Birinci pərdə
Səhifə 1 / 2
Birinci şəkil
Səhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir.
Şahmar — A hey, tez çəkilin meşə qoruxdur,
Burda dolanmağa icazə yoxdur!
Dönməz — (Çıxır onun qarşısına) Padşahmı çıxır bugün şikara?
Şahmar — (Acıqlanır) Nəyinə lazımdır, çəkil kənara!
Dönməz — (Çox sakit bir surətdə) Bir sözü soruşmaq günah ki, deyil.
Şahmar — (qamçını qaldırır) Hər söz hər ağıza yaraşmaz, çəkil!
Dönməz — (qamçıdan tutur) Kişisən əlini yerində saxla.
Şahmar — (təəccüblə) Əcəb rast gəlmişəm dil anlamaza.
Dönməz — (gülür) Demək ki, rast gəlmiş qanmaz, qanmaza.
Çox əsəbiləşmə, gəl otur görək.
Şahmar — (Onun əlindən dartınır) Yəzdanı sevərsən yaxamdan əl çək,
Buraq, indi gəlir şahzadə Maral.
Dönməz — (Onu buraxır) Onda sən dayanma get!
Salamat qal!
Şahmar — Sən dəxi dayanma, çəkil, get burdan,
Çox acıqlı qızdır, o gözəl şeytan.
Bilsə yabançı var meşədə şəksiz,
Onun qəzəbindən məhv olarıq biz.
(gedir)
Dönməz — Belə ha, mən ancaq bunu istərdim,
İşlərim düzəldi, daha nə dərdim?
Fəramərz — (Gəlir, çiynində gətirdiyi ceyran cəmdəyini bulağın başında yerə qoyur, Dönməzə) De görüm Maraldan nə xəbərin var?
Dönməz — Bu günkü şikarın uğurlu şikar.
Şikara çıxmışdır şahzadə Maral.
Fəramərz — İmdadıma çatır deyəsən iqbal.
Qarşıma çıxarsa burda şahzadə,
Açaram qəlbimi o pərizadə.
Nə qədər xoşbəxtəm bu təsadüfdən!
Bu gün qızı görüb danışmasam mən —
Bir daha onunla görüşmək müşkül.
Yar gəlir, ey küskün arzularım, gül!
Dönməz — (Fəramərzə) Daha nə əmrin var?
Fəramərz — Burda dayanma,
Poladı tapdırıb göndər yanıma.
Siz məni bir qədər azad buraxın,
Bir az ayıq olun, atlara baxın,
Çalışın verməsin bir hadisə baş.
Dönməz — Dönməz ölməmişdir, əmin ol, qardaş!
(gedir).
Fəramərz — (Tək qalır və Kür sahilinin gözəl təbiətini tamaşa edib danışır).
Fəramərz — Mə’cüzləri təsvir edə bilsəydim əgər mən,
Min şe’r yazardım bu tamaşalı səhərdən.
Etsəydi bu sevdalı xəyalım mənə yardım,
Hər mənzərədən bir yeni dastan yaradardım. Bilsəydi könül sirrini zümrüdlü yoxuşlar,
Gülməzdi mənim eşqimə sevdazədə quşlar.
Bir şairin ilhamına olsaydım həmahəng,
Dünyalara şe’rimlə verərdim yeni bir rəng.
Dilsiz meşənin sirrini etsəydim əhatə,
Min tablo çəkərdim bu müəmmalı həyatə.
Şahzadə Maralın şikar yoldaşları silahlı olaraq oxuya-oxuya gəlirlər. Fəramərz çəkilir ağacların arxasına.
Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb,
Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb.
Kölgələnir gözəllərin al günəşin çətrində,
Çimir gözəl gəlinlərin qızıl gülün ətirində.
Göydən uçan durnaların karvan salır başın üstə,
Kəkliklərin qaval çalır qərənfilli daşın üstə.
Qızlar dəstə ilə gəlib keçir, Maralın yoldaşı Çeyran təpənin üstündə görünür.
Fəramərz — (Çeyranın gözəlliyinə heyrət edir)
Cilvələndi gözümdə xəyal pərisi yenə,
Günəşmi şəfəq atmış güzgünün üzərinə?
Bir şair xəyalımı varlığımı titrədən
Nurdanmı yaranmışdır o pirəhən, o bədən?
Ulduzlarmı kürrədən qopub yanıma düşdü?
Torpağımız aylamı bir-birinə toqquşdu?
Nədir mənim gözümü qamaşdıran bu rö’ya?
Günəşin qoynunamı çəkilir qoca dünya?
Bəlkə təsəvvürlərim nəzərimdə canlanır,
Gözümün kiləsində nurdan bir məşəl yanır?
Çeyran — (Təpənin başında durub Fəramərzə tamaşa edir)
Nə qədər möhtəşəm baxışı vardır
Bu nə yaraşıqdır, bu nə vüqardır?
Tunçdanmı yaranmış o bədən, o əl?
Kimin heykəlidir bu polad heykəl?
İgidlik süzülür hər nəzərindən,
Sanki qoparacaq dağı yerindən.
Əcəb dilrübadır boyu, buxunu,
Atsaydı havaya o bir oxunu,
Tutardım havada kələbək kimi,
Köksümə sançardım bir çiçək kimi.
Çeyran yavaş-yavaş təpədən enən Fəramərzin yanına gəlir.
Çeyran — Ay oğlan, burada nə axtarırsan?
Fəramərz — Gözəl qız, nə üçün xəbər alırsan?
Çeyran — İstərəm deyəm ki, meşə qoruxdur,
Yəqin ki, fərmandan xəbərin yoxdur.
Fəramərz — Fərmanı kim vermiş, söylə gözəl qız?
Fərmandan xəbərdar deyiləm hərgiz.
Çeyran — Adım gözəl deyil, sadə Çeyrandır.
Fəramərz — Çox gözəl, de görüm o nə fərmandır?
Çeyran — Bu yerlər Maralın şikarkahıdır,
Özü də gözəllər padişahıdır.
Şahzadə şikara çıxdığı zaman,
Qalmasın meşədə gərək bir insan.
Camalını görmək deyildir mümkün,
Aya layiq gəlir, günəşə üstün.
Çöhrəsi çiçəkdən daha təmizdir,
Birçə eybi var ki, inadlı qızdır.
Tavus quşu kimi yaraşıqlıdır,
Sevməz kişiləri, çox acıqlıdır.
Nə qədər yalvarsan eşitməyəcək,
Fəramərz — (gülür) Demək ki, məni də məhv eləyəcək.
Çeyran — Nə qədər gəlməmiş şahzadə Maral,
Çıx, get!
Fəramərz — Baxım görüm nə deyir iqbal.
Çeyran — Çıx get, səni burda görməsin Şahmar.
O da bir rəhmsiz, o da bir murdar.
Çeyran gedir. Fəramərz onun dalınca baxır.
Fəramərz — Nə qədər mehriban, nə qədər sadə!
Mələkmi görünür mənə dünyadə?!
Kimə müyəssərdir bu hüsni-surət?
Mə’sum baxışından yağır ülviyyət.
Mələkdir bir insan şəklinə girmiş,
Günəşdən torpağa salam gətirmiş,
Kimin sənətidir bu gözəl əndam?
Təbiət nə qədər mahir bir rəssam!
Şahzadə Maral şikar libasında olaraq qızların müşayiətilə gəlir, qızlar əvvəlki mahnını təkrar edirlər.
Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb,
Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb.
Fəramərz — (Maralı görürkən)
Ayın bacısıdır, günəşin qızı,
Gözündən doğmuşdur Zöhrə ulduzu.
Şikara çıxmışam şərəfli gündə,
İqbal qanad çalır başım üstündə.
Maral — (Fəramərzə yaxınlaşıb onu diqqətlə nəzərdən keçirir)
Bu gün göndərmişdim meşəyə fərman,
Demişdim gəzməsin burada insan.
Nə üçün qəsd etdin öz həyatına,
Saldın fərmanımı ayaq altına?
Fəramərz — (Ona baş endirir)
Ölümlə qorxutma, ölümlər məncə,
Bir mübariz üçün sadə əyləncə.
Ölümlə çox vurdum pəncə-pəncəyə,
Adət eləmişəm bu əyləncəyə.
Maral — Qoy qalsın özünə şöhrətin, adın,
Mən dəxi deyiləm sadə bir qadın.
Özünü bir bunca tə’rif eyləmə,
Qız, qadın görəndə şa’nından demə.
Nədəndir bilmirəm bu məğrur başlar,
Qıza rast gələndə fəlsəfə başlar?
Varından söz açar, gücündən deyər,
Altun dağlarından söhbət eyləyər?
Səndən söz soruşdum mənə cavab ver.
Burda nə gəzirsən, qoruqdur bu yer?!
Çeyran — (Marala)
Yox imiş xəbəri haman fərmandan,
İnsan bilə-bilə keçərmi candan?
Maral — Özü çox məğrurdur, çox da dikbaşdır.
Fəramərz — (Tə’zim edir)
Hüzurunda duran bir vətəndaşdır.
Mən bir yolçusuyam bu xoşbəxt yolun,
Hələlik oturub qonağım olun.
Bu körpə ceyranın ətindən bir şiş,
Kabab çəkib yemək günah deyilmiş.
Maral — Qoy qalsın özünə kababın, ətin,
De görüm sən məni kimə bənzətdin?
İndi igidlərə verərəm fərman,
Qalmaz sümüyündən, ətindən nişan!
Fəramərz — Bu sözlər yaraşmır o dodaqlara,
Ölüm sözü hara, o dodaq hara?
Həyat suyu axıt o dodaqlardan,
Gülsün kainatın sən gülən zaman.
Ölümdən qorxsaydım bura gəlməzdim,
Ölüm səhrasında çox zaman gəzdim.
Ceyran — (qızlara)
Baxın kimdə vardır belə bir cür’ət,
Ölüm bunun üçün sadə bir söhbət.
Maral — (Fəramərzə diqqətlə baxandan sonra)
Olma bir bu qədər gücünə məğrur,
Səni diz çökməyə edərəm məcbur!
Fəramərz — And olsun o gözə, o xətti-xala,
Bu baş əyilməmiş bir kəsə hala.
Atalar yanında əyilər bu baş,
Bir də səcdəkahım o gözdür, o qaş.
Şahmar — (səslənir)
A hey, tez çəkilin, meşə qoruxdur,
Burda dolanmağa icazə yoxdur.
Şahmar Maralı və Fəramərzi görüb özünü itirir.
Maral — (Şahmara açıqlanır)
Çəkil, get buradan, qışqırma əbəs,
Ehtiyatsız murdar, yerindir məhbəs!
Kimdir bu yabançı?!
Şahmar — Deyərəm bilsəm.
Hərgiz tanımıram Yəzdanə qəsəm.
Fəramərz — (Tə’zim edir)
Yabançı deyiləm mən bu yerlərdə,
Maral izləyirəm bu meşələrdə.
Yabançı deyiləm, eşqə, sevgiyə,
Çoxdan sərgəştəyəm bu gözəlliyə.
Heç kəs inciməsin bu təsadüfdən,
Bir təsadüf üçün bura gəldim mən.
Maral — Heç kəsin kamınca oynamaz dövran,
(daşları göstərir)
Yaxşı bax, pəhləvan başıdır hər yan,
İgidlər döşüdür dayandığın yer.
Çox da lovğalanma, mənə qulaq ver!
Dağ olsan bir zaman əyilər başın,
Ağır ol, üstünlük fikrindən daşın!
Fəramərz — (yenə də ona tə’zim edir)
Bilirəm kamımca oynamaz dövran,
Ancaq bir gün belə yaşasa insan,
Üstün gəlməlidir öz həyatında,
Yoxsa qalacaqdır ayaq altında,
Bu hissi ehtiyac vermişdir bizə,
Üstünlük üçündür hər mübarizə.
Mübariz olmayan məhv olacaqdır.
Ceyran — (kənarə)
Bax nə kamallıdır, bax nə qoçaqdır!
Ruhumu dindirir danışan dəmdə,
Get-gedə yerləşir əksi sinəmdə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-maral-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir.*Qalsın sənin yadında bircə vəsiyyət, oğlum!
İstəməmParis kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar.*İstəməm qorxulu rüxsarını rə’yadə görüm.
QorxaramLondonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan)*Qorxaram ən doğrusu bu tazə üsyandan bəri,
GəlirəmƏhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)*Millətimdən, vətənimdən nigaranəm, gəlirəm