Məzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun.

Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan!

Ey mehmannəvaz! Məni təşvigən İrana gətirdin. İndi isə əcəlin cəfakar hərəkəti bizi müfarigətə məcbur etdiyindən vətənimə gedirəm. Ailəm ilə səni vida üçün gəldimsə də səni ailənizlə bu qəmkin və qaranlıq torpağın içində tapdım. İndi göz yaşları ilə vida edirəm: salamat qalınız deməklə eşikdən olaraq o çürümüş əllərinizə xülusiyyət əlimi uzadıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri