Qürbətdə uzun yolçuluğun zövqünə daldıq,Bir ömrə dəyən günləri bir-bir yola saldıq.

Avropa gözəl, Asya əziz, Afrika dadlı,Sevdalı könüllər nə qanadlı!

Bir başqa səfərdi o səfər, mutlu səfərdi,Ünvan nə qədərdi!..

Saymaqla bitərmi o limanlar,Anlar, əbədiyyət kimi anlar!

Ellər, gözəl ellər,Ellərdə axıb dalğalanan nəğməli dillər.

Hər ölkəyə insan kimi getdik,Aləmlərə meyl eylədik, aləmlər eşitdik.

İnsan kimi ömr eyləyən insan nə gözəldir,İnsanlara insan kimi baxsan nə gözəldir!

Bir axşam Azərbaycana döndük gəmimizlə,Güldük yenə aləmlə dolu aləmimizlə!

Elliklə ucaldıqca ucaldıq,Aləm dolu yurdun, ulusun zövqünə daldıq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən