Müsəlman yığıncaqları
Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.
Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Aşkardır ki, bir əldən səs çıxmaz.
İndiyə kimi heç olmuyubdur bir məclisə də’vət olunan müsəlmanlar öz vaxtında cəm’ən orada hazır olsunlar. Məsələn, otuz adam çağırılıb, on beşi gəlir, gəlməyənləri gözləyir-gözləyir və bir qədər yavan papiros çəkib dağılır. O biri dəfə qabaqca gəlməyən on beş nəfər gəlib bu biri on beş adamı gözləyir, gözləyir və bir qədər yavan papiros çəkib dağılır.
Nədir bunun səbəbi? Yə’ni niyə müsəlmanlar bir yerə təklif olunanda hamısı birdən yığışmırlar?
Bunun səbəbini hərə bir cür başa düşür. Biri deyir ki, müsəlmanlar biri-birinin fikrinə qalmağı xoşlamırlar; biri deyir ki, müsəlman milləti ələl-ümum ağır və tənbəldirlər.
Biri deyir ki, müsəlmanların bir yerə həvəs ilə və bir vaxtda cəm olmamağına çox vaxt tək səbir bais olur.
Amma mən də özgə cürə başa düşürəm: mən deyirəm bu işlərin tək bircə səbəbi var: bunların səbəbi budur ki, adamın öz evində bişmiş olsa da, özgə yerdə bişmiş plov kimi ləzzətli olmur.
Bunu hər insaf əhli gərək təsdiq eləsin. Məsələn, götürək ehsan məclislərində yuxarı başda əyləşən cənabları: bunlar hamısı dövlətmənd ağa, xan, molla və hacıdırlar. Gün olmaz ki, bunların evində xalis inək yağı ilə zirişk və zə’fəranlı cücə ya qavurma plov bişməsin. Bununla belə dünya xəlq olunandan indiyə kimi bir dəfə də ittifaq düşməyibdir ki, bir müsəlmanı plov məclisinə qonaq çağıralar getməyə. İstər nə qədər vacib işi də olsun, gedəcək, öz evində yüz plov qazanı da asılmış olsun, gedəcək, ya özü naxoş olsun, ya evində naxoşu olsun, gedəcək, qar-yağış yağsın, gedəcək, dünyavü aləm bir-birinə toxunsun, gedəcək və mənzil nə qədər uzaq olacaq olsun, gedəcək. Avam arasında deyərlər «mollaya plov de, Marağa nə uzaq yoldur» və bu sözlər mə’nasız deyil. Mən yəqin edirəm ki, mən Tiflisdə bir plov qonaqlığı quram və Danabaş kəndindən molla Sadığı və Mərvdən hacı Məhəmməd Bağır ağanı qonaq çağıram — yəqin ki, üç-dörd gün keçməz hər ikisi burada hazır olarlar.
Qərəz, mətləbdən uzaq düşdük.
Keçən il Tiflis müsəlmanlarının arasına klub açmaq məsələsi düşmüşdü. Bu xüsusda yüz qırx iki dəfə məclis quruldu, əvvəl camaat cənab Nəbi bəy Yadikarovun evinə yığışırdılar. Bura yenə az-çox gələn olurdu, çünki heç olmasa çay var idi. Bir ayın içində 12 kəllə qənd təşrif apardı.
Elə ki, qənd qurtardı ağalar başladı yavaş-yavaş azalmağa, xülasə axırda hökumət məhz biçarə müsəlmanlara rəhm edib Tiflis müsəlmanlarına izin verdi ki, klub açsınlar. Bunlar hamısı çox gözəl, amma lazım idi ki, müsəlmanlar bir yerə cəm olub klubu açsınlar. Bəli, bir gün rus qəzetələrində ə’lan etdilər ki, müsəlman qardaşlardan xahiş olunur ayın əvvəlində idarəyi-ruhaniyyənin məktəbxanasına cəm olub üzv yazılsınlar.
Mən o günü gedib durdum məktəbxananın qapısında ki, gələnlərə tamaşa edim. Əvvəl bir gürcü tələbəsi gəldi və dedi ki, mən gəlmişəm müsəlman klubuna üzv yazılam, əgər müsəlmanlar məni qəbul etsələr. Mən dedim: buyur əyləş otaqda, inşaallah müsəlmanlar indi gələrlər və sözünü deyərsən. Sonra bir rus gəldi və haman sözləri dedi və mən də ona haman cavabı verdim. Bu da girdi içəri. Yarım saat keçdi Həsən bəy Sultanəlibəyov gəldi və faytondan enib üzünü tutdu qapıda duran nökərə və soruşdu ki, çay var? Nökər cavab verdi ki, xeyir yoxdur. Həsən bəy haman faytona minib təşrifini apardı. Bir az keçdi realnı məktəbxanasının müdiri fayton ilə gəlib soruşdu ki, müsəlman klubuna buradamı üzv yazılmaq lazımdır? Mən dedim: Bəli, buyur içəri. Yarım saatdan sonra hacı Qara cənabları təşrif gətirdi və nökərdən çayın əhvalatını soruşub çıxartdı saatını və dedi: mən yarım saatdan sonra inşaallah gələrəm. Bir qədər də keçəndən sonra Mirzə Xəlil əfəndi gəldi və nökərdən soruşdu ki, kim gəlib, kim gəlməyib? Nökər cavab verəndən sonra əfəndi dedi: indi ki, müsəlmanlardan heç kəs gəlməyib, ta mən burada nə qayıracağam? Bu da belə getdi.
Xarici qonaqlarımız bir qədər gözləyib gördülər ki, heç gələn yox, bunlar da durub getdilər. Dəxi o gündən indiyədək Tiflisdə ikicə müsəlman bir yerə cəm olmuyub, niyə də olsun, nə var ki, cəm olsunlar?
Ey yağlı plov, sən hamı aşiqlərə cansan,
dillərdə bəyansan.
Lakin bizə bir sevgili məşuqi-zamansan,
məşhuri-cahansan.
Gördükcə səni buğlana-buğlana gələndə
taqət hanı məndə.
Ətrin gəlir aşbaz səni boşqaba çəkəndə
qovurma səpəndə.
Əqlim dağılır, ruhum uçur nimçəni görcək,
cana, səni görcək.
Gəl söhbət edək mən səni, sən də məni görcək,
biganədən əl çək.
Səndən dəxi mən kəsmərəm heç vəchlə ülfət,
ey işvəli nemət.
Bir loğma əgər səndən ola aclara qismət,
bid’ət qalı bid’ət
Həsrət qalacaq vəslinə dərviş ilə sail,
ey nikşəmayil.
Rəhm eylə məni-zarə ki, oldum sənə mail,
ey nimçeyi-kamil.
Hər yerdə sən olsan iki min verst sürünnəm,
təklifimi billəm.
Səndən yana mən ağlayaram, gahi də gülləm,
ta görməsəm ölləm.
Ol gün ki, sən oldun küreyi-ərzdə zahir,
ey teyyibi-tahir.
Yanında varam indiyədək hazıri-nazir,
əmrində mübaşir.
Heyhat ki, mən eşqini bir ləhzə unutmam,
ey yari-dilaram.
Səndən çəkib əl bozbaşı, ya küftəni tutmam,
ülfət gərək itmam
xam
avam
hamam
islam.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-muselman-yigincaqlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhvalat vaqe olur Hacı Qafarın evində. Ev sərvətdar bir şəxsin evini təsvir edir. Hacı Qafarın oğlu doktor Akif oturub başı açıq kitab oxuyur. Nökər Əsədulla daxil olur.*Əsədulla** — Ağa, bir nəfər xanım gəlib, sizi görmək üçün icazə istəyir.
İkinci pərdəVaqe olur Kəblə Haşımın evində. Xəsis bir dövlətliyə məxsus Qafqazlı evidir.*Kərbəlayi Haşım** — Ay uşaq, daha oturmaq vaxtı deyil! Durun qaçın o biri otağa, adam gəlir! Daha yubanmayın! Ya allah... ya allah. Tez! tez!..
Üçüncü pərdəVaqe olur Mirzə Rəhim müctəhidin məhkəməsində*Mirzə Bağır** — *(daxil olur)* Səlam əleykum!
Dördüncü pərdəVaqe’ olur Kərbəlayi Haşımın evində. Ev bir dövlətli mülkədar evini təsvir edir. Münəvvər bir tərəfdə oturub ağlayır. Anası Həlimə evi düzəldir.*Akif** — *(daxil olur, Həliməyə)* Həlimə xanım, sən bu deyilən sözlərə qulaq vermə! Mən bilirəm ki, Kərbəlayi Haşım ölməyibdir. Heç kəs nə Məkkədən gəlib, nə də kağız vardır. Bu deyilən sözlərə baxıb evi dağıtma.
Başqa şairlərin şeirləri · Satira
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimiNəsnələrdən ücrət almaqçın Qazan mollaları
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,