Səhifə 1 / 4

Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:

– Aslan, bu topu hardan aldın?

– Ver bura oynayaq.

– Gəlin “top aldı qaç” oynayaq.

Aslan əli ilə uşaqları itələyib dedi:

– Çəkilin, heç kəsə verməyəcəyəm, özüm tək oynayacağam.

Uşaqlar etiraz etdilər:

– Aslan, nə olar, qoy biz də oynayaq.

– Hamımız oynayaq, hamımız.

Aslan yenə bağırdı:

– Çəkilin, özüm tək oynayacağam!

Uşaqlar durub baxırdı. Aslan da topu əlində atıb tuturdu. Teymur soruşdu:

– Aslan, bu topu haradan aldın?

– Məktəbdən gələndə bir uşağın əlindən alıb qaçırtdım, – deyə Aslan saymazyana cavab verdi.

Qanbay təəccüblə soruşdu:

– Bir uşağın əlindən alıb qaçırtdın? Müəllim deməyib ki: “Məktəbli oğurluq etməz?!”

Aslan topu oynada-oynada eyni laqeydliklə cavab verdi:

– Mən oğurlamamışam ki... əldən alıb qaçırtmışam.

– O da elə oğurluqdur.

– Yox, oğurluq deyil!

– Əlbəttə oğurluqdur, özgəsinin malıdır.

– Yazıq uşaq indi ağlaya-ağlaya qalıb.

– Hələ üstəlik evdə ata-anası da döyəcək.

– Nə eləyim, qoy döysün, – deyə Aslan topu havaya atdı.

Teymur topu onun əlindən yerə saldı. Uşaqların hamısı topa tərəf qaçdı. Əvvəlcə topu Sara götürdü. Aslan topu ondan almaq istədi; Sara gördü ki, gücü çatmayacaq, topu uzağa atdı. Uşaqlar yenə qaçdı, bu dəfə topu Qanbay götürdü.

Aslan yetişincə topu Saraya atdı. Aslan ona tərəf qaçdı. Teymur bir az aralanıb bağırdı:

– Sara, Sara, bura at!

Sara topu Teymura ötürdü. Qanbay bağırdı:

– Sən də mənə at!

Aslan yetişincə Teymur da Qanbaya tullardı. Aslan hər tərəfə qaçdı, topu ala bilmədi. Axırda acıqlandı və yoldaşlarına söydü. Bu hərəkət Qanbayın xoşuna gəlmədi. Topu Aslana atıb dedi:

– Yum ağzını, nə pis qoxuyur, oğru.

Aslan topu tez götürüb cavab qaytardı:

– Oğru sənsən!

– Mən də oğru olsaydım sənin kimi özgəsinin topunu qaçırardım.

– Hünərin var, sən də qaçırt.

– Mən heç kəsin topunu qaçırtmaram. Keçən il də sinifdə Səmədin qara cildli dəftərini oğurlamışdın.

Teymur gülə-gülə dedi:

– Hə, yadımdadır, yadımdadır, müəllim onu qovmaq istəyirdi. O qədər ağladı, yalvardı ki, müəllimin yazığı gəldi.

Qanbay çığırdı:

– Bu yana gəlin, onunla oynamayın!

Sara dedi:

– Doğru deyir, gəlin bu tərəfə, özümüz oynayaq. Uşaqların hamısı Qanbayın ətrafına yığıldı.

– Sabah istirahət günüdür. Xalam oğlunun yanına gedəcəyəm. Onun topu var, – deyə Teymur özünə təskinlik verdi.

Sara yoldaşlarının pərtliyini dağıtmaq üçün bildikləri oyunlardan birinə başlamağı təklif etdi:

– Nə oynayaq, tez olun, oyunun adını deyin!

Qanbay sevincindən sıçrayıb dedi:

– Doğrudan sabah istirahət günüdür. Ay can, ay can! Atam məni heyvanxanaya aparacaq. Keçən həftə də sirkə aparmışdı. Orada itlərdən çalğıçı dəstəsi vardı. Biri kamança çalır, biri oynayır, o biriləri də əl vururdu. Sonra su itləri gəldi. Topu burunları ilə bir-birinə atıb tuturdu. Hələ bir fil bizi o qədər güldürdü ki...

Sara da istirahət gününü boş keçirməyəcəkdi. Odur ki, dedi:

– Nə olsun, mən də sabah teatra gedəcəyəm.

Teymur özünü saxlaya bilmədi:

– Mən də kitabxanadan yeni kitablar alıb oxuyacağam. Kartondan maşın və təyyarə qayıracağam.

Qanbay dedi:

– Sən oxuduğun kitablar nəyə gərəkdir. Elə maşınlardan, təyyarələrdən danışır.

Teymur gülə-gülə cavab verdi:

– Maşın yaxşıdır, təyyarə yaxşıdır, yoxsa ilan, çayan, kirpi, dovşan? Sən də elə kitablar oxuyursan ki...

Sara Qanbayı müdafiə etməyə çalışdı:

– Nə olsun, o, heyvanları sevir, onlardan danışan kitabları oxuyur, sən də maşınları.

Teymur soruşdu:

– Hansı yaxşıdır?

– Hər kəs hansını sevirsə, o yaxşıdır, – deyə Sara cavab verdi.

Ülkər bağçanın yanındakı skamyada oturub onları dinləyirdi. O, orta məktəbin son sinfində oxuyub, ciddi, bilikli şagird olduğu kimi, pioner təşkilatının da rəhbəri idi. Uşaqların danışığı onda çox maraqlı fikirlər oyatdı. O öz-özünə düşünərək: “Doğrudan da pioner təşkilatı rəhbəri üzərinə necə mühüm vəzifələr düşür” – dedi, sonra onları çağırdı:

– Uşaqlar, bura gəlin!

Uşaqlar bir dəqiqədə üzük qaşı kimi onun ətrafını aldılar. Ülkər dedi:

– Söhbətinizi eşidirdim. Bundan sonra istirahət və təlim günlərində sizinlə özüm məşğul olacağam ki, gördüyünüz işlər faydalı olsun.

Uşaqlar sevinclərindən sıçrayırdılar. Teymur soruşdu:

– Sabah bizi hara aparacaqsınız?

– Sizə top gətirəcəyəm. Sabah meydançada futbol oynayacaqsınız, – deyə Ülkər cavab verdi.

Uşaqların üzünü sevinc bürümüşdü. Bu zaman Aslan da əlində top gəldi və bağıra-bağıra dedi:

– Sabah hara gedəcəksiniz?

Teymur ona acıqlı baxıb dedi:

– Sən heç yerə.

Ülkər dedi:

– Yox, onu da aparacağıq.

– Biz onunla oynamaq istəmirik.

– Nə üçün?

– Çünki o, oğurluq edir.

Aslan bu töhmətlərə dözmədi:

– Oğru özünsən!

Sara acıqlı-acıqlı Aslana baxıb dedi:

– Oğlu olsaydı, o da uşaqların topunu götürüb qaçardı.

Teymur əlavə etdi:

– Sinifdə uşaqların dəftərini oğurlardı.

Aslan tap təklənmişdi. Bu haqlı tənqidlərə cavab vermək çox çətin idi. Bir müddət özünü itirdi. Birdən hönkür-hönkür ağlamağa başladı. O, çarəsiz qalaraq, ancaq bu sözləri deyə bildi:

– Sizin bir şeyinizi oğurlamamışam ki?!

– Əlinə düşsə oğurlarsan. – deyə Sara qəzəblə Aslana baxdı.

Ülkər uşaqlara acıqlandı:

– Susun, bundan sonra Aslan daha bu cür yaramazlıq etməz. – Sonra üzünü Aslana tutub soruşdu:

– Aslan, topu əlindən aldığın uşağı tanıyırsanmı?

– Özünü də tanıyıram, evlərini də.

– Sabaha sizə top gətirəcəyəm. Sən apar onun topunu özünə ver, gəl. Sən gəlincə biz də tətil və istirahət günlərində aparacağımız işlərə dair plan tutaq.

Aslan getdi. Ülkər uşaqları başına toplayıb bir-bir onların rəyini soruşdu:

– Sara, sən tətil günlərində nə kimi işlərlə məşğul olmaq istəyirsən?

– Mən teatra getmək istəyirəm.

– Daha nə sevirsən?

– Bir də bağça uşaqlarını gəzdirməyi, oynatmağı.

– Teymur, sən nə sevirsən?

– Mən maşınlardan, gəmilərdən, təyyarələrdən danışan kitabları sevirəm.

– Qanbay, bəs sən nə ilə maraqlanırsan?

– Mən heyvanları sevirəm. Hər gün heyvanxanaya, sirkə getsəm, yenə doymaram.

Sara Qanbayın dediklərini təsdiq etdi:

– Doğru deyir. Məktəbdə təbiət kabinəsinə girdiyi zaman heç çıxmaq istəmir, gözü şəkillərdə qalır.

Teymur əlavə etdi:

– Təbiət dərslərində heyvanların yaşayışı və xasiyyətləri haqqında o qədər sual verir ki, müəllim lap təngə gəlir.

Ülkər qoynundan bir parça kağız və qələm çıxarıb sıra ilə yazdı: muzey, uşaq bağçası, teatr, heyvanxana, sirk, fabrik və zavodlar.

Bu zaman Aslan qaça-qaça gəldi, üzünü Ülkərə tutub dedi:

– Topu aparıb uşağın özünə verdim. O qədər sevindi ki...

Sara soruşdu:

– Uşaq özü harada idi?

– Qapının ağzında oturmuşdu. Yanına gəlincə məni tanıdı. Üzümə acıqlı-acıqlı baxdı. “Bu top sənindirmi?” – deyib topu göstərincə əlimdən dartıb aldı və gözlərini üzümə dikib: “Hə, mənimdir”, – dedi. Mən də bir söz deməyib qayıtdım. Uşaq sevinə-sevinə həyətə qaçdı.

Aslanın bu hərəkətindən hamı məmnun qaldı. Ülkər sevincək halda dedi:

– Qoçaq Aslan, yaxşı elədin. Bundan sonra heç kəsin topunu götürüb qaçma. Yoldaşlarından soruşmuşam, de görüm tətil günlərində sən nə işlə məşğul olmaq istəyirsən? Nəyi çox sevirsən?

Aslan bir az düşünüb:

– Mən aqronomluğu sevirəm, – dedi.

Ülkər: “Yaxın kolxoz və sovxozlara tənəzzöh” sözlərini də plana əlavə etdi. Sonra üzünü uşaqlara tutub dedi:

– Sabah futbol oynayacaqsınız. Günortadan sonra sizə bir kitab oxuyacağam. Kitab bir uşağın qayırdığı yeni təyyarədən danışır. Gələn istirahət günü sizi muzeyə aparacağam. O biri tətildə isə heyvanxaya gedərik. Sonra teatra, sirkə, uşaq bağçasına, yaxın kolxoz, sovxozlara tənəzzöh təşkil edərik.

Uşaqlar çox razı qaldılar.

Birinci istirahət günü uşaqlar üçün çox xoş keçdi. Səhər futbol oynadılar. Günortadan sonra “Kağızdan yeni təyyarə” kitabını oxudular. Ülkər kitabı oxuduqca balaca Məmişin ustalığına hamısı təəccüb edirdi. Teymur diqqətlə qulaq asırdı. Arabir içini çəkərək:

– Mən ondan da yaxşı təyyarə qayıracağam, – deyirdi.

Ülkər kitabçanı oxuyub qurtardıqdan sonra Teymura baxdı. Teymur köksünü ötürüb dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri