Səhifə 2 / 2 · 50%

Nağılın burasında uşaqlar gülüşdülər. Mişka sözünü saxlamadı:

– Bu dəfə lap qorxuya düşdüm. Bütün bədənimi tər basdı. Papağımı çıxarıb üzümü sildim, bir göz açımmda xortdan yenə yox oldu. Yenə ətrafı axtardım, səs elədim, əyilib bir neçə daş götürdüm, qabağa, dala tərəf atdım. Yolum ilə yeriməyə başladım. Gedirdim, hər addımda xortdanın qabağıma çıxacağını gözləyir, diqqətimi yoldan ayırmırdım. Ancaq xortdan görünmürdü. Xəyalımda dedim: “Daş atmışam qaçıb, ya səsimdən qorxub." Bir az da gedəndən sonra xortdanın məndən əl çəkdiyinə arxayın oldum. Başımın üşüdüyünü hiss etdim. Papağımı başıma basdım, yeyinlədim. Gecədən xeyli keçmişdi. Mən özümü qonşu kəndə salmaq, orada dincəlmək xəyalında idim. Başımı qaldıranda yenə xortdanın qabağımda oynadığını gördüm. İndi o, bir qıçının üstündə oynayırdı. Hərdən uçuna-uçuna dayanırdı. Məni təəccüb götürdü. “Bu nə olan şeydir? Belə də həyasız xortdan olarmı? Buna heç zad kar salmır, görəsən, necə eləyim?.." Durduğum yerdə fikirləşir, fikirləşdikcə vahimələnirdim. Papağımı əlimə alanda xortdan yenə yox oldu. Mən yəqin elədim ki, xortdan papaqdan qorxur. Papağı əlimdə tutub yeridim. Kəndin işıqları görünəndə ürəyim yerinə gəldi, daha qorxudan çıxdim. Bildim ki, xortdan cürət eləyib camaatın içinə gəlməz. Kənddə Haşım adlı yaxşı dostum var idi. Onun qapısına tərəf yönəldim. Tələsirdim ki, tez çatım, bu gecə başıma gələnləri dostuma danışım. Yaxınlaşanda papağı başıma qoydum, üst-başımı çırpdım. Ürəyimdə qoydum ki, dostumdan soruşacağam, görüm, xortdan papaqdan niyə qorxur? Haşımın darvazasına çatmağa beş-on addım qalanda xortdanın qabağımda atılıb-düşdüyünü görüb, heyran qaldım. Az qaldım özümdən gedəm. Bu heyvan, deyəsən, mənim ürəyimdən xəbər verirdi. Onun haqqında düşünən kimi, gəlib göz qabağında dikəlirdi. İstədim papağı əlimə alım, qaçsın. Bir də ürəyimə gəldi ki, "dəymə, qoy görək, mənimlə qonaq evinə girəcək, ya yox?" Mən ehtiyatla yeriyir, gözümü ondan ayırmır, onun hər hərəkətini izləyirdim. İzləyirdim, çünki, onu itirməmək, mümkün olsa, Haşıma da göstərmək lazım idi. Deyəsən, xortdan da mən gedən evə gedirdi. Mən fikir verirdim, Haşımgilin dar və yoxuşa doğru çıxan küçəsi ilə dırmaşdıqca xortdan da mənimlə dırmaşır, sanki mənə bələdçilik edirdi.

Mən Haşımın qapısında dayananda xortdan da dayandı. Darvazanın dəmirini tərpətdim, o saat Haşımın lampası yandı. Kişi qabağıma çıxdı. Məni görüb sevindi, görüşdü. Həyətə keçəndə mən qabağa diqqət elədim, başıyox xortdan qaçmamışdı, amma daha əvvəlki kimi oynaya bilmirdi. Yəqin elədim ki, xortdan qaçmayacaq. Qorxur, ya üşüyür. Rahat və dalda yer axtarır, qoy Haşımın evində xəlvətə salıb tutaq. Haşımdan xahiş elədim, lampaya xod verdi. Xortdan qabaqda, mən də onun dalınca qonaq otağına girdik. Gözüm kəlləmə çıxdı. Haşım döşəkcə qoyur, yaşdıq gətirir, ha "əyləş", "əyləş" deyirdi. Ancaq mən ayaq üstdə mat qalmışdım, gözlərimi qaşlarıma sarı bərəltmişdim. Haşım elə bilmişdi ki, mən evin səqfinə baxıram.

– Yox, - deyirdi - aşna, gecikmisən, bandaqların hamısını yedik.

O, güman edirdi ki, mən asılmış üzüm bandaqlarını axtarıram. Mən papağımı çıxartdım. Qabaq tərəfdən sallanan, ortasından sınmış bir kibrit çöpünü əlimə aldım. Bu kibrit çöpünü ancaq indi, çıraq işığında yaxşıca tanımaq və necə bir xortdan olmasını seçmək mümkün idi. Kibrit çöpü, sən demə, papağımın qılından sallanır, mən yeridikcə atılıb düşürmüş. Götürüb baxdıqca qorxaqlığımdan utanırdım. Xeyli vaxt heç nə demədim. Haşım çox soruşdu, çox bənd oldu, demək istəmədim.

Ancaq səhər, çay zamanı ürəyimdə söz saxlaya bilmədim, xortdan əhvalatını açdım.

Haşım da güldü və dedi:

– Bəli, dostum, xortdan elə belə-belə şeylərdir. Qorxan adamların gözündə kibrit çöpü bir xortdan, saman çöpü bir əjdaha olur. Qorxu bilməyən, cürətli adam üçün isə nə xortdan var, nə əjdaha. Onun gözünə tir də görünsə qorxmaz.

Mişka nağılını qurtardı, stol üstündəki kitabları yenidən barmağı ilə göstərib dedi:

– Uşaqlar xortdan-xortdan ki, deyirlər, elə budur ki, var. Meşə əhvalatından sonra mənim gözüm açılıb. Bir də elə mövhumata inanmaram.

Mişka sözünü bu yerə yetirəndə nədənsə dönüb Rəşidin üzünə baxdı. Rəşidin rəngi qızarmış, qaşları çatılmışdı. Mişka Rəşiddən ötüb İskəndərin qabağında dayandı.

– Yoldaş İskəndər, - dedi, - indi bildin xortdan nədir, ya yox?

İskəndər gülümsədi, heç nə demədi. Mişka keçib qarmonu əlinə aldı, döşünə basıb, yenə aləmə səs saldı.

Rəşid isə artıq qarmonu eşitməyə qalmadı. Qalxıb atasının yanına gəldi. Mişkadan eşitdiklərini bir-bir danışdı.

Atası da bu söhbəti təsdiq etdi. Ondan sonra Rəşid daha qorxmazdı. Gecə vaxtı təkcə pilləkənləri enib-qalxar, dərs oxumağa, oynamağa gələn yoldaşlarını təkbaşına yola salardı. Hər kəs xortdandan söhbət açsa, kibrit çöpünü əlinə alar, ortadan iki bölüb göstərərdi:

– Xortdan budur. Əllisi bir şahıya satılan xortdandan da adam qorxarım?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri