Birinci pərdə
Səhifə 2 / 2 · 50%
Maral — (Fikirli başını qaldırıb Fəramərzə baxır)
Sür’ətlə gedərkən arxana dön bax,
Səndən böyükləri yemiş bu torpaq.
Çoxlar bu meydanda sürmüş atını,
Qırmış bu ruzigar qol-qanadını. Qarşında duran daş sanma ki, daşdır,
Onların hər biri məğrur bir başdır,
Pəhləvan böyüdür gördüyün çamlar,
Fəramərz — Gözəl qız, yersizdir belə eyhamlar.
Doğrudur öləcək bu yaranmışlar.
Onlar ki, dünyada ad qazanmışlar,
Cismən məhv olsa da yaşayacaqdır,
Ad qazanmayanlar məhv olacaqdır.
Sən də bu dünyada çalış bir ad al,
Hər kəs gözəl olsa desinlər maral.
Maral — (Şahmara)
Dayanma, ver xəbər, gəlsin igidlər,
Bilmirəm bu azğın nə demək istər?
Ceyran — (yalvarır)
Şahzadə, məhv etmə bu vətəndaşı,
Cəzalar yersizdir sevgiyə qarşı.
Yalvarıram sənə ərzimi dinlə,
Sevgiyə cavab ver təmiz sevginlə.
Söylə nə qəzəbdir, söylə nə kindir?
Günahkar sənin öz gözəlliyindir.
Polad — (gəlir)
Söylə nə əmrin var, möhtərəm sərdar?
Fəramərz — Məndən soruşmağa nə ehtiyac var?!
Odun hazır elə, kababları çək,
Bir azdan igidlər qonaq gələcək.
Bir süfrə düzəldək bulaq üstündə,
Boş durmaq haramdır belə bir gündə.
Polad — (şadlanır)
Elə mən özüm də bunu istərdim,
Kabab yeyəcəyəm daha nə dərdim!..
(gedir)
Maral — (Fəramərzə)
Sözümə cavab ver, kimsən, hardansan?
Fəramərz — (baş endirir)
Bərdə kəndlisiyəm, sadə bir insan.
Maral — (gülür)
Adını söylərdin əsil olsaydın,
Hələlik kimliyin deyildir aydın.
Fəramərz — Eşqinlə keçilməz hasarlar yıxdım,
Babil qəl’əsinin bürcünə çıxdım.
Aylarca yatmadım, enmədim atdan,
Köhlən atı vurub keçdim Fəratdan.
Nineva qəl’əsində tufan buraxdım,
Arran bayrağını Dəclədə taxdım.
Dönməz — (gəlir)
Atlar dayanmışdır yəhər altında.
Fəramərz — Mənim həyatımın xoş saatında,
Dayanın bir qədər, nə tələsməkdir,
Şikar qurtardımı, bu nə deməkdir?!
Dönməz gedir.
Maral — (Fəramərzə)
Çox ovçu görmüşəm burda sənin tək,
Çıxıb get buradan inaddan əl çək.
Haradan qazandın bu zərbi şəsti
Aləmin lovğası, xəyalpərəsti!
Fəramərz — Sünbül saçlarını düşünən zaman,
Saldım kəməndimə necə pəhləvan.
Zövq aldı kamanım haman qaşlardan,
Aman səsi gəldi məğrur başlardan.
Kipriyin düşəndə yadıma hər an,
Şimşəklər yaratdı bu ox, bu kaman.
Maral — (qızlara müraciət edib gülür)
Çıxmış qarşımıza bir kənd aşiqi
Qızların hamısı gülür.
Ceyran — Hər kəs olur-olsun var yaraşığı.
Maral — (Fəramərzə)
Bütün söhbətlərin bir əfsanədir,
De görüm bunlardan məqsədin nədir?
Fəramərz — Bütün həyatımı, eyşimi atdım,
Sənin qardaşına ad-san yaratdım.
Padişah vermədi mənə mükafat,
Unudulmayacaq bu təhqir, heyhat!
Maral — Nə kimi mükafat həvəsindəydin?
Fəramərz — Qoy deyim, sazımın telinə dəydin.
Maral — (yoldaşlarına)
Demədim aşiqdir, söz toxuyandır?
Ceyran — Hər kim olur-olsun gözəl oğlandır.
Fəramərz — Bir maral izincə dolanıb gəzdim,
Yorulmaq bilməzdim, ağrı bilməzdim.
Lakin zəhmətlərim səmərsiz qaldı,
Qardaşın elçimi boş yola saldı.
Maral — Elçindən olmayıb xəbərim hərgiz
Ad-sansız bir kəndçi sevə bilməz qız.
Bu xəyal çoxların başında vardı,
Kimlər bu arzudan xeyir apardı?
Çoxlar məhv olmuşdur bu xam xəyaldan,
Kam ala bilməmiş yenə Maraldan.
Qəlbindən silib at bu düşüncəni,
Tövbə et, məhv edər bu xəyal səni.
Fəramərz — (gülür)
«Sevgidən tövbə qıl», təzə bir xəyal!
Bunun cavabını dəlilərdən al.
Maralın çağırdığı igidlər gəlir.
Maral — (igidlərə)
Aparıb bu kəndçi cəzalandırın,
Mənim kimliyimi buna qandırın!
(Dəmirə)
Dəmir, durma bunun qolunu bağla!
Dəmir Fəramərzə yaxın gələrkən Polad ağacların dalından çıxır.
Polad — Polad ölməmişdir, əlini saxla!
Qolunu tut bura, boş haramzada!
İgid görməmisən hələ dünyada!
Dəmir Polada hücum edərkən Dönməz və başqaları ağacların arxasından çıxırlar. Maralın adamları onlara hücum edir.
Dönməz — (Qılıncını çəkib irəli keçir)
Silahlı tülkülər, çəkilin geri!
Fəramərz — (Onlara)
Deyil bu şikarkah vuruşma yeri!
(hamısının əlindən qılıncları alıb Polada verir)
Kababları çəkin, qonaqlar gəlmiş,
Götür bunları da bəlkə azdır şiş.
(Qılıncları atır Poladın tərəfinə)
Maral — (Qılıncı çəkib Fəramərzə hücum edir)
Məni bənzətməyin o qorxaqlara.
Fəramərz — (Onun əlindən qılıncı alır)
Qılıncsız vurursan qəlbimə yara!
Mən bura gəlmədim bir düşmən kimi,
Gəldim açıb deyim öz ürəyimi.
Bu əsnada Fəramərzin əmisi oğlu Qorxmaz gəlir.
Qorxmaz — (Marala)
Möhtərəm şahzadə bu Fəramərzdir,
Bu da qardaşıdır, igid Dönməzdir.
Eşit nişan verim bu qəhrəmanı,
Budur fəth eləyən Babilistanı.
Bununla fəxr edir ölkəmiz Arran,
Budur qəl’ələrin bürcünü yaran.
Ceyran — (Sevinir)
Nə gözəl təsadüf, nə tarixi gün!!
Fəramərzi görmək olurmuş mümkün.
Fəramərz — (Marala baş endirib qılıncı özünə qaytarır)
Qılıncsız da sənə oluram təslim,
Gəldim dost yolunda qurban kəsilim.
Maral — (Fəramərzə)
Adınla, sanınla maraqlanırdım,
İgid olduğuna çox inanırdım.
Olmuşdur bu yurda böyük xidmətin,
Lakin çox yersizdir son hərəkətin.
Nə qədər yüksəkdir eşqin tələbi,
O qədər möhkəmdir bu qızın qəlbi.
Qəhrəman da olsan, igid də olsan,
Sevgi qarşısında ağlayacaqsan.
Maral qızlara qoşulub gedir, qızlar əvvəlki mahnını təkrar edirlər.
Qızlar —
Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb,
Hər daşının kölgəsində bir qara göz ceyran yatıb.
Kölgələnir gözəllərin al günəşin çətirində,
Çimir gözəl gəlinlərin qızıl gülün ətirində
Fəramərz — (Maralın dalınca baxıb gülür)
Sevgin məni güldürməsə də ağlada bilməz,
Səhv etmə, Fəramərz o tərəzidə çəkilməz.
Gedir.
Ceyran — (Fəramərzin dalınca)
Sevirsən, min kərə təhqir edilsən,
Haman tərəzidə çəkiləcəksən.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-maral-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir.*Qalsın sənin yadında bircə vəsiyyət, oğlum!
İstəməmParis kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar.*İstəməm qorxulu rüxsarını rə’yadə görüm.
QorxaramLondonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan)*Qorxaram ən doğrusu bu tazə üsyandan bəri,
GəlirəmƏhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)*Millətimdən, vətənimdən nigaranəm, gəlirəm