Təbriz şəhərinin havası və təmizliyi
Səhifə 1 / 11
Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.
Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Bu vaxt Qulamhüseyn nökər də ruzkarın şiddətini görüb ağuşqaları basmaqda, qapıları qapamaqda davam edirdi. Rzaqulu xan isə gözləri örtmək, qulaqları qapamağın vaxtı keçdiyini mülahizə etdiyi üçün – Qulamhüseyn, ağuşqa, qapıları basma, aç! deyə əmr edirdi.
Ruzkar daha da şiddətlənib şimal tərəfdən şəhərə hücum edən tufanlı ruzkar Abbas Mirzə tərəfindən bina olunub, haliyədə vəliəhdin Şəmsülimarəsi olan binaya toxunub külahfirənkini yıxıb yer ilə yeksan edir. Bu kurultu yalnız Rzaqulu xanın ailəsini deyil, bütün şəhəri, bütün əhalini çulğalamışdır. Zira hər məhəllədə üç qəbiristan olduğu üçün köhnə qəbirlərdən çıxan üfunətlər xalqın dimağına dolub böyük mərəzlər ehdas edirdi. Qəbir daşlarında qoyulan çürümüş tabutlara məhəllinin xırda uşaqları at kimi səvar olub əlində bir ağac taqqa-taq vurub, İran camaatı üçün ancaq bir çürümüş tabut qaldığını e’lan edib də uşaqların tərbiyəsizlik üzündən indidən ölüm atına səvar olduğunu faş edirdi.
Şəhər tamam kurultu içində qalmışdı. Ancaq bu səslərdən təhəkküm, təkəbbür, təcəbbür sədaları çıxır. Filhəqiqə İran bir rəstaxiz, bir qiyamət meydanına dönüb, yainki Hun tayfası Asiyadan köçür kimi yol üstlərindəki əhali qalxışıb aləmdə mühacirəti-ümumiyyə başlamış kimi nəzərə gəlir. Yainki İran bir qətlkah, bir hərbikaha bənzəyir ki, hər kəs övladını, uşağını aramaq üçün qalxmışdır. Bir tərəfdən istibdad, bir tərəfdən istimdad sədaları eşidilir.
Ancaq ruzkar o şiddət və tə’sirində davam etməkdə idi. Rzaqulu xanın fikri filhəqiqə bu kurultulardan şaşıb yenə qələmini barmaqları arasına alıb qabağındakı Paris xəritəsini mülahizəyə başlamışdı... Fikrilə Parisi siyahət edirdi. İranda olduğunu tamamən unutduğu sırada Böyükxanım birdən-birə qapını çırpıb içəri daxil olduqda Rzaqulu xanın gözlərindən sirişki-təhəssür axmağa başlamışdı. Zira İranın mazisini, istiqbalını düşündükcə ağlamaqda heç vaxt xuddarlıq edə bilmirdi. Gözlərindən axan sirişki-təhəssür Paris xəritəsinə tökülüb Fransanın o əzəmətli şəhərini seylab içinə buraxmaqda idi.
Böyükxanım isə otağın yuxarı başında qnape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. Gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. Əllərini qaldırıb daldan başının altına qoyub qara gözlərini evin aynabənd səqfinə açıb hər baxdıqca hər tərəfdə yüzlərcə qara gözlər, qara zülflər görüb, gah da başını titrədib aynada öz şəkli ilə oynayırdı. Ondan sonra başı üstündən aynanı götürüb fitnəçi gözlərini aynaya açıb baxırdı. Fəqət o qara gözlərin insaniyyətçə nə qədər kəcbin olduğunu düşünmürdü. Gah qara tükləri aynanın qabağına açıb tükün altından gün kimi parlayan nasiyəsinə baxıb göz mərdüməkinin cazibəli hərəkəti Böyükxanımın öz qəlbin də cəzb edərək sadəqəlb İran övrətini öz-özünə aşıq-mə’şuq etmiş idi.
Ondan da öz saf və billurun sinəsini, öz qəlbinin nahiyəsini aynaya açıb öz tənasübi-əndamına baxıb, baxıb balidələnirdi. Əfsus, o saf qəlbin, o billurun sinənin cəhalət və əsəbiyyətlə məşhur olduğunu əsla düşünməyib sinəsinin zahiri təravətinə şaşıb qalırdı.
Otaqda bu vaxt başqa bir səs yox idi. Vətənin fikrilə, millətin qüssəsilə məşğul olan Rzaqulu xandan bir ufff, öz hüsni-vəcahət və tənasübi-əndamına aşiq qalan Böyükxanımdan da suzişli bir ah sədası eşidilirdi.
Böyükxanım böyük kədərlə aynanı yerə tullayıb yenə bir ah deməklə ağlaya-ağlaya deyirdi: «Allah, görəsən mənim kimi bədbəxt övrət, kəmtale övrət xəlq eləmisən? Baxıram gözəlliyimə, hüsni-vəcahətimə, valeh oluram. Baxıram bu bədbəxt sahibimə naxoş isə də boy-buxunu, qəddü-qaməti Təbrizdə məşhurdur; mal-dövlətimiz, ev-eşiyimiz Təbrizdə vəliəhddən başqa heç kəsə müyəssər deyil! Baxıram ər və övrətlikdəki rəftarımıza zəhləm gedir, bağrım çatlayır... Xudavənda, məgər məni dərd, qəm çəkməyə xəlq eləmisən?! Bu bədbəxt sahibim bir bəla olub mənim boğazıma keçib, gecə saat iki çaldıqda yatıb, amma necə yatmaq? İşi olub ah çəkmək, «yazıq millət, heyif vətən» demək, ağlaya-ağlaya yuxusu aparır. Yenə saat beşi çaldıqda durub namazını qılıb, çöküb bu yazı stolunun başına, yazır ağlayır, oxuyur ağlayır, nə bazara çıxır, nə mülkünə baxır. Nə sair ağalar kimi kəndlərin başının üstünü kəsib mədaxilini cəmləyir, nə övrətçi övrət bilir, nə də övladını övlad. Var-yox üç nəfər uşağın da başı dinc olmaqdan ötrü oturub murdar firənglərin evinə. Dünyanın pulunu xalqın cibinə doldurur, vəhalon ki, doktorun övrətinə bir ay verdiyi pulları bir mollaya versə uşaqlara ömrü olunca dərs verər».
Böyükxanım bir çox öz-özünə danışdıqdan sonra durub yaxına gələrək əlini Rzaqulu xanın çiyninə qoyub hərəkət verib deyirdi: – Bir mənə bax görüm? Ay evin yıxılsın. Məgər dünyanın bütün qüssəsini gərək sən çəkəsən?! Axır canıva rəhmin gəlsin, bir saat rahat ol! Bədənin yuxusuzluqdan məhv oldu.
Sənin nə işin vardır ki, iranlılar dərs oxumadı? Müsəlman dalı qaldı? Mənə heç rəhmin gəlmir?! Qardaşım yox, atam yox, varım-yoxum üç uşağımdır, onları da əlimdən alıb canlarına qara qabar düşmüş Lizanın çırağının kölgəsinə oturmusan ki, nə var Təbrizdə bundan ağıllı övrət tapılmır. Dünən doktor sənə demədi ki, yuxusuz qalma? Dünən heç bilirsən Ağa müctəhid minbərdə nə deyirdi? Görmürsən müctəhidin hökmünə görə camaat bizim nökərə şey də satmaq istəmir? Bəs bunları eşidə-eşidə yenə bizə nə üçün rəhmin gəlmir? Məclisə gedə bilmirəm, hamama, məscidə gedə bilmirəm, hər kəs görür məzəmmət edir. Allah məni öldürsün, qurtarım, mən razı olmayacağam gözüm görə-görə Liza uşaqlarımı məzhəbdən çıxarsın.
Rzaqulu xan Böyükxanımın cahilanə söhbətinə diqqətlə qulaq verirdi. Böyükxanım sözünü qurtardıqda Rzaqulu xan Böyükxanıma tərəf baxıb deyirdi:
– Övrət, çox cahilə imişsən! Kaş mən İrana gəlməmiş olaydım. Sən də bir başqa iranlıya övrət olaydın, qəlbin istədiyi kimi iranlı ilə rəftar və təəyyüş edərdin. Qüssə etməzdin, bu qədər məslək münaziəsi, əqidə mübahisəsi də ortalığa sürülməzdi. Söz yoxdur ki, sən məni yaxşı istəyirsən. Mən də səni səadətli bir övrət istəyirəm, lakin mənimlə sənin
məhəbbətin arasında böyük bir fərq vardır. Sən məni başqa iranlılar kimi çalıb oynayan, mütrüb sazəndə ilə gecəsini sübh edən istəyirsən. Burası mənə lazım olan işlərdən deyil! Mən isə səni Təbriz övrətləri kimi dəllaləzən mətayi hesab etməyib, ailə xanımı, uşaqlar anası, tərbiyəli, ədəbli bir övrət etmək istəyirəm, bu da sənin işivə gəlmir.
Mən vətən, millət, insaniyyət aşiqiyəm, sən isə əsəbiyyət, bid’ət, müzəxrəfat məftunu olub da öz həyatını səfalətə sürükləmədən bir an geri durmursan. Heç bilirsən keçən həftə gələn Paris qəzetləri şahın Paris səfərinə dair nələr yazıblar? Heç bilirsən qibleyi-aləmin məiyyətində olan alçaq hökumət mə’murları iranlı adını nə tövr rüsvay ediblər? Eyvah! İndi Parisdə tə’rif etdiyim İranın alçaq mə’murlarını biixtiyar və yaxud mə’murların nüfuzu altına keçmiş zavallı hökmdarı görüb mənim dalımca darülfünun rəfiqlərim məsxərə ilə gülürlər. Böyükxanım, mən vəsiyyət edəcəyəm övladım İranda qalmasın, madam ki, İranda qanuni-tənzimat yoxdur, İrana qayıtmayıb təhsil etdikləri məhəldə qalsınlar. Vətənlərində məşrutə sədası çıxarsa onlar da gəlib öz canlarını vətənlərinin salamətı yolunda qurban etsinlər. Sən isə bu evdə əyləşib övlad müntəziri olma! Məşrutənin müntəziri ol! Çünki məşrutə olmazsa övlad üzü görə bilməyəcəksən.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebriz-seherinin-havasi-ve-temizliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Bu gün...İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.*İranda bu gün hökm sürür sülh-səlamət
Və’dəNəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Başqa şairlərin şeirləri
Günəş saraldı, söndü,Yavaş-yavaş büründü
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,