(Dramatik poemadan bir parça)

Məhsəti xanım öz otağında təkcə oturub şeir yazır. Bir az sonra başını qaldırıb yazdığı şeri oxuyur.

Unudulmuş da atılmış gülü-sevda kimiyəm.Gözlərindən çəkilən bir dəmi-röya kimiyəm.Həcr əlindən ürəyim qana dönən şamü-səhər,Üzünün nurinə həsrət şəbi-yelda kimiyəm.Neyləmişdim sənə mən böylə vəfasız çıxdın.Həsrətindən üzülən bülbülü-şeyda kimiyəm.Hər keçən yolçudan ağlar gözüm əhval sorar,Hər buluddan su uman bir quru səhra kimiyəm.Sənə bel bağladım, atdın məni ey munisi-canİndi sənsiz yaşaram, tərki-dünya kimiyəm...

(Həmayil tələsik içəri girir)

HƏMAYİLMəhsəti, buraya gələcəkdir xan,Nə edək, əzizim, bir söylə aman.Səndən almaq üçün razılıq sözüYanına gələcək lap xanın özü...

MƏHSƏTİQoy gəlsin, nə olar, nə var ki, bundaBir az da durarıq xan qulluğunda!İtaət etməyə borcludur övlad,Belə əmr eləyir bizə bu həyat.

HƏMAYİLYox, yox, qorxu bilməz bir varlıqsan sən.Özün də keçməzsən heç dediyimdənQarışıq yuxular görmüşəm yaman,Səhərdən çıxmırsan heç xəyalımdan.

Gördüm qara bulud aldı göyləri,Sis, duman bürüdü bütün hər yeriBir qara div çıxıb səni apardı,Yox olub göylərin dibinə vardı,Ağladım dalınca, çırpındım yerdə,Sən isə yox oldun dərin göylərdə...

MƏHSƏTİ (onu qucaqlayaraq)Heç keyfini pozma, gözəl Həmayil,Bu ki bir yuxudur, həqiqət deyil.Oxu, bir az oxu, könlüm açılsın,Səsindən dünyaya fərəh saçılsın.Mənim də ürəyim tutqundur yenə,Boşalmır yazdıqca bu dərdli sinə...Həzin bir şey oxu mənə dur bir az,Naz eləmə, bəsdir, sən ey sərvinaz!

(Çəngi götürüb çalmaq istəyir, Həmayil cəld oxuyur).

HƏMAYİL (oxuyur)“Qoyun deyil, sürülərə qatam mən,Öküz deyil, çodarlara satam mən.İgid deyil, qucaqlaşıb yatam mən,Ana, məni bir nadana verdilər,Babalıma, günahıma girdilər...”

MƏHSƏTİ (gileyli)Mən ki həzin bir şey istədim səndən.

HƏMAYİLBaş üstə, bu saat oxuyaram mən(yenə oxuyur)

“Öküz deyil, qucaqlaşıb yatam mən...”.

MƏHSƏTİDərdin, çorun elə igiddir sənin.

HƏMAYİLBəs səninki nədir, Məhsəti xanım,Neçindir görəsən bu ahü-ənin?!

(Bərkdən gülüşürlər, xan içəri girir, Həmayil tez o biri qapıdan qaçır)

XANQızım, keyfin sazdır, gülürsən yenə,Sənin gülüşlərin şəfadır mənə.Belə gülərüzlü görsəydim hər an,Səni bu dünyada, ölməzdim, inan!

MƏHSƏTİGülüş gəncliyindir, yaraşır ona.

XANDoğrudur, əlbəttə, mehriban sona!Gülüş çox yaraşır səntək gözələ.

MƏHSƏTİNə fayda, gəncliyim döndü xəzələ...

XANNeçin, gözəl maral, dağınsan belə.Yenə kim toxunmuş bir incə gülə...

MƏHSƏTİNə qədər mehriban olmusuz, ata,Əcəb, nədir səbəb bu iltifata?Könlüm viran oldu əzəldən mənim,Olmadı bir kimsəm, bir istəyənim...Ta uşaq vaxtından yetim qaldım mən,Doymadım heç ana məhəbbətindən.Könlüm açılmadı heç bu yerlərdə,Anamı saldınız bir yaman dərdə...Dağlar gəliniydi saf və ləkəsiz,Onu bir qəfəsə saldırdınız siz.O uca dağların ağ göyərçini,Bu mənhus sarayda yedi içini.Onu iylədiniz, atdınız bir gün,Həlak eylədiniz ömrünü bütün.

XANQızım, bu nə sözdür, bunlar nə demək,Bu keçmiş işlərdən gəl daha əl çək,Sənin yaradaram səadətini,Adımı, sanını və şöhrətini.Yalnız sözlərimə qulaq as mənim,Atanam, deyiləm sənin düşmənin.Sənin gözəlliyin, sənin camalın.Ey dilrüba sənəm, ağlın, kamalınAləmə məşhurdur, şöhrətin daşır,Sənə bir taxti-tac yalnız yaraşır.Məlikə olmağa ləyaqətin var,Şahların yanında min hörmətin var.Sənə elçi gəlir Şirvandan bəri,Sənə dikilmişdir elin gözləri...

MƏHSƏTİHeç layiq deyiləm bu tərifə mən,Siz qızım dediniz mənə əzəldən.

XANSənə heç yaraşmır açıq dolanmaq,Sinədən söz deyib alışıb-yanmaq.Eşitdim atanın düşməninə sənDostluq göstərirsən, könül vermisən.Qızım, etdiyinin hüdudunu bil,O sənə yaraşan bir insan deyil.

MƏHSƏTİAta, məhəbbətin hüdudu olmaz,Bu insan qəlbidir, düşünün bir az.Könül çırpınırkən eşq ilə hər an,Onu söndürməkdən acizdir insan.

XANBilirəm o şeyxin dərsidir bunlar,Onda nə insanlıq, nə də həya var.Həm dinsiz, imansız bir insandır o,Ona qulaq asma, çox yamandır o.

MƏHSƏTİUstad insanların ən müqəddəsi,Azad bir vicdanın ölməyən səsiOnlarla gəlmişdir bu kainata,Böyük bir zinətdir o bu həyata...

XANTərif dinləməyə gəlməmişəm mən.

MƏHSƏTİGəlmənizi xahiş etmədim sizdən.

XANXan qızı, yaraşmaz sənə bu rəftar!

MƏHSƏTİAta, həqiqətdə eyibli nə var?!

XANÖzgə bir niyyətlə gəlmişdim bu gün,Ağlımı başımdan çıxartdın bütün.Elçilər göndərir o Şirvan xanı,Şöhrəti tutmuşdur bütün cahanı.(Yumşaq və mehribanlıqla)

Sən xoşbəxt olarsan onunla inan,Rədd cavabı vermə, Məhsəti, aman!

MƏHSƏTİ (məyus, özünə) –Nə şöhrət istədim, nə şan istədim,Bu dünyada təmiz vicdan istədim,Demədim illərlə gəlsin səadət,Ömrümdə bəxtiyar bir an istədim.

XANBəxtiyar günlərin gələcəkdədir,Qızım, bu dalğınlıq, bu qüssə nədir?Sandım şad edəcək səni bu xəbər,Neçindir bu məyus, bu qəmli sözlər?!

MƏHSƏTİCanan həsrətiylə yanırkən ürək,Dünyanın şöhrəti, malı nə demək?!O nurdan qurulan saf məhəbbəti,Heç satın alarmı bir xan şöhrəti?!Mənim sevgilim var uca dağlarda,Könlümü əmanət qoymuşam yarda...

XANMəhsəti, həddini keçir bu daha,Heç səbəb görmürəm belə coşmağa,Əmr edirəm sənə, yola hazırlaş,Gəlin gedəcəksən Şirvana birbaş!

(Xan acıqlı otaqdan çıxır. Məhsəti başını əlləri içinə alıb oturur. O biri qapıdan Nizami içəri girir. Məhsəti onu görcək qalxıb ona tərəf yüyürür).

MƏHSƏTİUstad!

NİZAMİMənim şair qızım yenə qəmlidir,Yoxsa ağlamısan, gözün nəmlidir.

MƏHSƏTİKönlüm açılmayır, nədəndir ustad,Sönmüş bir ocaqdır sanki kainat.Gözümdə nuru yox günəşin də bax,Mənimçün dünyada sən varsan ancaq.Məni əzir, ustad, sıxır bu dövran,Heç könlüm açılmır nədənsə inan!

NİZAMİSən bir bəzəyisən bu kainatın,Kədərlə keçməsin bu gənc həyatın.Sabahın yelləri oxşasın səni,Götürsün üstündən qara kölgəni.

MƏHSƏTİEh, kaş bu saraydan, bu dəbdəbədənÖmrüm boyu, ustad, iraq olaydım!O sənin kimsəsiz, yoxsul evindəHəzin-həzin yanan çıraq olaydım.

NİZAMİSən ey mələksima, ey nazik ürək,Sən olan evlərdə çıraq nə gərək?!

MƏHSƏTİGəl, ustad, qəlbimi açma, yaradır,Xan mənim ağlımı, gözəlliyimiBir oyuncaq kimi satmaq istəyir,Eşqimi, hissimi, məhəbbətimiŞöhrət girdabına atmaq istəyir.

NİZAMİGəncliyin yaraşmır üzünə məlal,Ümidin dostudur bil ki, istiqbal.Sənin saf qəlbindən qopan hər fəğanÖlməz, əsrlərlə yaşayar, inan!

MƏHSƏTİKönlümün dərdləri gəlməzdir saya,Anamın yanınca düşdüm saraya...Güvənib ağlıma, istedadımaXan da “qızım” dedi mənim adıma.Anam öz atamdan mənə deyərdi,Bitməzdi anamın bu müşkül dərdi,Son bahar fəslində bir axşamçağı,Yarıqaranlıqdı onun otağı.Töküb göz yaşını ağladı anam,Dedi: “Yazıq qızım, gülüzlü sonam.Əzəldən bədbaxtdır bir qız övladı...”Məni qucaqlayıb xeyli ağladı,Sonra sakit yumub gözünü yatdı,O axşam əbədi yuxuya batdı.

NİZAMİQapılma, acıdır xatirələr bil.

MƏHSƏTİSusdurmaz onları nə hiss, nə aqil!..Çox şey istəmədim mən ki həyatdan.

NİZAMİAzadlıq eşqiylə yaşayır insan!..

MƏHSƏTİDağlarda qurulan çoban dəyəmizQəlbimdə dünyada hər şeydən əziz.

NİZAMİƏn incə duyğular, ən saf əməllər,Qəhrəman analar, təmiz gözəllərÇoban dəyəsindən çıxıb yetişər.Onlardadır əsl mərdlik və hünər.Sən də bu dağların doğma balası,Sən də at qəlbindən ələmi, yası.Belə bir nəslin də qızı ağlarmı?!

MƏHSƏTİBir sorun dünyada bəxtiyar varmı?!

NİZAMİSəni öz qoynunda bəsləyən dağlarSənin avazını qəlbində saxlar.İnan gələcəyə, bəslə etiqad,Boğulmaz şairin qəlbində fəryad.

MƏHSƏTİSənətin tükənməz xəzinəsindənƏlimdə qiymətli bir gövhərim yox.Rayihələr saçan şeir bağındaAçılan ətirli süsənbərim yox.Böyük şairlərin yaratdıqlarıBu əlvan dəstədə lalələrim yox.Nə Şirinki kimi xoş qəzəllərim,Nə də Fərhad kimi bir hünərim yox.

NİZAMİSədəflə bəslənən incidir, dürdür,Su deyil bu axıb gedən, ömürdür.Şikayət eyləmə yoxsulluğundan,Baxsan almasın da əsli kömürdür.Gəncsən, çox yaradıb, yazacaq əlin,Lakin sarsılmasın eşqin, əməlin.Qoyma ki, büdrəsin əlində qələm,İnsanın ən böyük düşmənidir qəm...

Sönməz əbədiyyət, yüksələr günəş,Açılar üfüqdə bir özgə aləm...Yaşa alnı açıq, qəlbi ləkəsiz,Yaşa bu dünyada günəşdən təmiz.Nə yalançı şöhrət, nə yalançı şanBil ki, qoymamışdır tarixdə nişan.Bağlansın adınla elin baharı,Adınla ucalsın yurdun vüqarı!Səni yetişdirən bu ana torpaqSənin sənətinlə abad olacaq.İnan, gələcəyin böyük adı var,Yaşar yer üzündə insan bəxtiyar!

(Həmayil tələsik içəri girir).

HƏMAYİLMəhsəti! Vurdular Cahangiri, gəl!

MƏHSƏTİKim qıydı, kim qıydı ona, hansı əl?!Bu nədir, xilas et, amandır, ustad,Bunca dərdlə insan etməzmi fəryad?!

(Ağlayaraq Nizaminin qolları arasına düşür, Nizami və Həmayil onu aparırlar).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri