Tarla mənzərələri
Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:
– Gedək, - dedi, - tarlada gözləyirlər.
Alıuşağı kəndində mən 12 il bundan əvvəl olmuşam. O zaman burada mədəniyyət evinin planı çəkilir, bünövrəsinə daş atılırdı. Cərgələnmiş təzə daş-kərpic evlərdən əsər-əlamət yox idi. Zövq ilə tikilən bu evlərin hər birinə daxil olub baxmaq nə qədər maraqlı olsa da, Allahverdi əminin fikri tarla işlərində, pambıq yığanların yanındadır.
– Bu xoş havalar həmişə ələ düşməz, gedək!
– Gedək!
"Azərbaycan" pambıq yığımında Kirovabadda qabaqcıl kolxozlardan biridir. Mərkəzi Komitənin qarşıdakı plenumuna qədər öz planını 2 41 ödəyəcəyinə şübhə etmək olmaz. Çünki burada Solmaz Allahyarova, Nazlı İbrahimova kimi gənc pambıq ustaları, bütün varlığı ilə öhdəçiliklərini yerinə yetirməyə çalışan pambıqçılar vardır.
Solmazın manqası hələ oktyabrın 13-də öz planını ödəyib, dövlətə 16 tona qədər pambıq verib. Keçən il bu zaman burada pambıq uğrunda mübarizənin bayraqdan Solmaz idi. Zahirən o, sadə, arıq, nazik, sifəti gündən yanıb-qaralmış bir qızdır. Çox işləmək və özünü gözə soxmaqdan çəkinmək, az danışmaq, Azərbaycan qadınlarına məxsus utancaqlıq və işgüzarlıq onun əsas məziyyətlərindəndir. Oktyabrın ikinci ongünlüyündə manqaarası keçici bayrağı alıb və indiyəcən də möhkəm saxlayıb. Solmaz tarlaya gedəndə manqa üzvləri əsgər kimi komandirlərinin əmrini dinləməyə tələsirlər.
Solmaz çox gəncdir, yeddincini qurtarıb, neçə ildir ki, özünü pambıq uğrunda mübarizəyə həsr edib. Manqa üzvləri, briqadirlər, onun həm hörmətini saxlayır, həm də təkliflərini eşidir, tədbirlərinə səs verir.
Briqadir Bəndər ətəyi pambıq ilə dolu ikinci bir qızı göstərərək deyir:
– Solmaz tək deyil, Nazlı İbrahimova kimi qoçaq yoldaşları var.
Nazlı da yeddiilliyi qurtarıb. Nazlı da on nəfərlik manqaya başçılıq edir. 12 hektar yeri becərib, hektardan 35 sentner verməyi öhdəsinə almışdır. Nazlı hələ ayın 9-da kolxozda ilk dəfə qələbə raportunu vermişdir. İndi isə o, manqa üzvləri ilə şərtləşərək 15 ton əlavə pambıq vermək əzmindədir. Bacısı Tahirə, manqa üzvləri Məmləkət Əzizova, Atlas Məmmədova və başqaları öz ustalarının bir sözünü iki eləməzlər. İstəməzlər ki, ustaları "yar-yoldaşlardan" geri qala.
Nazlı irigözlü, güİəşqabaq, zirək bir qızdır. Kolxoz sədri fəal işinə görə Nazlıya təşəkkür edəndə o, utandığından pul kimi qızarır, üzünü yana çevirir və deyir:
– Borcumuzdur, ay Allahverdi əmi, öz işimiz deyilmi?! Borcumuzdu!..
Briqadanın indiyəcən verdiyi məhsulun 92-93 faizi birinci növ pambıqdır. Bu kolxozun adamları yalnız kəmiyyət yox, həm də keyfiyyət uğrunda çox düşünürlər.
Allahverdi əmi də, briqadirlər də pedaqoji institutunun təbiət fakültəsi tələbələrinə təşəkkür edirlər. Köməyə gələnlər indiyəcən 100 tona yaxın pambıq yığıblar.
Pambıqçı qadınların uşaqları üçün açılan bağçada balalara müxtəlif əyləncələr verilir. Ancaq indi havalar xoşdur, uşaqları otağa yığmaq çətin olur. Onlar quş balalan kimi yuvadan pərvazlanırlar.
Ağ önlüklü, dümqara saçlı mürəbbiyə böyük bir ziyafət qarşısında olan kimi, çirmənib nahar hazırlayır. Palıd ağacının altında ocaq qurub xəngəl bişirir. Allahverdi əmi çox çalışır ki, bu payız mürəbbiyəni də, başqa kolxozçuları da odun qayğısından, çırpı tüstüsündən birdəfəlik xilas eləsin. Axı, qaz kəməri kəndin lap böyründən keçir.
Belə gözəl binalarla planlı küçələr salan, hər yana işıq və yaraşıq saçan yeni bir kəndə qaz çəkdirmək haqqında kolxozçuların niyyəti və xahişi tamamilə vaxtında və təbiidir. Bunun üçün ancaq turbalar, krantlar lazımdır ki, Kirovabad kimi şəhərdə də bunu əldə etmək heç də çətin deyildir. Kəndə qaz çəkdirmək kolxoz sədrinin builki planında cib dəftərində yazılmışdır. Kolxoz sədri dediyini eləyən adamdır. Ümid etmək olar ki, yanvardan sonra Alıuşağı kəndində qaz pilətələr, sobalar yanacaqdır.
Tarla qəhrəmanları ilə görüşümüzdə bir arzumuz da bu oldu ki, pambıq toplanışında mexanikləşmə işi, yeni maşınlar öz ləyaqətli mövqelərini tutsunlar. Bəzi maşınların quruluşu hazırkı tarlaya, tarlaların işlənməsi isə yeni maşına münasib vəziyyətdə deyildir.
Əkin briqadaları, aqronom və mexanizatorlar buna diqqət etməli, tarlanı maşın üçün tam uyğun hala gətirməlidirlər. Maşın ağzı qozaları köklü, yarpaqlı sümürüb içəri doldurursa, kəltənli torpaq da maşının hərəkətinə mane olursa, bu, aqronomluq işinin qüsurudur.
Nəzərə almaq lazımdır ki, maşın həmişə, hər yerdə insanı ağır və üzücü zəhmət, məşəqqətdən azad edir. Vaxtilə kolxoz kəndinə ilk traktorlar səs salanda "şeytan işi" deyə vahiməyə düşən, inanmayanlar az idimi? Çox çəkmədi bütün əkinçilər əmin oldular ki, traktorun bir gündə gördüyü işi ən qoçaq əkinçi on gündə də görə bilmir. Burada yalnız miqdar məsələsi yox, yerin dərinlərinə qədər nüfuz edən, torpağın damarlarını söküb, məhsul üçün oyadan dəmir atları heç bir qoşqu qüvvəsi əvəz edə bilməz. Maşın indi mədəni kəndin tam gündəlik məişətinə keçmişdir. Kolxozçu yoxdur ki, evində bir neçə maşın - radio cihazı, televizor, paltaryuyan, buzxana və sairə olmasın.
Pambığın, heç olmasa, əsas hissəsini maşın ilə yığmaq, daha doğrusu, məhsul yığımını axıracan mexanikləşdirmək bizim kənddə yeni texnikanın tam qələbəsi deməkdir. İnsanların əməyini son dərəcə yüngülləşdirmək, məhsuldarlığı artırmaq mədəniyyəti, həyata münasibəti daha da yüksəltmək deməkdir. Hər bir kolxozçu bilməlidir ki, maşın onun yalnız maddi yox, həm də mənəvi silahıdır. Maşını ən əziz kitab qədər sevmək, onun dilini bilmək, "asanca oxumağı" bacarmaq lazımdır.
Yığılan pambığın çardaqlar altında dağ kimi qalandığını, nəmli yerlərdən gələndə isə açıq havada sərildiyini görəndə, briqadirlər çox uzaq keçmişdən danışan kimi, xatırlayırlar:
– Bir zaman bizdə məhsulu yerləşdirməyə çardaqlar, quruducu məntəqələr yox idi. Tarladan toplanan nəmli pambığı biz asfalt yola sərməli idik. Yolun sağına, soluna daş düzüb nəqliyyata mane olur, şoferlərlə qalmaqala başlayırdıq. İndi, gördüyünüz kimi, xüsusi, abad, geniş yerimiz var, başqalarına maneçiliyimiz yoxdur.
Azərbaycan KP Mərkəzi Komitəsinin plenumuna az vaxt qaldığını xatırladanda Allahverdi əmi öz işinə dərin bir əmniyyətlə dedi:
– Yox, biz borclu qalan deyilik. Biz plenuma alnıaçıq gedəcəyik. Plenuma qədər planı tamam-kamal doldurub raport verəcəyimizə şübhəniz olmasın!
O, əli ilə tarlaları göstərdi. Qızaran pambıq kolları üzərindəki ağ gül kimi topa qozalara işarə edib dedi:
– Bunun hamısı məhsuldur, hamısı da birciyinəcən yığılacaq.
– Biz də əmin oluruq ki, tarlalarda pambıq qalmayacaq.
– Əmin ola bilərsiniz.
Kolxozun ərazisindən ayrılanda gün yaxmaqda, ala-buludlu üfüqlər pambıq tarlaları kimi qızarıb-bozarmaqda idi.
Üzümü kolxozçulara tutub dedim:
– Güman ki, havalar xoş keçəcəkdir, buludluq olsa da...
– Atalar deyərdi, dan qızaranda şam yanar, şam qızaranda dan yanar. İndi havalar da dəyişib. Belə buludun, ya qızartının qorxusu yoxdur. Bunlar sadəcə şeh gətirir ki, bunun da məhsula ziyanı dəymir. Biz çardaqlarda pambığı quruduruq. Hələ ki, havalardan şikayətimiz yoxdur. Görək dalısı nə olur...
Bəndər, sanki haradasa oxuduğu bir sözü kitab dili ilə təkrar etdi:
– Nə olacaq, hər işi insan əli aşırmırmı?
– Elədir, elədir! Gözəl məqsədlərə yönələn insan əməyi həmişə, hər yerdə qələbə çalacaqdır!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-tarla-menzereleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Xəzərin qoynunda)*Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.
SnayperDağların ətəklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtıdır. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qoşduğu şirin nar, qızıl alma vətənidir:Şirvanın şirin narı,
Qafqaza məktubBiz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xabdn-Qol döyüşləri Uzaq Şərq igidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür.Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.
Gil-gil çaySəhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.
Başqa şairlərin şeirləri
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
QırmızıYenə məni dərdə saldı bu gözəl,Yaşıl çarşab, corabları qırmızı.
ÖlüncəSənsiz yaşaya bilməm, dinlə könlümü, dinlə,Gündüzlərim səninlə, gecələrim səninlə!