Səhifə 1 / 2

Əmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi. Beynəlxalq vəziyyət onun şəxsi həyatını da qorxu altına salmışdı. Şərqdə böyük bir hökumət təşkil etmiş səlcuq xanədanının sönməsi Şərqin siyasi vəziyyətini alt-üst etmiş və Şərqin coğrafi vəziyyətində bir çox dəyişikliklər yaratmışdı. Hökumətin səlcuqilərdən Eldəniz övladına keçdiyi zaman böyük bir səltənət qurmaq imkanını əldə edə bilməyən Xarəzmşah Əlaəddin Təkişi səlcuqilər məmləkəti hesabına olaraq məmləkətini genişləndirməyə başlayırdı. Artıq səlcuqilərin nüfuzu təsirində yaşayan xəlifə Xarəzm şahlarının nüfuzu altına keçirdi. Əmir İnanc öz hökmranlığında qalmaq üçün xəlifənin yardımına arxalana bilmirdi. Buna görə də o öz-özünə: “Xəlifənin mənim kimi yüzlərcə kürəkənləri vardır, – deyirdi. – Xəlifənin minlərcə cariyəsindən doğulan qızların hər birisi mənim kimi bir adamın evindədir. Kim bilir! Bəlkə, xəlifə Safiyə adlı bir qızı olduğunu tamamilə unutmuşdur? İndiki zamanda xəlifənin cariyələrdən doğulan qızlar barəsində düşünməyə vaxtı vardırmı? O, qızlarını hakimlərə verirkən hakimlərə kömək etmək məqsədilə yox, onlardan kömək almaq fikrini daşıyırdı. Bir halətdə ki, bir kömək ala bilməyəcəkdir, o zaman nə üçün də mənim qeydimə qalsın”.

Əmir İnanc bu cür düşünməyə haqlı idi, çünki Nurəddin vasitəsilə öz qayınatası xəlifə Müstərşidbillaha göndərdiyi məktuba cavab ala bilməmişdi. Əmir İnanc çox düşündükdən sonra öz-özünə cavab verirdi: “Xəlifə nə etsin? Onun ruhani nüfuzu da sönməyə başlamışdır. Ölkələrin hakimləri özlərini padşah elan edir. Misirdə böyük bir səltənət quran fatimilər süqut etməklə yerinə əyyubilər xanədanı keçir, xəlifənin son nüfuzunu qırmaq üçün əyyubilər Fərat və Dəclə sahillərinə qədər enirlər. Eldəniz oğlanları İraq, Fars, Rey və sair ölkələri qarmalamaqdadırlar.

Mənim qorxum da Eldəniz övladındandır. Onlar iş başına öz sadiq nökərlərini qoymağa başlayacaqlar. İnanc xanədanı isə onlar üçün çox da sevimli deyil. Hələ bir neçə ay bundan əvvəl onlar Rey məmləkətini əmim oğlanlarının əlindən aldılar”.

Əmir axşamdan bəri ancaq bu cür mövzular üzərində düşünürdü. Bu gecə öz adəti xaricində olaraq rəqqasələri də yanına buraxmamış, “şərabınız xoşuma gəlmədi” – deyərək saqiləri də yanından qovmuşdu. Bu kimi hallarda o, istəkli qadını Safiyə və sevimli qızı Qətibəni də öz yanına buraxmazdı. O təkcə oturmuşdu. Xidmətçilər qorxularından siçan deşiklərinə soxulmaq istəyirdilər.

Əmirin bu kimi kədərli vəziyyəti bütün saray xalqına təsir etmişdi. Hər gün arı pətəyi kimi qaynaşan saray həyatı tamamilə sönmüşdü. Yüzlərcə cariyələrin qəhqəhələrindən titrəyən mərmər sütunlar indi xaraba qəbirlər üzərində quruyub qalan məzar daşları kimi qəmgin-qəmgin baxırdı. Hər axşam hərəm və cariyə mənzillərindən eşidilən musiqi nəğmələrinin yerində lal və kar bir vəziyyət hökm sürürdü, çünki belə zamanlarda gülənlər və şadlıq edənlər Əmirin qəzəbinə düçar olaraq qaranlıq zirzəmilərə atılır və cəzalanırdı. Əmir məxmər döşəyin üstündən qalxıb evi dolaşdı və pəncərənin tirmə pərdələrini qaldırıb bağçaya baxmağa başladı. Lakin bu mənzərə də onun əzici kədərlərini azalda bilmədi. Gələcək fikri onu bir əjdaha kimi təhdid edir, ümidsizliyə sürükləyirdi.

Xacə Müfid Əmiri rahatsız etməmək üçün qapını oğru pişiklər kimi açıb içəri girdi. Əmir pərdəni salıb pəncərədən ayrıldığı zaman Müfidi görüb sual verdi:

– Nə üçün gəldin? Bir hadisədənmi xəbər verəcəksən?

Müfid boynunu əyərək, dişlərini ağarda-ağarda əyildi və:

– Əmirə ərzim vardır, – dedi.

Əmir hövsələsi darıxmış və hər şeydən iyrənmiş bir halda dedi:

– Gətirdiyin xəbərlərin bir çoxu yalan xəbərlərdir. Görünür ki, əlinə həqiqət keçmədiyi zaman yalanlardan da istifadə edirsən.

Müfid belini düzəldərək Əmirin üzünə narazı bir nəzərlə baxaraq dedi:

– Əmir həzrətlərinə bir kəlmə də olsa yalan deməmişəm. Cariyəniz Lalənin qulunuz Mərcanla sevişdiyini, Tubanın Söhrabla əlaqədə olduğunu, Qonçanın Əbüssəlt ilə qəbahət işdə bulunduğunu sizə ərz elədiyim zaman yenə də buyurdunuz ki, “belə işlər ola bilməz”. Lakin iki qız, bir də oğlan dünyaya gələndən sonra işin həqiqət olduğunu təsdiq etdiniz.

Əmir yenə də hövsələsi təng bir halda dedi:

– De görüm, indi nə xəbər gətirmisən?

– Gərək mənə aman və icazə verəsiniz.

– Aman və icazə verdim. Tez danış, uzunçuluq etmə!

Müfid icazədən sonra qoynundan hökumətin möhürünü çıxarıb Əmirə verdi. Əmir təəccüblə möhürə baxaraq dedi:

– Bu möhür haradan sənin əlinə düşdü?!

Müfid qorxa-qorxa cavab verdi:

– Oradan!

– Oranın adı olmazmı? Bu möhürü Mühakim ibn-Davudun qələmdanındanmı götürdün?

– Əlhəmdülillah, Əmirin nəsli nəcib, ailəsi müqəddəs, şərəf və həyaları günəşin çeşməsindən təmiz və işıqdır. Lakin bu möhürün haradan tapıldığını söyləmək qulunuz üçün çox çətindir. Bir daha mənə qəzəbinizdən aman verin!

Əmir hal-təbiisindən çıxdı və titrək bir səslə:

– Sübhanallah! Mənim sarayim sirlər yuvasına döndümü?! Bu şeytan oğlu şeytan yenə nə kimi xəbərlər gətirmişdir? Allah etməsin! Qızım Qətibə barəsində bir şey öyrənmişmi?! Hərəmlərim haqqında böyük bir xəyanətin izini açmışmı?!

Əmir bunları öz-özünə söyləyəndən sonra bir daha Müfidə müraciət etdi:

– Nə üçün təxir edirsən? Mənim həyəcanlarımı artırmaq, ürəyimi partlatmaqmı istəyirsən?

Müfid təzim edərək:

– Əstəğfürullah, Əmir həzrətləri!

Əmir Müfidin yaxasından tutub silkələdi:

– Danış! De görüm, bu möhürü haradan tapdın? Alçaq, mənimlə oynamaqmı istəyirsən?

– Bu möhürü Əmir həzrətlərinin möhtərəm xanımı Safiyə xanımın otağından tapmışam.

Əmir bu sözlərdən sonra möhürə bir daha baxdı və cibinə qoyandan sonra bir sual da verdi:

– Sarayda daha nə xəbər vardır?

– Bir də ki, Fəxrəddin məsələsidir.

– Fəxrəddinin nə məsələsidir?

– Xəlifə həzrətlərinə hədiyyə göndərmək istədiyiniz qızlardan birisini sevir.

– Onun sevməsi çox da mühüm bir xəbər deyil, qızın sevib-sevməməsini bilmək lazımdır. Qız da onu sevirmi?

– Bəli, Dilşad da onu sevir.

Əmir təəccüblə:

– Dilşad?!

– Bəli, Dilşad! Mən onun Fəxrəddini sevdiyini duymuşdum, buna görə də qıza çoxdan bəri göz qoyurdum. Bir neçə gün bundan əvvəl, Əmir həzrətləri gecə vaxtından qabaq istirahətə məşğul olmuşdu. Saray xalqı da yatmışdı. Mən Dilşadın yatmadığını hiss etdim. Buna görə də yataq paltarımı geyib dəhlizə çıxdım, onun qapının arasından məni pusduğunu təyin etdim və özümə aldırmadan yataq otağıma girib, qapını kilidlədim. O, şübhəsiz ki, kilidin səsindən mənim yatdığımı zənn etdi. Lakin mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. Bir azdan sonra Dilşad yerindən qalxıb dəhlizə çıxdı və böyük bir ehtiyatla bağçaya düşüb, Fəxrəddini aramağa başladı. Hovuzun yanında onların görüşdüklərini gördüm.

– Sən onun Fəxrəddin olduğunu haradan bildin?

– Fəxrəddini səsindən tanıdım. O, “buradayam, Dilşad!” – deyə qızı səsləyirdi.

– Nə danışdıqlarını bilmədinmi?

Müfid sakit oldu, onun bu sükutu yenə də Əmirin həyəcanını artırdı, acığından Müfidi vurmaq istərkən, Müfid sözə başlayaraq ağlaya-ağlaya danışdı:

– Şeytan qızı şeytanı dörd saatdan bəri güdürdüm, özüm də sərxoş idim. Hovuzun kənarında oturub onların danışıqlarına diqqət vermək istəyirdim. Lakin ayılıb gördüm ki, səhərdir. Ördəklərin qanadlarından üzümə sıçrayan qətrələrdən diksinib ayıldım. Orada heç bir kəsi görmədim.

Əmir bunu eşitdikdə:

– Çıx get, nankor! Bir işi axıra qədər öyrənməyi də bacarmırsan! – deyərək ona acıqlandı.

Müfid gedəndən sonra Əmir bir daha hökumət möhürünü cibindən çıxarıb baxdı və öz-özünə danışmağa başladı: “Xəyanət o qədər genişləndi ki, mənim yataq otağıma qədər gəlib çıxdı. Dünyada başlanan qarışıqlıq mənim evimə də təsir etdi.

Qocalmışam, qadınımsa gəncdir. Bütün vaxtımı hökumət işlərinə sərf etdiyim üçün, öz ailəmə diqqət verə bilmədim, iş o yerə yetişdi ki, katibim də mənim ailəmə xəyanət etməyə cəsarət etdi. Böyük bir ölkənin işlərini öyrənməyi bacardım, lakin öz evimin içərisini öyrənə bilmədim. Ancaq, mənim qadınım insafsızlıq etdi, o məni öz katibimə satmamalı idi. Xain qadın öz oynaşı Mühakimi saraya gətirmək üçün Dilşadı ona verməyə çalışırdı. O daha bunu görə bilməz. Ərə gedirsə, qoy mənim evimdən çıxıb getsin. Mən öz qadınımı öz evimdə ərə vermək namussuzluğunu qəbul edə bilmərəm”.

Əmir evi bir neçə kərə dolaşdı, fikir və düşüncə onu dəli olmaq dərəcəsinə gətirmişdi. O, yenə də öz-özünə danışırdı: “Qadınımdır. Xain çıxdı. Ona talaq vermək və evdən çıxarmaq lazımdır. Lakin buna imkan tapa bilməyəcəyəm. O, xəlifənin qızıdır. Mənim taleyim xəlifənin iradəsindən asılıdır.

Əmirin qadını, xəlifənin qızı öz sarayında fahişəlik etməyə başlamışdır. Xalqın bu söhbətlərini eşitməkdənsə, namussuzluğu qəbul etmək daha yaxşıdır. Lakin o katibi, öz ağasına xain çıxan haramzadəni məhv etdirəcəyəm. O, ərəb qızı idi, mənsə bir türkəm, nəhayət, o yenə bir ərəbə satıla bilər”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri