İkinci hissə, 10. Komandir
Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.
Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.
Gizir Səfərovu çağırdım. İnanılmaz ruh yüksəkliyi mənə də sirayət etdi. Ona baxanda özümdən asılı olmadan gülümsünürdüm. Cəsuruydu, güclüydü, mərdiydi. Həm də bir az kobudluğu, köntöylüyü vardı. Elə şirin danışırdı ki, saatlarla oturub qulaq asmaq istəyirdin. Başqa adam o cür loru dildə, söyüşlə danışsa, acığım gələrdi. Bunda alınırdı.
Ötkəm duruşu, əzəməti, alovlu baxışları və bütün bunlara uyuşmayan sadəlövh üz cizgiləri məni yenə güldürdü, toqqasından zarafatla dartdım, dedim, get, uşaqları topla.
Ona “Erkək” deyirdim həmişə. Düzdür, erkəkliyi vardı, amma bu ləqəbin mənası təkcə bu deyildi.
Bölüyümüzün yaxınlığındakı yaylaqda qoyun saxlayan çobanlar ona buynuzlu bir erkək bağışlamışdılar. Hardasa əlli-altmış kilo çəkisi vardı. Sevindiyindən o boyda heyvanı çiyninə alıb dik yoxuşu quş kimi gəlmişdi. Bu hədiyyə Səfərovu “igid kəşfiyyatçıya xalq sevgisi”nin göstəricisi kimi sevindirirdi. Canını torpağa fəda edən, əvəzində bir tük təmənnasında olmayan gizirin bu sevinci öz sirli dərinliklərində incə bir kədər gizləmişdi. Səfərov bunun fərqində deyildi və yaxşı ki, deyildi.
Erkəyi bölüyün həyətinə ötürüb gəldi, dedi, yaxşı məclis quraq, fələkdən bir gün oğurlayaq. O vaxt nəsə vacib işlərim vardı, onun fərəhinə soğan doğramalı oldum və məclis iki-üç gün yubandı. Erkək bölüyün həyətində otlayır, orda da yatırdı. Bir səhər durduq ki, yoxdur. Səfərov dəliyə döndü. Dedi, oğrunu tapsam, boğazını üzəcəm.
Yaxın-uzaqdakı hərbçilərə duy vurdu, erkəyi gördüm deyən olmadı. Xəbəri eşidən kimi “sapyor”un uşaqlarından şübhələnmişdim. Onlar hərdən bizə sataşır, kəşfiyyatçılardan nəsə çalmağı böyük qələbə sayırdılar. Təbii, məqsədləri oğurluq eləmək, yaxud bizə sataşmaq deyildi, ayıq-sayıqlığımızı yoxlayırdılar. Ona görə nə edirdilərsə, az keçməmiş bizə bildirirdilər. Bir növü, təlim-məşğələ keçirdilər. Şübhəsiz, erkəyi də onlar aparmışdı. Bunu bilmək üçün kəşfiyyatçı olmaq vacib deyildi. Gizir Səfərov da onlardan şübhələnmişdi, amma yanlarına gedəndə necə and-aman eləmişdilərsə, inanmışdı. Dedim, Səfərov, get “sapyor”lara denən, heyvanı qaytarsınlar. Dedi, komandır, getmişdim, onlarda deyil. Dedim, yenə get, onlardadır. Dedi, ola bilməz, orda yaxşı uşaqlar var, mənə yalan deməzlər. Dedim, ağlın olsun, Səfərov, gəlib qapından erkək aparanlar sənə yalan da deyər, o üzə də keçər.
Başını qaşıdı. Çətinə düşəndə həmişə belə edirdi. Və başını qaşıyanda qaşını-gözünü əyirdi. Bu vaxt beynində qısaqapanmalar olduğunu bilirdim. Onu yalnız yalan və fırıldaqla çətinə salmaq olurdu. “Sapyor”lar da bunu etmişdilər. Pərt olmaması üçün dedim:
“Gəl, belə edək, özün onlara göz qoy və istənilən vaxt təlim əməliyyatı keçir. İstəyirsən, sənə köməkçi də verim.”
“Lazım deyil” söyləyib getdi, o gün axşamacan qaşgözünü əyə-əyə başını qaşıdı.
Gecə yarı “sapyor”lar tərəfdə səs-küy qopdu. Əsgərlər gözlədiyim xəbəri axır ki, gətirdilər. Gizir Səfərov müşahidə edib, maraqlanıb, erkəyin onlarda olduğunu, hətta axşamdan kəsilib hazırlandığını öyrənib. Gecə süfrə açılan vaxt qarovulun gözündən yayınaraq, “sapyor” bölüyünün yerləşdiyi binanın çardağına çıxıb, pəncərəni ayağıyla açıb, düz məclisin ortasına düşüb.
O gecə bizim taqım da qonaqlıqda iştirak etdi.
Çıxıb bölüyə gələndə erkəyin ətindən yeyib ağırlaşan Səfərov ayı kimi yanlarını basa-basa mənə yaxınlaşdı və qoluma girdi:
“Komandir, elə bilmə, onlar bizi aldatdılar. Boyunlarına iki erkək qoymuşam, verməsələr, özlərini oğurlayıb gətriəcəm.”
“İki niyə?”
“Biri ziyanlıq, biri cərimə!”
Və həmişəki kimi şirin-şirin güldü.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-10-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:
Dördüncü hissə, 2. Komandir“Cabir postu” haqqında Murovda kədərli bir əhvalat dolaşırdı. Deyilənə görə, Cabir adında komandir əsgərləriylə postdaymış. Əsgərlər çimmək üçün icazə istəyirlər, o da səhvən hamısını birdən yola salır. Komandirin tək qaldığını görən düşmən hücuma keçir. Cabir təkbaşına postu axıracan qoruyur, ağır yaralansa da, mövqeyini tərk etmir. Bizimkilər özlərini çatdırıb düşməni geri oturdanda Cabirin səngərdə həlak olduğunu görürlər.Hər dəfə o posta qalxanda Cabirin düşdüyü vəziyyəti düşünür, düşmənin hardan, necə gəldiyini xəyalımda canlandırır, özümü, əsgərlərimi qəhrəman komandirin yerinə qoymağa çalışırdım. Oxşar vəziyyətə düşsək, biz də axıracan vuruşardıqmı? Vuruşardıq. Buna əminəm.
Dördüncü hissə, 3. QırğıSəhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:“Ön xətt açıqdır, gedə bilərsiniz!”
Dördüncü hissə, 4. KomandirÖmər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Gözüm giryandur, ey can, səndən ayruGözüm giryandur, ey can, səndən ayru,Tənim üryandır, ey can, səndən ayru.