Səhifə 4 / 5 · 60%

Nəzmində təzələndi tarixin dastanı,
Iskəndəri o etdi dünyanın qəhrəmanı.

“Peyğəmbərdir!” – deyilsə, yerindədir; o cənab
“Xəmsə” kimi gətirmiş vücuda çün bir kitab

Möcüzə istənirsə budur: kitabı “Xəmsə”
Onun kimi nüktəçi görmüş deyildir kimsə.

Şairin peyğəmbərliyini təsdiq edən bu təqdirlərin yanında dünyanın sonuncu (axərüz-zaman) şairi olduğunu təsdiq edən İranda çap edilmiş “Külliyyat-e Nezami”ni bəzəyən aşağıdakı qitəni də veririk:

Nezam-e əqd-e loulou-e soxən-ra,
Beayin-e Nezami kəs nəbəste.

Hezaran rəhmət-e həq bər rəvanəş
Ke əlhəq şer bər vey xətm gəşte.

Mənası:
Kimsə sözün nəzmini
Nizami tək verməmiş;

Haqdan ona min rəhmət,
Şer onda xətmə yetmiş.

II
Qərb tənqidçiləri İran ədəbiyyatı tarixində Nizaminin əhəmiyyətini layiqincə dərk və təsdiq edirlər ki, “onun əsərlərində İran epik ədəbiyyatı ilk dəfə olaraq ən yüksək nöqtəyə ucaldı”, çünki “lirik dil ilə əski dastan dili arasındakı uyuşmazlıq Nizaminin şerlərində aradan qalxmış və dastan dili bu dövrdə saray ədəbiyyatında axtarılan “zövqə” uymuşdur. Bundan əlavə, epopeya öz dastanlıq xarakterini itirərək, get-gedə daha artıq ruhi təhlil sahəsinə girmişdir; bunda da Nizami misli görülməmiş bir ustaddır”.
Eyni mövzuya, yəni Nizami üslubuna toxunan alman tədqiqatçılarından Georq Yakob Nizamini (baxmayaraq ki, “onun Nöldeke və Şaks kimi “tədqiqatçıları və təfsirçiləri yoxdur”) şairlikdə Firdovsidən yüksək tutmuşdur.

Iran ədəbiyyatının heyranı, böyük alman şairi Höte külliyyatının “Das West-Ostlicher Diwan” adını daşıyan cildində İran ədəbiyyatının ustadlarını bir-bir incələyərək, özünə xas qavrayış və bilik qüdrəti ilə səciyyələndirib təqdim edərkən, belə yazmışdır: “Nizami yüksək düha sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamısını işləmiş olduğundan, o, (yəni Nizami) sevişən incə ruhların qarşılıqlı duyğularını öz şerinin mövzu və məzmunu etmiş, bir-birini sevən Xosrov ilə Şirini, Leyli ilə Məcnunu oxucularla tanış etmişdir; bunlar əvvəlcədən sezmə, qəza və qədər, təbiət (xarakter), alışqanlıq, istək və ehtiras təhrik və cazibəsi nəticəsində gerçəkdən yaxınlaşmaq (birləşmək) istəyirlər; lakin onlar bir böhran keçirərək inad, təsadüf, qəribə və qeyri-adi hadisələr və məcburiyyət üzündən bir-birindən uzaqlaşırlar; daha sonra taleyin qəribə hökmü nəticəsində onlar birləşirlərsə də, lakin bu və ya başqa surətlə yenidən bir-birindən ayrı düşürlər.

Bu mövzu və materialların işlənməsindən ideal bir daxili iğtişaşın yüksək həyəcanı doğulur, lakin heç bir yerdə bunun təmin olunduğunu görmürük. Gözəllik böyük, onun növləri isə sonsuzdur.

Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçaları da eyni şirin və aydın bir deyim tərzi daşıyırlar. Hər hansı bir adama aid ikitərəfli, nə qədər qarışıq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq, həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə tam uyğun olaraq, Nizami Səlcuqlar dövründə ana yurdu Gəncədə sakit bir həyat keçirmiş və orada da vəfat etmişdir.

Öz ətrafında tapdığı bütün eşq əfsanələri (legendaları) ilə yarı möcüzəli əfsanələri, Nizami coşqun bir şövqlə toplamışdır”.

Dr.Vilhelm Baxer 1871-ci ildə çap etdiyi əsərində İran klassiklərinin ən mühümlərini saydıqdan və bunların Avropada qismən tanınmış olduqlarını qeyd etdikdən sonra Nizaminin İran ədəbiyyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin onun haqqında “yüksək bir dühaya malik incə bir zəka deməsinə baxmayaraq”, şairin “Almaniyada və bütün Avropada heç tanınmadığını” təəssüflə qeyd edir. Lakin Baxerin şikayət etdiyi bu vəziyyət sonralar dəyişmişdir. Iran ədəbiyyatı tarixinin elmi əsasını qurmaqla tanınan H.Ete 1887-ci ildə nəşr etdiyi əsərində Nizami şerinin “əxlaqi yüksək məzmunundan, mətinlik və cəldiyindən, ifadəsindəki orijinallıqla təbiət təsvirindəki tablolarının əzəmətindən” bəhs edir. H.Ete qədim şərq əfsanəsindən istifadə olunaraq yazılmış Şillerin “Turandot”unun Nizaminin “Həft peykər”indəki rus şahzadəsinə bənzədiyini də qeyd edir.

Nizami haqqında son zamanlarda müxtəlif Avropa dillərində bir sıra monoqrafiyalar və tərcümələr çap edilib yazılmışdır. Bunların içərisində P.Horn, 1925-ci ildə Berlində nəşr etdiyi əsərində Nizami şerinin misilsiz dolğunluğunu belə təsvir edir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”. P.Horn da üslub baxımından Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərq “yerdən göyə qədərdir” – deyə öz fikrini tamamlayır. Alim ayrıca qeyd edir ki, Nizami iranlılar tərəfindən “mənzum roman sahəsində sevilən yeganə ustad”dır.

H.Ritter Praqa şərqşünaslıq institutu hesabına nəşr edilib yayılan “Həft peykər” mətninə yazdığı müqəddiməsində Nizami sənətkarlığını (daha əvvəllər çap etdiyi “Bildensprache des Nizamis” əsərində qeyd etdiyi kimi) təhlil edərək yazır: “Nizami yalnız öz dövründəki şer dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda – bu daha qiymətlidir – bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə olaraq zövq əhli olan şer həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndirmək prinsipini yüksək bir surətdə həyata keçirmişdir”.
Ingiliscə Nizami haqqında müxtəlif tədqiqlər və əsərlərindən bir çox tərcümələr vardır.

Bunların hamısını burada qeyd etmək cızdığımız plan çərçivəsinə sığmaz; məhz buna görə də yalnız adlı-sanlı müəlliflərdən bir neçəsinin şair haqqındakı rəy və fikirlərini göstərməklə kifayətlənirik.

Məşhur şərqşünas professor E.Broun “İran ədəbiyyatı” adlı əsərində Nizami haqqında yazmışdır: “Nizaminin orijinal və istedadlı bir şair, yüksək və nadir bir düha sahibi olduğu Oufi, Qəzvini, Dövlətşah və Lütfəli bəy kimi bioqraflar və Sədi, Hafiz, Cami və İsmət kimi şairlər daxil olmaq üzrə, iranlı olan və olmayan tənqidçilər tərəfindən qəbul edilməkdədir. İran şairləri arasında bu ölçüdə bir dühaya sahib olanlar isə daha azdır, o xarakter və əxlaqda olanlar daha azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər, qeyd etmək lazımdır ki, o, həm qatı təəssübdən və həm də biganəlikdən tamamilə uzaq idi. Özünə hörmət edər və fikirlərində istiqlal göstərməsinə baxmayaraq, davranışında sadə və təvazökar olmuşdur.

O, sevən bir ata və ər idi. Şəriətə görə haram da olsa, bir çox İran şairlərinə, xüsusən sufi şairlərə ilham mənbəyi olan şərabdan rəhmətlik (şair) son dərəcə özünü gözləyirdi. Hər növ etirazdan uzaq qətiyyət və bir sözlə demək olar ki, onu böyük düha ilə yüksək əxlaqı özündə birləşdirmiş müstəsna bir şəxsiyyət adlandırmaq mümkündür. Bu baxımdan heç bir İran şairi onunla müqayisə edilə bilməz”.

1924-cü ildə “Yeddi gözəl”i ingilis dilinə tərcümə və təfsir edən iki cildlik mötəbər əsərinə yazdığı ön sözdə London universitetində fars dili və İran ədəbiyyatı professoru olan S.E.Vilson “həyəcan, ehtiras, hüzn və kədərini ifadə etməkdə” Nizamini Şekspir və Petrarka ilə ekiz sayır.

Fransızlardan Kollec de Frans professoru Barbye de Meynar Nizamini belə incələmişdir: “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir. Hicri tarixi ilə VI yüzillikdə epopeya (dastan) özünə lazım qida və şərait tapmadığı üçün ölməyə üz tutur: lakin bu, o dövrün şairlərindəki fantaziya və zəka əksliyini göstərmir. Bunun səbəbi ondan ibarətdir ki, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq dərəcədə bəsit deyildilər. Qəhrəmanlıq dastanlarının xatirəsi hələ də mühafizə edilirdi, lakin bu, bəzilərində xəstəlik şəklini almış təqlidçilik, bəzilərində isə qəzəb, kin və düşkünlük təsvirinə yarayan şəraitlə bağlı bir mövzu şəklini alırdı. Nizami ilk dəfə olaraq, bu ənənənin kök atmış formasını dəyişdirmişdir. Saflıqları və boyalarının mühafizəsi barədə həssaslıq göstərmədən ərəb dastanlarının çox maraqlı hekayələrini “İskəndəriyyə məktəbi” romançılığının uydurmaçılığı ilə asanlıqla birləşdirərək, o, bir sintez yaratmışdır.

“Xosrov və Şirin” ilə “Həft peykər” poemalarında lirik şəkil üstünlük təşkil edir. Qəhrəmanı İskəndər olan “İskəndərnamə” romanı isə, xüsusən ikinci hissəsində öyrədici (didaktik) mahiyyətdə, xəyali uydurmalarla əxlaqi təlimatı hər addımda təkrarlanan bir əsər olub, lirik mənzumə mahiyyətini itirmişdir.

Onun tərcümeyi-halı haqqında deyilmiş mübaliğə dolu nağıllardan vaz keçərək deməliyəm ki, Nizami haqqında məlumatlar bir-birindən fərqli iki şəxsiyyəti göstərir – bir yandan məddahlıq edən, saraylardan diqqət və iltifat gözləyən mükafat düşkünü, o biri tərəfdən isə sufiliyin qəribə görüşlərini daşıyan sırf bir mistik. Bunu da qeyd etmək lazımdır ki, o çağdakı İran cəmiyyətini bürüyən təfəkkür cərəyanını əslində iki yerə bölən və bir-birinə bu qədər müxalif olan iki duyğu arasındakı ittifaqın əhəmiyyəti son zamanlarda ikiqat artmışdır. Eyni xarakteri biz Camidə, Əlişir Nəvaidə və tənəzzül dövrünün adlı-sanlı bütün nümayəndələrində də görürük. Bununla bərabər, Nizami özünü təqlid eyləyənlərin üzərində misilsiz bir yüksəkliyi mühafizə edərək, həm şəkil (forma), həm də vəzn baxımından daha orijinal və kamil bir şəxsiyyətdir. Nə istədiyinin bəlli olmadığı və ifadəsindəki dolaşıqlıq xoşa gəlməsə də, insan onun hekayətçiliyindəki qüdrətə və ifadəsindəki cürbəcür imkanlara gerçəkdən heyran olur”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri