə qədər yığırsınız? Qoz burada neçəyə gedir? Nə üçün ağaclıqlar hasarlanmamışdır?..

– Cənab Ceferson, bizdə bu ağaclar el malı sayılır. Məhsulunu da yoldan ötən, uşaq, böyük yeyir. Gülü satmaq bizdə ayıbdır. Gül bir elə nemətdir ki, onu bizlərdə heç kəs heç kəsdən əsirgəməz.

Ceferson müsahibinin sözlərinə inanmasa da, onun ticarət-qazanc haqqında bir kəlmə də danışmamağına təəccüb edirdi. Cins arı aparmaq niyyətini Salman kişiyə deyəndə, qiymət soruşanda Salman kişi güldü:

– Onun maliyatı bir şey deyil ki... Qonağımızsınız, bir pətək arı verərik, apararsınız. Pul söhbəti artıqdır...

Ferma işçilərinin Salman kişi ilə yoldaş kimi rəftarını görəndə də Ceferson eyni dərəcədə təəccüb edirdi: "Başından yumruq, kürəyindən qamçı əskik olanda əmələ necə işləyir, nə işləyir!" O bilmirdi, heyrətini nə ilə ifadə etsin:

– Fermanızda çalışanlar sizin işinizə can yandırırlarını?

Salman kişi papiros qutusunu açıb, müsahibinə təklif etdi, birini də dişləri arasına alıb kibrit yandırdı və cavab verdi:

– Cənab Ceferson, ferma təkcə mənim deyil, işçilərin özlərinindir. Bütün torpaq, əmlak kimi fermanın var-dövləti də kolxozçuların özünündür. Onlar öz işlərinə necə can yandırmaya bilərlər? Əksinə, onlar yarışırlar. Biri o birisindən bir addım geri durmağı şəninə şikəstlik sayır.

Qonaq qarşısındakı yumrusifət, sakit və xoş baxışlı kişini sanki lazımınca duyub dərk etmək üçün diqqətlə baxır, onu başdan-ayağa süzürdü. Salman kişi məğrur duruşu, dağları, çayları, üfüqləri aşıb gedən, hər şeyə nüfuz edən, hər şeyi qavrayan nəzərlərilə qonağın gözündə daha da böyüyürdü.

– Cənab Ceferson - deyirdi, — bizdə adamlar bir-birinin rəqibi deyil, bir-birinin yoldaşıdır. Bu yoldaş sözü böyük sözdür! Bu sözü bizə Lenin, Qorki öyrətmişdir. Biz alım-satım ilə məşğul olmuruq. Bizim kollektiv özünü təmin edəndən sonra artıq məhsulunu dövlətə verir ki, o da başqa kollektivlərə göndərsin, həmçinin, başqa kollektivlər də o cür! Biz bu cür dolanırıq. Bizim hamımızı Sovet hökuməti ana kimi öz qucağında böyütmüşdür, hər işini bizə tapşırmışdır. Bizdə ayrı cür münasibətlər yoxdur.

Ceferson Salman kişinin sözlərini diqqətlə eşitsə də, buradan çoxlu arı ala bilməyəcəyini, bu səfərdən istədiyi qazancı götürə bilməvəcəyini düşünür, susurdu. Salman kişi bir az ucadan dediyi sözlərlə onu xəyallarından ayırdı:

– Ancaq qonaqdan xahişim budur ki, bizdən aparacağı cins arılar ilə yaxşı rəftar etsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məşriq

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

194018 dəq
Boz adam

Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.

19415 dəq
Fitnə

Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.

194110 dəq
Ata

Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.

19416 dəq

Başqa şairlərin şeirləri