Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.

O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:

– Mənim səmimi dostum, şübhəsizdir ki, şad xəbərlə gəlmişdir, – dedikdə, Səba xanım da:

– Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmərəm. Şükür olsun ki, böyük zəhmətdən sonra səni məqsədə nail etdim. Bu axşam Dilşadı Dəclə səyahəti adına saraydan çıxaracağam. Sən də Xüld qəsrinin qarşısında məni gözlərsən. Dilşadı Muxtalə xatunun evinə aparandan sonra, gəlib buradan səni görüşə aparacağam.

– Muxtalə kimdir?

– Muxtalə dəlallıq edən bir qadındır. Evi də çox uzaqda deyil. Şəmasiyyə məhəlləsindədir. Özü də bizim üçün çox baha oturmayacaqdır. İyirmi qızıl Muxtalə xatuna verməliyik, iyirmi qızıl da sarayın qapıçılarına verib ağızlarını yummaq lazımdır. Dilşadla quru süfrədə görüşməmək üçün də bəzi şeylər almaq lazımdır. Onun üçün də heç olmasa iyirmi qızıl verməlisən. Mənim zəhmətim isə sənə qurbandır. Onun üçün heç bir şey istəmirəm.

Fəxrəddin Dürrətülbağdadın dediklərini xatırladı. Səba xanımın onu cəllad əlinə verməyə hazırlandığını yəqin etdi və özünü aldırmayaraq gülər və razı bir çöhrə ilə dedi:

– Mən sənin kimi səmimi bir dost əldə gətirdiyim üçün özümü həddindən artıq xoşbəxt hesab edirəm. Bilirsən, Səba xanım, hazırda mən sənin gözəlliyinlə, sənin bacarıq və ədəbinlə Dilşadda olan xüsusiyyətləri müqayisə edirəm. Baxıb görürəm ki, Dilşad kimi qızlar sənin bir dırnağın belə ola bilməz. Bunun üçün də mən qəlbimi Dilşadın əlindən alaraq sənin əlinə tapşırıram. Mən artıq Dilşadı görməyə və onunla əvvəlki sevgiləri davam etdirməyə maraqlı deyiləm. Sən bilirdin ki, vaxtilə mən səni sevirdim.

Səba fikirli bir surətdə dedi:

– Nə üçün də bilmirdim.

– İndi necə, qəlbində haman sevgilərdən az da olsa qalırmı?

– Sənin səmimiyyətinə inansaydım, mən ancaq sənin olardım.

– Məndən bir səmimiyyətsizlik gördünmü?

– Sən bir zaman məni tamamilə atdın.

– Yenə də buna sən özün səbəb oldun. İndi isə təklif edirəm, sözün nədir?

Səba xanım Fəxrəddinin onu bir sevgi ilə qarşılayacağına heç də inanmırdı. Onun üçün bu təklif olduqca əlverişli idi. Çünki o, Atabəy Məhəmmədlə Qətibə arasında yaratdığı qorxulu macəradan müvəffəqiyyətlə qurtara biləcəyinə əmin deyildi. Artıq o, Qətibənin bütün sirlərini Atabəy Məhəmmədə vermişdi. Hətta Qətibəni aldadıb Dilşadın dilindən Fəxrəddinə yazılan:

“Mənim ruhum! Bağdada olduğu zaman eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl!” məzmunlu məktubu da Atabəyə göndərib məktubun Qətibə tərəfindən Toğrula yazıldığını bildirmişdi. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. O hər cür olursa olsun, özünü nüfuzlu bir adamı bağlayaraq paytaxtdan qaçmağı düşünürdü. Səba xanım bilirdi ki, Fəxrəddin onu müdafiə etdiyi təqdirdə, o, Azərbaycanda azad yaşaya bilərdi, onu nə Qətibə, nə də başqaları cəzalandıra bilməzdi.

Səba xanım artıq Fəxrəddinin məhv edilməsi haqqında deyil, yaşaması barəsində düşünürdü. O, bu düşüncələrin təsirində olaraq başını qaldırıb Fəxrəddinin üzünə baxdı və utana-utana dedi:

– Sözüm sözdür. Mənim sevgilim, sözlərindən bütün gənclik xatirələrim canlandı. Lakin səndən bir ricam vardır. Özünü Qətibədən gözlə. O səni məhv etmək istəyir. Çünki o, atasının öldürülməsi səbəbini səndə və Nizamidə görür. Hüsaməddin bu barədə Qətibədən böyük tapşırıq almışdır. Hüsaməddin səni də, Atabəyin oğlanlarını da, şair Nizamini də öldürməyi öz öhdəsinə götürmüşdür. Zənn edirəm ki, Nizamini öldürmək üçün iki gün bundan əvvəlki müşavirədə qərar çıxarıldı.

– Hansı müşavirədə? Bu müşavirə harada çağırılmışdı?

– Müşavirəni Qətibə xatun Müstərşidbillahın sarayında çağırmışdı.

– Müşavirədə kim iştirak edirdi?

– İştirak edənlər: Zəhir Bəlxi, şair Kəmaləddin və Sultan Toğrul idi. Orada səni və Nizamini qətl etdirmək qərarını çıxartdılar. Səni burada, Nizamini isə Gəncədə öldürəcəklər.

– Nə vasitə ilə öldürəcəklərini bilmədinmi?

– Toğrul tərəfindən Gəncəyə üç nəfər adam gedəcəkdir. Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanını yazmasını rica edəcəklər. Onların göstərişi nəticəsində müəyyən adamlar Nizamini öz evində öldürəcəklər.

– Gəncəyə məktub aparanların adını bilirsənmi?

– Bilirəm.

– Kimlərdir?

–Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir.

– Onlar yola düşdülərmi?

– Xeyr, hələlik buradadırlar. Bəlkə sabah yola düşdülər. Toğrulun məktubunu düzəltmək Zəhir Bəlxi və Kəmaləddinə tapşırılmışdır. Müəyyən bir zaman özünüzü mühafizə edə bilsəydiniz, sonra Qətibənin intiqamlarından əmin ola bilərdiniz; çünki Qətibənin Atabəy yanında olan əvvəlki mövqeyi qalmamışdır. O sarsılmaq üzrədir. Qorxmayın, onun varlığını çeynəməyə başlamışam. Sən ki, mənim qüdrətimi bilirsən. Lakin bir hadisə baş verdiyi təqdirdə məni müdafiəyə söz verməlisən.

– Əmin ola bilərsən. Azərbaycanda heç kəs sənin gözünü püfləyə bilməz. Lakin sən mənimlə sıx və səmimi əlaqədə olmalısan. O hiyləgər qadına aldanmamalısan. Onun gördüyü işlərin hamısı bizim və Vətənimizin zərərinədir.

Çox danışdıqdan sonra Səba xanım məhzun bir surətdə Fəxrəddinin əlini sıxaraq:

– Təəssüf ki, biz sabah səhər saat səkkizdə Bağdaddan gedirik; çünki Atabəy bir gün əvvəl Həmədandan Bağdada hərəkət etmişdir.

– Zəhir Bəlxi və Toğrul da gedəcəkdirmi?

– Burada ancaq Hüsaməddin qalacaqdır. Sən ondan ayıq ol. O, yalnız sənin başını Qətibəyə apardığı zaman onu bir qadın kimi mənimsəyəcəkdir.

Fəxrəddin sui-qəsdi təcili qasidlə Gəncəyə xəbər vermək üçün Səba xanımdan ayrıldı və vidalaşarkən:

– Əmin ol, səni Azərbaycana aparacağam, – dedi.

Fəxrəddin məktubu yazmaq üçün Əmin qəsrinə qayıdıb otağın qapısını bağladı. Məktubu yazmağa başladı:

“Möhtərəm və əziz dostum, böyük şairim! Bu gün beş gündür ki, Bağdaddayam. Mən indiki Bağdadı gördüyüm zaman iqbal dövründə burada nə qiyamətlər olduğunu təsəvvürümə gətirdim. Mən buradakı qəsrləri, sarayları və kaşanələri gördüyüm vaxt islam dünyasının yoxsul və dilənçi halında yaşamasının səbəbini öyrəndim və bizə din verən xəlifələr paytaxtında böyük bir dinsizlik hökm sürdüyünə inandım. Xəlifələr tək özləri üçün deyil, sevimli cariyələri üçün belə şahanə saraylar, qəsrlər tikdirmişlər.

Sənə yazmaq üçün o qədər məsələlər vardır ki, burada oturub bir kitab yazmaq olar. Hələlik Atabəy Məhəmmədin özü Bağdada gəlməmişdir. Mələkəsi buradadır. Mələkə Zəhir Bəlxi, Kəmaləddin və Hüsaməddini başına yığıb bəzi sui-qəsdlər hazırlayır. Bu dəstə bədbəxt Toğrulu da əllərində alət edibdir. Mən sənin vəsiyyətlərini unudaraq yenə də alçaq Səba xanıma inandım. O məni Dilşadla görüşdürmək bəhanəsilə ölümə aparmağa gəlmişdi, lakin iqbal məni əxlaqsızın əlindən qurtardı. Nəticədə mən onu aldatdım. O, böyük bir sui-qəsdin mündəricəsini mənim əlimə tapşırdı. Məni öldürməyi Hüsaməddinə və Səba xanıma həvalə etmişlər imiş.

Səni öldürməyi isə Toğrulun katibi Əbülqədirə, onun xas qulamı Cəmada və Mülhimə tapşırmışlar. Onlar sənə Toğrulun məktubunu gətirəcəklər. Məktubda, Toğrul səndən “Xosrov və Şirin” dastanını yazmağı xahiş edəcəkdir. Onlar səni öldürmək üçün başqalarını da gətirəcəklər. Rica edirəm, saymazlıq etmə. Əlaəddin üçün də məktub göndərdim.

Bağdad, Fəxrəddin”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səba xanım

Qətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.

7 dəq
Xəlifənin məktubu

“Damad-müəzzəm!Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.

6 dəq
Xəlifənin qasidi

Əmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.

8 dəq
Fəxrəddin və Səba

Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.

6 dəq

Başqa şairlərin şeirləri