Siqətülislam
Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.
Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.
Siqətülislamın daşıdığı və üzərində ciddi mübarizə apardığı əqidə şiəlikdə bir təriqət olan şeyxi əqidəsi idi.
Bu əqidəni 1800-cü ildə İran körfəzinin cənubi-qərb sahilində Əhsa adlı kiçik bir şəhərdə zühur edən Şeyx Əhməd Bəhreyni yaratmış və bununla da başına minlərcə mürid toplamışdı.
Şeyx Əhməd öz əqidəsi ilə bütün Ərəbistanda və İranda şöhrət qazandığından və bu əqidə, nəhayət, bir dini məktəb şəkli aldığından Kərbala şəhərinə köçüb, 1804-cü ildə ruhanilər cəmiyyəti təşkil etməyə müvəffəq oldu. Şeyx Əhmədin ölümündən sonra bu ruhanilər cəmiyyətinin başına Ağa Seyid Kazım seçildi. Bundan sonra Şeyx Əhmədin şiə məzhəbi üzərində düzəltdiyi bu islahat bir neçə cəbhələrə ayrılıb bir-biri ilə mübarizə etməyə başladı.
Bunların bir hissəsi Şeyx Əhmədin orijinal təriqəti üzərində durduğundan «şeyxi» adlanıb qaldı. İkincisi, Ağa Seyid Kazımın islah etməklə aralığa çıxardığı «üsuli» əqidəsinin ətrafına toplandı, üçüncü isə Seyid Kazımın ən idraklı şagirdlərindən sayılan Mirzə Əliməmmədin ətrafına toplanıb «babi» məzhəbini əmələ gətirməyə başladılar. Hazırda inqilab tərəfində duran, özünü «bitərəfəm» adlandıraraq eyni zamanda inqilabçılara rəğbət bəsləyən Siqətülislam Şeyx Əhməd Bəhreyninin orijinal təriqəti olan şeyxi əqidəsini daşıyır.
Bu təriqətin düşməni əvvəldən də çoxdu. Nəhayət, babilik ayrıldıqdan sonra şeyxi əqidəsinə qarşı olan düşmənçilik daha da artmış oldu, çünki babinin şiəlikdə orijinal sayılan şeyxi təriqətindən ayrıldığı və üsul təriqətinin bunlarla heç bir əlaqəsi olmadığını şiə ruhanilərindən bir çoxu iddia edirdi.
Siqətülislam bütün şərqi və şimali İranda şeyxlik üzərində mübarizə aparanların ən məşhuru və görkəmlisidir.
Təbrizdə bunun düşməni imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhiddən ibarətdir. Son ikincilər əks-inqilab cəbhəsində durub məşrutə üsuluna qarşı mübarizə etməyə başladığı zaman Siqətülislam müctəhid də bunlara son zərbəni vurmaq üçün əlverişli bir fürsət əldə etmiş oldu. Bu səbəbə görə Siqətülislam inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi.
Hacı Əli adam göndərib onun yanına gedəcəyimizi xəbər verdi.
Müctəhidin yaşadığı ev Surxab qapısı deyilən çay kənarındadır. Qapını döydükdə dörd-beş nəfər bizi qarşıladı. Müctəhid özü də dışarıda durub bizi gözləyirdi. Zatən bunun özü də böyük adamlarda təcrübədən keçirilmiş bir diplomatlıqdır, çünki evə hörmətli adam, qonaq gəldikdə onun ayağına qalxmamaq bir ədəbsizlik hesab olunur. Fəqət hər kəsin ayağına durmaq da böyük adamların şənini azaldırmış. Buna görə də evə qonaq gələcəyini bilən kübar adamlar əvvəlcədən ayaq üstündə durub qonaq gələrkən onun ayağına durmağı lazım görməzlər.
Müctəhid bizi görən kimi əl verdi və sözə başladı:
– Allah bilir ki, bir az da təxir etmiş olsaydınız küçəyə qədər gələcəkdim. Doğrusu, bu gün sizinlə görüşmək üçün özümdə fövqəladə bir meyil hiss edirdim.
Hacı Əli məni müctəhidə tanış verdi. Müctəhid ikinci kərə əlimi sıxıb dedi:
– Bunu da özüm üçün nazil olmuş bir nemət hesab edirəm.
Müctəhid bizi özünün oturduğu otağa aparmadı. Qonaq otağına keçirdi. Otaq tamamilə Avropa üsulunda döşənmişdi. O bizi əyləşdirdi, sonra da özü oturub sözünə davam etdi:
– Otaq bizim uşaqların zövqü ilə düzəlmişdir. Onları əcnəbi dillərdə oxutmuşam. Özümün də öyrənməyə meylim vardır; bunu hər bir təbrizliyə də məsləhət görmüşəm.
Müctəhid bununla özünün yeni adam olduğunu bildirmək istəyirdi. Doğrudan da, başqa mollalara nisbətən Siqətülislamda yenilik az deyildi.
Çay, qəlyan gətirdilər. Başqa söhbətlərlə vaxtı keçirmək istəmirdim, çünki başqa yerlərə də gedəcəkdim. Xüsusən bu gün mənim Səttar xanla görüşməməyim də yaxşı olmazdı. Onun üçün də lazımi məsələlərdən sözə başlamağa tələsirdim. İcazə aldım və sözü müqəddiməsiz olaraq danışmağa başladım:
– Cənab Siqətülislam! İranda inqilabın rəhbər qüvvələri ilə icraedici qüvvələri arasındakı əlaqə haqqında fikriniz nədir?
– Gəlin biz bir diplomat kimi yox, səmimi bir rəfiq kimi danışaq, – dedi, – inqilabın rəhbərlikedici qüvvələri ilə, icraedici qüvvələri arasındakı əlaqə haqqında danışmaq artıqdır, çünki axırıncılar buna heç vaxt qabil deyildir.
– İndiyə qədər siz istəsəydiniz, həm Səttar xanla, həm də Bağır xanla əlaqə düzəldər və inqilabın mütəşəkkil getməsinə kömək edə bilərdiniz. Xüsusən siz Qafqazdan gələn canlı qüvvələrə də əhəmiyyət verməlisiniz.
Siqətülislam sözlərimə diqqətlə qulaq asıb və yüsür təsbehin dənələrini yağış dənələri kimi bir-birinin üzərinə tökürdü. Onun qənaətləndirici bir cavab söyləyəcəyini gözləyirdim. Təsbehi yanındakı çay masasının üzərinə buraxdı. Öz gövdəsini o ki, lazımdır düzəldib:
– Siz, əlbəttə, İranı çox yaxşı tanıyırsınız, – deyə sözə başladı.
– Az-çox tanıyıram.
– İran həyatını Araz çayının o biri tərəfindəki həyatla müqayisə etmək əqilli adamın işi deyil. Orada həyat başqa, burada isə bambaşqadır. Rus işçisi içərisində aparılan işi İran kəndlisi içərisində aparmaq doğru bir iş deyil, çünki rus işçisinin mədəsi həzm edə biləcək bir xörəyi İran kəndlisinin mədəsi heç vaxt həzm edə bilməz. Mən şəxsən Zaqafqaziya sosial-demokratlarının bu inqilabda iştirak etməsini təbrik edirəm. Əlbəttə, bu həmrəyliyin olduqca böyük qiyməti var. Təəssüflər olsun ki, onlar yerli şəraiti və yerli xalqın ruhunu bilmirlər. Onlar rus mujikinə dediyi sözləri İran kəndlisinə də deyirlər. Halbuki bunların arasındakı fərq yerdən göyə qədərdir. Şərqin mülkədarını da qərbin mülkədarı ilə müqayisə etmək olmaz. Şərqin əsiri də Rusiyadakı əsirlərə bənzəməz. Bu iki yerin məzlumları belə bir-birinə oxşamaz. Rəfiq, heç bir kəs inqilabı öz düşüncəsi ilə idarə edə bilməz. Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Bizim sosial-demokratlarımız bu inqilabı öz bildikləri kimi idarə edərək Rusiyadakı rəhbərliyi burada həyata keçirərsə, bizim inqilab o qədər də irəli gedə bilməz. Siqətülislam bu uzun söhbətdə yenə də öz sözünü açıq deyə bilmirdi. O, sosial-demokratlığı şəriət və dinlə barışdırmaq istəyirdi. Onun fikrincə, inqilab dinlə əlbir işləməli və bütün rəhbərlik din rəhbərlərinin əlində olmalı imiş.
O, inqilabın düşmənlərini imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhid düşündüyü kimi düşünürdü. Onun fikrincə, inqilab məsələləri Hərbi İnqilab Şurasında deyil, yenə də hisli məscidlərdə, daş sütunlarının altında, daha açığı, dağılmış Quran vərəqləri və sınmış möhürlər üst-üstə tökülən mənbərlərdə həll olunmalı imiş.
Siqətülislam ən axırda sözünü belə qurtardı:
– Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə də belədir.
Müctəhid bu sözlərini bitirdikdən sonra Səttar xan və Bağır xan məsələsinə keçərək dedi:
– Səttar xan və Bağır xanla əlaqə məsələsinə gəldikdə onlarla anlaşmaq heç də mümkün deyil. Hələlik onlar öz aralarında barışa bilmirlər. Səttar xan Əmiraxizdə, Bağır xan isə Xiyaban məhəlləsində yerləşib öz aparatını qurmuşdur. Onların bu hərəkətləri inqilabın gedişini öz həqiqi cığırından çıxarmış olur. Onların bir çox işləri inqilab düşmənlərinin əlinə silah verir.
Müctəhidin sözləri zahirdə nə qədər doğru isə də onun dediklərinin başqa bir mənası da vardı ki, o da Qafqaz sosial-demokratlarını sevməməkdən ibarət idi.
Müctəhid bizi nahar yeməyinə saxlayırdı. Qalmaq istəmədim. Bir stəkan çay içdik. Müctəhidlə görüşərək Hacı Əli davafürüş və başqa yoldaşlarla bərabər çıxdıq, ağa tez-tez gəlib görüşməyimiz üçün bizdən söz aldı.
Dışarı çıxdıqdan sonra danışırdıq. Hacı Əli gülərək dedi:
– Uzaqdan bunun adını eşidənlər bu kimi nüfuz sahibi müctəhidin inqilaba böyük bir fayda verəcəyini düşünür. Lakin yaxından tanış olanlar bunun nə demək istədiyini və bunların inqilaba nə məqsədlə yanaşdığını birinci görüşdə anlayırlar. Siqətülislam islamiyyə adı ilə təşkil edilmiş əks-inqilab təşkilatı başında duran ruhanilərdən deyildir. Bu onlara nisbətən, demək olar ki, inqilabın dostudur. Lakin bu, inqilabı əski dini mövhumatla barışdırmaq və bir yerə calamaq istəyir. Sinfi mübarizə və iqtisadi ziddiyyətlər məsələsi bunun heç də başına girmir. Zaqafqaziya sosial-demokratlarını, xüsusən Bakı işçilərini istəməməsinin birinci səbəbi budur ki, qafqazlılar inqilabı öz həqiqi cığırı ilə aparır və inqilabı dini təsirdən çıxarmağa çalışırlar. Siqətülislam onu yaxşı bilir ki, Səttar xana və onun apardığı inqilaba böyük yardım edən Zaqafqaziya işçiləridir. Bunun üçün də müctəhid Səttar xanla heç də uyuşa bilmir. Əslində, bu müctəhid aralıqda qalmışdır. O, əks-inqilab təşkilatına heç vaxt qoşula bilməz, çünki onun məzhəb və təriqət düşmənləri olan (mütəşərre) üsul müctəhidləri tamamilə əks-inqilab qərargahındadırlar. İş belə olduqda müctəhid inqilab cəbhəsində də ciddi iştirak edə bilmir, çünki o, inqilabın təriqət və məzhəblə sazişə girməyəcəyini çox gözəl bilir. Hər halda onun inqilaba meyil etməsi yenə də özü üçün əlverişli olduğundan bizim tərəfimizdə olduğunu işdə yox, sözdə göstərir. Eyni zamanda sizə dedikləri sözləri də daim təkrar etməkdədir.
Hacı Əli sözünü bitirdikdə mən və yanımızda olan yoldaşların hamısı:
– Doğrudan da, belədir! – dedik.
Siqətülislamın evindən çıxdıqda yolda bir neçə inqilab rəhbərlərinə rast gəldik. Bunlara biz Hacı Əlinin evində ikən sifariş göndərilmişdi.
Onlar bizim Siqətülislamın evinə getdiyimizi eşidib oraya gəldiklərini və bizimlə görüşmək istədiklərini xəbər verdilər.
Yolda bizə rast gələnlər Səttar xanın mərkəzi heyətini təşkil edən adamlar idi. Hamısı ilə görüşüb öpüşdük. Öpüşmək inqilabçılar arasındakı yoldaşlığın əlaməti olaraq adət yerini almışdı.
Bunlarla görüşdükdən sonra Seyid Həsən Tağızadənin görüşünə getmək istədiyimi yoldaşlara xəbər verdim və nə cür yaşadığını soruşdum. Hamıdan əvvəl Hacı Əli bu barədə danışdı:
– Onunla görüşmək eyib deyil. Hələlik o, inqilaba nəzəri və tarixi cəhətdən yanaşır. Hazırda elə qəti bir fəaliyyəti görünməmişdir. O, yalnız məsləhət verməyi sevir. Onun İran haqqında yeni əsərini oxumalısınız.
– Oxumuşam. «Əhvali-kinuni-İran ba mühakiməti tarixi» sərlövhəli bir əsərini görmüşəm.
Hacı Əli gülərək:
– Bəli, əsər odur! – dedi.
Yoldaşların Tağızadə ilə görüşməyə rəğbətləri olmadığını görüb öz görüşümü başqa bir vaxta saxlamağı qərara aldım.
Mən bu söhbətdən sonra Hacı Əliqulu xan Vüsuqi-Nizamla görüşməyi düşündüm, çünki onun Təbriz–Culfa yolunun inqilabçılar əlində qalması işində mühüm rol oynaya biləcəyi məlum idi. Mən bunu yoldaşlara da dedim. Onlar bu görüşə razı oldular.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-siqetulislam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
İkinci pərdəQoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.
Üçüncü pərdəSəhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.
Dördüncü pərdəKonturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər.*Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər.*
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Şol mübarək zatına işim sənadır, ya nəbiŞol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.