Həmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.

Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum:

“Olar sizə komandir deyim?”

Güldü:

“Ələ salrsan məni?”

“Allah eləməsin!”

“Evdə komandir olar?”

“Bu sözdən xoşum gəlir.”

“Səni əsgərliyə göndərərik, komandir sözünü istədiyin qədər deyərsən.”

“Onda da deyərəm, indi də deyim, nə olar ki?”

Dinmədi. Dinməmək razılıq sayılırdı. Ancaq ona komandir deməyə çəkindim.

Kitablarımı gətirdim, gündəliyimi göstərdim, şəkillərimi tökdüm ortaya. Onun diqqətini cəlb etmək, onu o biri qohumların əlindən almaq üçün yüz oyundan çıxırdım. Hamıdan çox mənə diqqət edirdi. Mənimlə ünsiyyət onun xoşuna gəlirdi. Hər dəfə bir bicliyimi tutanda elə gülürdü ki! Gözlərindəki qüssə yalnız onda çəkilib gedirdi.

Bir də ortancıl qardaşımız kənd-kəsək adamlarından lətifə danışanda ürəkdən gülürdü. Onu bircə ortancıl qardaşımız əlimdən ala bilirdi. Damarını tutmuşdu. Elə söhbətlər salırdı ki, əlindəki işi yarımçıq qoyub qulaq asırdı.

Atam:

“Adam adamı belə unudar? Heç demirsən, bir yataqxananın küncündə qoca bir atam var, gedim baş çəkim!”

O:

“Vallah, vaxt eləyə bilmirəm.”

Atam:

“O mahnıda nə təhər deyir? Sən gəlməsən, özüm gəlləm! Bir az da geciksən, burdan maşın tutub düz Murova gələcəkdim.”

O:

“Nə vaxt istəsən, gəl. Amma isti vaxtı gəl. Havanı da dəyiş.”

Atam:

“A bala, sən əsgərsən ki, dalınca düşək? Getdin oxudun, zabit oldun, yenə dəyişmədin. İstəsən, arada imkan eləyib gələ bilərsən, özün istəmirsən.”

O:

“İndən belə çalışaram gəlim.”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 3. Komandir

Zabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.

20183 dəq
Birinci hissə, 4. Sevinc

Onunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.

20183 dəq
Birinci hissə, 5. Komandir

Kənddəki həyətimizdə güllələdiyim qara pişik yenə yuxuma girmişdi. Qulağından və ağzından qan axa-axa çığırırdı. Ömrümün lənəti idi bu pişik! Hər dəfə yuxuda görəndə başıma ağır bir hadisə gəlirdi. Bir dəfə ayağımdan yaralandım, bir dəfə qılçalarıma qəlpə doldu. Onda Özbəkistandan təzə gəlmişdim. Sovet hərbi hissəsini icazəsiz tərk etdiyimə görə başımı sığallamayacaqdılar. Amma mən heç kimdən yox, atamdan çəkinirdim. Ona nə deyəcəkdim? Vətən, torpaq nağılları qulağına girməzdi. İcazəsiz gəldiyimə görə hərbi tribunaldan əvvəl özü cəzalandırardı məni. Aranzəmin döyüşlərində yaralananda da bunu atamın qorxusundan hamıdan gizlətmişdim. Atam bilsə, yaxamdan tutub soruşacaqdı: “Aranzəmində nə gəzirdin?” Axı o, məni öz ayağıyla batalyona gətirib, piser qoydurmuşdu. İşim-gücüm yazı yazmaq olacaqdı.Kişinin məntiqinə baxın!

20186 dəq
Birinci hissə, 6. Əsgər Qasımov

Hərbi anddan sonra xidmətə yenicə başlamışdım, dedilər, batalyon komandiri mayor Orucov səni çağırır. Getdim. O, hərbi hissənin həyətindəki çardaqda oturmuşdu. Yanına qalxdım, hərbi salam verdim. Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım; istəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi. Sonralar bu möcüzənin canlı şahidi oldum! İki əsgər dalaşmış, biri o birini möhkəm döymüşdü. Döyülən əsgər zülüm-zülüm ağlayırdı. Yanına çağırdı onu. Üzünə necə şəfqətlə baxdısa, əsgər göz yaşlarını silib gülümsündü. Dalınca onu döyən əsgər gəldi otağına. Baxışlar tərs üzünə çevrildi. Əsgər nə edəcəyini bilmədi. Gah otağın küncünə baxdı, gah öz əllərinə, gah mənim sifətimə və arada da Orucovun ox kimi ona sancılan masmavi gözlərinə! O, susurdu, ancaq baxışlarındakı sərtlik azalmırdı. Bir kəlmə danışmaması əsgəri daha da həyəcanlandırırdı. Və əsgərin əlləri əsdi, dodaqları səyridi, nəfəsi tıncıxdı, hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi.Bəli, Orucov istəyəndə qəddar, istəyəndə xeyirxah baxışlarla baxa bilirdi, lakin gözlərindəki nisgili gizləməyi bacarmırdı. O nisgil ondan icazəsiz hopmuşdu baxışlarına.

20183 dəq

Başqa şairlərin şeirləri