Səhifə 1 / 2

Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:

“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.

Həşəmətmaab həzrətlərinə xəbər verilməsi lazım gələn məsələlərdən birisi də əlahəzrətin Azərbaycan qoşunlarına məsarif verməməsindən ibarətdir. Bu barədə Həşəmətmaabın əmrini gözləyirik.

Əlahəzrətin əmrinə görə təzə qoşun dəstələri düzəlir. Qoşunun rəhbərləri keçmişdə Həşəmətmaab tərəfindən tərk-silah edilmiş rəislərdir.

Aralıqda gəzən şaiyələrə görə Həmədanda olan Azərbaycan qoşunlarını məmləkətin başqa tərəflərinə göndərmək istəyirlər. Alınan xəbərlərə görə Qətibə xatunun Həmədana gətirilməsi münasibətilə Atabəy sarayını təmir etdirirlər. Bu gün Həşəmətmaabın Rey məmləkətinə göndərdiyi dəstələrinin birinci hissəsi Həmədana qayıtdı. Qoşunun nə səbəbə geri qaytarılması məlum deyil. Hələlik əlahəzrət bu qoşunun nə vəzifə ifa edəcəyi haqqında bir əmr sadir etməmişdir. Bu barədə Həşəmətmaabın əmrinə müntəzirik.

İki gün əvvəl Həmədana Bağdaddan on nəfərdən ibarət bir heyət gəlmişdi. Onlar burada bir gün qalandan sonra Azərbaycan tərəflərinə yola düşdülər. Hər halda əlahəzrətin məmləkəti idarə etmək barəsindəki hərəkəti şübhəlidir. Paytaxtda kimliyi məlum olmayan adamlar həddindən artıqdır.

Əlahəzrətin sarayına qarovul təyin edilmiş azərbaycanlılar təzədən mənim sərəncamıma göndərilib, yerlərinə İraq qoşunları təyin edildi. İşdən qovulmuş vəzirlər təzədən əlahəzrət tərəfindən işə götürülmüşdür.

Əlahəzrətə verilən məruzə məktublarının heç birisinə cavab almırıq, şəhərin mühafizəsi və qələbəyilik vəzifəsi mənim ixtiyarımda olduğuna baxmayaraq Həşəmətmaab tərəfindən dara çəkilmiş şəhər mühafizəsi rəisinin qardaşı bu işə təyin olunmuşdur. Buna görə də təklifiniz müəyyən edilməlidir”.

Qızıl Arslan Fəxrəddin və Əlaəddinin məktubunu alan kimi Toğrulun və Qətibənin inadlarında davam etdiklərini təyin etdi və Qətibə xatuna belə bir məktub yazdı:

“Möhtərəm mələkə!

Cənab haqqın inayət və mərhəmət sayəsində salamat yaşadığınızı eşidib həddindən artıq şadlandım. Bağdad səfərimiz haqqında sizə təfsilən yazmışdım. O barədə bir daha yazmaq istəmirəm. Lakin bu günlər paytaxtdan gələn xəbərlər məni olduqca rahatsız edir. Əlahəzrət yenə də məmləkətin dostu olmayan bir çox şəxsiyyətləri iş başına gətirməklə, Azərbaycan xalqının qanı ilə əldə etdiyimiz qələbəni uduzmağa çalışır. O, Həmədanda olan Azərbaycan qoşunlarının vəzifələrini azaldır, xain vəzirləri iş başına gətirir, hətta məmləkətin düşmənləri olan qonşu hökumətlər ilə də əlaqəyə girir.

Təbrizə gələn xəbərlərə görə mələkənin də Həmədanına getmək xəyalı var imiş. “Mələkə həzrətləri bir daha Həmədandan çıxmağa məcbur olmasın” – deyə mən məsləhət görmürəm. Əlahəzrətin hərəkətləri mənim bir daha Həmədanı işğal etməyimə səbəb olacaqdır.

Rey məmləkətinin idarəsi barəsində ümid etmədiyim xəbərləri eşidirəm. Mən heç vaxt məmləkətin mühüm bir hissəsinin əcnəbi himayəsinə keçməsinə imkan verməyəcəyəm. Nə qədər Qızıl Arslan sağdır, Atabəy məmləkətinə əcnəbi əli uzadıla bilməz. Mən ölsəm də azərbaycanlılar mənim məqsədimi təqib edəcəkdir. Mən qardaşım oğlu Qütlüğün igidliyinə inanıram. Hərgah ona təsir yetirəcək xain əllər vardırsa, onu müdafiə edən qılınclar da yox deyil. Mən əlahəzrətin Rey məmləkətinin idarəsi haqqındakı fikrini bilmirəm, mələkəyə öz şəxsi fikrimi yazıram. Mən heç vaxt nə mələkənin oğlunun, nə də əlahəzrətin Rey barəsində başqa bir hökumətlə bağladığı müqaviləni tanımayacağam”.


Hüsaməddin Xarəzmdən Həmədana qayıdan kimi əlahəzrət Toğrul tərəfindən qəbul olundu və Qətibəyə məktub aparmaq üçün Rey şəhərinə yola düşdü.

Qütlüğ İnanc köhnə dostunu çox hörmətlə qəbul etdi. Ona ziyafət və xələt verəndən sonra, Qətibə ilə görüşmək üçün Şimran yaylasına yola saldı.

Qətibə tək idi. O çox kədərli idi. O, Rey şəhərinə göndəriləndən sonra büsbütün dəyişmişdi. Əsəbləri pozulmuşdu, işsizlik onu xəstələndirmişdi. Qızlığından bəri macəra və intriqalara adət etmiş bu qadın siyasətə, intriqa və ixtilafa qoşulmadan yaşaya bilmirdi. O, Qızıl Arslan tərəfindən Rey şəhərinə sürgün edildiyinin birinci ayında Səba xanımın cariyələrlə nökərlər arasında düzəltdiyi döyüşmə və ixtilaflarla vaxtını keçirirdi. Nəhayət, bu məşğuliyyət də onun üçün uzun çəkmədi, iki cariyə özünü suya atıb boğandan, birisi də özünü zəhərlədikdən və bir nökər isə Səbanın dediyi üzrə cariyələrlə əlaqədə olmasilə töhmətlənib döydürüldükdən sonra Qətibə daha da əsəbiləşib Səbanı öz yanından qovdu.

Gün batırdı, o, yerindən bir xəstə kimi qalxıb güzgünün qarşısına gəldi. Uzun dəqiqələr güzgünün qarşısında durub bütün varlığını gözdən keçirdi, lakin o özünün tamamilə dəyişdiyini hiss etmədi, çünki o, hər gün güzgüyə baxdığı zaman:

“Yenə də dünənkiyəm, çöhrəmdə, əndamımda heç bir dəyişiklik yoxdur” – deməyi adət etmişdi. Yenə də həmin sözü dedi.

Doğru deyirdi. O, dünənki idi, lakin “dünənki” sözü təkrar edilə-edilə 20 ilə varmışdı. Onun Nizami şerini əzbərlədiyi gündən, doğrudan da, iyirmi il keçirdi. O, daima güzgüyə baxıb öz gözəlliyini təqdir etdiyi zaman Nizaminin bu şeirini oxuyardı:

“O gözəl, incə sevgilərdən şən,
Bir çiçəkdir doğuldu şəbnəmdən”.

Qətibə güzgünün qarşısında durub bu şeri bir daha oxudu və öz-özünə dedi:

– O daş ürəkli şair bir şeri mənim üçün yazmasa belə, mən daima özümü həmin şerin kəlmələri içərisində görürdüm. Mən heç vaxt qocalmayacaqdım. Çünki mən sevə bilərdim, həm də ki, gözəlliyim solmaz bir gözəllik idi. Lakin o şair mənim gözəlliyimə qarşı sui-qəsd etdi. O bununla kifayətlənmədi, mənim bədbəxtliyimdə də iştirak etdi, mənim düşmənlərim ilə dostluğa başladı. Atamın qatilləri də onun dostlarının cərgəsində idi. Lakin mənim gözəlliyim hələ təslim olmamışdır. Gözəlliyim ona qarşı bir çoxlarının düşmən hisslərini coşdura bilər. Birisinə öz mərtəbəm üçün ərə getdim, o birisinə də oğlumun gələcəyi üçün ərə getməliyəm. Kim bilir, bəlkə başqasına da gedəcəyəm. Lakin bunların heç birisi ər deyil, mən də onlara qadın deyiləm. Bu dünyada aldadanlar və aldananlar hədsizdir. Mən də onların birisiyəm. Axırda kimlər qalib gələcəkdir?! Yalançı sevgiliyə əsir olanlar məğlub, başqalarını öz sevgilərinə inandıranlar isə qalib gələcəkdir.

Qətibə bunları dedikdən sonra bir daha güzgüyə baxdı və yavaşdan dedi:

– Bilmirəm, mən bu yaşımda və solmağa başlayan gözəlliyimlə bir qəlbə girməyi bacara biləcəyəmmi? O mənə inanıb öz məğrur başını dizimin üstünə qoyacaqdırmı? Mən o zaman onu məhv edər və onun dostluğu ilə fəxr edən və ona öyüd verən şairi də onun dalınca yoxluğa tərəf göndərərdim.

Qapı açıldı, cariyə gəlib:

– Bir nəfər müsafir mələkə həzrətlərini görmək istəyir, – dedi.

Qətibə güzgüdən aralanıb:

– Buyursun! – dedi və öz-özünə danışdı: “Ah, ey mənim mənfur bəxtim, sən bir dəfə də mən düşündüyüm kimi düşünsəydin! Sənə aylarca yalvarıram, lakin yenə də mənim əməl və arzularımın əleyhinə gedirsən. Əcəba bədbəxt bir qadını güldürmək və kədərli bir qəlbi sevindirmək sənin üçün ağırdırmı? Çətindirmi? Sən mənə nə Hüsaməddindən bir xəbər, nə də Toğruldan bir məktub qazandıra bilmədinmi? Sən məni tamamilə məhv etməkmi istəyirsən?”.

Bu sözdə Hüsaməddin içəri girib salam verdi və mələkənin ayaqlarından öpmək üçün diz çökdü. Qətibə isə onun qolundan tutub qaldırdı və dedi:

– Qalx, mənim ruhum, qalx! Qalx dostum, qalx! Səni bura gətirən mənim iqbalımdır. Bəxtim mənə gələcəyin qalibiyyət xəbərini verdi.

Qətibə bu sözlərdən sonra özünü Hüsaməddinin qucağına atdı, dodaqlarını onun dodaqlarına dayadıqdan sonra yenə də həmişə olduğu kimi:

– Dalısı sonra, dediklərim həyata keçdikdən sonra, – dedi və Hüsaməddinin əlindən yapışıb öz yanındakı səndəlin üzərində oturtdu, sual verdi:

– Mənim ruhum, səni həbsxanadan kim qurtardı?

– Məni mələkənin əmri və Səba xanımın köməyi qurtardı.

– Həmədandan danış görüm nə vardır? Onlar öz mələkəsini unutdumu?

– Xeyr, mələkə həzrətləri. Sizin dostlarınızın hamısı Həmədana gəlibdir. Onlar öz möhtəşəm mələkəsinin yolunu gözləyirlər.

– Doğrudan da yolumu gözləyirlərmi?

– Bəli, yolunuzu gözləyirlər. Atabəy qəsrinin təmirinə başlanıbdır.

Qətibə bu sözdə dodaqlarını bir daha Hüsaməddinə uzadaraq soruşdu:

– Sən bunu doğrumu deyirsən?

– Atanızın ruhuna and içirəm! Əlahəzrətin məktubunu gətirmişəm.

Hüsaməddin bunu deyərək, Toğrulun məktubunu Qətibəyə verdi. Lakin Qətibə sevindiyindən oxuya bilmirdi, hərflər onun gözündən qaçırdı, ürəyinin çırpıntısı göz bəbəklərinin hərəkətinə səbəb olurdu. Nəhayət, əlləri titrəyə-titrəyə məktubu Hüsaməddinə uzadaraq:

– Al oxu, mənim ruhum, al oxu, – dedikdə Hüsaməddin məktubu alıb oxumağa başladı:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri