Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:

– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

Neçə gündən bəri Ninanın Arşak Surenyansa ərə getdiyini, toylarının Gömrü şəhərində baş tutacağını və yaxında gedəcəklərini çox adam eşitmişdi.

Təhminə xanım məni görən kimi təəccüblə dedi:

– Ay oğul, bu nə xəbərdir? Gecə-gündüz can deyib, can eşitdiyiniz qız nə üçün səni satdı?

– Eybi yoxdur. Biz tanış idik. Tanışlığımız yenə davam edəcək. Biz evlənmək üçün bir-birimizə söz verməmişdik.

Zeynəb bacı çarqatının ucu ilə gözlərini silib dedi:

– Yazıq qardaşıma hiylə qurdular. Qız bundan ötrü özünü öldürürdü. Bir saat gec gələndə bilmirdi ki, nə eləsin. Qız birdən-birdən dəyişildi.

– Təhminə çox yaşayıb, çox da bilir. Nə olubsa – bu evdən olub, qıza cadu elədilər. Bu cür qızı müsəlmana qismət olmağa qoymazdılar. Öz ermənilərinə düzəltdilər.

Təhminə xanım bu sözlə Minasyanın qadını Şuşanik xanıma işarə edirdi. Şuşanik xanım isə balalarının canına and içib xəbəri olmadığını dəfələrlə söyləyirdi.

Ninanı gözləyə bilmədim. Sərdarın yanına getməli idim.


Bu günlərdə Təbrizdəki silah ehtiyatı qurtarırdı. Qaradağlıların hücumunun qarşısını sadə tüfənglə saxlamaq mümkün deyildi.

Pulemyota böyük ehtiyac hiss olunurdu. Bu da yoxdu. Əl bombaları qurtarmaq üzrə idi.

Mən Sərdarın yanına girərkən gizlin patron gətirənlərə veriləcək pul üstündə danışıq gedirdi. Patronun biri bir qrana qiymət olunurdu. Bununla da azı on minə qədər silah götürən inqilab ordusunu heç vəchlə təchiz etmək mümkün deyildi.

Sərdar çox acıqlı idi. Patron gətirənləri təmin etmək üçün istənilən pul haqqında Hacı Mehdi ilə sözləşdiyini sonradan eşitdim.

Mən öz planım haqqında Səttar xana heç bir söz deməmişdim. Sərdar məclis dağılandan sonra yenə də bu xüsusda ətraflı düşünməli olacağımızı təkrar etdi. Arazın o tərəfində hazırlanmış şeyləri gətirmək üçün tədbir görülməsini tapşırdı.


Nina səhər tezdən səfərə çıxacaqdı. Səttar xanın evindən qayıdıb yenə də onun evinə getdim. Təhminə xanım hələ evdə idi. Zeynəb bacı ilə hər ikisi divanın üstündə büzüşüb oturmuşdu. Məni görərkən Şuşanik də gəldi. Bunlar Ninanın ərə getməsi səbəbilə mənim bir ixtilaf çıxaracağımdan qorxurdular. Nina onlara baxıb mənə göz vururdu. Aralıqda fırlanıb çay və yemək düzəldirdi. Gəlib mənimlə əl-ələ verdi. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. Təhminə bunu görərkən Zeynəb bacıya deyirdi:

– Sən Allah bir qızın üzünə bax! Abrına bax! Biz olsaq əriyib yerə girərdik. Utanmır da, yenə oğlanın üzünə gülür.

Zeynəb də başını tərpədib dedi:

– Bunlarda vəfa olmaz. Bunlar bizim millətimizlə yaşamazlar. Qardaşım daha bunun nəyinə lazımdır? Evini düzəltdi. Əynini-başını düzəltdi, adam içinə çıxartdı, bəsdir. Qıza da bu lazım idi.

Şuşanik özünü saxlaya bilməyib sözə qarışdı:

– Bunlar məni taxıb şişə, tutub odun üstünə, deyirlər ki, qız Arşaka ərə getməzdi, bunu eləyən Şuşanikdir. Necə ki, bayaq demişdim, indi də deyirəm, sizin bir tükünüzü yüz Arşak kimi adama verməm. Əslinə baxsan taqsır qızın özündədir. Sarıtüklülərin hamısını belə görürəm. Bunlarla bizimki tutmaz. Əgər sizə evlənmək lazımdırsa, elə qız taparam ki, gözmuncuğu kimi.

Gülmək istəyirdimsə də özümü saxlayırdım. Onları sakit etmək üçün:

– Mən Nina ilə sadəcə tanışam, – dedim. – Ona evlənmək istəmədim. Yoxsa qızın buna sözü yox idi.

Təhminə tab gətirə bilməyib:

– Bir adam ki, sevmir və evlənmək istəmir, daha nə üçün qız uşağı ilə oturub-durur? – cavabını verdi.

– Məyər yalnız evlənmək üçün oturub-dururlar? Başqası ilə tanış kimi, yoldaş kimi oturub-durmaq olmazmı?

– Əlbəttə ki, olmaz. Bizlərdə belə adət yoxdur. Cavan qızla oturub-durmaq və onu almayıb özgəsinə ərə vermək ayıbdır.

Nina axşam yeməyi hazırlamışdı.

– Yeməyi verimmi? – deyə soruşdu.

Mənsə «səbir elə» dedim:

– Qoy Arşak da gəlsin. Bir yerdə yeyərik.

Təhminə xanım və Zeynəb bacı bunu eşidərkən acıqlı bir halda durub getdilər. Arşak gəldi. Yeməyi yedik. Gecə saat birdə Arşakla mən Ninanı evdə buraxıb çıxdıq.


Sərdardan təlimat almaq lazımdı. Mən onun yanına daxil olarkən o mənim üzümə baxıb acıqlı bir surətdə güldü. Bu gülüş həm qəzəbi, həm də acı bir istehzanı ifadə edirdi.

Mən düşünürdüm. Əcəba, bu nə üçündü? Nə mən, nə də yoldaşlarımız Sərdarın acığına səbəb olacaq heç bir hərəkətdə olmamışıq. Səbir etdim. Səbəbini soruşmadım, çünki məhəllə nümayəndələri mücahidlərdən bəzilərinin uyğunsuz hərəkətdə olmaları haqqında şikayət etməyə gəlmişdilər. Bu cür şikayətlər çox olurdu. Sərxoşluq edən çox idi. İnqilabı öz şəxsi mənfəətinə alət edənlər də yox deyil idi.

Sərdar bu kimi mücahidlərin adını yazdırdı və getmək üçün onlara icazə verdi. Bir mən qalmışdım. Sərdar bir də istehza ilə mənə baxıb sözə başladı:

– Mən bilirdim ki, qadına etibar yoxdur. Xüsusən bu sarıtüklü qadınlar Təbrizi bir-birinə vurdular. Mən sənə dedim ki, ayıq ol, mən sənə tapşırdım ki, tanınmamış hər adama sirr vermək olmaz. Bu da sənin sevgili və etibarlı qızın Nina. Bizi satmamış bircə o qalmışdı. O da bizi rus konsulu Millerə satdı.

– Nə olmuşdur, Sərdar? Nə eşitmisiniz?

– Ninanın ərə getdiyini eşitmədinmi?

– Necə ki, eşitmədim. Eşitmişəm. Sizinlə də o barədə danışmağa gəlmişəm.

– İndi ki, ərə gedibdir, daha nə danışmaq? Ona cehizmi verməliyik? Görünür, qadınlarla rəftar etmək barəsində bir qədər zəifsiniz. Tez aldanırsınız. Onların yalan sevgiləri, süni göz yaşları sizin iradənizi çox tez poza bilirmiş.

– Elədir, Sərdar. Mən qıza çox tez inandım. Qızın özü də inanmalı və sevimli qızdır. Zənn edirəm ki, onu Sərdarın özü də görsəydi inanardı.

– Ərə gedəndən sonra yenədəmi ona inanırsan?

– O da mənə inanır. Əgər inanmasaydı, mən göstərdiyim adama ərə getməzdi.

– Kimə ərə getmişdir? Allah onun toyunu heç mübarək eləməsin!

– Sərdar, elə deməyin. Öz yoldaşımıza vermişəm.

– Kimə? Necə yəni öz yoldaşımıza?

– Arşaka. Surnyansa. Onlar Aleksandropola getmək üçün konsuldan iki vəsiqə almışlar. Vəsiqələr də qoynumdadır. Bunlar qayıdıb gələndə fişəng və bomba qayırmaq üçün lazım olan maşınları da özləri ilə bərabər gətirəcəklər.

Sərdar düşündü. Üzümə çox təəccüblə baxdı. Başını tərpədərək dedi:

– Bu plan kimin planıdır? Bunu bilən varmı?

– Heç kəs bilmir. Planı özüm qurmuşam. Bir Nina, bir Arşak, bir mən bilirəm, bir də sizə söylədim.

– Çox sağ ol. Yoxsa mənim qanım qurumuşdu. Qızı lazımi qədər təmin et. Görünür ki, qəhrəman bir qızdır. Gələcəkdə o bizə daha böyük yardımlar göstərə bilər.


Nina ilə Arşak getdikdən iki gün sonra Ninanın bacısı belə bir teleqram almışdı:

«Mərənd şəhəri ilə Culfa arasında bütün şeylərimiz, hətta vəsiqələrimiz də oğurlandı. Özüm və ərim üçün iki vəsiqə göndərməlisiniz. Vəsiqələr İran Culfasında konsul agenti Jarski cənabının ünvanına göndərilməlidir».

Teleqram alınan kimi vəsiqələr göndərildi. Beləliklə, itmiş vəsiqələrdən daima Təbrizlə Culfa arasında patron və sair şeylər gətirmək üçün istifadə olunmağa başlandı. Heç bir şey oğurlanmamışdı. Bu teleqram daha iki vəsiqə almaq üçün vaxt ikən qurulmuş bir tədbir idi. Ninanın özü də Arşakla bərabər Təbrizə qayıtdı. Nina və Arşakın gətirdiyi mallar rus Culfasında Nəsrulla Şeyxovun anbarından götürülüb konsulxananın özünəməxsus nəqliyyat vasitəsilə Təbrizə gətirilmişdi. Təbrizdə cəhənnəm maşınları və böyük həcmdə bombalar qayıdıb meydana çıxardıq. Bombalardan ən böyüyünü imtahan etmək üçün bir komissiya təşkil olundu.

Bomba Əmrəxiz xarabalarında imtahandan keçiriləcəkdi. Mücahidlərdən və əncümən üzvlərindən də çox adam toplanmışdı.

Bomba atılanda, doğrudan da, bir cəhənnəm qiyaməti qopardı. Səsindən bütün Əmrəxiz silkələndi. Bir neçə xaraba divarın altını üstünə çevirdi. Bombalar çox müvəffəqiyyətli çıxmışdı.

Bombalar Bolqariyada qayrılan bombalardan daha qüvvətli, daha təxribedici idi.

Biz Sərdarın nə deyəcəyini gözləyirdik.

Nəhayət, Sərdar gözlərinin tozunu sildi. Sözə başlayaraq:

– Bu cür bir bəlanı insan içərisinə atmaq dindən və insafdan uzaqdır. Çox insan tələf edər. Çox da evlər dağıdar. Belələri daha qayrılmasın, şəhər içində atılması yaramaz – dedi.

Nina Qafqazdan qayıdıb Millerin evinə getdikdə uşaqdan böyüyə qədər onun ailə həyatı ilə maraqlanırdı.

Konsulun qadını balaca Ninanı qucaqlayıb öpdü, toylarının necə keçdiyini soruşdu. Nina çox məhzun və ümidsiz bir cavab verdi.

– Ailələri çox nanəcib bir ailədir. Evi, bağçası, başqaları kimi dirriyi yoxdur. İri şəhərdə deyil, Aleksandropolun uzaq bir kəndindədir. Biz oraya getməli olsaq, mən orada bir gün də yaşaya bilmərəm. Çox yoxsuldurlar. Quru həsir üstündə otururlar. Kəndliləri mənim üstümə, başıma baxıb gülürdülər. Xüsusən Arşakın keçmişi də yaxşı deyilmiş.

Konsulun ailəsi bu vəziyyətə çox təəssüf edirdi. General-konsulun özü də kabinetindən çıxıb bu söhbətə gəldi. Ninanın alnından öpdü.

– Qızım, xoşbəxtliyiniz baş tutdumu?

Nina artıq bir aktrisa rolunu oynamağa başlamışdı. Boğazı tutuldu. Danışa bilmədi. Əlini gözlərinə qoyub qızların məşğuliyyət otağına çəkildi. Konsulun qadını Ninanın yeni həyatını çox böyük bir təəssüflə nağıl etməyə başladı:

– Gənc qızların sevgisi başlarına bəladır. İndi nə etmək olar? Sevdi, getdi. Elə bir adama getdi ki, yazıq qız onun həyatını nağıl edərkən, xəcalətindən tərləməyə başladı. Heç bir şeyi yoxmuş. Ailəsi də kübar deyilmiş.

Miller başını tərpədib qadınını dinləyirdi. Papirosunu yandırıb sözə qarışdı:

– Almanlarda gözəl bir məsəl vardır: qadınlar ağlından, kişilər isə gözündən tələyə düşür. Ağılsız qız gözəl gənci görürkən sevir. Onun ailəsini və həyatını əynində gördüyü şıq paltarları ilə ölçür. Sevişir və evlənir. Nəticədə bizim Ninanın düşdüyü vəziyyətə düşür.


Hələ mən yerimdən qalxmamışdım. Qapını vurdular. Durub açdıqda Təhminə xanımı gördüm. Nə üçün gəldiyini soruşduqda gülərək:

– Gördünmü qızın başına nə bəla gəldi? – deyə cavab verdi.

– Hansı qızın?

– Ninanın, ağılsız Ninanın!..

– Nə oldu ki?

– Nə olacaqdır. Arşakdan boşandı.

– Nə üçün boşanmışdır?

– Deyir ki, o arvad saxlayan deyil, gecə-gündüz kefli olur. Nə bilim nə olur.

– Elə isə çox əcəb eləyibdir...

Bu sözə Zeynəb bacı da gəldi. O da həmin sözləri təkrar edirdi.

Nina bu söhbətləri konsulxanada da demişdi və boşandığını xəbər vermişdi.

Mən Ermənistana getmişdim. Qayıtdıqda Ninanın yanına getdim. Ninadan bəzi mühüm məlumat almaq lazım idi. Konsulxanada nə kimi işlər görüldüyündən xəbərsizdik.

Qaradağlıların yeni hücumları haqqında çıxan şayiələr get-gedə çoxalırdı.

Mən içəri girdikdə Minasyanın qadını Şuşanik xanımı gördüm. O məni gördükdə çox sevindi.

Nina evdə idi. Mən içəri girən kimi, «otur» deyə sözə başladı.

– Qəribə xəbər vardır. Təbrizi yeni bir fəlakət gözləyir. Səni görmək istəyirdim.

– Nə xəbər?

– Rəhim xan Çələbiyanlının 1200 atlı iki alay piyada, bir neçə topla hərəkət etdiyini Əhər şəhərindən konsula xəbər vermişlər. Konsulxanadan şifrə ilə Tehrana və Peterburqa xəbər göndərildi.

Ninanın yanında oturmağa vaxtım yox idi. Oradan çıxıb Əmrəxizə gəldim. Yeni xəbəri Səttar xana söylədim.

Sərdar telefonla əncümənə xəbər verdi:

– Mücahidlərin evlərinə buraxılması məsələsi gündəlik müzakirələrdən götürülməlidir.

Sərdar telefonda kiminlə isə acıqlı danışırdı: «Hə, hə», deyə rəngi dəyişirdi.

– Mən əmr edirəm ki, bir nəfər mücahid belə evlərinə buraxılmasın. Mən məsarif üçün pul taparam. Telefonla hər sözü demək olmaz. Dediyim kimi olmalıdır. Olmazsa məsuliyyət sizin öhdənizdədir.

Səttar xan telefonu yerə qoyub dedi:

– Bunlar hər bir şeyi ticarət və qənaət nöqteyi-nəzərindən ölçürlər. Yenə də Hacı Mehdidir. «Artıq adamları buraxmalıdır. Xalqın pulu ilə müftəxorları doyurmaq olmaz» – deyirlər. Şeytan deyir, bu alçaqları hökumət ordusunun qabağında burax, çəkil get işinə! Nə edim, namus qoymur.

Sərdar lazımı adamları yanına çağırdı. Nobər, Maralan tərəfindən müdafiə hazırlığı görülməsi haqqında əmr verdi.

Bağır xanla görüşmək üçün gedəcəyini söylədi. Fayton hazırdı. Mən də Bağır xanın yanına getdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sülh heyəti

Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.

12 dəq
Təbriz üzərinə hücum

Nina faytonda gedirdi. Onu konsulun nökərlərindən biri yola salırdı. Bu vəziyyət, yaxında bir təhlükənin meydana çıxacağını göstərirdi. Mən tələsik Ninanın yanına getdim. Evinə girdikdə, o, hələ paltosunu çıxarmamışdı. Onun həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. Məni görən kimi:– Bu gün işi bitirəcəklər. Rus himayəsində olanlar Eynüddövlənin istiqbalına hazırlanırlar. Ziyafətdə iştirak edənlərin siyahıları da tutulmuşdur. Bir azdan sonra ümumi hücum başlanacaqdır, – dedi.

12 dəq
Qarətlər

Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.

17 dəq
Məclisdə

Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar.Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik.

5 dəq

Başqa şairlərin şeirləri