Gəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.

Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.

Gəmi çoxlarını aparırdı. Ancaq heç kəsin dərdi Sonanın kədəri qədər intəhasız deyildi.

Atası ona təsəlli verirdi:

– Qızım, ticarətimiz, bağ-bağatımız orada, əqrəbamız orada, mən də, anan da yanında, nədən qüssələnirsən?

Qızın qəlbi toxtasın deyə, hər şeyi, evin ən xırda əşyasını belə yığıb aparırdılar:

– Sona bu kürsüdə oturur, bu mürəkkəbqabı da onundur. Sona bu stəkanda çay içir. Qızımın kitab şkafı, tikiş maşını... hamısı getməlidir!

Bəs Sona niyə qüssələnirdi? Çünki o, aparılmayan, qiyamətə qədər heç kəsin apara bilməyəcəyi bir şeyi qoyub gedirdi. O, Bakını tərk etməyə məcbur idi. Bakı isə Sonanın həyatı, cavan ömrü idi. Su üzündə olsa da gözləri hələ də sahilin möhtəşəm mənzərəsində, xəyalı hələ də sovet məktəbinin dərs otaqlarında, qəlbi yoldaşlar yanında, ürəyi həqiqət kitablarında idi.

O, tək Bakının yox, təzəcə çiçəklənmiş, rövnəqlənmiş cavanlığının gülzar bağını, təzəcə alovlanan hissini... hamısını qoyub gedirdi.

Bu mümkündürmü?

Şahin uşaqlıqdan səs-səsə verib böyüdüyü, bir danışıb, bir güldüyü, bir anladığı əziz yoldaşı Şahin də Bakıda qalırdı. O, təyyarəçilik məktəbində oxuyacaq idi. Sona isə təhsilindən əl çəkirdi.

Sonanın göz yaşları qurumamış Bakı görünməz oldu. Boşa çıxan ümidlər, sönən arzular kimi, getdikcə kiçilən şəhər axırda bir qaranquş kimi üfüqdə qeyb oldu. Sanki Sonanın sinəsindən qəlbini qopartdılar. Gözü qaraldı. Qanı damarlarında donub durdu. Vücudu vurğun kimi hissini, hərəkətini itirdi. Deyəsən, əsrarəngiz göylər başdan-başa bir müsibət olub, müdhiş qayalar kimi, vətən qızının başına töküldü. Kainat müvazinətini, çaylar istiqamətini itirdi. Dənizlər köpürdü. Sular çöllərə axdı.

Yalnız Sonanın tutulmuş günəş kimi küskün çöhrəsi açılmadı, gülmədi.

Güney bağları Sonanın yeganə musiqisi olmuşdu. O, azmış quşlar kimi iydə, badam ağaclarının başına qonar, üzünü Xəzər nəsimlərinə tutub bayatı çağırardı:

Əziziyəm, hər aylar,
Hər ulduzlar, hər aylar,
Başım cəllad əlində
Dilim səni haraylar.

Orada, o düzənli bağlarda qızın səsini eşidən, dərdini duyan olurdumu? Bunu bilmirik. Bildiyimiz budur ki, yaz quşları, ətirli yarpaqlar içində uçuşan o xeyir mələkləri sınıq qəlbin mahnısını ipək kimi tel-tel edib havaya səpər, sabah yeli ilə Şahinə göndərərdilər. Qız da Şahinin xəyalı ilə həmişə göylərdə yaşardı. Buludları, dumanları, məsafələri yarar, ərşə qədər uçar, yerlərdə itirdiyi məhəbbətini səmada axtarardı. Gündüz sakit avazların dərinlərinə dalıb, məyusluq içində boğular, gecə də diz çöküb, hər ulduzdan soraq sorardı. Hilalı hilal qəddinə, bədiri solğun çöhrəsinə, qaranlığı kor taleyinə şahid çəkərdi. Baharı acı xatirələrdə, xəzanı məhrumiyyət ahlarında batıb gedərdi.

Yenə xəzan bütün qəm-qüssəsi ilə gəlmişdi. Sonaya tutqun axşamlar, intizarlı səhərlər, saraltılar, solğunluqlar, naümidliklər gətirmişdi.

Sona iydəliyə çıxıb kölgəliklər içində kəpənək kimi gəzişirdi. Birdən göylər şaqqıldadı.

Avaz göylər şaqqıldamaz ki!

Sona gözünü qaldıranda, vətən üfüqlərini ölçən ulduznişan təyyarələri görəndə yanaqları gül kimi qızardı, vücudunun bütün qanı qəlbinə yığıldı. Gözləri çıraq kimi yandı. Dodaqları yarpaq kimi əsdi, gözü səmada, özü o yan-bu yana yüyürdü. Hay salmaq, nə isə demək istədi. Dili tutmadı. Başıaçıq, saçı dağınıq halda bağdan çıxıb, adamların axışdığı meydançaya yüyürdü.

Bir saatdan sonra meşin libaslı, döşü qızıl ulduz nişanlı, ucaboy, sağlam, müsəlləh bir cavan - igid Şahin Sonanın əlini sıxıb, möhkəm bir qətiyyətlə deyirdi:

– Sizin yolunuzda, məhəbbətiniz yolunda fədayi gəlmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri