Dördüncü pərdə
Altıncı şəkil
Padşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.
Səslər — Fəramərzi çağırın, Fəramərzi verin!
Astiaq — (xalqa)
Sakit olun, sülh olacaq yaxın zamanda,
Azad həyat başlanacaq Azərbaycanda.
Qurd qoyunla gəzəcəkdir məmləkətimdə,
Qalmayacaq bir ehtiyac rəiyyətimdə.
Nümayəndə göndərmişəm bu gün düşmənə,
Sülh üçün öz şərtlərini göndərsin mənə.
Səslər — Fəramərzi verin, Fəramərzi verin!
Baş mö’bid — (irəli gəlib xalqı sakit etməyə çalışır)
Var müqəddəs ölkəmizdə atəşkədələr,
Gedib oda səcdə edin göndərsin zəfər.
Qovsun Hörmüzd bu ölkədən əhrimənləri,
Yüz Fəramərz qova bilməz o düşmənləri.
Günahkarıq bizə bəla göndərmiş Yəzdan,
Öz şahına eyləmişdir rəiyyət üsyan.
Səslər — Fəramərzi verin! Fəramərzi verin!
Dəmir — (Tələsik gəlir)
Düşmən cavab göndərmişdir.
Astiaq — Al, oxu Sərtac!
Təhlükələr qarşısında qalmış təxtü tac. Torpaq tələb edir verim, istəsin dövlət,
Eybi nədir, çox genişdir bizim məmləkət.
Sərtac — (Məktubu oxuyur)
Mən necə oxuyum, bu həqarətdir,
Astiaq — Bu ki, qarətdir.
...İkiyə ayrılsın Azərbaycan,
Cənub tərəfləri götürsün İran.
Beş yüz gəlin göndər, beş yüz qara qul.
İki min at gərək üstü ipək çul,
Yüz yük xalı, kəbə, yüz yük də qumaş.
Yüz yük qızıl, gümüş, yüz çuval daş-qaş.
Himayət altında yaşasın Arran.
Günə səcdə etsin Azərbaycan.
Astiaq baş əysin Saraguş şaha
Oda söyləməsin tanrı bir daha.
Astiaq — Daha nə istəyir?!
Sərtac — Dilim olsun lal.
(Yavaşdan)
Sarayıma gəlsin şahzadə Maral.
küçədə həyəcan başlanır, səslər eşidilir.
Səslər — Fəramərzi gətirin! Fəramərzi gətirin!
Astiaq — Bütün təkliflərə razıyam, ancaq —
Düşmən deyən qədər deyiləm alçaq.
Onsuz da məğrurdur şahzadə bacım,
O getməz, getsə də bu təxtü tacım.
Sərtac — Bir qədər fikirləş, böyük hökmran,
Əgər şahzadəni verməsən qurban
Xalqımız, ölkəmiz məhv olacaqdır.
Astiaq — (Açıqlanır)
Fərhadın nəvəsi sanma alçaqdır,
Sənin hiylələrin məni məhv etdi.
Saraydan çıxıb get, məmləkət getdi,
Tanıyırmış səni ağıllı Bəhmən,
İnad göstərmişəm əbəs yerə mən.
Sərtac baş endirib gedir. Astiaq o tərəf-bu tərəfə boylanıb danışır.
Ətrafım boşalmış qəhrəmanlardan,
Şahlardan tac alıb bac alanlardan.
Məndən küsüb getdi igid Fəramərz,
Əfsus, yenə əfsus, bir daha gəlməz.
Baş mö’bid — Şahım, ümidini Yəzdana bağla,
Mö’bidləri yığıb sarayda saxla.
Hardakı müqəddəs simalar vardır,
O yer toxunulmaz möhkəm hasardır.
İki nəfər qoca Bəhmənin qoltuğuna girib gətirir.
Səslər — Qaytarın bizim milli qürurumuzu!
Fəramərzi çağırın!
Bəhmən — (Astiaqa)
Bu səslər nə səsdir, nə deyir millət?
Astiaq — Çarə tap pozulur böyük bir dövlət.
Namus tələb edir o həyasızlar.
Nə edim, nə deyim, nə cür’ətim var?
Sülhə imkan yoxdur, döyüşə qüvvət,
Fəramərz səslənib qışqırır millət.
Səslər — Fəramərz, Fəramərz!
Baş mö’bid — (Padşaha)
İnansan Yəzdanın iradəsinə,
Səs verər, şübhəsiz, sənin səsinə.
İqbaldır insanın önündə gedən,
Sənə həyat verən, səni məhv edən.
İqbaldır hər kəsi şərəfləndirən,
Birini qaldırıb, birin endirən.
Belədir Yəzdanın verdiyi qərar.
İnsanın əlində yoxdur ixtiyar.
İnsanla dolanır qəzavü qədər,
İnsanlar üçündür şadlıq və kədər.
Camaat balkonu daşa basır.
Bəhmən — (Camaata)
Dayanın, diridir hələlik Bəhmən,
Eşidin səsimi, sizinləyəm mən.
Övladım, haqlıdır atılan daşlar,
Hər böyük fəlakət saraydan başlar.
Əvvəlcə düşməni qapıdan qovmaq,
Sonra müqəssiri cəzalandırmaq.
İqbala, ə’caza bağlı deyilsən
Dünya işlərinin xaini sənsən.
Baş mö’bid — (Astiaqa)
Həmin bu fikirdir bizi məhv edən.
Məğlub olacaqdır əyri yol gedən.
Bəhmən — (Xalqa)
Qoruyun düşməndən öz ölkənizi,
İgiddir Fəramərz, tək qoymaz sizi,
Qalib çıxacaqsan yenə çalışsan,
İnsan bacaranı, bacarar insan.
Maral — (Silahlı qızlarla gəlir)
De görüm düşməndən cavab aldınmı?
Astiaq — (Kədərlə)
Aldım!
Maral — O cavabdan razı qaldınmı?
Astiaq — O şərəfsiz sülhün şərtlərindən,
Nə cürə söyləyim, biri də sənsən.
Maral — Bununla mümkünsə bizə istiqlal,
Gedərəm eybi yox, məhv olsun Maral.
Bəhmən — (Marala)
Düşmən sarayına gedincə gölə,
Dostun qapısına get gülə-gülə.
Əyilsə də başın dosta əyilsin,
Özün gedib yalvar, Fəramərz gəlsin.
Get söylə çətindir bu son məsələ,
Təxirsiz götürsün silahı ələ.
Onunla məmləkət tapar azadlıq
Məktubumu alıb yola düş artıq.
Maral — O məni eşitməz, çox inadkardır.
Bəhmən — İnadkar da olsa, vüqarı vardır.
Qadınlığa bəslər böyük bir hörmət.
Sənə ki, aydındır, qızım, həqiqət.
Qəhrəmanı təhqir etdiyin gündə,
Yenə baş əymişdir sənin önündə.
Qadınlıq gəlməsi ona əzizdir,
İnan Fəramərzə, qanı təmizdir.
Söylə, Bəhmən baban çağırır səni,
Gəlib azad etsin bizim ölkəni.
Astiaq — Qoy gəlsin barışaq, düzəldək birlik.
Ona da, mənə də ardır əsirlik.
Ceyran — (Marala)
Mən onu gətirdim icazə versən.
Maral — (Açığla)
Çoxdandır bilirəm onu sevirsən.
Rəqabət aparma mənimlə bəsdir,
Başım ayılarsa yerin məhbəsdir.
(Bəhmənə)
Gedirəm, əl çəkdim öz qürurumdan,
Daim bir çəkidə yaşamaz insan.
Hamı gedir. Ceyran Maralın dalınca
Ceyran — Sən də rəqabətdən bir qədər çəkin,
Gündən-günə sənin azalır çəkin.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-maral-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər.Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır.
Təbrizə doğruFaytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər.Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar.
İnqilab məntəqəsindəMərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik:Təbrizdə var inqilab,
İlk görüşlərMənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
Başqa şairlərin şeirləri
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Ləbindən aşiqə olsaydı istifadə yeriLəbindən aşiqə olsaydı istifadə yeri,Qədəhdə qanə dönüb qalmaz idi badə yeri.