Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:

– Sinfin nəhəngləri içində birincidir – dedi.

Balakişi Kamil müəllimə:

– Sizin zəhmətinizin meyvəsidir – deyə cavab verdi.

Orkestr çaldı. Zəng vuruldu, qonaqlar zala dolub öz yerində oturdular. hamı gözünü səhnəyə dikib səbirsizliklə pərdənin açılmasını gözləyirdi. pərdə yavaş-yavaş qalxdı. Ən fəal əlaçı şagirdlər məktəbli formasında səhnədə yarımdairə təşkil etmiş, müdir də ortada üzü salona qarşı durmuşdu. Zal coşdu, qızğın və sürəkli alqışlar ətrafı bürüdü. Müdir qısa və gözəl bir nitq söylədi. Nitqində öz uşaqlarının tərbiyə və əxlaqına diqqət etməyən ata və analardan şikayət edərək dedi:

– Bəzi tənbəl, bacarıqsız və ictimai tərbiyəsi zəif olan analar uşaqlarını başdan sovmaq üçün məktəbə verir, hər zəhməti məktəbin üzərinə atır. Bu analar öz uşaqlarının tərbiyəsinə, təmizliyinə əsla əhəmiyyət vermir, bu günün tələblərini, istəklərini öyrənmək və anlamaq istəmir. Biz hər ailəni, onun tərbiyə vermiş olduğu uşağından tanıyırıq. Tərbiyəsiz ata, ana və onların yaramaz uşaqları bu günkü quruluşumuz üçün yaramaz ünsürlərdir. Biz onların yolunda ilan kimi qabıq qoyuruq.

Sonra o, üzünü səhnədəki əlaçılara çevirib dedi:

– Gənc sosialist ölkəmiz bu gün bizdən belə qüvvətli, ciddi və sağlam bir nəsil tələb edir.

Zal yenidən coşdu. Müdir əlaçıları bir-bir zaldakılarla tanış etdi. Məktəbin pioner təşkilatı və mədəniyyət bürosu tərəfindən hər şagirdə ayrı-ayrı bəxşişlər verildi. Xasaya mişar, çəkic, rəndə, kiçik balta, burğu və bu kimi dülgər şeyləri bağışlandı.

Müsamirə çox maraqlı keçdi. idman nömrələri göstərildi, mahnılar oxundu, çalğı çalındı, oyunlar oynandı. O gecə qonaqlar şən və dadlı bir xatirə ilə evlərinə döndülər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri