Leyli və Məcnun
Səhifə 2 / 2 · 50%
Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır.
Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir.
Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər.
Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur.
Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir.
Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir.
Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir.
Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar.
Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər.
Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir.
Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür.
Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür.
Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir.
Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir.
Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir.
Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”.
Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır.
Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir.
Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur.
Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl:
Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış.
Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir.
Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir.
Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır.
Padşah dərhal nədimi hüzuruna gətirdir:
– Bu nə möcüzədir?! – deyir.
– Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar.
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-azerbaycan-sairi-nizami-leyli-ve-mecnun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
EY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
Çağdaş Azərbaycan ədəbiyyatıBir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.
Çağdaş Azərbaycan tarixiXanımlar, bəylər!“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.
M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqiHəzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin güşəsindən bugünkü hali-övzamızdən, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə fiiftar olmasından şikayət etdi.Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar.
Başqa şairlərin şeirləri
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
ما نیز در دیار حقیقت، توانگریمکالای ما چو وقت رسد، کارهای ماست
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,