Səhifə 2 / 2 · 50%

Qapının pərdəsi qalxdı, qoca bağban Salim baş endirib dururdu. Əmir ona fikirli bir surətdə baxıb öz-özünə dedi: “Bu da bir xəyanətin xəbərini gətirmişdir”.

Sonra bağbana müraciətlə:

– Danış görüm, Salim, danış! – dedi.

Salim bir daha təzim edib danışmağa başladı:

– Bir neçə gün bundan əqdəm sizin qoca nökəriniz yaramaz bir vəzifəni ifa etməyə məcbur oldu. Ailənizin namusuna və təmizliyinə heç bir söz ola bilməz. Lakin qızınız Qətibə xanımın bağlı bir məktubunu Gəncə şairlərindən İlyas adlı bir nəfərə aparmışam.

Əmir bağbana bir sillə vurandan sonra:

– Haramzadə, məktubu aparandan sonra mənə xəbər gətirirsən?! Cavabını da alıb gətirdinmi?

Salim titrəyə-titrəyə cavab verdi:

– Xeyr, sənə qurban olum, cavabını vermədi!

– Cavabı verərsə, düz-doğru mənim yanıma gətirərsən. Xain, ikiüzlü haramzadələr! Rədd ol burdan!

Salim getdi. Əmir evin ortasında durub başını əlləri arasına alaraq yenə də öz-özünə dedi: “Anası çıxan ağacları balası budaq-budaq gəzə bilər. Hər tərəfdə xəyanət! Düşmən mənim sarayımın içərisində işləyir. Bir gün məni öz yatağımda məhv edərlərsə, kimin xəbəri ola bilər?!”.

Bir azdan sonra qapıçılar, aşpazlar, paltarçılar, keşikçilər və dərbanlar bir-bir Əmirin hüzuruna gəldi və bilib öyrəndiklərini xəbər verib getdi.

Əmir qəzəbini sakit edə bilmədi, cibindən möhürü çıxarıb baxdı və düşünməyə başladı. Mühakimin xəyanətləri onun gözlərində canlanmağa başladı, o öz sevgili qadınını Mühakimin qucağında görürkən: “Mühakim! Mühakim!” – deyə qışqırdı.

Mərcan tələsik daxil oldu. Əmir Mərcanı görərkən:

– Tez get, Mühakim ibn-Davudu mənim hüzuruma çağır! – dedi.

Mərcan getdi. Əmir yenə də qadınının xəyanətlərini bir-bir xatırladı, – həyasız qadın! – dedi, – o mənə ərə gəldiyi zaman belə, məni sevmirdi. Xəlifə onu bu izdivaca məcbur etdi. O mənim qollarımın arasında yatdığı zaman belə yuxusunda başqalarının adını çəkirdi, özüm də hiss edirdim ki, o, məni öpdüyü zaman gözlərini yumaraq, başqasını xatırlayırdı. Mən ona yaxın getdiyim zaman o özünü başqasının qucağında hiss edərək nazlanırdı. Bu da nəticəsi... Vaxtilə bunu mənə ərə verəndə yalvarıb verdilər, çünki o zaman xəlifənin mövqeyi bir tükdən asılı idi. İndi isə mənim mövqeyim bir tükdən asılıdır. Haman tükün ucu bu xain qadının atasının əlindədir.

Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu. O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi: “Məncə, xəyanətin əsas cəhəti katibdədir. O, qadındır. Qadın tayfasının avamlığını kim bilmir? Kişi ki var, qadının şeytanıdır. Onlar əfv ediləcək insanlardır. Lakin mənim süfrəmin başında oturan və mənim çörəyimi yeyən bir zat mənə qarşı bu xəyanəti rəva görməməli idi”.

Bu anda qapı açıldı. Mərcan qulamla bərabər Mühakim ibn-Davud daxil oldu.

Əmir ona heç bir şey sezdirmədən:

– Mühakim, otur, – dedi, – lazımlı şeylər vardır, onları yazmalısan.

Mühakim ibn-Davud qələmdanı çıxarıb yazı taxtasının üstünə qoydu, qurşağından timarı çıxartdı, kağızı kəsib götürdü, sonra da gözlərini Əmirin ağzına dikdi.

Əmir bir daha:

– Yaz, – dedi, – “Saray naziri Toxtamış cənablarına əmr edirəm: bir həftəyə qədər xəlifə sarayına göndəriləcək cariyələrin hazırlığını görüb yola salasan. Cariyələrdən Dilşad, Süsən, Zümrüd, Şahin, Solmaz, Şamama və Bahar da göndərilməlidir.

Verdiyim əmr qətidir”.

Katib əmrnaməni yazıb qurtardıqdan sonra, Əmir alıb imza etdi və katibə qaytarıb dedi:

– Al, sən də möhrünü basıb imza et.

Katib qorxusundan özünü şaşırdı və əlini ciblərinə atıb möhürü axtarmağa başladı, qələmdanının içini bir neçə kərə gəzdi. Nəhayət, yalvarıcı bir halda Əmirə müraciət etdi:

– Möhürü evdə qoymuşam, icazə verin gedib gətirim.

Əmir:

– Doğrudur, möhürü evdə qoyubsan, lakin öz evində yox, başqasının evində... – dedi.

İbn-Davud təəccüblə soruşdu:

– Necə yəni başqasının evində?

– Bəli, başqasının, öz vəliyülnemətinin, səni bu mərtəbəyə çatdıran Əmir İnancın evində, alçaq, nankor katib! Mənim namusumu nəzərə almadın, heç olmasa namuslu bir ərəb kimi xəlifənin namusuna hörmət qoyaydın!.. Al, budur sənin möhürün! Mənim qadınımın otağında, mənim namusumu namussuz bir ərəbə satan axmaq qadının otağında salıb itirmisən. Nankor insan! Mən beş nəfər ərəbin böyük bir məmləkətdə ağalıq etməsinə çalışırdım. Bu da mənim əməyimin nəticəsi! Bu da mənim ərəblərdən aldığım mükafat!..

Mühakim ibn-Davud titrək bir səslə:

– Ya Əmir, icazə verin. Bu nə söhbətdir?! Mən?!

– Bəli, sən!

– Mən heç vaxt vəliyülnemətimin ailəsinə qarşı belə alçaqlığı etməmişəm. Bu mənə qarşı açıq bir böhtandır. Bu hadisəni yoxlamaq lazımdır.

– Kəs səsini! Al möhürü, kağızı möhürlə!

Mühakim ibn-Davud möhürü alıb əlləri titrəyə-titrəyə kağızı möhürlədi. Əmir yenə də ona qışqıraraq:

– Qaytar mənə o möhürü! Sən o möhürü daşımağa layiq deyilsən! – deyə Mərcanı səslədi:

– Mərcan! Mərcan!

Mərcan içəri girdi:

– Hazıram, Əmir!

– Get, bu saatda qulamlardan Heydəri, Poladı, Səfini bura çağır, söylə ki, qamçıları və çubuqları götürüb bura gəlsinlər.

Mərcan getdi, Mühakim isə özünü bu haqsız cəzadan qurtarmaq üçün ağlaya-ağlaya Əmirə yalvarırdı:

– Mənim bu xəyanətdən əsla xəbərim yoxdur, bu böhtanı kim isə mənim üzərimə atmışdır. Siz bu cəzanı həmişə mənə verə bilərsiniz. Yaxşı olar ki, bu işi yoxlatdırasınız.

Əmir bu yalvarışları eşitmirdi. Onun sözlərinə nə hə, nə də yox cavabını verirdi. Çünki qadınının otağından tapılan möhür onun üçün əsaslı bir sübut hesab olunurdu.

Qulamlar çubuq və qamçılarla içəri girdilər. Dərhal meşin xalçanı yerə sərib Mühakimi onun üstünə yıxdılar. Onu soyundurmağa başladılar. Mühakimin əynində tuman və köynəkdən başqa heç bir şey qalmamışdı. Onun başının və ayaqlarının üstündə oturdular. Əmir bir kərə əmr verdi:

– İki yüz əlli çubuq!

Mühakimin yalvarış və qışqırtı səsləri bütün sarayı bürümüşdü. Çubuqların yarısı vurulandan sonra onun qışqırtısı kəsildi, artıq o bayılmışdı, çubuqları ruhsuz bədənə vururdular.

Əmirin qadını adəti üzrə müqəssirin döyüldüyünü eşidərkən onu buraxdırmaq üçün qəfildən içəri girdi, tələsik irəli gəlib soruşdu:

– Bu kimdir? Təqsiri nədir?

Əmir İnanc qadınına tərs-tərs baxaraq dedi:

– Bu həyasız adam, öz vəliyülnemətinin namusuna təcavüz etmiş, bu adam öz ağasının qadınına xəyanət əlini uzatmışdır.

Safiyə xanım bu sözləri eşitdikdən sonra bir daha irəli gəlib qulamlara qışqırdı:

– Əl saxlayın, fəqirin öldüyünü hiss etmirsinizmi?!

Qulamlar dayandılar, lakin Mühakim hərəkət etmirdi. Safiyə xanım isə ona diqqətlə baxıb tanıdı və əllərini dizlərinə çalıb:

– Ax, bu zavallı Mühakimdir ki, – dedikdə, Əmir də:

– Bəli, Mühakimdir, sənin istəkli Mühakimindir. Onu bu cəzaya giriftar edən sənin alçaq və avamsızcasına məhəbbətindir. Tərbiyəsiz və axmaq qadın! Namuslu və kübar bir adama satılsaydın, yenə də dərd yarı idi. Kimə? Alçaq bir ərəbə satıldın! Sən mənim namusumu ancaq ərəbə sata bilərdin, çünki səndə ərəb qanı vardır.

Safiyə xanım bu sözlərdən heyrət etdi. Hətta bunların özünə aid olmadığını zənn edərək soruşdu:

– Mən səni heç də anlaya bilmirəm. Sən bununla nə demək istəyirsən? Satılan kimdir? Ərəb qanının burada nə kimi nöqsanı ola bilər? Açığını de görüm, bu sözləri deməkdən məqsədin nədir?

Əmir istehzalı bir surətdə möhürü göstərib dedi:

– Mənim məqsədimi ancaq bu möhürdən soruşa bilərsən. Bu möhür mənə hər şeydən sadiqdir. Mən ancaq bunun vasitəsilə uzun illər davam edən xəyanətlərin izini açmışam. Sən Safiyə, Aran məmləkətinin hökmdarını süfrəmin tör-töküntüsü ilə böyümüş bu alçağa satdın. Rədd ol mənim gözümdən!

Safiyə xanım heç bir söz demədi, qolunu gözlərinə tutub ağladı və Əmirin otağını tərk etdi. Katibin də huşdan getmiş bədənini meşin xalçanın üstündən götürüb dışarı çıxartdılar.

Əmir evi dolaşır, qadınına qarşı aldığı vəziyyətin və qulamların yanında onu təhqir etməyin yersiz olduğunu düşünürdü. Lakin iş işdən keçmişdi.

Əmir nə edəcəyini bilmirdi.

O, öz-özünə danışırdı: “Günün vəziyyətilə hesablaşmadım. Qadınım xaindir, ona söz ola bilməz. Lakin işi tədbirlə görmək lazım idi. Əcəba, bir az gözləyə bilməzdimmi?! Onların hər ikisini heç kəs hiss etmədən məhv edə bilməzdinmi?!

Bu əsnada Əmirin qoca veziri və eyni zamanda saray naziri Toxtamış içəri girdi və Əmirə müraciət edib soruşdu:

– Əmir, bu nə hadisədir?

Əmir hadisəni əvvəldən axıra qədər Toxtamışa danışdı, Toxtamış isə göz qapaqlarını örtüb bir az düşündü, sonra başını qaldırıb dedi:

– Məsələ siz danışdığınız kimi deyil. Bu işdə xaricdən uzanmış bir əl işləməkdədir. Hadisəni çox gözəl düzəltmişlər. Siz gərək iqdamata başlamaqdan əvvəl mənimlə danışaydınız. Böyük səhv etmişsiniz. Xanım yol hazırlığı görməyə əmr vermişdir. Bu saat Bağdada yola düşməyə hazırlanır. Gərək siz vəziyyətlə hesablaşaydınız. Tutaq ki, belə bir xəyanət baş vermişdir. Əcəba, hökmdarların və şahların saraylarının hansı birisində bu kimi hadisələr yoxdur. Siz sakit işləyən dərmanları buraxıb, qamçıdan və çubuqdan nə üçün yapışırsınız? Bir kasa bal şərbətilə bu rüsvayçılığı örtə bilməzdinizmi?

Əmirin boğazı tutuldu, ancaq bir kərə bu sözləri deyə bildi:

– Toxtamış, əlac sənə qalmışdır. Bu xəbər Bağdada yetişərsə, mənim hökmranlığım məhv olub gedə bilər. Safiyəni başdan çıxar, qoy o məni bağışlasın, qoy mənim ailəmin pozulmasına səbəb olmasın.

Toxtamış fikirli bir surətdə onun üzünə baxaraq:

– Mən bacardıqca çalışacağam, lakin sən də bu sözləri onun öz yanında deyib üzr istəməlisən. Daima düşünmək, sonra da hərəkət etmək lazımdır. Mən bunu Əmir həzrətlərinə bir kərə deyil, bir neçə kərə demişəm.

Əmir onun əlindən tutub:

– Kömək et! – dedi. – Hadisələr, fitnələr mənim ətrafımı alıb. Qızım da yoxsul bir şairlə əlaqə düzəldibdir. O heç utanmadan mənim namusumu ayaqlar altına atır, yoxsul şairə məktub göndərir.

Vəzir soruşdu:

– Hansı şairə?

– Nizami təxəllüsü altında şeir yazan İlyasa. İndi çağırıb onu da döydürəcəyəm.

Vəzir yenə də nəsihətverici bir tövr ilə dedi:

– Onu döydürmək məsləhət deyil. Onu da mənə tapşırın, mənim özüm bu işi yoxlaram, hərgah belə bir məsələ vardırsa, mən kiçik xanıma nəsihət edərəm. İlyası döydürmək isə qorxulu bir məsələdir. Gəncədə onun böyük nüfuzu vardır. Dayılarını da çox gözəl tanıyırsınız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri