İkinci hissə, 6. Komandir
Polkovnik “Azad” komandası vermədən ayağa qalxıb otaqda gəzişməyə başladı:
“Hər əsgərə beş min istəyirlər!” - dayanıb üzümə baxdı - “Ordu deyil, mafiyadır! Sizin qarşınızda hərbçilər deyil, quldurlar dayanıb, bilirsizmi?”
“Bilirik, cənab polkovnik!” - bölük komandiri dillənəndə Nəbiyevin yadına düşdü ki, biz hələ də hərbi salam vəziyyətində dayanmışıq. Dilucu “A-zad” söylədi və iri addımlarla otağın o başına getdi:
“Deyirəm, rəhbərliyinizlə əlaqə saxlayaq, optimal bir variant tapaq, deyirlər, nə danışırsınız, biz əsgərləri öz rəhbərliyimizdən gizləyirik, onların bu işdən xəbəri yoxdur. Təsəvvür edirsiniz?!”
Gəlib düz qarşımda dayandı:
“Təsəvvür edirsən, Orucov?”
“Edirəm.”
“Bir gün bir dəstə erməni azıb sizin posta gəlsə, sən bizdən xəbərsiz onları pula dəyişərsən?”
“Bunu təsəvvür edə bilmirəm, cənab polkovnik” - gülümsədim, doğrudan da, vəziyyət mənə gülməli gəldi.
“Bəs mən nə edirəm?” - səsini qaldırdı - “Onların nazıyla oynayıram! Çünki acizəm! İki-üç İrəvan tulasına yalvara-yalvara qalmışam!”
Polkovnik təmkinini itirməsə də, arada hirs-hikkəsini ifadə edib rahatlamağa çalışırdı. Yenə otağın o başına getdi, qayıdanda bizim yox, xəritənin qarşısında dayandı, mövqelərimizi gözdən keçirə-keçirə qətiyyətli səslə dedi:
“Dil” gətirməlisiniz! Elə etməlisiniz ki, onlar bizə yalvarsınlar!”
Bir az fasilə verib yenə səsini qaldırdı:
“Amma bircə şərtlə: atəşkəs pozulmayacaq!”
Bizə tərəf çevrildi:
“Bacararsınız?”
“Bacararıq!!!” - xorla cavab verdik. Bölük komandirini bilmirəm, mən ürəklə söylədim. Çünki özümə də, dostlarıma da inanırdım.
“Məncə də bacararsınız!” - polkovnik xeyli yumşaldı. O, səsimizdəki özünəinamdan işi bacaracağımızı hiss eləmişdi. Üzünü təkrar mənə tutub şəfqətlə gülümsədi:
“Sənin haqqında çox eşidirəm. Elə bilmə nəsə diqqətdən kənarda qalır. Hər şey gec-tez qiymətləndiriləcək.” - bu, deyəsən, söhbətimizin həvəsləndirmə bölməsiydi, lakin təkcə mənə dediyi üçün bir az səmimi qəbul etmək olardı.
Komandirin son tapşırığı bu oldu: “Qərargaha gedin, əməliyyat planını hazırlayın. Kapitan Rəşidova tapşırmışam!”
Qərargahda bizi “Karta Sabir” qarşıladı. O, uzun müddət torpaq komitəsində xəritəçəkən işləmişdi, kadr çatışmadığına görə qərargahda işə cəlb etmişdilər. Hər zabitdən bir şey öyrənə-öyrənə işə xeyli yiyələnmişdi. Karta Sabir uşaq vaxtı “Kirpi” jurnalında gördüyüm karikaturalara oxşayırdı. Başının ortası keçəl, qarnı qabağa çıxıb. Hirslənəndə kəkələyir, kəkələyəndə gözlərini qırpırdı. Hövsələsiz adam idi, ona görə itoynadan uşaqlar onu tez-tez cırnadırdılar. Deyirdilər, səni uşaqlarına görə burda işlədirlər, yoxsa heç kim sənin xəritələrinlə hərəkət eləmir. Kişini od götürürdü. Yaşı qırxı keçmişdi, amma hələ də uşaqlıq idimi burnundaydı.
Qoltuğunda kağız-kuğuz Kapitan Rəşidovun qapısının ağzında gözləyirdi. Qarnı əvvəlkindən çox pırtlayıb qabağa çıxmışdı. Elə bil onu çəkən rəssam qəsdən qarnını bir az çox, həm də gözlənilmədən qabağa çıxartmışdı. Qoltuğundakı kağız-kuğuzun arasında uzun bir xətkeş vardı. Yalan olmasın, bir metrə. Leytenant Abdinov xətkeşə işarə edib söz atdı:
“Sabir müəllim, o uzunluqda xəritə çəksən, gedib Xankəndinə çıxarıq, mümkünsə, bir az qısa edərsən.”
Bu dəfə hirslənmədi:
“Sizin əməliyyatlara xətkeş lazım deyil, “spiçka”nın tiniylə çəkirəm. Postdan bir az irəli gedib yatırsız, axşam geri gəlirsiz, bu da olur kəşfiyyat!”
Gülüşdük. Onunla görüşüb xidmət rəisinin otağına keçdik.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-6-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə Ağstafa Murov idi, nə də mən həminki adam. Arada Polkovnik Nəbiyevə qulaq asmayıb bura qərargah rəisi gəlməyimə peşman olurdum. Yadımdadır, o, soyuq nəzərlərini üzümdə gəzdirib demişdi:“Getməyini istəmirəm! Mənə burda çox lazımsan. Amma seçim özünündür.”
Dördüncü hissə, 29. Mayor PoladovOnunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.
Dördüncü hissə, 30. KomandirBu dünyada bir kimsəyə minnətim olmadı, Sevincdən başqa. Biz, əslində, sənəddə evli idik, həyatda deyil. Bir-birimizdən ayrı düşmüşdük və bəzən işlərim o qədər çox olurdu ki, ayların necə keçib-getdiyini bilmirdim. O, həm evi-uşaqları idarə edirdi, həm də bir gözü mənim üstümdə olurdu. Özünə zarafatla “əsgər anası” deyirdim. Doğrudan da, anam nə edərdisə, Sevinc onu edirdi. Əlində zənbil xidmət keçdiyim yerlərə gəlir, əsgər valideynləri kimi məni gözləyib görüşürdü. Yaxşı ki, Zabil varmış. Mən evimdən birinci Sevincə, ikinci Zabilə görə arxayın idim. Yoxsa xidmət eləyə bilməzdim.Zabil arada məndən möhkəm incimişdi. Toyumda çağıra bilmədiyim üçün. Açığı, deyə bilərdim, amma utandım. Əsgərlikdə idi. Haramıda qulluq edirdi. Fikirləşdim, necə zəng vurum, deyim, toy eləyirəm, qardaşıma icazə verin? Bəlkə, toy başqasının olsa, edərdim. Alınmadı. Və bir gün atamdan eşitdim ki, Zabil məndən inciyib, özü də açıq şəkildə bəyan edib: “Mənim o adda qardaşım yoxdur!”
Dördüncü hissə, 31. ZabilBoynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.
Başqa şairlərin şeirləri
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Lal - karDil açmada lallıq da gedər, karlığımız da.Çün lallığımız doğmuş idi karlığımızdan.
GedərAyaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər,Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər.