Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.

Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.

Səhər saat doqquzda çay içib çıxdım. Məhəllədə təsadüf etdiyim adamların hamısı tüfəngdən, patrondan, nişanə vurmaqdan danışırdı.

Bir uşaq «vaks» çağıraraq başmaq təmizləyirdi. Onun gözəl səsi vardı. Oxudu. Dayanıb qulaq asdım:

Rəhim xan gəlir Təbrizə,
Ərmağan gətirir bizə,

Az qalır qan çıxsın dizə,
Taxtın uçulsun, Məmdəli,
Gözün tökülsün, Məmdəli!

Məhv oldu, talandı Təbriz,
Neçə dəfə yandı Təbriz,
Zatına inandı Təbriz,
Taxtın uçulsun, Məmdəli,
Gözün tökülsün, Məmdəli!

Böyük nənən Ümmi-xaqan,
Özün qeyrətdən pərişan,
Bəsdir bu qədər tökmə qan,
Taxtın uçulsun, Məmdəli.
Gözün tökülsün, Məmdəli!

Belə mahnıları çox eşidirdim. Bununla da Rəhim xanın Təbriz üzərində hərəkət etməsi məlum olurdu.

Təbrizlilərin yalnız silahda deyil, şeir və ədəbiyyatda da inqilabi mübarizəyə hazırlandıqları görünürdü. Bu kimi şeirləri dəllaləzəndə də eşitmək olurdu.


Səttar xanın yanına getməzdən əvvəl bəzi inqilab rəhbərləri ilə görüşüb, onların inqilab haqqında fikrini öyrənmək istəyirdim.

Birinci növbədə Hacı Əli davafürüşla görüşməli idim. Evini tanımırdım. Onun Təbrizdə məşhur adam olduğunu bilirdim. Yanımdan gənc bir mücahid keçirdi. Ondan:

– Hacı Əli davafürüşun evinə hansı yoldan getməliyəm? – deyə soruşdum.

Mücahid durdu, fikrə getdi. Sonra məndən soruşdu:

– Qızını açıq gəzdirən Hacı Əlinimi deyirsən?

– Bəli! – dedim. (Hacı Əlinin öz qızını açıq gəzdirdiyini bilirdim.) Mücahid nəğməsinə qulaq asdığım çəkməsiləni çağırdı.

– Oğlan! Dur, düş bu əmioğlunun qabağına. Qızını açıq gəzdirən Hacı Əlinin evini göstər! – dedi.

Çəkməsilən dinməz-söyləməz durub qabağıma düşdü. O qabaqca «vaks» sözünü qışqıra-qışqıra gedir, mən ətrafı nəzərdən keçirərək irəliləyirdim. O, aralıqda üzr istəyib bir-iki ayaqqabı da təmizlədi. Mənsə tələsmirdim, çünki ətrafa baxmaq, həyatı öyrənmək mənim üçün daha maraqlı idi.

Küçələrdə fayton, araba, ümumiyyətlə, təkərli nəqliyyatdan bir nişanə belə görmədim. Yalnız ağ uzunqulaqları minib sürətlə o tərəfə, bu tərəfə gedənləri görürdüm. Çəkməsiləndən bunların hara getdiyini soruşdum. O, belə cavab verdi:

– Təbriz çox böyük şəhərdir. Yalnız Dəvəçi məhəlləsi altmış min evdir. Bu yolları piyada gedib-gəlmək mümkün deyil. Bu eşşək üstündə gedənlər uzaq məhəllədə oturan tacirlərdir. Səhər eşşəyi minib gəlir hücrəsinə. Oturduğu hücrənin altı da tövlədir. Eşşəyi orada bağlayır. Axşam yenə də evə qayıdanda eşşəyin palanını hücrəsindən aparıb qoyur eşşəyin belinə.

– Çox əcəb, palanı hücrəsində nə üçün qoyur?

– Çünki burada eşşək palanı oğurlayanlar çoxdur.

Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı.

Bir az getdikdən sonra o mənə yenə də tapşırdı:

– Hərgah eşşəyin varsa, palanından mütəvəccöh ol. Təbrizdə eşşək palanı çox bahadır, – dedi.

Mən təbrizlilərin adam ələ salmasını və öcəşməsini eşitmişdim. Ona görə də çəkməsilənin söhbəti ilə maraqlanırdım. Onun sözlərini cavabsız buraxmayaraq:

– Çox razıyam, – dedim. – Yaxşı ki, xəbər verdin. Yoxsa palanı oğurlayacaq idilər.

O dinmədi. Bir az getdik; sərraf dükanlarının qarşısından keçirdik. Çəkməsilən qayıdıb yanıma gəldi.

– Təbrizə təzə gələnlər pullarını gətirib burada xırdalayırlar, – dedi.

Mən doğrudan da, pul xırdalayacaqdım. Sərraf dükanına yanaşıb bir dənə rus beşliyi çıxardım. Çəkməçi mənə yaxınlaşıb yavaşca dedi:

– Bugünkü qiymət iyirmi yeddi qran beş şahıdır.

Sərraf bunu eşidib çəkməsilənə acıqlanaraq:

– Gedə, cakəş, səni kim çağırdı bura?! – deyə qovdu.

Çəkməsilən də ona acıqlandı:

– Cakəşin səsini eşidirəm – dedi.

Sərraf buna heç də cavab vermədi. Təbrizdə bu kimi işlərə hər addımda təsadüf etmək olurdu.

Yolumuza davam etdik. Çəkməsilənin məndən əl çəkdiyinə təəccüb edirdim. Bir qədər getdikdən sonra o, yenə də mənə yanaşdı:

– Bilirsən nə var? – deyə soruşdu.

– Xeyr, bilmirəm!

– Mən qorxuram əxi...

– Nədən qorxursan?

– Qorxuram ki, sizin yadınızdan çıxsın.

– Nə yadımdan çıxsın?

– Eşşəyin palanını gizlətmək! Çünki Təbriz çox haramzada yerdir. Buraya palanlı gələn palansız gedər.

– Qorxma, unutmaram.

Yenə yolumuza davam etdik. O, yenə də sözə başladı:

– Xatircəm oluram ha!

– Nə üçün xatircəm olursan?

– Mən xatircəm oluram ki, siz eşşəyin palanını gözünüzdən kənara qoymayacaqsınız.

– Buna xatircəm ola bilərsən!

Çox uzun yol getdik. Rasta küçəni hələ başa çıxmamışdıq. O, yenə də mənə müraciət edib palan barəsində tapşırırdı. Biz Əngəc küçəsinə yetişdik. O, Hacı Əlinin qapısını uzaqdan mənə nişan verərək:

– Budur bax, qızı açıq gəzənin qapısı, – dedi.

– Çox razıyam! – deyə ona 2 qran pul uzatdım. O, pulu alıb o tərəf-bu tərəfinə baxıb cibinə saldı və getməyə başladı.

Mən hələ qapıya yetişmədən o məni çağırdı:

– Dadaş, zəhmət olmasa biri azca dayan! – deyə mənə doğru qayıtdı.

Mən 2 qrandan razı qalmadığını zənn etdim. Ağzını açmadan 2 qran da ovcuna basdım.

– İndi ki, belə oldu, sizdən bircə də xahişim vardır, – deyə mənə müraciət etdi.

– Buyur, nə demək istəyirsən?

– Xahiş edirəm ki, palanı gözdən qoyma!

Mən yenə güldüm. Onun ümidi kəsildi, çünki təbrizlilər insanı acıqlandırmaq və onu söyüşə məcbur etməkdən çox nəşələnirlər.

Qapını vurdum. Tam mənasilə avropalı bir qız qapını açdı. Qiyafətimə baxıb dedi:

– Nə istəyirsiniz?

– Hacı Əlinin evi buradırmı?

– Bəli, buradır.

– Özü evdədirmi?

– Evdədir.

– Mən onu görmək istərdim.

– Siz kimsiniz?

– Mən onun qardaşıyam!

Qız təəccüblə üzümə baxıb durdu. Mən ona başqa ad deyə bilməzdim, çünki qızın kim olduğunu bilmirdim.

Qız çox təəccüblü bir surətdə cavab verdi:

– Elə isə bir dəqiqə səbir edin. Hacıya xəbər verim.

Qız getdi. Bir dəqiqədən sonra Hacı Əli özü qabaqda, haman qız isə arxasınca qapıya gəldi. Adımı dedim. Qucaqlaşdıq, öpüşdük. O, qızına tərəf döndü:

– Doğrudur. Bu sənin əmindir. Mənim doğma qardaşımdan da mənə yaxındır.

Qız mənə əl verdi. Hər ikisi qolumdan tutub böyük bir salona apardı. Salon bir fransız varlısının salonuna bənzəyirdi.

Hələ səhər çayına başlanmamışdı. Salondan keçib çay otağına girdik.

Mən yemək yemədim. «Fəqət bir stəkan çay içərəm» dedikdə qız bir stəkan çay və gözəl bir şüşə içərisində limon suyu gətirdi. Bunu Təbriz kübarları çaylarına tökürlər. Mən də stəkanıma bir neçə damcı limon suyu tökdüm. Çay çox ləzzətli idi.

Hacı Əli nökəri çağırıb qulağına nə isə bir şey pıçıldadı. Nökər getdi. Çay içilib qurtardı. Hacı qızının da getməsinə icazə verdi.

Hacı Əlinin qızı amerikalıların məktəbində oxuyurdu. 14–15 yaşlarında olan bu qız ucaboylu, qalın vücudlu, qara və dairəsi böyük gözlərə malik bir qız idi. Onun təbrizlilərə məxsus ağ pəmbə çöhrəsi və qara tüklərindən başqa hər şeyi bir amerikalı qızına bənzəyirdi. Təbrizdə birinci dəfə açıq gəzən bu qıza qarşı küçələrdə söz atmaq, təhqir etmək, sevgi elan etmək və sair bu kimi uyğunsuz hərəkətdə olmaq adət yerinə keçmişdi. Hətta onu bir neçə kərə ölümlə təhdid edib Amerika məktəbinə getməsini də qadağan etmişdilər.

Qız bütün bunlara dözərək mollaların təklif etdiyi çarşabı başına salmamışdı.

Təbriz şairlərindən Sərraf onun haqqında qəzəllər də yazmışdı. Qız bu qəzəlləri toplayıb saxlamışdı. Sərrafın qəzəllərindən birisi budur:

Səməndə-nazə gəl baş verməy, ey mən başına qurban,
Göz üstə qaşın oynatma, qara göz, qaşına qurban.
Mən əbri-tirəbəxtəm, sən baharü tazəvü tərsən,
Gərək mən ağlayam, sən ağlama, göz yaşına qurban.
Billursan sinəyi-safında var bir daş kimi qəlbin,
Həyatın çeşməsi bağrında səngi, daşına qurban.
Durub fərraştək qəmzən bərabərdə deyər gəlmə!
Könül mülkündə şahənşax olan fərraşına qurban!
Əgər Sərrafa bir xaşxaş qədrincə ola meylin,
Təmamən əldəki varım o bir xaşxaşına qurban!

Bir az keçəndən sonra Məşədi Abbasəli qəndfürüş, Yusif xəzdüz, şeyx Məhəmmədəli qəssab, Əsgər qəhvəçi və sairləri gəldi. Bunlar Təbriz inqilabının rəhbər simaları idi. Tanış oldum. Çox söhbətdən sonra Siqətülislam müctəhidi görmək istədiyimi aşkara söylədim. Hacı Əli və Məşədi Abbasəli qəndfürüş Siqətülislamın heç bir inqilabi siması olmadığını söylədi. Hər halda mənim bu ziyarətə olan marağımı bilərək razı oldular.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri