Üçüncü pərdə
Səhifə 1 / 3
Dördüncü şəkil
Səhnə bəyin malikanəsini təsvir edir.
Ağca. Ana, mən bağçamızı gəzmək istəyirəm.
Pəricahan. Mürəbbiyən Nərgiz ilə get, gəz, gəl.
Ağca. Yox, mən təkbaşına gəzmək istəyirəm.
Pəricahan. Təkbaşına olmaz!
Ağca. Piri baba ordadır, o məni gəzdirər.
Pəricahan. Nərgiz Piri babadan əskikdir? O sənin mürəbbiyəndir. Atan ona ayda bir ətək pul verir.
Ağca. Yox, onu istəmirəm.
Pəricahan. Niyə, qızım?
Ağca. O məni ağzımı açıb nə bir söz danışmağa, nə də bağçadan bir çiçək qoparmağa qoyur. Elə uzun danlayır. Mənim ondan heç xoşum gəlmir.
Pəricahan. Qızım, o sənə tərbiyə verir. Sən gərək onun sözündən çıxmayasan.
Ağca. Eh, tərbiyə verir. Mənim ürəyim onunla heç açılmır.
Pəricahan. Piri kişi sənin ətəyinə noğul-nabat tökür?
Ağca. O mənə şirin söhbətlər edir. Keçmişlərdən danışır. Onu görəndə ürəyim gül kimi açılır, elə yaxşı qocadır ki!..
Pəricahan. Bura bax, qızım, mən Nərgizdən başqa heç kim ilə səni bağa buraxa bilmərəm. O hardadır? Yoxsa div kimi yeddi günün yuxusuna gedib. Nərgiz! Nərgiz!
Nərgiz (qaça-qaça). Mən burdayam, xanım.
Ağca (arxasını çevirərək). Yenə canım üçün gəldi.
Pəricahan. Bu qız darıxır, onu nə üçün yalqız qoyursan?
Nərgiz. Mən ona şəkilli kitablar verdim, oxusun, şəkillərinə baxsın.
Ağca. Bir kitabın şəkillərinə nə qədər baxarlar? Mənim ürəyim sıxılır, danışmaq, oynamaq istəyirəm.
Pəricahan. Bəyəm sənin əlini tutur, bu eyvanda oyna.
Ağca. Kiminlə oynayım? Bu daş, divar iləmi? (Ağlayır) Bir qız yoxdur ki, onunla oynayım. Kim gəlir, yox, sən bəy qızısan, kəndli qızları ilə oynama, deyirsən. Bəs mən kiminlə oynayım?
Nərgiz. Oyuncaqlarınla, sənin ev dolusu oyuncağın var.
Ağca. O cansız oyuncaqlar da məni təngə gətirdi. (Ağlayır)
Pəricahan (acıqlı). Nərgiz, sən Ağca xanıma yaxşı qulluq edə bilmirsən.
Nərgiz. Xanım, mən daha neyləyim? Səhər, axşam onu dizimin dibindən o yana getməyə qoymuram. Oxuduram, nağıl söyləyirəm.
Ağca. Ha, söyləyirsən...
Pəricahan. Bəs bu qız niyə darıxır?
Nərgiz. Mən nə bilim! O, anaları ilə qapınıza gələn kəndli qızlarını istəyir. Onlar ilə danışmaq, oynamaq istəyir, mən qoymuram.
Pəricahan. Yaxşı eləyirsən, elə də lazımdır. Bəy qızı kəndli qızı ilə oynamaz!
Ağca. Elə evdə dustaq kimi oturub qalar. O kəndli qızları məndən xoşbəxtdilər. (Ağlaya-ağlaya otağa girir)
Pəricahan (Nərgizə). Dayanma, get, Ağca xanımı sakit et!
Nərgiz. Baş üstə, xanım! (Gedir)
Pəricahan. Bu qulluqçular hardadır? İndi heç biri görünmür. Süfrə ortaya gələndə hamısı məndən əvvəl hazır olur. Yaxşı demişlər: Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. (Piri baba görünür) Piri kişi, bura bax!
Piribaba (yaxınlaşır). Buyur, xanım!
Pəricahan. Sən Ağca xanıma gərəksiz söhbətlər edib onun tərbiyəsini pozma.
Piribaba. Mən nə danışıb onun tərbiyəsini pozmuşam?
Pəricahan. Nə bilim, keçmişdən, kənddi-kütdüdən danışırsan, o da mürəbbiyəsini istəmir, səni istəyir.
Piribaba. O məni istəyir, çünki mən ona elə söhbətlər edirəm ki, könlü açılır.
Pəricahan. Yox, açma, lazım deyil. Mən bundan sonra sənə qadağan edirəm. Qoy bir adam tərbiyə versin.
Piribaba. Çox yaxşı, xanım, siz deyən olsun.
Pəricahan. Ay qız, Püstə, Püstə, hardasan?
Püstə. Burdayam, xanım.
Pəricahan. Ay başı batmış, niyə gözdən itib batırsınız? Bir iş lazım olanda gərək yeddi qapıya düşüb sizi çağırıb bağıraq.
Püstə. Nə buyurursunuz?
Pəricahan. Yemək otağında süfrə üstünə bir ölü çibin düşüb, gəl onu götür, at!
Püstə. Baş üstə, xanım!
Pəricahan. Sizə verdiyim çörək haram olsun. Heç bir işə yaramırsınız. Ancaq yemək, içmək bilirsiniz.
Püstə. Ay xanım, yediyimiz, içdiyimiz nədir? Sən də gündə başımıza qaxırsan.
Pəricahan. Çox danışma, ləçərin biri ləçər.
Bəy, Qaraca, Saymaz daxil olurlar.
Saymaz. Paho... evə yaman vaxtda gəlib çıxdıq. Xanım yenə hirslənmiş. Qorxudan başımın tükləri yenə biz-biz oldu. Ağa, Qaraca qızı xanım hələ görməsin. Qoy hirsi bir az soyusun.
Bəy. Boş-boş danışma. Ayını apar töyləyə qoy.
Qaracaqız. Mən kəndimizə gedirəm.
Ağca (atasını görür, qaçaraq). Ata can, ata can, mənə nə gətirmisən?
Bəy. Bax, sənə nə yaxşı şeylər gətirmişəm?
Ağca. Ay, nə yaxşı qızdır. Hələ meymuna bax, nə məzəlidir! Ata, bu meymunu da mənə gətirmisən?
Qaracaqız. Yox, meymun mənimdir!
Ağca. Boy, nə məzəli meymundur. Ata, bu qız ilə, bu meymun ilə məni oynamağa qoyarsan?
Bəy. Baxarıq, qızım, onu anan bilər.
Ağca. Ana can, bax, nə yaxşı qızdır.
Pəricahan. Bu dünya gözəlini hardan tapıb gətirmisiniz?
Bəy. Meşədən, ayının ağzından almışıq.
Pəricahan. Pəh-pəh, hamı gedər quş gətirər, Xanəli bayquş gətirər. Onu bu qapıdan rədd eləyin, gözüm görməsin.
Ağca. Yox, yox!.. Qoy qalsın bizdə.
Bəy. Adə, keçəl, bu qızı apar tövləyə sal.
Qaracaqız. Mən tövləyə getmirəm. Kəndimizə gedirəm, babamın yanına gedirəm.
Pəricahan. Yaxşı, yaxşı... Səni alişan imarətdə saxlarıq.
Qaracaqız. Mən babamın yanına gedirəm.
Xanım. Bircə bunu mənim gözümün qabağından götürün. Bəxtəvərin yanağından qan damır.
Qaracaqız. Mən babamın yanına gedirəm.
Saymaz onun qolundan tutub aparır, meymun da gedir.
Ağca. Ata, mənim meymunumu da aparır.
Bəy. O meymunu da bağda bir ağaca bağla.
Xanım. Adını da bəy qoymusan, ovdan gətirdiyin töhfələrə bax, bir utan... Qaraçı qızı, qıllı ayı, qıllı meymun. Mən o qızı saxlamayacağam.
Bəy. Sənin başın işləmir. Mən onu bəsləməyə gətirməmişəm. Sahibsiz, yetim qızdır. Vur boynunun kökünə, səhərdən axşamacan işlət.
Hər üçü gedir, Saymaz gəlir.
Püstə. Saymaz, nə yaxşı qızdır, gəl onu götürüb saxlayaq.
Saymaz. Nə? Başımda beş-on tük var, onu da xanıma yoldurmaq istəyirsən? Görmürsən qızı görüncə dəli kimi divara dırmanırdı. Yox, yox, mən yaxamı onun əlinə verə bilmərəm.
Püstə. Onu doğru deyirsən, bizim də günümüz batar, o yazıq yetimin də.
Piribaba gəlir, Püstə gedir.
Saymaz. Xoş gördük, baba.
Piribaba. Xoş günün olsun, de görüm, bəy ovdan nə gətirdi?
Saymaz. Çox şey... Bir ayı, bir meymun, bir də bir qız...
Piribaba. Sən də, bu zarafatı burax.
Saymaz. Canım üçün, baba, doğru deyirəm. Bu günkü ovumuz çox qəribə oldu. Bir ayı, bir meymun, bir də bir qız. Qarşımıza ov çıxmadı, bir də gördük, Bozlar ayı ilə boğuşur. Bəy ayını vurub yerə sərdi.
Piribaba. Bu meşələrdə ayı hardan?
Saymaz. O qaraçı qızın ayısıymış. Biz bilməyib vurub öldürdük.
Piribaba. O qızın adı nə idi?
Saymaz. Adı? (Fikrə gedir) Bir qəribə adı var. Yavaş görüm... ha... adı Qaraca...
Piribaba. Qaraca? Necə qızdır?
Saymaz. 13-14 yaşında, qarayanız bir qızdır.
Piribaba. Bu bizim Tutu olmasın? Ah, yadıma düşəndə ürəyimin başı göynəyir. Bircə o qızı tapa bilsəydim!
Saymaz. Ha, o axtardığın qızı deyirsən? Sən də o qız üçün nə bu qədər əldən, ayaqdan gedirsən?
Piribaba. Adam gərək yaxşılığı unutmasın. Atasının o qədər yaxşılığını görmüşəm ki... O qız hardadır?
Saymaz. Tövləyə salmışam. Ağlayırdı ki, babamın yanına gedəcəyəm. Qorxdum ki, qaçar. Qapını üzünə bağladım.
Piribaba. Tövləyə nə üçün saldın?
Saymaz. Bəy əmr elədi.
Piribaba. Tfu, sənin insafına. Belə adamların çörəyini yemək haramdır. (Getmək istəyir)
Saymaz. Hara?
Piribaba. Gedim görüm o qız kimdir? Ürəyim çox döyünür. Bəlkə Tutudur?
Bəy. Piri, piri!
Piribaba. Bəli, bəy!
Bəy. Tez, tez! Atlar acdır. Get, qonşumuz Yunis kişidən iki çuval arpa gətir.
Saymaz. Bəy, qoy mən gedim.
Bəy. Yox, sənə ayını soyduracağam, qoy Piri getsin. Tez ol, Piri.
Piri gedir, Ağca gəlir.
Ağca. Ata, o meymunu gətirsinlər, mən bir az oynayım.
Bəy. Ədə, keçəl, get meymunu gətir.
Ağca. Ay can, ay can! Elə məzəli meymundur ki. (Atasını qucaqlayır) Ata can, məni hər gün o meymun itlə oynamağa qoyarsan?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-qaraci-qiz-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Nəsrinin o gün vurdu mənə atəşlərYellər bizə göstərdi dünən sünbüli-tər,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi