Səni görməkçin, inan ki, bir ömür yol gəldim,Yaşadım daima sevginlə, gözəl İstanbul!

Səni gördükdə çocuqtək nə qədər kövrəldim,Gəl basım bağrıma candan səni gəl, İstanbul!

Min ömür, məncə, bu aləm dolu sevdaya dəyər,Uğradım qoynuna könlüm kimi xoş vaxtında.

Bir şəhərsən ki, gözəllikləri dünyaya dəyər,Yaradan sanki yaratmış səni boş vaxtında!

Səni türk eylədi türkün qulu Mehmet Fateh,Qovuşubsan duru bir ovqata, türkün şəhəri!

Söyləyim, inciməsin, qoy, ulu Mehmet Fateh,Atatürkün gözüsən, ey Atatürkün şəhəri!

Türklərin varlığısan, mənliyisən dünyada,Türkülərdir yaşadan ruhumu beş yüz sənədir!

Olmamışdım hələ gerçəkdə olan röyada,Bu nə əfsanələşən ənənədir, təntənədir?!

Sən hara, mən hara? Eşqinlə şaşırmış kimiyəm,Adladım yeddi təpəndən, böyük aləmsən sən!

Göylərin yeddi qatında dolaşırmış kimiyəm,Necə doğma, necə munis, necə məhrəmsən sən!

Mavi camelərin üstündə işıldar fosfor,Şəfqətiylə ulusun daima ruhun çağlar.

Çırpınan dalğalarıyla səni səslər Bosfor,Bir daha basmaz ayaq torpağına alçaqlar!

Bir gözəlsən ki, yabançı əli yox boynunda,Qüllələr düşməninin bağrını dəlmiş oxdur.

Varlığın sirləridir saxlanılan qoynunda,Səndə yox söylənilən, yox denilən şey yoxdur!..

İstanbul, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri