“Müharibələr Bağdadın qulağının dibində gedir. Soltan Mahmud ilə Soltan Məsud arasında gedən bu müharibə Bağdad xəlifəsi Müstərşidbillahın taleyini həll etmək üçün mühüm bir hadisədir. Çünki bunların hər ikisi xəlifənin hüququnu azaltmaq və öz əllərində olan məmləkəti genişləndirmək üçün çalışır. Bunun üçün də fürsətdən istifadə edən əcnəbilər Azərbaycan məmləkətini fitnə və macəralar yuvasına döndərmişlər”.

Bu sözləri Əmir İnancın qoca vəziri Toxtamış deyirdi. Əmir vəzirin fikirlərini qismən rədd və qismən də qəbul edirdi. Əmir Aran məmləkətini idarə etmək barəsində danışaraq deyirdi:

– Aran məmləkətini saxlamaq üçün Şirvan xaqanı Əbülmüzəffəri aldatmaq və Aranın Şirvana ilhaqını rəsmən olmasa da, hər il müəyyən vergi vermək şərtilə qəbul etmək lazımdır. Xəlifəni itirməmək üçün isə Bağdada verdiyimiz illik vergiləri göndərməliyik.

Toxtamış buna etiraz edirdi.

– Bu doğru bir fikir deyildir. Əmirin dediklərini həyata keçirmək lazım gəlirsə, Şimali Azərbaycanı Aran məmləkəti də daxil olmaq şərtilə qarət etmək lazımdır. Həm Şirvan şahlarını, həm də Bağdad xəlifəsini təmin etməyə müharibə və zəlzələdən təzə çıxmış məmləkətin imkanı yoxdur. Bu fikir Şimali Azərbaycanda təzə bir üsyan yaradılmasına səbəb ola bilər. Bunlardan başqa, həmin fikrin həyata keçirilməsi, Əmirin hökumətini gələcəkdə təhlükə qarşısında qoya bilər. Siz Eldəniz oğlanlarını çox da bacarıqsız hesab etməyin. Atabəy Məhəmmədin tədbirliyi və pəhləvanlığı bir tərəfdə dursun, Qızıl Arslan Şərqin ən məşhur siyasətçilərindən birisidir. Onlar hələ də Azərbaycan atabəyləri ölkəsinə düşmən olan fars məmləkətlərində vuruşurlar. Onlar hələlik Kirmanda Bəhram şahla vuruşurlar. Şübhəsiz ki, onlar qalib gələcəklər.

Mən bu gün Əmir Qaraquşdan müfəssəl bir məktub almışam. Bu məktub Bəhram şahın ya məğlub və yaxud da mütarikəyə razı olacağına bir sübutdur. Eldəniz oğlanları fars və İraqda qalib çıxandan sonra, bir daha üzlərini Azərbaycana çevirəcəklər, o zaman onlar Əmir həzrətlərini məmləkəti Şirvanşahlara satmaq xəyanətilə töhmətləndirə bilərlər.

Əmir yenə də bu fikrə etiraz etdi:

– Qocasan, görünür, düşüncələrin də qocalır. Atabəy Məhəmmədin fars ölkələrindən qalib qayıtmasına o qədər də ümid yoxdur. Çünki Bəhram şahın ordusu Xorasanda dincini almaqda və hər cəhətcə özünü düzəltməkdədir.

Toxtamış Əmirə etirazla dedi:

– Doğrudur, mən qocalmışam, lakin fikrim qocalmamışdır. Fikrim bişmiş və kamala yetişmişdir. Mən Şərqin hazırkı vəziyyətini təqib edirəm. Mənim qardaşım Qaraquş Soltan Səncər zamanının ən görkəmli və tədbirli əmirlərindən idi. Hazırda o, Bəhram şahın hərbi müşavirlərindən birisidir. Mən onun fikrinə inanıram. Aranın və ümumiyyətlə, Şimali Azərbaycanın vəziyyəti barəsində onun fikrini bilmək istəmişdim. Məktubumda Şirvan məmləkətinə qoşulmaq, yaxud məmləkəti atabəylər üçün mühafizə etmək barəsində onun məsləhətini soruşmuşdum. Onun cavabını bu gün almışam, indi onu sizə oxumaq istəyirəm. Çünki Qaraquş vəziyyətlə dərindən tanışdır.

Qoca Toxtamış bunları deyərək məktubu oxumağa başladı:

“Böyük qardaşım Toxtamış!

Məktubunun cavabını çox sürətlə yazdım. Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır, çünki Məlik Müəyyəd artıq Xorasandan qoşun və zəxirə göndərməkdən boyun qaçırmaqdadır. Artıq onlar İraq ilə düşmənçiliyin davam etdirilməsindən bir mənfəət gözləmirlər. Buna görə də məktub göndərib Bəhram şahın sülh əqidəsi üçün zəminə hazırlanmasını məsləhət görürlər.

Bəhram şah bu ağır vəziyyətdən qurtarmaq üçün hər gün Kirman əyanlarından bir neçəsini həbsə alaraq, Atabəylə əlaqədə töhmətləndirib məhv edir. Altı aydan bəridir ki, Bərdəsirin mühasirəsi davam edir, əsgərlər aclıqdan tələf olmaqdadırlar. Orduda şiddətli pozğunluq başlamış, hər gün qaçqınların sayı artır. Əsgərlərin başçıları belə qala divarlarından atılıb qaçmaqdan başqa bir iş görmürlər. Mən dünən bu barədə də Bəhram şaha nəsihət verib dedim ki: “İraq ordusuna dünyanın yolları açıqdır. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda onların payız və qış ərzaqları anbarda hazırdır. Onlar bu hazırlıqla altı aydan bəri davam etdirdikləri mühasirəni yarımçıq buraxmayacaqlar. İraqdan azuqə və heyvan gətirib ordunu təmin etmək lazım gəlsə belə, onlar bunu edəcəklər. Hələ Eldəniz övladının tülkünü araba ilə tuta biləcək qədər səbr və mətanətə malik olduqları da məlumdur. Kirman məmləkətinin iki hökmdarı bəsləyəcək qədər vüsəti vardır. Əlində qüdrət olduğu zaman sən qalib gəlmişdin. Madam ki, bu gün məğlubsan, boş yerə qan tökməyin nə mənası vardır?”.

Bəhram şah bu nəsihətləri qəbul etdi, sülh və mütarikə hazırlıqları gedir. Buna görə də Azərbaycan məsələsini əvvəlki halında saxlamaq lazımdır. Çünki onlar yaxın bir zamanda üzlərini Azərbaycana çevirəcəklər.

Qaraquş, Kirman”.

Toxtamış məktubu oxuyub qurtardıqdan sonra Əmir İnanca müraciətlə:

– Vəziyyət bu halda ikən biz başqa bir çarə düşünməliyik, – dedikdə Əmir:

– Köçüb getməkdən başqa çarəmiz yoxdur, – dedi.

Toxtamış isə cavabında:

– Qaçmaq çarəsizlik deməkdir, – dedi. – Birinci növbədə xəlifədən kömək gözləmək fikrini xalq arasında yaymaq lazım deyil. Xalq xəlifə adını eşitmək belə istəmir. Belə bir şayiəni yaymağın özü də gülüncdür. Çünki xəlifənin bir şəhərin hakimi qədər nüfuza malik olmadığını hər kəs bilir. Siz özünüz ərəb deyilsiniz, buna görə də hazırda ərəblərə yox, yerli xalqın azadlıq arzularına istinad edə bilərsiniz. Ziyalıları, iş bilənləri ələ almaq lazımdır. Bu gündən etibarən ərəb nüfuzu məsələsini yox, Şimali Azərbaycan istiqlalı məsələsini aralığa atmalısınız. Bu barədə biz Şirvan şahı Əbülmüzəffərin təcrübəsindən istifadə etməliyik. Onlar Azərbaycan istiqlaliyyəti şüarları altında Aran ölkəsini Şirvana ilhaq etməyə çalışırlar. Əbül-Üla və başqa şairlər əbəs yerə Şirvan saraylarına dəvət edilməmişlərdi. Onlar bu fikri həyata keçirmək üçün minlərcə dinar sərf edirlər. Həqayiq təxəllüslü şairə xaqan əbəs yerə öz ləqəbini əta buyurub, Xaqani adlandırmamışdır. Əmir onu bilməlidir ki, Şirvan xaqanı hər bir şairi öz tərəfinə çəkdiyi zaman, onun oxucularını da öz tərəfinə cəlb edir. Amma biz...

Toxtamış sözünü yarımçıq qoyduğu üçün Əmir ona sual verdi:

– Necə yəni, amma biz?!

– Biz isə bu cür nazik nöqtələri nəzərə almırıq. Hətta biz bunun əksinə hərəkət edirik. Biz şairləri və iş bilən adamları özümüzdən uzaqlaşdırırıq. Məhsəti xanımı rüsvay etdik, sürgünə göndərdik. Bununla bütün Azərbaycan xalqının nifrətini qazandıq.

Bundan başqa Əmirin özü də gənc şair Nizamini təqib edir. Nə üçün? Çünki qızınız ona məktub göndərmişdir. O ki məktubun cavabını göndərməmiş, o ki sizin ailəni təhqir etməmişdir. Götürün tarixi oxuyun. Siyasətçilər bu cür qurbanları azmı vermişdir? Siz yaxşı düşünün. Bir zaman səlcuqilərdən Toğrulbəy lazım olduğu zaman, qardaşı Davudun qızı Arslan xatunu Qaim Biəmrullah xəlifəyə verdi. Yenə lazım gəldiyi vaxt özü altmış beş yaşında ikən xəlifə Qaim Biəmrullahın on üç yaşlı qızı Seyidəyə evləndi.

Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. Siz götürün səlcuqilərin tarixini oxuyun, Alp Arslanın vəziri Nizamülmülkün yazdığı “Siyasətnamə”yə baxıb siyasət öyrənin. Alp Arslan Abxaz və Azərbaycanı əldə saxlamaq üçün Abxaz hökmdarı Baqration Georginin qızı ilə evləndi, məmləkətin qərb hüdudlarını möhkəm etmək məqsədilə Rum imperatorunun qızını aldı. Xarəzm və Orta Asiyanı əlində saxlamaq məqsədilə Səmərqənd xaqanının qızı ilə izdivac etdi. Alp Arslan, eyni zamanda, Bağdad xəlifəsini əlində saxlamaq məqsədi ilə öz doğma qızını hazırda Bağdad məscidlərinin qapısında durub dilənçilik edən və “Kor olmuş xəlifənizə ehsan edin!” – deməkdə olan bir xəlifəyə verməmişdimi?!

Toxtamışın bu sözündən sonra Əmir İnanc ona tərs-tərs baxaraq acıqlandı və sual verdi:

– Sənin fikrincə, mən də öz qızımı Toğrul bəylər və Alp Arslanlar kimi hər yetənin qucağına atmalıyam?

Toxtamış Əmir İnancın acıqlanmasını nəzərə almayaraq sözünə davam etdi:

– Əcəba, xəlifə Müstərşidbillah öz qızı Safiyə xatunu sizə verməklə Aran və Şimali Azərbaycanın mühüm bir hissəsini nüfuzu altına keçirmədimi? Sizin namus adlandırdığınız şey – çürük bir kəlmədir. O sözlər siyasətdə işlənən kəlmələrdən deyildir. Bir qızın buna yox, başqasına verilməsi, yaxud bir zənginin əlindən alınıb yoxsula verilməsi işində heç bir namussuzluq yoxdur. Heç bir ata öz qızı ilə evlənmir, qız gec-tez birisinin qucağına düşməlidir. İstər sən özün ver, istərsə özü getsin, bunda heç bir fərq yoxdur. Bir ölkənin müqəddəratı bir nəfərin, beş nəfərin namussuzluğu ilə də hesablaşmaz. Əmir bilməlidir ki, bu cür namuslu olmaqda namussuzluğun da iştirakı vardır. Məğlubiyyətin və bir ölkəni uduzmağın həqarəti bir qızı uduzmağın həqarətindən min qat ağırdır. Mən siyasi adamlara qısqanclığı məsləhət görmürəm. Zaman olduqca nazikdir. O hər kəsdən incəlik və həssaslıq tələb edir. Doğrudan da dünyada namus kəlməsi qiymətli bir şeydirsə, qalib olmaq üçün onda da güzəştə getmək lazımdır. Hökmdar olan zat xalqın ruhunu öyrənməlidir.

Toxtamış sözünü bitirdi. Əmir İnanc başını dərin fikirlərin pəncəsindən alaraq üzünü Toxtamışa tərəf çevirib dedi:

– Doğrudur, qoca vəzir, doğrudur!

Toxtamış, Əmir İnancın cavabından şadlanaraq dedi:

– İndi ki dediklərimi təsdiq edirsiniz, qızınızın gənc şairlə başladığı əlaqəyə qarşı tövrünüzü dəyişməlisiniz. Bu iş Əmirin şərəfinə toxunsa belə, ümumi siyasətimizə toxunmur, biləks Əmirin mövqeyinin möhkəmlənməsinə səbəb olur.

Əmir yenə də ümidsiz bir tövr alaraq:

– Əcəba, bununla biz hazırkı vəziyyətin içindən çıxa biləcəyikmi?! – dedi.

– Başqa tədbirlər də vardır. Bizim ikimiz də ərəb deyilik. Tək səninlə mən xəlifənin nüfuzunu bərpa edə bilməyəcəyik. Xəlifə öz işini bizdən daha yaxşı bilir. Xəlifələr artıq hökmdarlara əmr vermək əvəzinə, onların əmrini gözləyirlər. Onların ağaca bağladılıb döyülməsini sənin qayınatan çox yaxşı bilir. Dünən xəlifə tərəfdarlığı ilə xoşbəxt hesab edilənlər bugünkü dünyanın ən bədbəxt adamlarıdır. Artıq avam xalqı xəlifənin müqəddəslik şüarilə tələyə salmağın vaxtı keçibdir. Bizim şəxsi təşəbbüslərimiz lazımdır. Siyasətin vəzifəsi aldatmaq, avamın vəzifəsi aldanmaqdır. Sabahdan etibarən Gəncə ziyalılarını, Gəncə əyanlarını çağırıb Azərbaycan istiqlaliyyəti məsələsini müzakirə etmək lazımdır. Katib Mühakim ibn-Davudun barəsindəki dedi-qodulara nəhayət vermək lazımdır. Onun ərəb olduğu üçün məsul vəzifədən qovulmasına xalqı inandırmaq lazımdır. Şirvan xaqanının Aranı Şirvana ilhaq etməsinə qarşı mübarizə aparmaq lazımdır. Mübarizə ancaq təbliğat şəklində aparılmalıdır. Qızınızın gənc şairlə olan əlaqəsinin sıxlaşması üçün təşəbbüsdə olmalısınız. Fəxrəddinlə Dilşadın əlaqəsinə də soyuqqanlı baxmalısınız. Başqa işləri isə qoca vəzirə tapşırın. Mən Şimali Azərbaycanı sizin əlinizdə mərkəzləşdirməyə söz verirəm.

Əmir İnanc qoca vəzirin bütün dediklərinə razılıq verdi. Müşavirə çağırılmasını qərara aldılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qorxu

Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

4 dəq
Mahrunun toyu

O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.

13 dəq
Knyaginya Osipova

1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı:«İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”.

25 dəq
İkinci inqilab komitəsi?

Bu gün tezdən amerikalı qız məni telefona çağırdı:– Təzə bir hadisə barəsində danışmaq üçün səninlə görüşmək lazımdır, – dedi. Mən onun boş günü olduğunu bilmirdim, buna görə də telefonla ona dedim:

18 dəq

Başqa şairlərin şeirləri