Səhifə 2 / 2 · 50%

– Camaat avam, başdakılar elmsiz, tənbəl, xeyrini biləndir. Bununla siz haraya getmək istəyirsiniz?

Mən bu sözləri dinləyib nə cavab verəcəyimi bilmirdim, çünki Nina mühiti lazımi qədər öyrənmişdi. O bizi çox gözəl tanıyırdı. Ona daha başqa cavab vermək olmazdı. Nina dediyi sözlərin eynini bu gün çıxan «Mücahid» qəzeti də yazmışdı. Qəzeti çıxardım. Ninaya tərcümə etməyə başladım.

«Nəmişəvəd!

Bəndə hər vəqti ki, cəhalət və ətaləti-mərdumra mibinəm, hər vəqti ki, laqeydi vəs kəsalətiyi-sərpərstanra mülahizə minumayəm, bilaixtiyar miguyəm ki nəmişəvəd».

Nina bundan sonra daha tənqid etməyirdi. Yorğunluğu gözlərinin altında düşən qara halqadan bəlli olurdu. Doğrudan da, Ninanın öhdəsinə götürdüyü vəzifə həddindən artıq ağır idi. Onun mübarizə apardığı ünsürlər çox sadə və aciz adamlar deyildi. Bu gənc qız Babayev Fətulla xan kimi casusluq və xəfiyyəçilik məktəbi keçən, Mirzə Əlekbər xan kimi məşhur bir diplomatla baş-başa vurur və onların əlindən gizlin sirləri qapmağa çalışırdı. Nina bu günə qədər öz işində nə səhv etmiş, nə də tənbəllik göstərmişdi. Bütün sirləri ələ gətirmişdi.

Çox danışılası sözlər vardı. Ninanın xəstəliyi uzun söhbətə müsaidə vermirdi. Buna görə də saat birdə qalxıb getmək istədim. Nina məni qapıya qədər yola salaraq:

– Bəlkə də, mən sabah işə çıxmadım. Nahar yeməyinə evə gələrsiniz, – deyib qayıtdı.

İki gündən bəri Tütünçüoğlunu görməmişdim. Onu evindən soruşmaq üçün yolumu Əhrab məhəlləsindən saldım.

Qapılarını döydüm. Anası Nazlı xanım qapıya gəldi. Məni görüb oğlunu soruşdu:

– Mən onu iki gündür görməmişəm! – dedikdə Nazı xanım ağlayaraq:

– Sallax Süleyman onu aldadıb aparıb. Qorxuram başına bir iş gəlsin. Oğlumu səndən istəyirəm, – dedi.

İndi onu kimdən xəbər almalıyam? Təbriz böyük, gecə saat ikinin yarısı. Burada kimi tapmaq olar? Qadına xatircəmlik verib qayıtdım.

Mən Küçə-bağ tərəfə getməyə başladım. Sərhəngzadəyə rast gəldim. Tütünçüoğlunu soruşdum. O, Sallax Süleymanla gördüyünü, yaxın evlərin birində kef çəkdiklərini xəbər verdi.

Sərhəngzadəni qaytarıb düz-doğru kef məclisi qurulan yerə getdik. Qaranlıq bir dalandan keçdik. Sərhəngzadə dar və alçaq bir qapının çaxçaxını vurdu. Yoğunbığ bir kişi qapıya gəldi. Sərhəngzadəni tanıdı. Tütünçüoğlunun burada olub-olmamasını soruşduqda:

– Bəli buradadır. Başqa qonaqlar da vardır. Buyura bilərsiniz, – dedi.

– Xeyr! – dedim, – işimiz vardı. Yalnız Tütünçüoğlunu aparmaq üçün gəlmişik.

O, qayıdıb getdi. Sərhəngzadə bunun köhnə mütrib saxlayan Səməd dayı olduğunu xəbər verdi və burada hər cür əxlaqsızlığın baş verdiyini söylədi.

Bir azdan sonra Tütünçüoğlu, Sallax Süleyman və başqaları qapıya gəldi. Onlar bizi içəri aparmaq üçün olmazın andlar verdilər. Biz içəri girmək istəmirdik. Girməməyi də qət etmişdik. Lakin Sallax Süleymanın:

– Qorxmayın, sizin başınızdan bir tük əskik olmaz! – deməsi Sərhəngzadəni içəri girməyə məcbur etdi, çünki öz iyidliyinə məğrur olan Sərhəngzadə Sallax Süleymanın bu sözünü heç vaxt götürə bilməyəcəkdi.

Mən həm Sərhəngzadəni, həm də Tütünçüoğlunu tək buraxıb qayıtmağı vicdanıma sığışdıra bilmədim, çünki bunların hər ikisi mənim inanılmış tanışlarım idi. İçəri girdik. Kiçik bir xiyabandan dolanıb yarımqaranlıq bir dəhlizə girdik. Səməd dayı pərdəni qaldırıb «buyurun!» dedikdən sonra içəri girdik. Kiçik bir otaq böyük lampalarla işıqlanmışdı. Otağın quruluşu buranın yalnız kef üçün düzəldiyini göstərirdi. Otaqda xalçadan, şərab şüşələrindən, piyalələrdən, mizlərdən, tardan, kamançadan başqa şey gözümə dəymədi. Otaqda bizdən başqa 6 nəfər müsəlləh adam vardı. Hər nəfərin də yanında üzüörtülü bir qadın əyləşmişdi.

Biz içəri girdikdə hamı ayağa qalxdı. Birağızdan:

– Səfa gətirmisiniz, gözümüz üstündə yeriniz vardır, – deyə yer göstərdilər. Mən hər ehtimala qarşı hazır olmaq üçün pəncərənin qabağında oturdum. Yanımda rus naqanı, iki dənə də kiçik əl bombası vardı.

Bizə içki təklif etdilər. İçkiyə meylimiz olmadığını söylədik. Bunlar içirdilər. İçkiləri yalnız araqdan ibarət idi. Hər kəs piyaləni araqla doldurub yanındakı qadın aşnasına verirdi. Qadın isə üzündən ağ örtüyün ucunu qaldırıb piyaləni içir və geri qaytarırdı. Deyəsən, yemək şeyləri yox idi. Hamı içdikdən sonra şor qabaq toxumu çırtlayırdılar. Bizə çay gətirdilər. Aralıqda qızarmış odla dolu bir manqal da qoyulmuşdu. Qadınlardan birisi tiryək çəkirdi. Qadının özü hoqqanın ucunu rübəndin altında tutub sümürür, yanındakı kişi isə maşadakı odu hoqqanın deşiyinə yapışdırılmış tiryəkin üzərinə tutmuşdu.

Bunların hamısı mücahid idi. Tüfənglərini oturduğum pəncərənin yanındakı bucağa söykəmişdilər.

Sərxoşluq artırdı. Onlar özlərini ağır tutmağa çalışsalar da, sərxoşluq buna imkan vermirdi. Mən və Sərhəngzadə Tütünçüoğlunu qaldırmaq üçün bir neçə kərə işarə etdiksə də, mümkün olmadı.

İçki davam edirdi. Bu halda dörd nəfər qadın içəri girdi. Qadınların biri oxuyan, ikisi tar-kamança çalan, dördüncüsü isə rəqqasə idi.

Qabaqca çalıb-oxudular. Oxuyan qadını «Dilaram» deyə səsləyirdilər. Qadının bir azca çopuru vardı. Buna baxmayaraq, gənc və məlahətli idi. Qiyafəsi iranlı qiyafəsi deyildi. Tehranlı olduğunu söyləyirdilər. Hafiz Şirazinin qəzəllərini çox düzgün oxuduğundan savadlı olduğu aydın idi. Fars qızı idi. Azərbaycanca danışa bilmirdi. «Mən oxuyar», «mənim bilmirəm» kimi sözlərlə azərbaycancanın qol-qabırğasını qırıb danışırdı. Sonra rəqqasə də ortalığa düşüb oynadı. Qollarını çirkin bir tövrlə sallayaraq oynayırdı.

Məhəmmədağa adlı bir gənc iki qadının arasında oturmuşdu. Məhəmmədağa çox kefli idi. Əlini atıb yanındakı qadının örtüyünü götürdükdə:

– Vay sənin məzhəbini... Tutu sənsənmi? – deyə əlini xəncərinə atdı. Sallax Süleyman isə bunun xəncərini alıb özünü döydü.

Tutunun Məhəmmədağanın qadını olduğu və Sallax Süleymanla kefə gəldiyi aydınlaşdı. Bir neçəsi durub Məhəmmədağaya kömək çıxmağa başladı. Mən burada böyük fəlakət törəyəcəyini, heç olmasa qadınlardan bir neçəsinin tələf olacağını yəqin etmişdim. Vuruşma qızışdı. Hamı yüyürüb bucaqdan tüfəng götürmək istədikdə ayağa durdum, bombanı çıxardım:

– Əllərinizi yuxarı qaldırın! Yoxsa hamınız tələf olacaqsınız! – dedikdə hamısı yerində quruyub qaldı. Sərhəngzadə onların hamısını tərk-silah etdi. Silahları götürüb mənim mənzilimə yola düşdük.


Səhər saat 10-da İnqilab Şurasının iclası çağrılmışdı. Çoxdan bəri evinə qapanmış Hacı Mehdi ağa da iclasda iştirak edirdi. Yenə də taxıl və mücahidlər sırasında təmizlik aparmaq məsələsi müzakirə olunurdu.

Mən gecə gördüyüm rüsvayçılıqdan, mücahidlərin sərxoşluq və əxlaqsızlıq etməsindən söz açıb təmizlik aparmaq haqqında danışdım. Hacı Mehdi ağa danışdı. Səttar xanın danışdıqları yenə də həmişəki sözlərdən ibarət idi.

«Biz təmizlik apara bilmərik. Pis vaxtdır. Biz əllaf deyilik. Buğda ticarəti ilə məşğul olmağa vaxtımız yoxdur. Hər kəsin taxılı varsa satacaqdır. Ölüsünün goruna tökməyəcəkdir ki» – deyə əvvəlki sözlərini təkrar edirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri