Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.

Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

Bir gün anasından papirosları alıb satmağa gedirdi. Həyətə çıxınca qonşusu Mürsəl ona yaxınlaşıb gülə-gülə soruşdu:

– Xasay, papirosun biri neçəyədir?

Xasay acıqlı: “İtil get!” – deyə təpiklə onun qarnından elə vurdu ki, Mürsəl sancılanıb yerə yıxıldı: onun bağırtısına anası gəldi. Oğlunu o halda görüncə:

– Bu xuliqanın bir yiyəsi yoxdurmu? Od olub həyətin canına düşübdür. Onu görüm yox olsun! – dedi.

Badam qaşlarını çataraq acıqlı bir səslə Züleyxanın üstə kükrədi:

– Ey, ağzını yığ, xuliqan sənsən. Nə olar? Uşaqdırlar, dalaşıblar...

Züleyxa eyni səslə ona cavab verdi:

– Mən də xuliqan olsaydım, sənin kimi yolkəsənə gedərdim. Sonra üzünü qonşulara tutdu:

– Ay adamlar, belə anaya mən nə deyim? Uşağımı sancılandırıb yerə sərib, yenə heç kefini pozmur. Uşağının əlinə papiros verib küçələrə salan anadan nə gözləmək olar?

– Kasıbçılıqdır, neyləyim!

– Neyləyəsən? İşmi azdır? Sənin iki uşağın var, mənim üç. Mən nə üçün uşaqlarımı papiros satmağa göndərmirəm?...Çünki mən o küçə xarabanı bilirəm. Səndən pismi yaşayıram? Özün tənbəlsən, zəhmətdən qaçırsan. Uşaqlarının ayağını küçələrdən çək, get sən də mənim kimi işlə.

– Sən mənə yol göstərmə, get öz uşaqlarının dərdini çək.

– Mən özümkülərin dərdini çəkirəm. Çəkməsəm o da quduz it kimi onu, bunu dalardı. Bu həyətdə kim mənim uşaqlarımdan bir gül qədər incimişdir? Dərd sənin dərdindir. Bir də o bizim uşaqlara əl vursa,. sənin başına bir iş açaram ki, bütün həyət tamaşaya durar.

– Arvada bax, dəli olub, mənim başıma neçin?

– Çünki onu vəhşi edib xalqın canına salan sənsən, yoxsa əvvəlləri gül kimi uşaq idi.

Doğrudan da Xasay vəhşi olub çöllərə düşmüş, ipsiz-sapsız bir həyat keçirirdi.

Rəcəb son zamanlar Xasaya çox yaxınlaşmış və onu tamamilə öz təsiri altına almışdı. Çox zaman bağça yanında, küçə qapısında onunla oturub yavaş-yavaş danışırdı. Rəcəb ona deyirdi:

– Məktəbin daşını at, ondan bir şey çıxmaz.

Xasay cavabında deyirdi:

– Anam buraxmaz...

– Mən olan yerdə o kimdir? Sən qorxma, dərsə getmə, şuluqluq elə, qərəz elə bir iş gör ki, səni qovsunlar. Sabahdan oyana məktəbdə qalma.

Küçə həyatı hansı uşağı bir insan kimi yetişdirdi? Hansı insanı bir alim kimi meydana çıxartdı? O azğın həyat kiçik Xasayı öz kəskin və zəhərli dişləri arasında əzir, parçalayır və onu uçuruma doğru sürükləyirdi. Onun başı küçə həyatına o qədər qarışmışdı ki, dərsi, məktəbi büsbütün unutmuşdu. Fikri daima qaranlıq və dumanlı uçurumlarda dolaşırdı. Axşamlar evə yorğun, arğın qayıdıb, anası ilə, bacısı ilə vuruşa-vuruşa, dilləşə-dilləşə yatırdı. Onun əxlaqı və təbiəti dəyişdiyi kimi siması da dəyişmişdi. O, heç əvvəlki Xasaya bənzəmirdi. Üzündən, gözündən xuliqanlıq yağırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri