Təbrizlilərə müraciət
«Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər!
Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının!
Bu gün silaha sarılaraq inqilabi mübarizəyə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil, rus xalqını da İran yoxsulları ilə birlikdə istismar edən çar hökuməti əleyhinədir. Onların da, bizim də çar hökumətinə qarşı apardığımız mübarizənin məqsədi birdir. Küçələrdə və meydançalarda təsadüf etdiyiniz rus yaralılarına ibtidai yardım veriniz: ölənləri qaldırıb müəyyən yerlərə qoyun, mədəni olun! Hər yerdə, hər işdə bir inqilabçı kimi hərəkət edin.
Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə rəisi Əmir Heşmət».
Belə bir müraciətnaməni buraxmağın böyük səbəbi var idi. Çar konsulu İranda yaşayan əcnəbilər, xüsusən Rusiya konsulxanası ilə heç bir əlaqəsi olmayan Rusiya təbəəsi arasında, iranlılar və eyni zamanda Təbriz inqilabçıları haqqında belə bir fikir hazırlamışdı:
«Vəhşi və mədəniyyətsiz təbrizlilər mədəni avropalıları qırmağa və məhv etməyə hazırlaşır».
Çar konsulunun avropalılar arasında belə bir şayiə yayması da çox da təəccüblü bir iş deyildi, çünki Şərq ölkələrinə müstəmləkəçilik fikri ilə soxulan bütün Avropa dövlətləri «vəhşi şərqliləri mədəniləşdirmək» və mədəni bəşəriyyəti «vəhşilərə qarşı müdafiə etmək üçün gəlirik» deyərək, istilaçılıq siyasətlərini mədəniyyət sözü arxasında gizlətməyə çalışırlar.
Çar konsulu Təbrizdə inqilabçı nəzmiyyəni tərk-silah etmək istəyirdi, həmən yuxarıda göstərilən fitnəkar şüarını aralığa atmaqla müvəffəqiyyət qazanmışdı. Lakin Əmir Heşmətin inqilabçı nəzmiyyəsi özünün buraxdığı müraciətnaməsinə sadiq qaldı. O, bir nəfər də olsa avropalının və xüsusən Təbrizdəki rus xalqının zərər çəkməsinə imkan vermədi. O, sözdə deyil, işdə də göstərdi ki, Təbriz inqilabçısı rus xalqının deyil, rus xalqını qanlı cəbhələrə sürən və bununla da rus kapitalistlərinə yeni bazarlar axtaran Rusiya çarının əleyhinədir.
Lakin Əmir Heşmətin nəzmiyyəsi üçgünlük müharibədə öz qarşısında yalnız rus soldatını deyil, çar konsulunun müxtəlif təbəqələrdən təşkil etdiyi könüllü ordunu da gördü. Onlar konsulxana işçiləri, konsulxana ilə əlaqədə olmayan, lakin konsulun Təbrizdə apardığı siyasətə yardımçı ruslar və çar təbəəsi sayılan, lakin rus olmayan şəxslər idi. Konsulxana mütərcimlərindən Mirzə Fətullah xan, konsulxana binasının damında düzəltdiyi səngərdə oturmuş, əlindəki üçaçılan tüfənglə hər gördüyü təbrizlini vurub yıxır və öldürdüklərini sayırdı. Üç gündən bəri bu tüfəngin səsini eşitməyən təbrizli yox idi.
Mirzə Fətullah xanın qurbanları arasında bir nəfər də əlisilahlı yox idi, çünki ümumiyyətlə, çarpışma, konsulluqlar yerləşən məhəllələrdən çox uzaqda gedirdi.
Mirzə Fətullah xanın öldürdüyü adamlar avam, heç bir siyasətə qoşulmayan, hətta vuruşma gedən sahələrə yaxın düşmək istəməyən təbrizlilər idi; bunların sayı 300 nəfəri keçirdi.
Müharibədən sonra bu çar casusu «bir dənə də olsun gülləm boşa çıxmadı», – deyərək fəxr etməkdə idi.
Üçgünlük qanlı vuruşmalar çar soldatları və kazaklarının məğlubiyyəti ilə nəticələndi.
Çar ordusu üç qola ayrılmışdı: onların bir qolu Şahzadə bağına qapanmış, ikinci qolu darmadağın olmuş, üçüncü qolu isə karvansaralara çəkilərək atışırdı.
Çarpışma sakit olar-olmaz, biz buraxdığımız müraciətnamənin nəticəsini yoxladıq və çox təəssüf ediləcək bir hadisənin şahidi olduq. Ölənlərin bir çoxu gizlədilmiş və quyulara tökülmüşdü. Bu xəyanətlə mübarizə aparmaq mümkün deyildi. Çünki bunu edən inqilabçı xalq deyil, yerli burjuaziya, seyidlər və ruhanilər idi. Onlar Təbriz inqilabçılarını vəhşi qələmə vermək siyasətini yürüdən konsulun yanında da üzüqara olmamaq üçün onun göstərişinə əməl etməklə, öz qapıları qarşısında düşən ölüləri götürüb gizlətmişlər.
Biz Culfadan İran teleqrafxanası vasitəsilə verilən teleqramda Tiflisdən, Aleksandropol və Yerevandan Təbrizə gələn çar qoşun hissələrinin Araz çayını keçdiyi xəbərini aldıq. Buna görə də vaxt ikən qərara aldığımız üzrə Əmir Heşmətin nəzmiyyə dəstəsi və onunla bərabər bütün rəhbərlərinin Təbrizdən getməsi üçün tədbir tökməyə başladıq və əvvəlcə Təbrizdəki böyük dövlətlərin nümayəndələrinə bir məktub göndərdik. Çünki çar konsulu son hadisələrin məsuliyyətini Təbriz inqilabçılarının üzərinə yıxmağa çalışırdı.
Bu məktubla biz istədiyimizə nail ola bilməyəcəkdik, çünki Təbrizdə mühüm rol oynayan konsullardan birisi İngiltərə konsulu idi ki, o da rus konsulunun Təbrizdəki cinayətlərinə şərik idi. Buna baxmayaraq, biz yenə də tarixi bir vəsiqə olmaq üzrə konsullara aşağıdakı məktubu göndərdik:
«Böyük Dövlətlərin nümayəndələrinə
Çar hökuməti Təbrizdə düzələn nəzmiyyə təşkilatını, müstəqil bir ölkədə düzələn bir təşkilat kimi tanıya bilmədi. Buna görə də nəzmiyyə işlərinə müdaxiləyə başlayaraq nəzmiyyə binasının damından telefon xətti çəkmək bəhanəsilə dörd nəfər nəzmiyyə nəfərini tərk-silah etdirdi.
Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. Çünki Tehrandan Təbriz hökuməti başına göndərilən Müxbirüsəltənə, çar müdaxiləsi nəticəsində Təbrizdən getməyə məcbur olduğu və Tehrana qayıtdığı gündən bəri, onun yerində hazırkı nəzmiyyə rəisi Əmir Heşmət oturur. Çar konsulu, Müxbirüsəltənənin azad hərəkət yolunu davam etdirən Əmir Heşməti çəkə bilmədi. Lakin Əmir Heşməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna Müxbirüsəltənənin Təbrizdən qovulması kimi ucuz oturmadı, çar konsulu öz xain siyasəti nəticəsində minlərcə İran yoxsulunun, minlərcə də rus işçi və kəndlisinin məhvinə səbəb oldu.
Təbrizlilər, keçmişdə olduğu kimi, bu son hadisə zamanında da, çar müstəmləkəçiliyinin qanlı təcavüzlərini həzm edə bilmədi.
İran xalqının əhvali-ruhiyyəsi ilə və azad bir ölkənin istiqlaliyyəti ilə hesablaşmayan çar hökuməti Tehranda olduğu kimi, Təbrizdəki qanlı əməliyyatından dəxi özü üçün müsbət bir nəticə əldə edə bilmədi.
Çar konsulxanası yeddinci illərdən başlayaraq İran Azərbaycanında olan bütün əks-inqilabçı qüvvələri öz ətrafına topladı. İrandan qovulmuş Məmmədəli şahı yenidən İrana gətirmək yolunda çalışdı, lakin yenə də məğlub oldu. Dörd ildən bəri əks-inqilab başında duran Hacı Səməd xan Şücaüddövlənin cinayətlərini idarə edən çar konsulluğu neçə aydır ki, ona çar hökumətinin yaylağı Nemətabadda ziyafətlər verir. Hacı Səməd xanın Təbrizə nə məqsədlə gətiriləcəyini əcnəbi dövlətlərin nümayəndələri bilməmiş deyil. Hacı Səməd xanı bir çar general-qubernatoru sifəti ilə Azərbaycan əyalətinə təyin etmək üçün Təbrizdə qanlı bir təbəddülatın yaranması və istiqlaliyyətin son nişanəsi olan nəzmiyyə təşkilatının darmadağın edilməsi lazım idi.
Çar konsulu böyük qurbanlar verməsinə baxmayaraq, öz məqsədinə nail oldu, tarixin lənətlərinə layiq olan bir məsuliyyəti öhdəsinə götürməkdən çəkinmədi.
Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə təşkilatı rəisi Əmir Heşmət.
5 məhərrəm 1328 hicri».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebrizlilere-muraciet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
“Mələkə”Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.
NəsihətToğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.
Başqa şairlərin şeirləri
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!Bir löqmə nan üçün gözü giryan olan çocuq!
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Tarixگوهری حمدی که باشد از جواهر آبدارنشر باشد بر فضای در که پرورد کار
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,