Hərbi anddan sonra xidmətə yenicə başlamışdım, dedilər, batalyon komandiri mayor Orucov səni çağırır. Getdim. O, hərbi hissənin həyətindəki çardaqda oturmuşdu. Yanına qalxdım, hərbi salam verdim. Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım; istəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi. Sonralar bu möcüzənin canlı şahidi oldum! İki əsgər dalaşmış, biri o birini möhkəm döymüşdü. Döyülən əsgər zülüm-zülüm ağlayırdı. Yanına çağırdı onu. Üzünə necə şəfqətlə baxdısa, əsgər göz yaşlarını silib gülümsündü. Dalınca onu döyən əsgər gəldi otağına. Baxışlar tərs üzünə çevrildi. Əsgər nə edəcəyini bilmədi. Gah otağın küncünə baxdı, gah öz əllərinə, gah mənim sifətimə və arada da Orucovun ox kimi ona sancılan masmavi gözlərinə! O, susurdu, ancaq baxışlarındakı sərtlik azalmırdı. Bir kəlmə danışmaması əsgəri daha da həyəcanlandırırdı. Və əsgərin əlləri əsdi, dodaqları səyridi, nəfəsi tıncıxdı, hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi.

Bəli, Orucov istəyəndə qəddar, istəyəndə xeyirxah baxışlarla baxa bilirdi, lakin gözlərindəki nisgili gizləməyi bacarmırdı. O nisgil ondan icazəsiz hopmuşdu baxışlarına.

Canıma üşütmə salan həm də mənimlə danışa-danışa mənə yox, başımın üstündən uzaqlara, bəlkə də heç görünməyən dünyalara baxmasıydı. Arada çevrilib onun baxdığı istiqamətə baxmaq istədim, çəkindim. Səsində də eynən baxışları kimi həm amiranəlik, həm həlimlik, həm hüzn vardı: “Azad. Əyləş.”

Əyləşdim.

“Şəxsi işinə baxdım, dedim, görüşüb söhbətləşək.” - baxışlarında yalnız canıyananlıq vardı. Mənə elə gəldi, doğma atamla söhbət edirəm. Ürəkləndim:

“Çox sağ olun! Təşəkkür edirəm.”

“Milli Təhlükəsizlik Nazirliyinin təlim-tədris mərkəzində işləmisən. Oxumaqla-yazmaqla aran yaxşıdır.”

“Elədir, cənab mayor.”

“Ön xəttə də öz arzunla gəlmisən.”

“Bəli, elədir. Zamanında hərbi məktəbə də getmək istədim, alınmadı. Dedim, heç olmasa, vətənə borcumu verim.”

“Niyə hərbi məktəb? Səni bura çəkən nə idi?”

“20 Yanvar hadisələrində yaxın qohumlarımı qətlə yetirmişdilər. Onda mənim 8 yaşım vardı. Günahsız insanlara atılan o silahların səsi indi də qulağımdadır.”

Fikrə getdi. Gözləri daha çox kölgələndi. Heç nə deməyib qarşısındakı qovluğa baxdı. Mən də başımı aşağı saldım. Bəlkə də dediklərim yersiz idi, ancaq Allah şahiddir ki, səmimi danışırdım.

“Elədirsə, hərbi xidmətə niyə gecikmisən? Yaşın çoxdur”, - səsini yenidən eşitdim.

“Ailəmizdə xəstə vardı, mən onun müalicəsi üçün işləməli idim. Evin tək oğlu olduğuma görə bir az möhlət verdilər.”

“Kim idi xəstə?”

“Atam.”

“Ona nə olub?”

“Şəkər xəstəsidir. Ayaqlarında qanqrena var.”

“Allah şəfa versin.”

“Çox sağ olun.”

“İndi evdə işləyən yoxdur?”

“Anam işləyir. Tibb bacısıdır.”

“Eviniz var?”

“Var.”

“Sevdiyin necə, var?”

Burda tutuldum, istər-istəməz güldüm. O da ağzının bir yanı ilə gülümsündü.

“İnanmayacaqsınız, amma heç vaxt qız sevməmişəm.” “Niyə?”

“Ön xəttə gələcəkdim, kiminsə gözünü yolda qoymaq istəmədim.”

“Hmm” eləyib başını tərpətdi. Sənədləri bir az da gözdən keçirib yığışdırdı, əllərini cütləyib qovluğun üstünə qoydu:

“De görüm, mənim fərdi əsgərim olarsan?”

“Olaram!” - sual gözlənilməz idi, səbəbini bilmədən anındaca razılığımı verdim və heç vaxt bu qərarıma görə peşman olmadım.

Doğrudan da, ön cəbhəyə öz arzumla gəlmişdim. İçimdə çoxlarına gülməli görünən bir vətənpərvərlik vardı. Hərbi komissarlıqda işləyən qohumumuz sənədlərimi yazanda bu istəyimdə israrlı olduğumu görüb anama zəng vurmuşdu, demişdi, oğlunuzun ön cəbhəyə gedəcəyindən xəbəriniz var? Anam cavab vermişdi ki, biz onu yolundan döndərə bilmədik, nə deyirsə, elə də edin.

Hava soyuyan kimi komandir ayağındakı qəlpələrdən şikayətlənirdi, deyirdi, aram-aram sızıldayır. Bir gecə özümdə cəsarət tapıb soruşdum:

“Harda yaralanmısınız?”

Cavab vermədi. Otağın işığını söndürüb uzanmışdı.

O, həmişə belə edirdi. Qaranlıqda uzanıb televizora baxırdı. Mənsə onun istirahətinə mane olmamaq üçün mətbəxdə otururdum.

Çox keçmədən batalyondakı köhnə əsgərlərdən komandirin ayağındakı qəlpələrin tarixçəsini öyrəndim, qaranlıqda oturmağının sirrini açmağıma hələ çox vardı.

Kəndlərinin alınması, anasının və dayısının şəhid olması, Fərrux dağındakı döyüşlərdə yaralanması mənim üçün yeni xəbər idi. Əhvalatın ən həyəcanlı və kədərli məqamı anasının atəş nöqtəsində qalan meyitini çıxartmasıydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 8. Komandir

Kapitan Rəşidov qayğılıydı. Deyəsən, işi bacaracağımıza inanmırdı. Əməliyyat planını hazırlayandan sonra səsindəki yorğunluq diqqətimdən qaçmadı:“Uşaqlar, yəqin, Polkovnik Nəbiyev özü sizə deyib, nə edirsiniz-edin, atəşkəs pozulmasın. Unutmayın, kəşfiyyat əməliyyatı briqada komandirinin, atəşkəsə diqqət etmək baş qərargahın tapşırığıdır.”

20181 dəq
İkinci hissə, 9. Gizir Səfərov

Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

20185 dəq
İkinci hissə, 10. Komandir

Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.

20183 dəq
İkinci hissə, 11. Qırğı

Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.

20181 dəq

Başqa şairlərin şeirləri