Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı.

Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi.

Nina bu kitablarla çox maraqlanırdı. O, sinfin sinfə qarşı qoyulduğu üsuldan, sinifləri arasındakı iqtisadi təzadlardan oxuduqca həzz alırdı. O, xüsusən sinfi mübarizə yollarını öyrənir və mübarizə edən siniflərin kimlərə arxalandığını araşdırırdı. Nina yenə də məni görən kimi barmağını bir sətrin üstünə qoyub dedi:

– Bunlar tamamilə doğrudur. Lakin mən hazırda İranda mübarizə aparan siniflər arasındakı ziddiyyətin təfsilatını lazımınca təhlil edə bilmirəm.

– Əlbəttə, bu çətindir. Çünki İran sənaye ölkəsi deyildir. Buradakı mübarizə bir tərəfdən kəndli, bazar əsnafı, xırda sənaye sahibləri, xırda burjuaziya, digər tərəfdən də böyük mülkədar, xırda feodallar, hakimlər arasında gedir. Bunun üçün də mübarizənin və ziddiyyətin şəkli tamamilə başqadır. Buna görə də İrandakı ziddiyyəti kitabdan deyil, təcrübədən öyrənməlisən.


Mən hər gün Ninanın yanına gedərkən ondan yalnız bu söhbətləri eşidirdim. Bir neçə gündən sonra onu evdə çox az görürdüm. Hər gün Təhminə xanımgilə getdiyini söyləyirdi. Axırda mən bu məsələ ilə maraqlanmağa başladım.

Təhminə xanımı hər gün görürdüm. Ninanın onlara məhəbbət bəslədiyini və bunun üçün də evlərinə tez-tez getdiyini xatırlatdım. Təhminə xanım evi təmizləyirdi. Başını qaldırıb üzümə tərs-tərs baxdı:

– Bəli, çox gəlir! – deyə işinə davam etdi.

Qadının bu qısa cavabından şübhələndim. Daha bir söz söyləmədim. Ninanı təqib etməyə başladım. Günlərin birində onun Təhminə xanımın evinə getdiyini gördüm. Bir azdan sonra 18–20 yaşında olan bir neçə gəncin də Təhminə xanımın evinə girdiyini gördüm. Şübhəm daha da artdı.

Əvvəlcə oraya girən gəncləri öyrənməyə çalışdım. Tütünçüoğlunu çağırdım. Qapıda qoyub bütün buradan çıxanların kim olduqlarını bilib mənə xəbər verməsini tapşırdım. Tütünçüoğlu ən inanılmış yoldaşlardan birisi idi. Xüsusən onu Sallax Süleymanın əlindən qurtarmağım onun mənə olan məhəbbətini daha da artırmışdı.

Axşama bir saat qalmış Tütünçüoğlu ilə görüşdüm. O mənə 7 nəfər gəncin siyahısını verdi. Bunlar xalça fabrikində çalışan yoxsul işçilərdi. Təhminə xanımın oğlu Həsənağanın yoldaşları idi. Bu toplanış yalnız bir gün deyil, iki-üç gündən bir olurdu. Bu sirri yalnız Təhminə xanımdan öyrənmək mümkündü.

Təhminə xanıma və qızlarına paltarlıq almışdım. Yenə də adəti üzrə o, evi təmizləməyə gəlmişdi. Yuduğu alt paltarlarımı da gətirmişdi. Təzə aldığım paltarları verdim. Çox razı qaldı.

– Oğlum, gün o gün olsun ki, bu paltarları sənin toyunda geyib oynayaq, – dedi.

Mən tez cavab verdim:

– Ah, Təhminə xanım, daha mən kimə evlənəcəyəm? Hanı o qız ki, inanasan?

– Bəs Nina xanım nədir? Ondan gözəl qızı haradan tapacaqsan? Özünün də sənin sevgindən uçmağa qanadı yoxdur.

– Doğru deyirsən, Təhminə xanım. Bir az bundan əvvəl belə idi. Amma indi...

– Necə indi? İndi nə olubdu ki?

– Nə olacaqdır? Ninanı daha axşam-səhər evdə tapmaq mümkün olmur. Sizin evdə cavanları başına yığıb kefini sürür.

Bu sözü deyəndə elə bil ki, barıtı od tutdu.

Təhminə xanım süpürgəni yerə atıb irəli gəldi:

– Bu cür sözləri danışma! Mənim evimdə o cür şeylər olmaz. Nina özü də elə qız deyil. İstəyirsən açığını deyim. Amma bir adama deməməlisən, çünki mənə and veriblər.

– Bilirəm, nə üçün yığılırlar. Nina özü başqalarını sevirsə, mənim nə sözüm ola bilər? Qorxma, heç kəsə demərəm.

– Həsənin ölümünü görüm ki, sən yanılırsan. Belə şeylər yoxdur. Qoy doğrusunu deyim. İndi bir neçə gündür ki Nina bir-iki kitab gətirib Həsənağanın yoldaşlarını yığıb dərs verir. Əvvəlcə tək Həsənağaya dərs verirdi. Sonra isə yoldaşlarını da çağırdı. Amma nə dərs olduğunu bilmirəm. Çox gizli tuturlar. Mənə and veriblər. Ancaq səndən keçə bilmədim, dedim. Amma sən olasan Həsənağanın canı, bu sirri heç kəsə açma!

Nina Təbrizdə birinci dəfə firqə özəyi təşkil etmişdi. Ninanın özü ilə bərabər, özəyin doqquz nəfər üzvü vardı. Axırda mənim özüm də hər gün Təhminə xanıma bu sirri kimsəyə açmamasını tapşırırdım. Təhminə xanım bu sirri öz qızlarından da gizlin saxlayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Vurhavur

Hərdən xəyalıma belə bir şey gəlir:Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir.

1 dəq
Zərafət

Hərdən mənim xəyalıma belə bir şey gəlir.«İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur.

1 dəq
Töhvə

İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:

1 dəq
Qəribə günə qaldıq

Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.

2 dəq

Başqa şairlərin şeirləri