Dinində dövlətin zülm haramdır,
Zalımlara dövlət candan düşmandır.
Samanlığa eşşək düşərsə nagah,
Deməm yazıq eşşək, samana eyvah!

N i z a m i

Fərdi cəmiyyət üçün çalışmağa borclu bilən Nizaminin dövləti təmsil edən hökmdarlara verdiyi tələbləri də gözdən keçirmək lazımdır.

Yaradılışda ikilik qəbul etməyən Nizami üçün şüurlu insan cəmiyyətində başlıca şey ictimai ahəng və ədalətdir. Dövlət təmsil etdiyi cəmiyyəti bir-birini didən düşmən zümrələrin yırtıcı ehtiraslarının ixtiyarına verməməlidir. Onun ən böyük işi – varlığının hikməti – asayişi təmin etmək və ədaləti yaymaqdır.

Nizamiyə görə, dövlət anlayışı ilə zülm anlayışı bir araya sığa bilməz. “Dövlət məzhəbində zülm haramdır. Zülm edən adam dövlətlə dost ola bilməz”. Dövlətin başına keçmiş zalım padşahı şair “samanlığa girmiş eşşəyə” bənzədir və “eşşəyə deyil, samanlığa yazıq” deyir.

Ideal dövlətdə ağıllı hökmdar bütün işləri işbilənlərə həvalə edir: İskəndər belə etmişdir. Bilikli məsləhətçilərin köməyi ilə dövlət, qocaların təcrübəsini gənclərin gücü ilə birləşdirərək fəaliyyət göstərir. Nizamiyə görə, dövlət başçısı “sürüyə cavabdeh bir çobandır”. Hətta bundan da məsuliyyətli bir mövqedədir. Başdakı beyin bədənin bütün üzvlərini idarə etməkdə hansı mövqedədirsə, dövlət başçısı da onun kimidir. “Əl ayağın fəaliyyətindən razı deyilsə, cavabdeh başdır”.

Fərd dövlətə münasibətdə müəyyən vəzifələri icra etməyə borcludur. Amma fərd, hər hansı dövlətdə yalnız vəzifə daşımağa borclu deyil, həm də bir sıra hüquqlara malikdir. Padşahlara xitab edən şair “heç bir fərdə zor və lovğalıqla baxma, o da özünə görə möhtəşəmdir” – deyir.

Nuşirəvanın vəziri Büzürcmehrin bayquşların dilindən tərcümə etdiyi söhbəti yəqin ki, xatırlayırsınız. Nizami eyni təkidlə, hökmdarları zülm işlətməkdən daim çəkindirir. “Padşahın əsl düşməni zülm edən ədalətsiz məmurlardır. Xalq zülm edəndən üz çevirər”. Yunan filosofları İskəndərə Daradan qorxmamağı məsləhət görürlər. Çünki “ondan narazı olan daxili düşmənlərinin mövcudluğunu” bilirlər. Necə ki, müharibə zamanı İskəndər İran şahına qarşı bu daxili düşmənlərdən istifadə edir.

Hər hansı məmləkətin firavanlığı, şairə görə, hökmdarların xeyirxahlığı sıx surətdə bağlıdır. “Padşahın niyyəti yaxşı olarsa, çöllərdə ot yerinə gül bitər. Niyyəti bəd olan ağacın budağı quruyar; xoş niyyətli padşah ətrafına bolluq bəxş edər; məmləkətdəki abadlıq və firavanlıq padşahın yaxşılığından xəbər verər!”

Şair, Sasanilərdən Hörmüzdün canı qədər sevdiyi oğlu Xosrova münasibətindəki ədalətdən bəhs edərkən, bundan əvvəlki hissədə işarə etdiyimiz kimi, özünü saxlaya bilmir, dərhal dövründəki vəziyyətə keçərək, “yüz fağırın qanı töküldüyü halda, bir yolkəsənin yaxalanmadığından” şikayət edir!.. Başqa bir əsərində də, “ədalət bu dövrdə aradan qalxdı, Simurğun (əfsanəvi bir quşdur) qanadlarında yuva saldı. Bu göy günbəzdə həya, bu asılı torpaqda abır qalmadı. “Qalx, ey Nizami, çoxlu göz yaşı tök, qana dönmüş bu qəlb üçün qan ağla!” – deyir.

Dövlətin ədalət yaymağa borclu bir orqan olması fikrini təlqin etmək üçün sənətkar, “Heft peykər” kimi incə düşünülmüş möhtəşəm bir mənzumə yazmışdır. Bu gözəl poemada şairin yürütmək istədiyi fikir aşkardır: padşah və ya dövlət başçısı sürüyə cavabdeh bir çoban deyil, bundan daha artıq, sürünün salamatlığı üçün məsuliyyət daşıyan bir köpəkdir. Bu, vəzifəni unudaraq kefə dalan və idarəni zalımlara tapşıran hökmdarlarla, hekayədəki “dişi canavarla cütləşən köpək” arasında heç bir fərq yoxdur. Çöldə rastlaşdığı çobanın vəzifəsində səhlənkarlıq etmiş köpəyi cəzalandırdığını görərək, gözləri həqiqətə açılan Bəhrama, şair dərhal “həftənin yeddi gecəsini yeddi iqlim gözəlləri ilə keçirməyi” tərgidib, onu “ədalət gözəlinin” (“peykər-e ədl”) qucağına atır.

Bəhram-Gur surətini təsvirə başlarkən belə, şair Bəhramın ədaləti qorumaq niyyətilə mübarizəyə atıldığını qeyd edir və onun dili ilə hökmdarlığın əsl mənasını ifadə edən bu beyti verir:

Fərz olan bizlərə budur, bilirik:
Zülümə zülm, ədlə ədl edərik!

Şairin bütün yüksək dəyərlər üçün məcaz olaraq “türk” sözünü işlətməyi sevdiyini bilirik. “Məxzən-ül-əsrar”da zülm görmüş qoca bir qadının dili ilə, Böyük Səlcuqlardan Sultan Səncərə edilən xitab da diqqətəlayiqdir. Nizamiyə görə, dövlət mütləq ədalətli olmalıdır. Türk dövləti isə xüsusən ədalətli olacaq. Bunun üçün də qoca qadının dili ilə Səncərə müraciət edərək: “madam ki, ədalətli deyilsən, demək türk deyilsən!” – deyir.

Nizami, haqqında danışdığımız bu fikirlərini yalnız nəzəri olaraq deyil, özünə müasir olan hökmdarlara da cəsarətlə söyləmişdir. “Leyli və Məcnun” mənzuməsinin “Xatimə”sində şairin Şirvanşah Axsitan Mənuçehrə həsr etdiyi mədhiyyə vardır. Burada Nizami şirvanşaha, yunan filosoflarının adından sevdiyi qəhrəmanı İskəndər üçün yazdığı “Xirədnamə”lər üslubunda öyüdlər verməkdədir.

Dini, əxlaqi, mülki və siyasi mahiyyətdə olan bu öyüdlər son dərəcə maraqlı momentləri ehtiva edir.

Özünə “nüsrəti ilahi nəsihətçisi” deyən şair, mənəvi səlahiyyət və nüfuzuna güvənən bir insan ədası ilə, əsrinin padşahına “dünya heç bir padşaha qalmayıb, sənə də qalmayacaq” deyir. Və “cahanda əbədi qalmaq istəyirsənsə, cahana faydalı ol!” tövsiyyəsini verir.

Sonra şair padşahı ayıq olmağa dəvət edir və dövlətin mənafeyi üçün heç bir çətinliyi dəf etməkdən çəkinməməyi tövsiyyə edir. “Dövlət işlərində, dövlətin nüfuzuna tük qədər xələl gətirən şeylərə yol vermə!” – deyir.

Nizami padşahı düşmənlərə qarşı sayıq olmağa çağırır: “Üzr istəyən düşmənə inanma, qapından qov!” – deyir.

Nizamiyə görə, iqtidar ilə təmkin bir-birini tamamlayan şeylərdir: “Güclü ol, amma təmkinini əldən vermə!”.

Dövlətin idarə olunmasında şair, məsləhətləşmə tərəfdarıdır. O, padşaha “rəy və tədbir sahibi olduğun məlumsa da, başqalarının rəylərinə biganə qalma!” – deyir.

Nizami məmduhunun ikiüzlü yaxınlarından (müqərrəblər) çəkindirir və vədə sədaqətli olmağı tövsiyyə edir. “Ədalət axtaranların cavablarını ancaq doğru sözlü adamlar vasitəsi ilə göndər; sözünə əməl et ki, hər kəs sənə güvənsin!”

Sınanılmamışlara üz verilməməsini şair bir qaydaya çevirməyi padşaha məsləhət görür: “Kimsəyə sınamamış üz vermə; qəlbində yer olmayanlara güvənmə!”

Düşməni kiçik saymamaq, düşmənlərə qarşı amansız, dostlara qarşı da vəfalı olmaq dövlət adamlarının xüsusi diqqət yetirməli olduqları məsələlərdir. “Vurduğunu kökündən vur, tutduğunu da atma”

Müasiri olmuş bir padşaha nəsihət şəklində verdiyi bu fikirlərdə Nizami ideal dövlət başçısı üçün zəruri saydığı əsas vəzifələri bildirmişdir: bunlar, eyni zamanda, onun dövlət haqqındakı görüşlərini göstərir.


← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

19492 dəq
Unudulmuş Nizami

Bir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.

19492 dəq
Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

19491 dəq
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

194918 dəq

Başqa şairlərin şeirləri