Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.

A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fəxrəddin

Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

6 dəq
Dilşad

Bu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.

9 dəq
Möhür

Əmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi. Beynəlxalq vəziyyət onun şəxsi həyatını da qorxu altına salmışdı. Şərqdə böyük bir hökumət təşkil etmiş səlcuq xanədanının sönməsi Şərqin siyasi vəziyyətini alt-üst etmiş və Şərqin coğrafi vəziyyətində bir çox dəyişikliklər yaratmışdı. Hökumətin səlcuqilərdən Eldəniz övladına keçdiyi zaman böyük bir səltənət qurmaq imkanını əldə edə bilməyən Xarəzmşah Əlaəddin Təkişi səlcuqilər məmləkəti hesabına olaraq məmləkətini genişləndirməyə başlayırdı. Artıq səlcuqilərin nüfuzu təsirində yaşayan xəlifə Xarəzm şahlarının nüfuzu altına keçirdi. Əmir İnanc öz hökmranlığında qalmaq üçün xəlifənin yardımına arxalana bilmirdi. Buna görə də o öz-özünə: “Xəlifənin mənim kimi yüzlərcə kürəkənləri vardır, – deyirdi. – Xəlifənin minlərcə cariyəsindən doğulan qızların hər birisi mənim kimi bir adamın evindədir. Kim bilir! Bəlkə, xəlifə Safiyə adlı bir qızı olduğunu tamamilə unutmuşdur? İndiki zamanda xəlifənin cariyələrdən doğulan qızlar barəsində düşünməyə vaxtı vardırmı? O, qızlarını hakimlərə verirkən hakimlərə kömək etmək məqsədilə yox, onlardan kömək almaq fikrini daşıyırdı. Bir halətdə ki, bir kömək ala bilməyəcəkdir, o zaman nə üçün də mənim qeydimə qalsın”.Əmir İnanc bu cür düşünməyə haqlı idi, çünki Nurəddin vasitəsilə öz qayınatası xəlifə Müstərşidbillaha göndərdiyi məktuba cavab ala bilməmişdi. Əmir İnanc çox düşündükdən sonra öz-özünə cavab verirdi: “Xəlifə nə etsin? Onun ruhani nüfuzu da sönməyə başlamışdır. Ölkələrin hakimləri özlərini padşah elan edir. Misirdə böyük bir səltənət quran fatimilər süqut etməklə yerinə əyyubilər xanədanı keçir, xəlifənin son nüfuzunu qırmaq üçün əyyubilər Fərat və Dəclə sahillərinə qədər enirlər. Eldəniz oğlanları İraq, Fars, Rey və sair ölkələri qarmalamaqdadırlar.

14 dəq
Toxtamış

“Müharibələr Bağdadın qulağının dibində gedir. Soltan Mahmud ilə Soltan Məsud arasında gedən bu müharibə Bağdad xəlifəsi Müstərşidbillahın taleyini həll etmək üçün mühüm bir hadisədir. Çünki bunların hər ikisi xəlifənin hüququnu azaltmaq və öz əllərində olan məmləkəti genişləndirmək üçün çalışır. Bunun üçün də fürsətdən istifadə edən əcnəbilər Azərbaycan məmləkətini fitnə və macəralar yuvasına döndərmişlər”.Bu sözləri Əmir İnancın qoca vəziri Toxtamış deyirdi. Əmir vəzirin fikirlərini qismən rədd və qismən də qəbul edirdi. Əmir Aran məmləkətini idarə etmək barəsində danışaraq deyirdi:

8 dəq

Başqa şairlərin şeirləri · Satira