Səhifə 2 / 2 · 50%

– Odur, Rənadır! Özüdür!

İlyas bu sözləri dedi, amma onu səsləməyə cəsarət etmədi. Lakin təxir etmək də yaramazdı: qız uzaqlaşır və axşam qaranlığının içərisində itirdi. Yenə də onun adını çəkməyə cəsarət etmədi və yavaşdan səslədi:

– Sənsənmi?!

Qız dərhal dayandı, bir neçə saniyə səs gələn tərəfə baxdı və sonra etinasız bir surətdə cavab verdi:

– Bəli, mənəm! Nə işin var idi?

Bu səs İlyasın qulaqlarına yol tapmadan bütün varlığına və qanına girdi. Qız duran tərəfə irəlilədi, ona yaxınlaşdı, diqqətlə baxdı. Tanıdı, o, Rəna idi, lakin bir neçə gün bundan əvvəl gördüyü Rənaya bənzəmirdi. Əvvəllər onu görürkən boynuna sarılan, başını sinəsinə söykəyib nazlanan, əllərini əlinə alan Rəna deyildi. O sanki heç tanımadığı bir adamın qarşısında durub cavab gözləyirdi. Bir neçə dəqiqə heç birisi danışmadı, nəhayət, Rəna inəyin uzaqlaşdığını görüncə İlyasa sual verdi:

– De görüm, sənin bu tərəflərdə nəyin qalmışdır?

– Özün fikir elə, Rəna, mənim qəlbimin burada qaldığını bilmirsənmi? Bunu bir daha soruşmağa nə lüzum vardır?

– Mən heç bir şey bilmirəm, bilmək də istəmirəm.

– Sən məni bu uzun müddətdə tanıya bilmədinmi? Məni öyrənə bilmədinmi?

– Kişiləri öyrəndim deyən qızlar ancaq özlərinin aldandığını öyrənmiş olurlar.

– Sən bu cür sözləri bir tərəfdə qoy qalsın. Zənnimcə, bu cür sözləri danışmağın vaxtı keçibdir. Görünür ki, mənim xəbərim olmadan bir hadisə üz vermişdir, yaxud bir söz eşidibsən, eləmi?

Rəna çox saymaz bir halda:

– Hamının eşidib bildiyi bir şeyi mənim eşitməyə haqqım yoxdurmu?

– Hamının bildiyi və eşitdiyi bir çox sözlər vardır ki, onlara inanmaq məcburi deyildir. Sən bizim ikimizə aid olan sözləri ancaq məndən eşit. Bizim gələcəyimiz haqqındakı hər bir məsələni ancaq ikimiz həll edə bilərik. İndi mən bildim ki, neçə gündən bəri məndən üz çevirməyinin səbəbi nədir.

– Hərgah sənin öz yaxın adamların bir həqiqəti mənə söyləmiş olursa nə deyərsən? İnanmağa haqqım var, ya yox?

– Rəna, nə üçün belə düşünürsən? Mənim bu məmləkətdə sizdən başqa kimim vardır? Əcəba, mənim kimliyim sənə və atana məlum deyildirmi? Mən heç də sənin aralıq sözlərinə etibar edəcəyinə inanmırdım. Hərgah sən hər yetənin sözünə qulaq assan, o zaman mən tək qalmağa məcbur olacağam.

– İndi artıq sən tək deyilsən, sən daima Əmirin sarayında ziyafətlər və işrətlərdə vaxtını keçirməkdəsən.

İlyas öz sözlərini deyib bitirə bilmədi, onlar artıq Rənanın qapısına yetişmişdilər. Buna görə də İlyas əlini Rənaya tərəf uzadaraq:

– Elə isə salamat qal! – dedi.

Rəna da onun əlini tutub:

– Sən də salamat qal, – dedi, lakin onun əlini buraxmadı.

Onlar durub bir-birinə baxırdılar. İlyas evə girmək istəmirdi. Çünki Rənanın ata-anasından utanırdı.

İnək qapıya yetişərkən öz balasını xəbərdar etmək üçün mələdi. Rənanın anası inəyi qarşılamaq üçün dərhal evdən dışarı çıxdı və Rəna ilə İlyasın durub bir-birinə baxdıqlarını gördü. Qadın İlyası görürkən təəccüb etdi, çünki bu birinci dəfə idi ki, İlyas axşam vaxtı Xanəgah kəndinə gəlmişdi.

İlyas Rənanın anasını görürkən:

– Salam! – deyib durdu.

Qadın isə:

– Əleykəssalam, küçədə nə üçün durmusan, gəl içəri, Əhməd də səni görmək istəyir, – dedi.

İlyas fikirli-fikirli addımlayıb darvazadan həyətə girdi. Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. İlyas, Əhməd kişinin onu görmək istəməsində əhəmiyyətli və ciddi bir məsələ olduğunu anladı.

Şübhəsizdi ki, Əhməd kişi də qızı Rəna dediyi sözləri deyəcəkdi. İlyas içəri girdiyi zaman Əhməd kişi namaz üstündə idi, buna görə də İlyas salam verməyərək ayaq üstündə durub Əhməd kişinin namazdan qurtarmasını gözlədi. Əhməd kişi şam namazını bitirdi, İlyas salam verdi, qoca onun salamını alandan sonra, yanında yer göstərib:

– Oğlum, gəl otur, xoş gəlib, səfa gətirmisən, – dedi.

İlyas da razılıq etdi, başını aşağı salıb oturdu. Əhməd kişi sanki mühüm bir məsələ üzərində düşünürdü, tez-tez əllərini bir-birinə sürtür, ara-sıra əlini saqqalına və başının təpəsinə çəkir və əsəbiləşməmək üçün tez-tez “sübhanallah” kəlməsini təkrar edirdi. Nəhayət, İlyasın üzünə baxaraq başına hərəkət verməklə sözə başladı:

– Oğlum, İlyas, mən elə düşünürdüm ki, qoca vaxtımda iki xoşbəxtliyi birdən qazanacağam: sən də kimsəsiz bir oğlansan, bizim də oğul övladımız yoxdur, var-yox tək bir qızımız vardır. Sevinirdik, düşünürdük ki, yurdumuz boş qalmayacaqdır. Sən də xoşbəxt olacaqsan. Biz də qoca vaxtımızda ayağımızı rahat uzadıb öləcəyik. Xatircəm olacağıq ki, yurdumuzda bir nəfər çıraq yandıran vardır. Ancaq bütün arzularımız boşa çıxdı. Fələk biz düşünən kimi düşünmədi, arzularımız əksinə nəticə verdi. Səninlə qohumluğumuz baş tutmadan böyük bir bədbəxtliyə rast gəldik. Nə edək, bəlkə də qismətimiz belə imiş, hər halda axırımız xeyir olmadı.

İlyas, Əhməd kişinin dediklərini axıra qədər dinləyə bilmədi. Həyəcanlı və təəccüblü bir halda soruşdu:

– Mən sizi bədbəxt edə biləcək heç bir hərəkət göstərmədim, bəlkə siz əsli və əsası olmayan sözlər eşidibsiniz. Rica edirəm, məsələni lazımi qədər təhqiq edin.

Əhməd kişi İlyasın bu sözündən sonra əlini qoynuna aparıb bir məktub çıxartdı və:

– Al oxu, gör bu şayiələrə inanmağa haqqım var, ya yox? – dedi.

İlyas məktubu alıb oxudu, məktubu Əmir İnancın qızı Qətibə imzalamışdı.

“Əhməd kişi, bu məktubu alandan bir həftə sonra Xanəgah kəndindən köçüb getməlisən. Bu müddətin içərisində köçüb getməsən səni, ailəni də həbsə aldırıb, sürgün etdirəcəyəm. Sənin qızına heç bir vaxt oğlanlarla görüşmək və xalqın əxlaqını pozmaq ixtiyarı verilməmişdir.

Qətibə”.

İlyas məktubu oxuyub Əhməd kişiyə qaytardı. Lakin nə cavab verəcəyini bilmədi. Ancaq bir kərə titrək səslə:

– Əmin olun, nə mən, nə də Rəna əxlaqsızıq! – dedi.

Əhməd kişi cavabında:

– Bilirəm, oğlum. Ona söz və şübhə ola bilməz. Lakin bir qızla tanış olduğun zaman əlində imkan olub-olmadığını düşünməlisən. Madam ki, sən Əmir kimi bir adamın qızı ilə tanışsan, onlarla əlaqədəsən, onların evinə gedib gəlirsən, onun qızı ilə yazışırsan, o zaman ikinci bir qızın yaxasını buraxmalı idin. Əvvələn bu yazıq qızın gənc qəlbini həmişəlik yaraladın, ikinci də, mənim bu qoca vaxtımda dərbədər düşməyimə səbəb oldun. Özüm üçün bir kasıb koma düzəltmişdim, bir parça əkin yerim, bir balaca bağçam da var idi. İndi iki inəyi, iki nəfər də qadın və qızı qabağıma qatıb buradan Əlibəyli kəndinə köçməliyəm, bəlkə də, orada özümə bir yuva tapdım!

Əhməd kişinin bu sözlərindən sonra sanki dünya fırlanıb İlyasın başına dəydi. O, Əhməd kişiyə sual verdi:

– Qətibə bu məktubu sizə kimin vasitəsilə göndəribdir?

– Sənin öz yaxın adamınla: Əbül-Ülanın cariyəsi Səba xanımla.

– Mən sizi əmin edirəm ki, bu məktubdan Əmir İnanc qızı Qətibənin xəbəri yoxdur, bunu Səba xanımın özü düzəldibdir.

Əhməd kişi:

– Ola bilməz! – dedikdə, İlyas:

– Ola bilər, çünki Əbül-Ülanın ailəsilə mənim əlaqəm pozulmuşdur. Əbül-Üla Şirvan şahının sarayına köçəndən sonra bizim hamımız ona nifrət etmişik, onlar bunun səbəbini məndə görürlər. Buna görədir ki, haqqımda fitnələr və böhtanlar toxuyub düzəldirlər. Siz əmin olunuz ki, Qətibənin bu məktubdan xəbəri yoxdur. Bu yazı onun yazısı deyil, Səbanın öz xəttidir. Məktubu Qətibə yazmış olsaydı, öz nökəri ilə göndərərdi. Siz öz yerinizdə rahat oturun. İndi o zaman deyil, Əmirin bu cür işlərlə məşğul olmağa vaxtı yoxdur. O, xalq ilə hesablaşmağa məcburdur. Nə onlar, nə də mən qohumluq haqqında düşünürük. Mənim onların evinə gedib gəlməyim başqa bir məqsəd üçündür. Bəlkə də, bunun səbəbini siz gələcəkdə biləcəksiniz. Hazırda Əmir öz mövqeyini əlində saxlamaq üçün yerli xalqa yaltaqlanmağa başlamışdır.

İlyasın bu sözlərindən sonra Əhməd kişinin qəlbi bir az sakit oldu, arvadını otağa çağırıb, məsələni ona da anlatdı, hər ikisi bu xəbərdən razı qaldılar, lakin Rəna otağa gəlmirdi, utanırdı. Əhməd kişi onu səslədi:

– Rəna, otağa gəl! Qonağa qarşı etinasızlıq yaramaz! – dedi.

Rəna əlində süfrə otağa girdi və şam yeməyi hazırlığına başladı. İlyası da şam yeməyinə saxladılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri