Oğlum!
Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir.
Qalsın sənin yadında bircə vəsiyyət, oğlum!
Jurnal, qəzet yalandır, etmə qiraət, oğlum!
Hər nə yazarsa onlar bilmərrə iftiradır,
Bunlar da xalqa bişək bir ayrı cür bəladır.
Hər bir sütunu də’va, hər sətri macəradır,
Bunlar qoyur təmamən dünyada bidə’t, oğlum,
Hər yazdığı yalandır, yox bir həqiqət, oğlum!
Yer tərpənib Yaponda guya keçən zamanlar,
Burda ianə toplar bizdən qəzet yazanlar,
Biz kim, Yapon kim, oğlan! Şaşmış bu yol azanlar.
Hər gündə bir verirlər xalqa əziyyət, oğlum,
Burdan ora edirlər xalqı himayət, oğlum!
Hey istəyir ianə bunlarda yox mürüvvət,
Söylər ki, ac qalıbdır yeksər məhali-türbət,
Türbətli farsdı, mən türk, burdan ora nə rəhmət?
Qoy məhv ola acından yersiz camaat, oğlum,
Hər qədr yazsalar da, etmə ianət, oğlum!
Hər yerdə bir fəlakət olsa tutalla matəm,
Yardım yığalla bunlar hər şəhrdə dəmadəm,
Guya ki, bunlar ilə qardaşdı cümlə aləm,
Qarə geyəllə nerdə olsa müsibət, oğlum,
Bərpa edərlə daim burda qiyamət, oğlum!
Gər qurdalarsa burnun xəlvətdə bircə insan,
Bunlar yarın əlüstü eylər qəzetdə e’lan,
Qoymaz üç arvad alsın axırda da müsəlman.
İstərlə badə getsin dini-şəriət, oğlum,
Guya haram olubdur xalqa üç övrət, oğlum!
Sözbazlıq olmuş artıq adətləri həmişə,
Mollanı, dini, tənqid olmuş olarda peşə,
Bax bircə köhnəlikdən qoymur cahanda rişə.
Bəslərlə köhnələrlə daim ədavət, oğlum!
Eylər qəzet yazanlar dinə xəyanət oğlum!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-oglum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Üç ildən sonraRzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı.Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin.
Nitqin surətiMəzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun.Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan!
Söhbət«Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində.*Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın?
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Millətə pəndi-pədərdir yükü məcmuəmizinMillətə pəndi-pədərdir yükü məcmuəmizin,Əhli-mənayə yetər bir təkı məcmuəmizin.
Ey on ki, ülumi-mədənidən xəbərin varEy on ki, ülumi-mədənidən xəbərin var,Yüz dərdi-sərin var;
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,