Cəfər Cabbarlıya

Fəza kimi sonsuz, quru və susuz çöllərdə yetişmiş cansız bir fidan idin, nə günəşin hərarətindən qoruyan sərin bir kölgəliyin, nə də soyuq ruzgar və acı qasırğalardan sığınacaq bir koman vardı. Başın üzərində çaxan alovlu şimşəklərin, ayaqların altında sönən fırtınaların ağır qırmancları altında əzilə-əzilə, çarpışa-çarpışa arxasız və köməksiz böyüdün. Həyatın ağır zərbələri o arıq və zəif vücudunu gəmirdikcə, sən öz sarsılmaz iradənə sarılaraq, dimağındakı atəş, ruhundakı qüvvət, qəlbindəki hərarətlə durmadan məqsədə doğru irəlilədin. Lakin mənzil uzaqda idi... Ey günəşli yolun gənc yolçusu, səfərin haraya?

Sən bunu o zaman bilmədən, düşünmədən yoluna davam edirdin. Gözlərindəki duman, addımlarındakı tərəddüd varlığına hakim kəsilərək, səni yüksəlməyə qoymurdu. O şair qəlbinin yaradıcı istedadı sənə ilk dəfə, “yüksəl” deyə bağırdığı zaman sən özünü yenə də doğma çöllərdə deyil, yad ellərdəki kimi hiss edərək, şimşəkli fəzaların buludları arxasında kiçik bir ulduz kimi parladın. Parlamaq, – o sənə təbiətin bəxş etmiş olduğu bir haqq idi. Lakin hər tərəfdən səni əhatə edən o məhdud və qaba mühit, o sönük, süni həyat ildırımlı gözlərindəki dumanları, qəlbini gəmirən tərəddüd və şübhəni, ruhunu əzən kədər və sıxıntını kökündən qazaraq, həyat və mühitin dərinliklərinə dalmaq üçün sənə imkan vermirdi. Sənin gənc, fəqət geniş qəlbindən qopan səslər, nəğmələr uzaqlara qədər əks etmirdi. Bunu özün də duymuş olduğundan, durğun bir dənizin sahilində qayalıqlara dirsəklənərək, sahilə doğru gəlməkdə olan kiçik dalğacıqları seyr edərək:

– Mən də bu dənizdən bir dalğa deyiləmmi? – deyə düşünürdün.

Bu zaman qüvvətlə qopan uğurlu bir fırtınadan yer, göy sarsıldı, dörd yanında şimşəklər gurladı, dəniz çalxalandı. Dərinliklərdə qopan dağ gövdəli dalğalar iri, nəhəng ağzını açaraq, qayalara doğru coşmağa və sahilləri çeynəməyə başladı. Sən hələ fikrə dalmış, düşünürdün. Oturduğun qayalıqlara şiddətlə çarpan ilk dalğa səni ağ, almaz dişləri arasına götürmüş, dənizin qızğın və coşqun axıntısına atmışdı. Sən dənizin dərinliklərindən üzə çıxdığın zaman, ağ nəhənglər səni köpüklü qolları üzərində oynadarkən sahildən-sahilə, qütbdən-qütbə şığıyaraq bağırırdın: “Mən də qovuşduğum dənizdən bir dalğa, mən də sellər köpürən bir qasırğayam”.

Səhər günəşlə əl-ələ, dalğalar üzərində sahillərə çıxdığım zaman nə qədər dəyişmişdin, səni heç tanımadım. Şimşəklərlə, çələnglərlə örtülmüş alnının şəfəqlərini heç bir fırtına bu qədər partlatmamışdı. Heç bir günəş gözlərindəki şübhə və tərəddüd dumanlarını bu qədər aydınlatmamışdı; heç bir qüvvət qırıq və zərif səsindəki iniltini kökündən qazaraq, onu bu qədər şən gurlatmamışdı. Bu dəfə dəniz qəlbin: “yüksəl!” – deyə əmr etdiyi zaman, mən səni gənc sosialist vətənimin bütün dünyaya işıq saçan qızıl buruqlarının, ucsuz-bucaqsız tarlalarının arasında gördüm. Yeni qurulmuş qızıl bir səltənətin canlı çələnglərdən yapılmış sənət taxtı üzərində oturmuşdun. Alnını oxşayan doğma yurdumun təbii və canlı çiçəklərindən hörülmüş sənət çələngi şair başına o qədər yaraşırdı ki, yeni qurduğun həqiqi sənət səltənətində üfüqləri işıqlandıran bir günəş kimi parlayırdın. O sənət abidəsi olan çələng üzərində çiçəklərlə yazılmışdı: “Ey coşqun dəniz, həqiqi yolumdan saparaq, durğun və bulanıq göllərin lillənmiş sularında qərq olduğum zamanlar belə sənin coşqun qəlbinə nüfuz etmək və özümü dəniz etmək üçün çırpınırdım”.

Yaradıcı günəşin dimağını əbədiyyətlə parladan əbədi şüalarını və çiçəklərlə bəzənmiş geniş səltənətini gördüyüm zaman: “Bu günəş sönməz, bu çiçəklər solmaz!” demişdim.

Aylar keçdi, illər ötdü, lakin sən sarsılmaz iradənlə qurduğun yeni sənət səltənətində gündən-günə solmaz bir çiçək kimi açılır, sönməz bir günəş kimi parlayırdın.


– Nə, nə? – deyə dəli kimi yerimdən qalxdım Qara xəbər ildırım sürəti ilə bir anda hər tərəfə yayılmışdı. İnanmadım. Amma mən də sənə doğru gələnlərə qarışaraq, çılğın kimi yeriyirdim. Yetişdim... Ölüm kürsüsü üzərində səni hər tərəfdən qucaqlayan çələnglərə sarılaraq, gözlərini qapamışdın... Yenə inanmadım. Axın-axın səni ziyarətə gələnlərə:

“Yox, o ölməmişdir!” – deyə bağırmaq istədim. Lakin qızıl ölkəm üçün ən qiymətli olan bir şeyin qırılıb içimə düşdüyünü hiss edincə, qollarım taqətsiz bir halda yanıma düşdü. Başın üzərində durub çaşqın-çaşqın baxırkən: “Ah, qayğısız təbiət, nə etdin!” – deyə geniş alnından öpmək, onu göz yaşlarımla islatmaq istədim. Lakin dörd tərəfində duran və arxadan canlı bir dəniz kimi təlatümə gələn gənc qələm yoldaşlarını görüncə ruhum qüvvət aldı, gözlərim böyük bir ümidlə parladı. Əlimi havada sallayaraq: “O, solmaz və sönməz! Əbədiyyətə qovuşanlar üçün ölüm yoxdur!” – deyə bağırdım.

Ey gənc sosialist vətənimin yaradıcı sənətkarı! Sən sənət səltənətində yeni bir günəş kimi doğdun!

Sənət səltənətində doğan böyük günəşlər sönməz!

Əbədiyyət baharının bağçalarında açan çiçəklər solmaz!

O çiçək, o günəş sənsən, sənin sənətindir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri