Oyunçu bağalar
Səhifə 3 / 4 · 50%
– Ülkər müəllimə, bunları saxlayacağam.
Bağalar başlarını qına çəkib hərəkətsiz durmuşdular. Uşaqlar o kiçik qonaqların ətrafını alıb, hələ də onları tək buraxmaq istəmirdilər.
Qanbay qaçıb ağzı çubuqla hörülmüş taxta bir qutu gətirdi. Bu qutunu o çoxdan hazırlamışdı. Hər iki bağanı qutuya qoyub, ağzını bağladı.
Qanbay o gün sevincək olmuşdu. Saatda bir gedib onları yoxlayırdı. Bağalar onu görüncə qorxub çəkilirdilər.
Qanbayı fikir götürmüşdü. O bağalarını öyrətmək haqqında düşünürdü. Nə öyrətsin? Necə öyrətsin? Haradan başlasın? Bunları aydınlaşdıra bilmirdi. Bu fikir onu yormuşdu. Hətta gecələr yatağa girdiyi zaman cürbəcür planlar tuturdu. O eşitmişdi ki, heyvanları öyrətməkdən əvvəl ac saxlayırlar. Odur ki, bir gün sabahacan onlara yemək verməmişdi.
Səhər açıldı. Qanbay yuxudan oyanınca bağaların yanına qaçdı. Ac və dustaq bağalar qutunun içindən çıxmaq üçün yol arayırdı. Qanbayı görüncə hər ikisi başını gizlədib hərəkətsiz durdu. Qanbay əlindəki otları onlara tərəf uzatdı. Onlar qorxub çəkildilər. Qanbay çox çalışdı, onlar inad edib ot yemək istəmədi. Qanbay düşündü: “Zərər yoxdur, ac qalıb axırda yeyərlər”, – dedi.
O gün Qanbay çox məşğul idi. Kənd klubunda pionerlər müsamirə verəcəkdilər. Bir tərəfdən klubu bəzəyir, bir tərəfdən də rollarını hazırlayırdılar.
Qanbay yoldaşları ilə bərabər axşamacan işləmişdi. O, evə döndüyü zaman günəş qərbə doğru əyilmiş, hava sərinləşmişdi.
Bağaların fikri onu götürdüyü üçün bilmirdi yolu necə getsin. Yoldaşları ona sataşırdı:
– Sən gedincə bağalar acından öləcək.
– Bilmirəm bu bağalardan nə istəyir?
– Onları mən əlimə götürməyə iyrənirəm.
– Danışmayın, bu da bağaları öyrədib sirkdə oynadacaq.
Qanbay atmacaların bəzisinə cavab verir, bəzisinə gülürdü. Evə çatan kimi bağaları yoxladı. Ağ bağalar qutunun ağızlığını yalayır və çıxmaq üçün yol arayırdı.
Qanbayı görüncə hər ikisi başını gizlətdi. Qanbay qutunun qapağını açdı. Gəlirkən yolda topladığı bağayarpaqlarını onlara doğru uzatdı. Ac bağalar ot qoxusu duyunca başlarını çıxartdı. Qorxa-qorxa yarpağı yeməyə başladılar. Qanbay sevincindən nə edəcəyini bilmirdi. Birinci imtahanı gözəl vermişdi. Bağalar onun əlindən ot alıb yeməyə başlamışdı. Bu az şey deyildi. İlk qələbə qazanılmışdı. Köksü şişmiş, ümidi artmış, gözləri işıqlanmışdı.
Bağaları doyurduqdan sonra Qanbay qaça-qaça yemək otağına gəldi. Yoldaşları yemək yeyirdilər. Başda ülkər oturmuşdu. Titrək və sevincək bir səslə:
– Ülkər müəllim, bağalarıma əlimdə ot yeməyi öyrətdim, – dedi.
Ülkər bu sözün mənasını yaxşı düşünə bilmədi. Yalnız başını tərpədib güldü və onu razı salmaq üçün:
– Mərhəba, Qanbay! – dedi.
Qanbay Ülkərdən bir çox şeylər soruşmaq və öyrənmək istəyirdi. Yoldaşlarının yanında soruşmadı. Yerində oturub yeməyini yedi.
Gecə klubda idilər. Müsamirələri olduqca parlaq keçmiş və kolxozçuları razı salmışdı. Uşaqların və Ülkərin üzü gülürdü. Gecə gec qayıtdılar. Qanbay hər kəsdən əvvəl yatağına gedib yatmış və səhər hamıdan əvvəl oyanmışdı. Bağalarına yarpaq və ot toplamış, doyunca yedirtmişdi. Bağalar otu əlindən alıb yedikcə sevinirdi. Qanbay bunları öyrətmək üçün tədbirlər düşünürdü. O qədər dərindən düşünürdü ki, Ülkərin gəlib onun başı üstündə durduğunu görməmişdi. Ülkər çox durdu. Qanbay fikir dənizinə qərq olmuşdu. Ülkər gülə-gülə soruşdu:
– Qanbay, nə düşünürsən,
Qanbay başını qaldırıb Ülkəri görüncə yerindən sıçradı. Ülkər yenə soruşdu:
– Bağalara ot verdinmi?
Qanbay məğrur bir tövrlə:
– Verdim, hamısını əlimdə yedirtdim, – dedi.
– Elə lazımdır. Heç bir zaman qarşılarına ot qoyma, əlindən yeməyi öyrənsinlər, həm də yavaş-yavaş bunları səsə, gurultuya alışdır. Onda tez öyrənirlər.
Qanbay ümidlə parlayan gözlərini ona dikib dedi:
– Ülkər müəllimə, bunları mən necə öyrədim? Haradan başlayım? Bu iş məni çox düşündürür.
Ülkər gülüb dedi:
– Sən onlara nə öyrətmək istəyirsən?
– Oynamaq öyrətmək istəyirəm, – deyə Qanbay tez cavab verdi.
– Oynamaq. Çox yaxşı... Ot yeməyi necə öyrətdin, oyunu da elə öyrədərsən. Təcrübə sənə göstərəcək. Hər işdə mətanətli, dəyanətli olmaq lazımdır. Kitabxanadan sənə bağalar haqqında üç-dörd kitab gətirdəcəyəm. Oxu, onların xasiyyətini yaxşı öyrən. Bu xüsusda kitablar sənə çox kömək edər.
Qanbay bağalarını tərbiyə etməkdə idi. O, bağalarını ancaq müəyyən saatlarda yedirir, yedirtmək istədiyi zaman onları eyvana buraxırdı. Tamaşa üçün toplanmış uşaqların səs-küyü bağaları qorxutmurdu. Qutudan çıxmaq ac bağalar üçün bayram idi. Qanbay bir dəstə bağayarpağını havadan asırdı. Bu yarpaqları elə asırdı ki, bağalar ayaq üstə durmadan və ya başlarını yuxarı qaldırmadan onu yeyə bilməzdi. Sonra kamançasını götürüb çalırdı. Kamança səsi ac bağalara bir müjdə idi; çünki yemək vaxtı gəldiyini bilirdilər. Başlarını uzadıb, o tərəf-bu tərəfə qaçıb, yemək axtarırdılar. Sara onun köməkçisi idi. Yuxarıdan asılmış otu arabir onların kiçik qara dodaqlarına toxundururdu. Bağalar yeməyə hazırlanırkən otu yavaş-yavaş yuxarı çəkirdi. Bu tövrlə bağalara ayaq üstə yemək öyrətmək istəyirdi. İnad bağalar isə bunu istəmirdi. Qanbay çox çalışdı, mümkün olmadı. O, təcrübəsində davam etdi. Ülkər ona: “Hər işdə mətanətli və dəyanətli ol!” – demişdi. Bu sözü Qanbay unutmamışdı. O çox çalışdı. Axırda bağalara ayaq üstə ot yeməyi də öyrətdi.
Hər gün yemək vaxtı onları eyvana buraxır, özü kamança çalır, Sara da ipə bağlanmış ot dəstəsini onların başı üzərində tuturdu. Bağalar ayaq üstə qalxıb otu yeyirdilər.
İki ayda Qanbay ancaq bunu öyrədə bilmişdi. Onun fikri başqa idi. O indi özünə bir müəllim kimi baxmağa başlamış və istəyirdi ki, kamançasını əlinə alıb çaldığı zaman bağaları sirkdəki heyvanlar kimi durub oynasın.
Qanbay bir gün yenə çox məşğul idi. Şəhərdən pioner dəstəsi gəlmişdi. Dəstə rəhbəri görüləcək tədbirlər haqqında məruzə etdi. Məruzədən sonra hamı birlikdə kəndi gəzmiş, oradan dəniz sahilinə getmişdi. Yeməkdən sonra Lenin guşəsində siyasi kitabçalar oxunub təhlil edilmişdi. Qanbay axşama yaxın evə dönmüşdü. O gün bağalar ac qalmışdı. Qanbay evə gəlincə tez bağaları yoxladı. Ac bağalar onu görüncə qutunun ağızlığından başlarını çıxarıb oynamağa başladılar. Qanbay anladı ki, onlar bu hərəkətləri ilə: “Qapını aç, bizə yemək ver”, – demək istəyirdilər Qutunu götürüb eyvana gətirdi. Sara hələ gəlib çıxmamışdı. Qutunu açdı, bağaları çölə buraxdı. Kamançasını götürüb çalmağa başladı. Yemək xəbərini verən kamançanın səsindən bağalar ayaq üstə qalxdı və havadan asılmış otu aramağa başladı. Qanbay bunu görüncə sevincək yerindən sıçradı. Kamança əlində otağa qaçdı.
– Ülkər müəllimə, uşaqlar, bura gəlin, sizə tamaşa göstərəcəyəm, – dedi.
Ülkər və uşaqlar onun arxasınca gəldilər. Eyvana yetişincə Qanbay yenə kamança çaldı. Bağalar kamançanın səsini eşidincə ayaq üstə qalxdılar. Uşaqlar gülür, Ülkər gülür, Qanbay sevincindən nə edəcəyini bilmirdi. Qanbay ayağa qalxdı, ipə bağlı ot dəstəsini Süleymana verib dedi:
– Al, bu otu havada tut, onlar yedikcə otun yerini dəyişdir!
İndi Qanbay kamançanı çalır, Süleyman əlindəki ot dəstəsini yavaş-yavaş havada dolandırır, bağalar da onun arxasınca sürünüb yeriyirdi.
Yay tətili bitmiş, Qanbay öz yoldaşları ilə bərabər şəhərə qayıtmışdı. Tətil ona çox şey vermişdi. Vücudu qüvvətlənmiş, fikri inkişaf etmiş, təcrübəsi və siyasi biliyi artmışdı. O hər gün məktəbə, musiqi dərslərinə davam edir və pioner təşkilatlarında çalışırdı. Bağalarını da unutmurdu. Evə gələr, yeməyini rahat-rahat yeyib qurtardıqdan sonra bağalarını düşünməyə başlardı. Hər gün qutunu artırmaya gətirir, ağzını açıb bağalarını çölə buraxırdı. Özü kamança çalır, qardaşı Surxay da kamançanın havasına uyduraraq, otu əlində dolandırırdı. Bacıları, qonşu uşaqları hər gün o kiçik konsertdə iştirak edirdilər. Qanbay təcrübəsini artırmışdı. Bağalara iki oyun öyrətmişdi. Bir neçə dəfə kiçik konsert tərtib edib bağları oynatmış, təcrübədən çıxmışdı. Onları artıq cəmiyyət içərisinə çıxarmaq, müsamirələrdə, konsertlərdə oynatmaq olardı. Bağa kimi çətin əhliləşən heyvanlara oyun öyrətmək asan iş deyil. Bundan sonra Qanbayın bağalarını, özünü hər kəs tanıyacaq, biləcək, onun hünərinə heyrət edəcəkdi, adı qəzetlərdə yazılacaq, dillərdə söylənəcəkdi.
Qanbay o il yeddillik məktəbi bitirirdi. Onların şərəfinə müsamirə tərtib edilmişdi. Müsamirədə bağalar da iştirak edəcəkdi. Məktəblilər axın-axın gəlir və dəhlizlərdə dolaşırdılar. Salon qapısından asılmış məramnaməni böyük bir dəstə oxuyur və heyrətlə bir-birindən soruşurdu:
– Bu oyunçu bağalar haradadır?
– Bağa da heç oynayarmı?
– Hələ bu Qanbay kimdir?
– Bağalar onundumu?
Qapı ağzında get-gedə adam çoxaldı. Hər kəs səbirsizliklə müsamirənin başlanmasını gözləyirdi.
Birinci zəng vuruldu. Tamaşaçılar salona doldu. Bütün gözlər səhnəyə dikilib qalmışdı. Pərdənin tez açılması üçün şagirdlər ayaqlarını yerə döyür, əl çalaraq, səs–küy qoparırdılar.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-oyuncu-bagalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.