Qafqazda idareyi-məşrutə
(Politika söhbəti)
Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
«Padşah sağ olsun, mənə çox korluq verən əvvəla Osmanlı kürdləridir, saniya İran qaçaqları və salisən İrəvan sərdarı Həsən xanın rəşadəti. Padşah sağ olsun, mən bunların heç birindən qorxmuram və ümidvaram ki, bir ay çəkməz bu vilayətə sahib olarıq. Amma padşah sağ olsun, qorxuram axırda işlər şuluq ola, ondan ötrü ki, bu vilayəti biz təsərrüfə götürəndən sonra İranın altmış illik seyidləri ilə bacarmayacayıq».
Həqiqətən Paskeviç çox dəqiq adam imiş. Elə ki, dava tamam oldu və hər iki hökumətin mə’murları başladılar «Türkmənçay» sülhnaməsini yazmağa, İranın altmış illik seyidləri hər iki tərəfin mə’murlarına xəbər verdilər ki, Bakı, Gəncə, İrəvan mahalları və Batum mahalının bir hissəsi altmış ildən bəri seyidlərin hökumətindədir və İran padişahına dəxli yoxdur. Bu sözlərinin sübutu üçün seyidlər mə’murlara bir əhdnamə pişnihad elədilər və həmin əhdnamədə guya mərhum Fətəli şahın imzası da var idi.
Axırda İran və Rusiya hökumətlərinin mə’murları seyidlərin ərizəsini və pişnihad etdikləri əhdnaməni nəzərə alıb haman ad verilən dörd quberniyanı ağaların ixtiyarında qoydular və həmin fəqərəni sülhnamənin 29-cu fəslində qeyd etdilər. Rus müvərrixlərindən məşhur Smirnovski rus və İran davasının əhvalatını müfəssəl bir surətdə yazıb və seyidlərin əhdnaməsinin surətini eynən həman kitabda dərc edib. Kitabın qiyməti 2 manatdır və satılır Tiflisdə hər bir kitab mağazasında. Xahiş edənlər alıb mütaliə edə bilərlər.
Əhdnamənin məzmunu budur:
Tarix 1285 hicri 7 şə’ban. Biz, İranın altmış illik seyidləri ki, ibarət olsun yeddi taifədən: taifə «Qurtbasan», «Zoğalı», «Dinməver», «Qatır hürküdən», «Osanlar», «Qarangulu» və «Başı daşlı», həmin əhdnaməni bağladıq bundan ötrü ki, Bakı, İrəvan, Gəncə və Batum vilayətlərini öz aramızda aşağıda yazılan səyaq ilə təqsim edək, ta ki, bundan sonra hər taifə öz qismətinə kifayət edib dəxi özgə taifənin sərhəddinə keçməsin:
- İrəvan vilayətində Şərur, Qəmərli, İrəvan və Kərnibasar mahalları «Qurtbasan» taifəsinin təhttəsərrüfündə olmalıdır. 2) Tiflis, Borçalı ta ki, Batumun bir hissəsi «Zoğalı» taifəsinin. 3) Qazax, Gəncə «Dinməver» taifəsinin, 4) Cavanşir, Ağdaş «Qatır hürküdən» taifəsinin. 5) Qarabağ, Zəngəzur «Osanlar» taifəsinin. 6) Bakı «Qarangulu» taifəsinin və 7) Naxçıvan, Culfa «Başı daşlı» taifəsinin.
Əhdnamənin aşağısında on dörd min yeddi yüz otuz beş seyidin imzası var. Əhdnaməni mərhum Fətəli şah təsdiq edib.
Hal-hazırda həmin əhdnamə və seyidlər hökuməti öz küçündədir və rus padişahı seyidlərə heç bir söz deyə bilməz, çünki hər bir vaxt seyidlər əhdnamənin surətini çıxardıb deyirlər: «Bu bizim kağızımız». Seyidlər hökumətinin vəz’i «Məşrutiyyeyi-mərkəziyyədir».
İdarənin baş müdiri Gəncədə cənab Hacı Seyiddir. İdarənin bir şö’bəsi Ağstafadadır. Şö’bənin müdiri cənab Hacı Seyid Məhəmməd ağadır.
Bəli, on dörd min yeddi yüz otuz beş nəfər altmış illik seyid qarışqası daraşıblar biçarə müsəlmanların canına və deyirlər: biz də sizin atanızın bir oğluyuq, ata və babanızdan sizə hər nə qədər irs qalıb, biz də ona şərikik, gəl qismət edək, hər kəsə nə düşər götürsün:
Nəzm
Qardaş, gəl indi qismət edək malu-dövləti,
Paltar-palası boşla, quru canı sən götür.
Gəlsə nə qədr təhvə və ya pişkeş mənim,
Dərviş, yolçu, saili, mehmanı sən götür.
Sarı inək mənim, xətai pişik sənin,
Dişsiz köpəklə sayqılı tulanı sən götür.
Pərgu balış, ipək döşək adyallar mənim,
Yırtıq çeçim, kənarəli yorğanı sən götür.
At ilə qatırı mənə ver, çulları sənin,
Eşşəkləri də ver mənə, palanı sən götür.
Dörd min qoyun, nə olsa da toğlu, keçi mənim,
Altı köpəklə boz çuxa çobanı sən götür.
Sınmış tiyan, quplu qazan, çərxi tas mənim,
Nazik, zərif şişə kulabdanı sən götür.
Xalça mənim, kənara mənim, kəlləci mənim,
Yırtıq keçə qırağını pünhani sən götür.
Mərhum atandan hər nə qalıb cümləsi mənim,
Dul validənlə fövc yetimani sən götür.
Sikkə mənim, qızıl, gümüş, almaslar mənim,
Puli-siyah rayiçi-İranı sən götür.
Dörd çilçirağ, altı böyük lampalar mənim,
Nuh əsrdən qayırma bu şəmdanı sən götür.
Çaqqı piçaq və şaşqanı, kördanı ver mənə,
Dörd bel səpilə əyri orağçanı sən götür
Başı böyük bağ ilə otuzbir dukan mənim,
Dağ ilə daşu bərrü biyabanı sən götür.
Evlər mənim və bağça mənim, çoxdu zəhməti,
Çox da darıxma, çöldəki bostanı sən götür.
Bağın hamı ağacları başdan-başa mənim,
Başdan yuxarı ərşi-müəllanı sən götür.
Var-yox pulu burax mənə qardaş xətası var,
Baş ağrımaz mütalibi-divanı sən götür.
At ilxısılə dağdakı otlaqlar mənim,
Nalsız yabını, yonçanı, samanı sən götür.
Hər nə münasib olsa gərək qismət eyləyək,
Hop-hop ağanı ver mənə Mollanı sən götür.
Sən çox danışmaq istəməsən Lağlağı mənim,
Hərdəmxəyalı, Mirzə Taraqqanı sən götür.
Qızdırmalını tap hələ sərsəm danışmağa,
Tazə yazan Dəlini, Mozalanı sən götür.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qafqazda-idareyi-mesrute
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
Başqa şairlərin şeirləri · Satira
Naxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!