Üçüncü pərdə
Səhifə 1 / 2
Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.
Mirzə Teymur — (Mirzə Əhməd ilə bərabər gəlir) Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.
Mirzə Əhməd — Bunların heç birisi məs’uliyyət hiss etmir. İçlərində sınaqdan çıxmış və təcrübə görmüş adamlar yoxdur.
Mirzə Teymur — Belə bir zavodu tikmək üçün illərcə götür-qoy etmək lazımdır. Sözü demək olmur, gətirib Mirzə Teymur kimi bir alim və mütəxəssisi Bəhlul kimi nadürüst adamlar ilə qarşı-qarşıya qoyublar.
Mirzə Əhməd — Hökumətin puluna heyfim gəlir, işi yaxşı mütəxəssislərin əlinə tapşırmasalar peşimançılıq çəkəcəklər. Səbir elə görək nə olacaq? Görünür ki, bir qədər tez gəlmişik, çıxıb dışarıda bir qədər təmiz hava alaq.
Gedirlər.
Durna — (Dilbərlə bərabər daxil olur, divardakı xəritələrə və planlara baxır). Layihələr o qədər aydın və sənətkarçasına düzəldilmişdir ki, baxdığımız zaman zavodun gələcəyi gözümüzün qarşısında durur. Mirzə Teymur orada-burada deyir ki, gənc mühəndislər bir şey bacarmayacaqlar. Amma mən ruhdan düşmürəm.
Dilbər — Durna, sən ona əmin ol. Bir gün onun özü deyəcəkdir ki, mən anlamamışam, sovet gəncliyi hər bir şeyi bacarar. Buna baxmayaraq mənim şəxsi vəziyyətim çox ağırdır.
Durna — Nə üçün? Yenə nə oldu?
Dilbər — Nə olacaq, atam Qəhrəmanı görmək istəmir. Onu açıqdan qovmasa da qaba rəftarı nəticəsində evdən qaçırdı. O artıq bizdə yaşamır. Məni də yola vermir.
Durna — Atadır, bir təhər yola verməlisən.
Dilbər — Necə yola verim? Onun inadı bizi partiyanın və hökumətin yanında abırdan salar. Qəhrəman e’tibarlı, vüqarlı bir oğlandır. Bütün təqsirlər atamdadır. O istəyir ki, xalq onun köhnə fikirlərinə bəli-bəli desin.
Durna — Səni hiss edirəm, Dilbər. Qəhrəman kimi bir oğlanı itirmək asan deyildir.
Dilbər — O məndən ötrü çoxdan bəri itmişdir. Sən bilirsən ki, o birisinə bağlıdır. Doğrudur, onu sevirəm, lakin onun həyatını pozmaq tərəfdarı deyiləm. Qoy yaşasınlar, atam da bizim izdivacımızın əleyhinədir.
Durna — Mənim də ona yazığım gəlir. Kim bilir onun Firəngizi haradadır?
Dilbər — Harada olursa-olsun yenə də onun qəlbindədir.
Durna — Sən razı olsan mən onu Moskvadan mərkəzi adres stolu vasitəsilə taparam.
Dilbər — Əlbəttə razı olaram, Qəhrəman da yazıqdır. Nə vaxta qədər onu gözləyəcəkdir?
Durna — Bu işi mənə tapşır, onu bura gətirməsəm Durna deyiləm.
Qəhrəman — (daxil olur) Belə ha, görünür ki, bu zavodun tikintisi sizi hər şeydən çox maraqlandırır.
Durna — Əlbəttə ki, maraqlandırır! Bu zavodun tikilişi Azərbaycan gənc mütəxəssisləri üçün imtahan ləvhəsidir. Burada ad-san qazanmaq üçün çox əlverişli şərait vardır. Lakin bizə Mirzə Teymur kimi adamlar əngəl törətmək istəyir.
Qəhrəman — Hərgah sənin qəlbində öz xalqına, öz hökumətinə bir az da olsa məhəbbətin varsa, sənin qarşına heç bir kəs çıxa bilməz. Burada olanların hamısı sovet adamlarıdır. Onlara arxalana bilərsən. Dilbər, belə deyilmi?
Dilbər — Belədir, amma hər kəsin qarşısında bir çətinlik vardır.
Qəhrəman — Sənin qarşında nə kimi bir çətinlik ola bilər?
Dilbər — Özün bunu yaxşı bilirsən. Atam ilə sənin aranda olan ixtilaf mənim qanadlarımı qırmırmı? Bu mənim üçün çəkilməz bir dərd deyilmi?
Qəhrəman — Doğrudur, onun rəftarı hər kəslə qabadır. Lakin o bizə düşmən deyildir. O bir sovet adamıdır. Bizim vəzifəmiz onu Mirzə Teymurdan ayırmaqdır.
Durna — Mirzə Teymur isə düzələsi adam deyildir.
Qəhrəman — Yanılma, Durna! O cür adamların başqa bir yolu yoxdur. Ya düzəlməli və ya bu cəmiyyətin sırasından çıxmalıdır. Onun özü də təcrübəli bir mütəxəssisdir.
Mütəxəssislər yavaş-yavaş gəlib divardakı xəritələr və planlarla məşğul olurlar.
Mirzə Teymur — (köhnə mod fransız libasında daxil olub Durnaya və Dilbərə müraciət edir) Bonjur, madmuazellər! Pardon, yenə unutdum. Salam kiçik xanımlar!
Çavab verən olmayır.
Qəhrəman — Salam Mirzə kefiniz necədir?
Mirzə Teymur — Pardon, sizi görmədim. (gəlib əlini sıxır).
Mirzə Əhməd — (daxil olur) Axşamlarınız xeyir! (Qəhrəman onu öz yerində əyləşdirmək üçün qalxır). Otur! Hər kəs öz yerində otursa, hər kəs öz mövqeyini tanısa, iş də irəli gedər, ixtilaf da çıxmaz.
Baş mühəndis — (daxil olur) Salam! Zənn edirəm ki, rəhbər yoldaşlar gələnə qədər işimizin əhəmiyyəti barəsində danışaq.
Mirzə Teymur — (başını irəli uzadır) Pardon, hansı işin?
Baş mühəndis — Başlayacağımız işin. Əziz və möhtərəm mühəndislər biz dördüncü beşillikdə burada bütün Sovet İttifaqında birinci yer tutan lülətökən zavodu və onun ətrafında aləmi nüfuzlu bir şəhər tikməyə başlayırıq. Bu iş üçün əlimizdə olan qüvvə də böyükdür.
Mirzə Əhməd — (gözünü divardakı xəritədən çəkib deyir) İşin böyüklüyünə heç bir şübhə ola bilməz. Amma qüvvənin böyüklüyü barədə danışmaq hələ tezdir. Qüvvə saydan ibarət deyil, bacarıqdan ibarətdir.
Mirzə Teymur — A barakalla! Mən neçə günlərdən bəri burada olanlara bir avropalı mütəxəssis nöqteyi-nəzərindən baxanda gözümə bir başı pozuq ordu görünür. Belə bir işi heç bir möcüzə təşkil edə bilməz.
Mirzə Əhməd — Qısa demiş olsaq, bunlar hələ çox gəncdir. Bunlar böyük işin öhdəsindən gələ bilməzlər. Məsləhət görürəm ki, indidən gələcəyin eydinə qalın.
Baş mühəndis — Mən elə bilirəm ki, siz bizim qüvvəmizə bir amerikalı və avropalı nəzərilə deyil, bir sadə mütəxəssisin gözü ilə baxmış olsanız onun dəyərinə inanarsınız.
Mirzə Əhməd — Əzizim, Amerika və Avropada belə bir gigantı yaratmaq üçün saçını işdə ağartmış mühəndislər illər uzunu düşünür.
Mirzə Teymur — Götür-qoy edir.
Mirzə Əhməd — Başını sındırır.
Mirzə Teymur — Sonra da yavaş-yavaş işə başlayırlar.
Qəhrəman — Yoldaş mühəndis! Bizim nə illər uzunu götür-qoy etməyə vaxtımız var, nə də başımızı sındırmağa hazırlanırıq. Sovet gəncliyi və sovet mütəxəssisinin qarşısında iki məsələ durur.
Mirzə Əhməd — (yarım acıqlı) nə məsələ?!
Qəhrəman — Əvvəla biz faşist quldurların ölkəmizə vurduğu yaraları sağaltmalı, ikincisi də təzə zavodlar və müəssisələr yaratmaq məcburiyyətindəyik. Buna görə də biz illər uzunu götür-qoy etməyə hazırlaşmırıq.
Bəhlul — Belə ha, qoy Amerika və Avropa və onlara səcdə edənlər öz başını sındırsınlar. O arzunu ki, Amerikanın özü daşıyır, keç-tez öz başını sındıracaq.
Direktor — (gəlir) Salam yoldaşlar! Kollektivimizə baxanda böyük bir zavod və təzə bir sovet şəhəri gözümün qarşısında canlanır. Mən ümid edirəm ki, bu qüvvə öhdəsinə verilən bu şərəfli vəzifəni vaxtından daha əvvəl yerinə yetirə biləcək.
Baş mühəndis — Yoldaş direktor! Burada olanların hamısı layihələrilə tanışdır. Hazırda vəzifələri paylaşdırmaq lazımdır.
Mirzə Teymur — Pardon, mənim bir təklifim vardır.
Direktor — Buyurun Mirzə!
Mirzə Teymur — Layihələrlə tanış olmaq kifayət deyildir. Layihələri həyata keçirəcək adamların keyfiyyəti ilə tanış olmaq lazımdır.
Direktor — Nə təklif edirsiniz?
Mirzə Teymur — Bu vəzifəni tapşırın mənə. Bir həftəyə qədər burada olanları çürük-çarıq edim. İşə yaramayanları ayırıb geri göndərək.
Direktor — Yox Mirzə, adamların keyfiyyətini yalnız işdə öyrənmək olar. Gənc sovet mütəxəssislərinin bacarığı barədə heç bir şübhə ola bilməz. Bunların hamısı sınaqdan çıxmış adamlardır.
Mirzə Əhməd — Dövlətin hər qara qəpiyini göz bəbəyimiz kimi qorumalıyıq. Qoyun beş gündən sonra gəlib deməsinlər ki, «işin filan tərəfi xarabdır, gərək sökülüb təzədən qayrılsın».
Mirzə Teymur — O zaman mənə deməzlər ki, ay Mirzə Teymur, bunlar təcrübəsiz ililər, bacarmadılar, sən ki, Avropa görmüş bir mütəxəssis idin, nə üçün buna yol verdin?
Mirzə Əhməd — (məclisə) Əzizlərim, biz Amerikada belə görməmişik axı.
Mirzə Teymur — Mən Avropada belə görməmişəm axı.
Baş mühəndis — Elədir, siz Amerika və Avropada belə görməmisiniz. Ona görə də demək lazımdır ki, sovet adamlarını və onların bacarığını Amerika və Avropa ilə müqayisə etmək yanlışdır.
Direktor — Qoyun gənc mütəxəssislər də öz fikirlərini desinlər.
Qəhrəman — (direktora) İcazə verin!
Direktor — Danışın.
Qəhrəman — Bu söhbətlərin hamısı yenə də Amerika və Avropada adət olan götür-qoya oxşadı. Sovet mütəxəssislərinə vasvasılıq və istixarəçilik yaramaz. Burada bir bolşevik inadından və bolşevik qətiyyətindən danışmaq lazımdır.
Direktor — Doğrudur!
Qəhrəman — Biz burada kollektiv iş şəraiti yarada bilsək, qələbəni təmin edə bilərik.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-boyuk-qurulusda-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Texniklər məktəbində gizli işJenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.
Silahlı üsyan hazırlığı«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».
Başqa şairlərin şeirləri
Səxavətsiz dövlət nəyə gərəkdir?Əgər yığsan bu dünyanın sanınca.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,