Qorxulu gecə
Səhifə 1 / 3
Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.
Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.
Mən rəhbərlərin belə qorxulu gündə Təbrizdə qalmaq istədiyini bir həftə bundan əvvəl bilsəydim, çar Rusiyasına qarşı bu qədər geniş bir cəbhə açılmasına imkan verməz və qəti müharibə imkanı yaratmazdım. Biz az bir qüvvətlə meydan müharibəsinə çıxdığımız və çar istila ordusunu dağıtdığımız, tamamilə qalib çıxdığımız bir zamanda, rəhbərlərin əvvəlki sözlərinə əməl etməməsi və başlarını çar kəndirinə salmaq istəmələri, bütün zəhmətlərimizi hədərə verməklə bərabər, özümüzü də ağır və tarixi bir məsuliyyətin altında qoyurdu.
Qapılar başındakı rəngbərəng bayraqlar bir bayramın nişanəsi deyildi. Bu kimi bayraqları bütün təhlükəli günlərdə konsulxana işçilərinin, çar rəiyyətləri və çar himayəsində olanların qapısında görmək olardı. Mən bu ingilis və çar bayraqlarına baxaraq keçir və düşünürdüm ki, Təbrizdə yalnız bu iki hökumətə arxalanaraq İran kəndlisini, İran yoxsulunu didmək və talamaq mümkündür.
Almaniya, Avstriya, Türkiyə bayrağı görünmürdü, çünki Almaniya və Türkiyə kimi dövlətlərin bayrağında o qədər nüfuz yox idi. Türkiyə, Amerika və Almaniya bayrağı himayəsinə girənlər, yuxarıda göstərilən iki cahangirin himayəsindən qovulanlar idi.
Bu «ingilis bayrağı, bu da çar bayrağı» deyə-deyə qapılara baxıb keçirdim. Axırda başımın üstündə bir Amerika bayrağının asıldığını gördükdə, miss Hannanın qapısında durduğumu anladım. Mən bu evə girməyə və vaxt keçirməyə məcbur idim. Çünki Ninanın evinə getmək mümkün deyildi. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. Miss Hanna balkona baxan buzlamış pəncərənin qarşısında durub məni uzun saatlarla gözləmiş və öz nəfəsi ilə qarşısında durduğu şüşənin buzlarını əritmişdi.
İçəri girdikdə bura nə üçün gəldiyimi düşünürdüm, mən bu qorxulu gecədə Təbriz küçələrinə çıxmağın və uzun bir yolu gəlməyin nə qədər təhlükəli və qorxulu olduğunu belə hiss etməmişdim.
Miss Hanna məni görən kimi xaç çəkərək:
– İsaya şükür olsun ki, sənin, nəhayət, təhlükədən qurtardığına inana bildim. İndi bildim ki, sən çarın qanlı intiqamından salamat qaldın, – dedi. – Səni bir daha bayıra buraxmayacağam, çünki rusların cəza planlarında təqsirli olub-olmamaq nəzərə alınmır. Cəza hər bir təbrizli üçündür. Xalqı qorxutmaq və intiqam almaq üçün çar kəndirinə yüzlərcə boyun lazımdır; o boyun hər kəsin olursa-olsun, fərqi yoxdur.
Paltomu xidmətçi qadına verib oturdum. Əl-üzümü yuyub-paltarımı təmizlətdimsə belə, yenə üst-başımdan barıt qoxusu gəlirdi.
Qızın danışdığını eşidirdimsə də, nə dediyini təyin edə bilmirdim. Yumşaq divanın üzərində oturub zəif bir surətdə nəfəs alırdım. Yorğunluq məni bayılmaq dərəcəsinə gətirmişdi. Dışarı buraxdığım nəfəsimin geri dönəcəyinə belə əmin deyildim. Başımın üstündəki saatın zəngi də sanki çox uzaqlarda vururdu.
Saat ikini vurduqda uzaqlara uçub gedən hislərim diksinərək, kədərlərlə əhatə edilmiş varlığıma qayıtdı.
Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım, miss Hannanın gülərək, yuxulu gözlərimin içinə baxdığını gördüm.
O:
– Sən yorğunmusan? – deyə soruşduqda mən:
– Yorğunam, həddindən artıq yorğunam! – dedim. – Məni bir neçə gün davam edən qanlı hadisələrin təsiri tamamilə yormuşdur.
Miss Hanna yenə də gülümsünərək:
– Səni barıt və dinamit qoxuları da rahatsız edər, – dedi.
Miss Hanna mənim kim olduğuma müəyyən bir qənaət hasil edə bilməsə belə, son hadisələrdə iştirak etdiyimi təyin edə bilmişdi.
– Belə də olmalıdır, – miss Hanna dedi, – madam ki, bura sənin vətənindir, onu müdafiə etməli və ona uzanmaqda olan istilaçı əlləri qırmalısan. İndi mənə söylə görüm yuyunmağa ehtiyacın vardırmı?
– Vardır, – dedim.
– Elə isə qalx, xidmətçi qadın vannanı hazırlamışdır. Qalx, yorğunluğunu unutmağa çalış! Sənin bu yorğunluğun özün üçün böyük bir şərəfdir.
Mən onu öz düşüncəsindən sapdırmaq üçün:
– Sənin düşündüklərindən çox uzaqdayam, – deyə vannaya keçdim.
Vannada başımı əllərimin arasına alaraq oturmuşdum, birdən yaylım atəş səsi eşitdim, bu səsdən yorğunluğum qismən azaldı, çünki yaylım atəşi Əmir Heşmət dəstəsinin Təbrizdən sağ-salamat çıxmasına işarə idi. Əmir Heşmətə bunu tövsiyə etmişdim.
Öz-özümə: Bir dəstə yaxasını qurtarıb getdi, qalanları isə məhv ediləcəkdir, – deyə suyun içərisindən dəli kimi çıxdım. Bağırmaq və çığırmaq dərəcəsinə gəlmişdim. Özümü daha da ağır hiss etməyə başladım, çünki bu qədər qanların məsuliyyəti mənim vicdanımın üzərinə düşürdü; mən yorğun vücudumu bir dağın siqləti altında hiss edirdim.
Get-gedə dincəlməyə və qızın yeknəsəq sözlərini qavramağa başlayırdım.
Qız sözünü yenə də son hadisələr üzərinə gətirərək:
– Təşkilatları var imiş! – dedi. – Daxili düşmənlər imkan versəydi, bunlar İrana girmiş çar qüvvələrini lazımınca döyə bilərdi. Mən bu hadisələr zamanı belə bir qənaətə gəldim ki, iranlıları Şərqin başqa müstəmləkə xalqları ilə müqayisə etmək doğru deyildir. İranlılar müstəmləkəçilik üsulunun acılarını misirlilər, hindlilər, afrikalılar kimi sükutla həzm edə bilmirlər, onlar üsyan etməyi və təşkil olunmağı bacarırlar.
Mən:
– Bunun mühüm bir səbəbi vardır, – dedim, – bu səbəb başqa müstəmləkələrin xalqı üçün mümkün deyildir. İranlılar öz qonşuluğunda baş verən silahlı qiyamlardan ruhlanmaya bilməz. Rusiyada işçilərin çar hökumətinə qarşı düzəltdiyi qanlı çıxışlar, İran yoxsuluna, İran kəndlisinə təsirsiz qalmadı; onlardan bir çox şeylər öyrəndilər. İran inqilabçısı Rusiya inqilabçısının mübarizə üsullarını öyrəndi, Səttar xanın hərəkəti Rusiyadakı beşinci il inqilabından alınan dərslərin birinci imtahanı idi. O bu imtahanı çox gözəl bir surətdə verdi, xətti-hərəkətində zərrə qədər yanılmadı. O da öz qarşısında duran daxili və xarici maneələri bir inqilabçı kimi təsviyə etdi. Səttar xan daxili düşmənlə mübarizə etdiyi zaman, daxili düşmənlərə yardım verməkdə olan çar hökuməti ilə də müvəffəqiyyətlə mübarizədə bulundu, onların açıq müdaxiləsinə imkan vermədi.
Mən bu sözləri danışırkən qız əlini yeməkdən saxlayıb fikrimlə razılaşmadığını bildirən nəzərlərlə mənə baxırdı.
Axırda o:
– Əziz dostum, işin eyibi də, nöqsanı da burasındadır, – dedi. – Mən və amerikalıların hamısı, İran inqilabının da Rusiya inqilabi hərəkatı zəminasində aparılmasına razı deyildik, biz bu fikri tamamilə yanlış bir fikir hesab edirik. İşçi ölkəsində doğulmuş bir hərəkatı, yüz faiz kəndli ölkəsi olan İranda tətbiq etmək fikri nəinki yanlış, hətta gülünc və uşaqcasına bir fikirdir. Hələ Rusiya kəndlisi ilə İran kəndlisini müqayisə etmək və bərabər tutmağın özü də gülüncdür, çünki İran kəndlisi Rusiya kəndlisinə görə ibtidai olduğu kimi, səviyyəcə də onlardan bir neçə qat geridədir. Bunları nəzərə alaraq, biz İrandakı inqilab hərəkatının Rusiya inqilabi hərəkatına əsaslandırılması təcrübəsini xəyanət hesab edirik. Sən inqilabçısan, deyilsən... – orasında işimiz yoxdur, hər halda iranlısan, özün də ziyalısan, belə bir fikrin intişarına çalışmalı və inqilabçıların yanlış fikrini özlərinə deməli və anlatmalısan.
– Gözəl dostum, – dedim, – mən heç bir zaman yanlış fikrin intişarına çalışa bilmərəm, çünki sən öz fikrində yanılırsan.
Miss Hanna mənə təəccüblə baxaraq:
– Əcəba, sən məni nə üçün anlamaq istəmirsən? – xəbər aldı.
– Mən səni çox gözəl anlayıram. Sənin və sənin fikrini intişar etmək istəyənlərin fikri İran inqilabını yanlış yollara çəkmək və onu inqilab hərəkatı təşkilindən uzaqlaşdırmaq deməkdir.
Qız acıqla:
– Xeyr, belə deyildir! – dedi. – Hər bir ölkənin inqilabını onun mədəni səviyyəsi və yaşayış şəraiti yaradır. Rusiya işçisinin nə mədəni səviyyəsi, nə də həyat şəraiti İrandakı şəraitlə bir deyildir, hətta onların tələb və istəkləri də başqadır. Rusiya işçisi «Rədd olsun mütləqiyyət! Məhv olsun çar üsuli-idarəsi!» – deyə bağırırsa, İran kəndlisi tamamilə başqa söz deməkdədir. Bunlar nə padşahlıq rejimi əleyhinə mübarizə aparır, nə də Rusiya işçisi kimi proletar diktaturası tələbini meydana sürür. O, yalnız bir padşahı düşürüb, digər bir padşahın taxta çıxmasını tələb edir. Rusiya işçisi çarlığa qarşı silahlı qiyamlar başladığı zaman, İran yoxsulu, İran kəndlisi padşahdan mərhəmət ricasında bulunur.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qorxulu-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Gizlin sirlərHelmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:
Çar konsulu gəlirÇar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.