Səhifə 2 / 3 · 33%

– Ey qarı, sən bizim qapımızı nə üçün pusursan?

Qarı əllərini ovuşdura-ovuşdura qırıq bir səslə cavab verdi:

– Mən nə üçün sizin qapını pusum? Sizə sözüm var idi, onu deməyə gəlmişdim.

– Nə sözün var idi?

Mariya söz tapmadı.

– Aşağı enmək istəyirəm, qapıdan göz-qulaq olun!

Albaressa etinasız:

– Sənin otağında kimin nə işi var?

Albert düşünürdü. Xuan gülə-gülə ondan soruşdu:

– Kiçik qəhrəman, indi nə düşünürsən?

Albert düşünə-düşünə cavab verdi:

– Bu xain yenə xəbərə getdi. Bu dəfə də gəlsələr səni harada gizləyim? Bax bunu düşünürəm.

Birdən Albert sevinclə bağırdı: “Aha tapdım!” Sözünü bitirməmiş tez dışarı çıxdı. Bir az sonra qoltuğunda əyri bir qabaq içəri girdi:

Xuan dayı, qalx gedək!

– Xuan bir Albertə baxdı, bir də onun qoltuğundakı əyri qabağa, heyrət soruşdu:

– Hara, oğlum?!

– Mariyanın hovuzuna!

– Fikrin nədir?

– Bu dəfə səni hovuzun içində gizləyəcəyəm. Sən suya girərsən. Bu qabağı da başına keçirərsən – deyə, Albert çoxdan başını kəsmiş və içini çıxartmış olduğu qabağı təcrübə üçün Xuanın başına keçirdi. Qabaq onun başını və boynunu gözəlcə gizləyə bilirdi. Albaressa:

– Albert, səndə şeytan ağlı var, bu qabaq haradan sənin fikrinə gəldi? Bu dəfə Xuanı heç faşistlərin babası da tapa bilməz.

Xuan qabağı başından çıxarıb:

– Bunun içində nəfəsim darıxar. – dedi. Albert qabağın bir neçə deşilmiş yerini göstərib:

– Bax, buradan hava alacaqsan, bunu mən nə öz quşum üçün qayırmışdım – deyə Xuanı sakit etdi.

Bu əsnada həyətdə səs-küy qopdu.

Xuan tez Mariyanın mətbəxinə qaçdı. Jandarmların yaxınlaşdığını görüncə hovuza girib qabağı da başına keçirdi.

Jandarmlar bu dəfə çox ağzıdolu gəlmişdi. İçəri girincə Albaressaya qəzəbli səslə bağırdılar:

– Ey qoca, qalx o adamı ver, yoxsa səni də bu uşağı da aparıb öldürəcəyik!

Albaressa:

– Mən onu haradan verim? Yerdən çıxartmayacağam ki!.. Bu otaq, bu da siz, əgər mənim evimdə tapsanız, nə istəyirsiniz edin!

Qısaboylu, yoğun jandarm zorla öz qəzəbini boğdu:

– Ver bura açarı!

Albaressa açarı verdi. Jandarm sandığı açdı. İçində heç bir şey yox idi. Hər ikisi bir-birinin üzünə baxdı. Albert irəli gəlib öz şirin dili ilə onları sakit etməyə çalışdı:

– Vətəndaşlar, bu bizim otaq, bu da siz, biz onu harada gizləyəcəyik? Həm də nə üçün gizləyək? Siz o Mariyanın sözünə inanmayın. O həmişə babam Albaressa ilə dalaşır. Nə deyirsə, hamısı yalandır.

Albertin şirini dil də onları sakit etmədi. Mariya faşistləri elə inandırmışdı ki, əl çəkmirdilər. Alberti və Albaressanı tüfəng qundağı ilə xeyli döydülər. Bir fayda olmadı. Qısaboylu, yoğun jandarm gedirkən:

– O adamı verməsəniz, eviniz topa tutulacaq. Bu artıq qərara
alınmışdır, – dedi.

Jandarmlar getdi. Albert və qoca Albaressa yedikləri tüfəng qundaqlarından bədənləri qapqara qaralmışdı. Hər ikisi bir-birinə ürək vermək üçün zor-güc özlərini saxlaya bilirdi. Albaressa yerə oturub səssizcə düşünürdü. Xuan onların yadından çıxmışdı. Bu zaman Mariya daş dəymiş ayı kimi donquldana-donquldana evə gəldi. Görünürdü ki, xəbərlər yalan çıxdığından jandarmlar onu incitmişdilər. Nə isə bir şey almaq üçün koridordan o birbaş mətbəxə girdi. Jandarmların getdiyini duymuş Xuan da bu zaman başından qabaq hovuzdan çıxdı. Mariya onu görüncə qorxa-qorxa geri çəkildi və səsi gəldikcə bağırıb yerə yıxıldı. Onun bu qorxunc səsinə Albert və Albaressa da gəldi. Mariya ölü kimi yerə sərilmiş, qorxusundan gözləri kəlləsinə çıxmışdı. Xuan da onun başı üstündə durub heyrətlə ona baxırdı.

– Qonşu, Xuanın başına qabaq keçirib hovuzda gizləyirsən, sonra da bizdən xəbərçiliyə gedirsən.

Mariya cavab vermədi.

Döyüş şiddətlənirdi. İrəliləməkdə olan respublikaçıların pulemyotları altından faşist ordusu dəstə-dəstə geri çəkilirdi. Xuan Albaressanın otağındakı pəncərənin deşiyindən çəkilməkdə olan faşist dəstələrinə baxıb sevinirdi. Birdən qapıya yüyürüb bağırdı:

– Albert, gəl bir bax, faşistlər qaçırlar.

Albert Albaressanın əlindən tutub sevinə-sevinə qaçdı. Mariya ilan vurmuş kimi acığından qovrulurdu. Kinindən dil-dodağını çeynəyirdi. Qonşuların getməsindən istifadə edərək cəld qalxdı, otağın və mətbəxin qapısını bağlayıb getdi. Albert birdən Mariyanı xatırladı. Onun yenə xəbər üçün gedəcəyindən qorxurdu. Nə yapdığını bilmək üçün artırmaya çıxdı. Mariya otaq və mətbəx qapısını da bağlayıb getmişdi. Albert tez geri qayıtdı. Barmağı ağzında durub düşünürdü. Xuan onu görüb soruşdu:

– Kələkbaz, daha nə düşünürsən. Bir saat sonra bizim müzəffər ordunu salamlayacağıq. Sən gəl çiçək hazırla! Albert başını qaldırıb düşüncəli vəziyyətdə dedi:

– O bəxtiyar günü görmək üçün səni qurtarmaq lazımdır. Mariya qapısını, mətbəxini, bağlayıb xəbərə getmişdir. Jandarmlar bu saat gələcək. Buna bir çarə düşünürəm.

Xuan ona gülə-gülə cavab verdi:

– İspan xalqının aslan balaları, kaş, bu azğınlara qalib gəlsin, mən ölümdən qorxmayıram.

Albert ona cavab vermədi; düşüncəli bir halda otaqdan çıxdı. Bir az sonra əlində iri bir zənbil gülə-gülə içəri girdi. Albaressa və Xuan ona baxıb gülürdülər. Albaressa dedi:

– Ağıllı bala, indi fikrin nədir?

Albert zənbili yerə qoyub dedi:

– Xuan dayı, bu dəfə səni bu zənbilin içində tavandan asacağam.

Xuan bir Albertə baxdı, bir də köhnə, bu böyük zənbilə. Üzünü Albaressaya tutub cavab verdi:

– Bizim zənbil məni saxlamaz, oradan başı üstündə yerə gələrəm.

Albert əlini Xuanın çiyninə qoyub onu sakit etdi:

– Mən elə bir iş yapacağam ki, yıxılsan da, ziyan dəyməyəcək.

Bunu deyib Albert tez dışarı çıxdı. Pəncərədən həyətə baxanda gördü ki, iki jandarm aşağıda pilləkəndə astadan danışır; yuxarı çıxmaqda tərəddüd göstərirlər. Albert gözlərini onlardan ayırmayırdı. Onlar bir-birilə çox məsləhət etdi. Nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı. Albert tez otağına girib “gəldilər!” deyə bağırdı. Albaressanın köməyi ilə Xuanı zənbilin içinə qoyub ip ilə yuxarı çəkdilər və ipi tavanın orta mismarına möhkəm bağladılar. Sonra ayaqları altına qoyduqları masanı və iskəmləni götürüb bir tərəfə çəkildilər. Albert qapıya çıxdı. Onlara tərəf gələn jandarmı qarşılayaraq:

– Bax, vətəndaş, sən bizi boş yerə bu qədər incitdin, o kişini Mariya mətbəxdə, hovuzun içində gizlətmişdi. Başına böyük bir qabaq keçirmişdi, – dedi.

Jandarm gülümsəyərək:

– Bəs o hara getdi, harada gizləndi?

– Mən artırmadan keçəndə hovuzdan çıxdığını gördüm. Əvvəlcə qorxdum, sonra qabağı başından çıxaranda tanıdım. Babama xəbər vermək üçün otağa qaçdım, bu gülməli əhvalatı ona danışdım. Biz artırmaya çıxınca o yox olmuşdu. Nə oldu hara soxuldu, bilmədik. Bax, mətbəxi bağlayıb getmiş, bəlkə də yenə oradadır?

Jandarm acı-acı güldü:

– Bilirəm, onu siz gizlədirsiniz. Bu dəfə sizi aparmağa gəlmişəm.

Bunu deyib jandarma Albaressanın otağına girmək istədi. Albert gördü ki, Xuanın ayağı zənbilin deşiyindən görünür. Jandarm onu görməsin deyə Albert bir fənd işlətdi. İçəri girincə onun başını qarışdırıb tam zənbilin altında bir kürsü qoydu. Jandarmın qolundan tutub:

– Sən bu kürsüdə otur, mən sənə əhvalatı söyləyim – dedi.

Jandarm pilləkanları çıxıb enməkdən onsuz da yorulmuşdu. Özünü kürsünü üstünə salıb oturdu. Albert ona dedi:

– Vətəndaş, Jandarm mən Xuanı əgər bilmək istəyirsinizsə, əvvəldən sevməyirəm. O da məni heç sevməz; məni görən kimi qaçır. Çünki ona mən belə bir mahnı qoşmuşam. Bunu deyib Albert oxumağa başladı:

“Başın kəlikdir, ey Xuan,

Qəlbin çəlikdir, ey Xuan.

Ayağını çək yuxarı,

Zənbil dəlikdir, ey Xuan!”

Xuan anladı ki, Albert bu sözlərlə ona işarə edir. Çünki onun ayağı zənbilin dəliyindən xeyli bayıra çıxmışdı. Jandarm başını qalxızsaydı, onu dərhal görə bilərdi. Odur ki, Xuan zənbilin içində özünü toplayıb, ayağını deşikdən çəkmək istəyirdi ki, zənbilin qulpu qırılıb jandarmın başına düşdü. Jandarm ağzı üstündə yerə sərildi. Onun boynu içinə batmışdı. Xuan yerə düşüncə özünü toplayıb birbaş öz evinə qaçdı, qapını içəridən bağlayıb oturdu. Jandarm yerdə ufuldayırdı. Albert pəncərəyə yanaşıb, birdən bağırdı:

– Vay, faşistlər qaçmışlar, respublikaçı atlılar küçədə dolaşır; jandarmları öldürürlər.

Bu sözləri eşidən jandarm boynunu əyə-əyə başını qaldırdı, cəld ayağa qalxdı, vəziyyətin çətinliyini görüb həyəcanla: “Vay mən neyləyəcəm?” deyə Albertin üzünə baxdı. Albert sandığın ağzını açıb:

– Gəl bura, burda səni tapmazlar, – dedi.

Albert ilə Albaressa onun qolundan tutub çəkə-çəkə gətirib sandığına soxdular, Albert sandığın ağzını bağlayıb açarı cibinə qoydu və gülə-gülə Albaressaya baxıb yavaşca:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü pərdə

Beşinci şəkilXanın bağıdır. Gövhər xanımın toyuna hazırlıq gedir Eloğlu, Atakişi, Telli,*

9 dəq
Birinci fəsil

Günəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:

190921 dəq
İkinci fəsil

Məhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.

190918 dəq
Üçüncü fəsil

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

190916 dəq

Başqa şairlərin şeirləri