Buzər,Tusər söylənci
Parsdiyara gəldi güləş bayramı,
Kim güclüdür ən gözəl qız onundur.
Dedilər ki, lap güclü də şah olur,
Kim güclüdür ən gözəl qız onundur.
Yüz güləşçi bu yarışa girişdi,
Bu bayramda çox küsülü görüşdü,
Çoxları da qucaqlaşıb öpüşdü,
Çox-çox qızlar, qadınlar da yarışdı,
Şah qız üstə burda ara qarışdı,
Kim güclüdür ən gözəl qız onundur.
Bu bayrama Turpar gizli gəlmişdi,
Qızılquşdan Turqər bunu bilmişdi,
Bunu bilib Turq, Turpara demişdi;
Kim güclüdür ən gözəl qız onundur.
– Sən güclüsən, get bayramda güləş sən,
Güləşərək toz-torpağa bələş sən,
Parsdiyarda şah olmağa əlləş sən,
Kimsən, nəsən, öz yurduna bəlləş sən,
Kim güclüdür ən gözəl qız onundur.
Şah olarsan, düzəldərsən aranı,
Yaxınlaşdır Parsdiyarla Turanı,
Şah olmasan, şah qoyarsan ananı,
Kim güclüdür ən gözəl qız onundur.
Aramızdan çəkişmələr çəkilər,
Acıq gedər, daş çəpərlər sökülər,
Acıqandan qalan dam-daş tökülər,
Kim güclüdür ən gözəl qız onundur.
Turpar ded: – Çox doğrudur, Turq ata,
Gərək gedəm bu bayrama tez çatam,
Anamgili bu bayrama mən qatam,
Kim güclüdür ən gözəl qız onundur.
Turpar dedi, örtüküzlü gedərəm,
Güləşçilər arasında itərəm,
Sora çıxıb kələzdənmə edərəm,
Kim güclüdür ən gözəl qız onundur.
Yarışların gedişini izlərəm,
Sonda güclü kimdir, onu gözlərəm,
Sonra onu güləşməyə səslərəm,
Kim güclüdür ən gözəl qız onundur.
Gəldi evə, o bayramdan çox dedi,
Yalvar-yaxar ana ona yox dedi,
Turpar şahlıq sarayından çox dedi,
Besyar ana öz oğluna yox dedi,
Kim güclüdür ən gözəl qız onundur.
Sona dedi: – Turpar, sənə nə olub,
– Turqər dedi bunu mənə, inandım,
– Heç bilirsən hara gedir bu yolun,
– Turqər dedi bunu mənə, inandım,
Kim güclüdür ən gözəl qız onundur.
Ana dedi, Sona dedi, saymadı,
Ana kəsdi gedən yolu, qoymadı,
Körpə uşaq dedi, Turpar duymadı,
Kim güclüdür ən gözəl qız onundur.
Sona dedi: – Onda apar məni də,
Güclü çıxsan evlənərsən yenidən,
Öldürərəm özümü də, səni də,
Kim güclüdür ən gözəl qız onundur.
Turpar getdi, yarıyolda dayandı,
Qucaqladı ağlar-ağlar Sonanı,
Gözü yaşlı qoyma-dedi-ananı,
Kim güclüdür ən gözəl qız onundur.
Üç gün axdı evdə dən-dən göz yaşı,
Dördüncü gün soraq gəldi, nə yaxşı,
“Güləşmədə Buzər şahın qardaşı,
Tusər olub Parsdiyara şahbaşı,
Kim güclüdür ən gözəl qız onundur.
Haçasaqqal Tusər güclü oğlandı,
Oyuncağı qılınc, bizuc, qalxandı,
Güləş tayı zolaq-zolaq qaplandı,
Kim güclüdür şahlıq yeri onundur.
O bəsləyib toplamışdı gücünü,
Alsın Buzər qardaşının öcünü,
Versin yoxsul Parsdiyara borcunu,
Kim güclüdür şahlıq yeri onundur.
O görmüşdü Tunqu, üç yol uzaqdan,
Ox atmışdı ona yaxın, qıraqdan,
Çox düşmüşdü döyüşlərdə ayaqdan,
Kim güclüdür şahlıq yeri onundur.
Keçən günlər, basıqlıqlar ötüşüb,
O yaralar çapıqlaşıb, bitişib,
Indi yeni döyüş günü yetişib,
Kim güclüdür şahlıq yeri onundur.
Düşünürdü, daşınırdı o belə,
Verməlidir Parselliylə əl-ələ,
Dönməliydi qar dağına, gur selə,
Parsdiyarın oğulları var hələ,
Kim güclüdür şahlıq yeri onundur.
Düşünürdü, daşınırdı yeni şah,
Cummalıydı Əkbitənə birbaşa,
Batmalıydı vara, yerə, daş-qaşa,
Kim güclüdür şahlıq yeri onundur.
Toplum, yaraq, yem, yeməli bol olsa,
Bicləməylə Turqa, Tunqa yol alsam,
Basar ollam qılınc vuran qol olsam,
Kim güclüdür şahlıq yeri onundur.
Düşünürdü, gözlər ocaq, od idi,
Enli qaşlar dartılmışdı, cod idi,
Sanki dəli qaplan idi, qurd idi,
Kim güclüdür şahlıq yeri onundur.
Əkbitəni, Uruyeri səs aldı,
Yerdə nə var hər gün, hər an dəyişir.
Tunqər gəlib oturmuşdu Başevdə,
Yerdə nə var hər gün, hər an dəyişir.
Düşünürdü, Turqər onu pisləyir,
Yer üzünü barışığa səsləyir,
Indi gedib o, Sərtüzü izləyir,
Yerdə nə var hər gün, hər an dəyişir.
Əkbitənə aman vermir Parsdiyar,
Indi yeni Tusər adlı şahı var,
Acıqana göz ol deyib atalar,
Yerdə nə var hər gün, hər an dəyişir.
Turq deyir ki, yersiz qana batmayın,
Ayıq olun qancıllardan, yatmayın,
Hər söz üstə işə yaraq qatmayın,
Acıqanı dartışmağa dartmayın,
Yerdə nə var hər gün, hər an dəyişir.
Turq nə deyir, biz də onu edirik,
Ata bilib arxasınca gedirik,
Çox bicləmə üzərindən ötürük,
Yavaş-yavaş unudulub, itirik,
Yerdə nə var hər gün, hər an dəyişir.
Hər savaşdan uzaq durmaq, nə demək,
Hər vuruşda barış qurmaq, nə demək,
Sağalt olub yara sarmaq, nə demək,
Yaraqlını içdən qırmaq, nə demək,
Yerdə nə var hər gün, hər an dəyişir.
Bu, aparır bizi yazıq olmağa,
Döyüşlərdə tez-tez basıq olmağa,
Qorxaq, sısqa, gözüqıpıq olmağa,
Öz yurdunda vecsiz, artıq olmağa,
Boşalaraq içi ovuq olmağa,
Yerdə nə var hər gün, hər an dəyişir.
Düşünürdü, dişlərini qıcırdı,
Qollarıyla yeri, göyü ölçürdü,
Alıb yeni bicləmələr biçirdi,
Basarlığa yeni yollar seçirdi,
Yerdə nə var hər gün, hər an dəyişir.
Dəyişilib yarıtanrı Turq ata,
Barış deyə üz tutmuşdu, elata,
Təki bir də baş verməsin qan-qada,
Yerdə nə var hər gün, hər an dəyişir.
Bunca qat-qat yırtıcılar artacaq,
Barışçılar ləhləyəcək, yortacaq,
Dəli alıb susqunları yırtacaq,
Yerdə nə var hər gün, hər an dəyişir.
Necə gedim, onu dilə tutum mən,
Onu çəkim, vurhavura qatım mən,
Ölkələri turanlğa qatım mən,
Yerdə nə var hər gün, hər an dəyişir.
Mənim olsun Şimşəkqılınc, Şimşəkat,
Yerdə, göydə açım geniş qol-qanad,
Gərək mənə uyuq olsun böyük ad,
Yerdə nə var hər gün, hər an dəyişir.
Mən tutmuşam yer üzünü, tutaram,
Çini, Hindi alıb Türkə qataram,
Mindiyarda turanlığa çataram,
Günəş kimi doğularam, bataram,
Yerdə nə var hər gün, hər an dəyişir.
Parsdiyarın səsləncləri gurladı,
Qan qoxusu duyur hər gün yer üzü.
Tusər dedi, gərək Tunqdan öc alam,
Qan qoxusu duyur hər gün yer üzü.
Sıraladı Tusər on min yaraqlı,
Hamısı da qıvraq, yüngül ayaqlı,
Tunc çuxalı, qurşaq, enli balaqlı,
Ayaq yalın, çəkməboğaz, çarıqlı,
Qan qoxusu duyur hər gün yer üzü.
Dedi, Xruş, Daryaş, Buzər and verir,
Parsdiyara onlar “İran” ad verir,
Ürəklərə sevgi, sevinc, od verir,
Qan qoxusu duyur hər gün yer üzü.
Mən onların almalıyam öcünü,
Hər yaraqlı qoy göstərsin gücünü,
Qoy öldürsün, gözləmədən ölçünü,
Hər iranlı turanlının üçünü,
Qan qoxusu duyur hər gün yer üzü.
Gedək, min il tutuqluğa son qoyaq,
Tanrı bizim arxamıza tunc dayaq,
Gedək, Turan ölkəsindən yer alaq,
Qan qoxusu duyur hər gün yer üzü.
Əkbitənin səsləncləri gurladı,
Kim nə bilir nə olacaq bir azdan.
Dağ başında yandı bir-bir ocaqlar,
Kim nə bilir nə olacaq bir azdan.
Iran yürüş edir böyük Turana,
Bu səs çatır Qobuyerə, Arana,
Bu səs çatır öncə Tunqər Alpana,
Kim nə bilir nə olacaq bir azdan.
Iyirmi min toplum çıxır qabağa,
Qalxır Qurdər Uruyerdə ayağa,
Silkələnmə, sazaq düşür torpağa,
Kim nə bilir nə olacaq bir azdan.
Qarşılaşır iki toplum Sakresdə,
Düzülüllər iki hündür yer üstə,
Bir qorxu var, bir titrəyiş hər səsdə,
Kim nə bilir nə olacaq bir azdan.
Tusər deyir: – Tunqər yaxşı görüşdük,
Öc günləri artıq gəlib yetişdi,
İran, Turan adlarımız dəyişdi,
Vergi vermək istəkləri ötüşdü,
Kim nə bilir nə olacaq bir azdan.
Istəyirsən öncə bir az güləşək,
Bir-birinə qol-qıç ataq, əlləşək,
Istəyirsən dinc dil ilə dilləşək,
Kim nə bilir nə olacaq bir azdan.
Tunqər dedi: – Öc almağa gəlmisən?
Sən İranı Turana tay bilmisən?
Bu başdan bil, sən çoxdandır ölmüsən,
Kim nə bilir nə olacaq bir azdan.
Kimsə Tunqa gendən gizli ox atdı,
Çil-çilatın sağrısını qanatdı,
At sıçradı, sıraları daraltdı,
Bu, toplumda qarışıqlıq yaratdı,
Kim nə bilir nə olacaq bir azdan.
Tusər çapdı, Turqu vurdu arxadan,
Tunc dəbilqə parçalandı ortadan,
Qılınc sındı, o yapışdı baltadan,
Iki ərən qalxıb durdu yanbayan,
Kim nə bilir nə olacaq bir azdan.
Tusər vurdu, balta yardı tutağı,
Tunqun yerə yatdı iki ayağı,
O söykədi yerə iti yarağı,
Kim nə bilir nə olacaq bir azdan.
Turpar atı birdən çapdı irəli,
Qılıncını Tusər şaha dirədi,
Şahın qaldı iki gözü bərəli,
Kim nə bilir nə olacaq bir azdan.
Dedi: – Tusər, mən Daryaşın oğluyam,
Atama yox, mən Tunqərə bağlıyam,
Gəldim səni güləşməkdə yoxlayam,
Kim nə bilir nə olacaq bir azdan.
– Soyun dəmir geyimini, ay qotur,
Gəl, güləşək, kim güc gəldi, şah odur,
Şah olmağın doğru yolu bax, budur,
Kim nə bilir nə olacaq bir azdan.
Tusər bunca üzə düşdü, soyundu,
Güclə dolu içi bərk-bərk döyündü,
Birincilik ad-sanıyla öyündü,
Kim nə bilir nə olacaq bir azdan.
– Gəl güləşək-dedi-Turpar, yanıqüz,
Dedi-bilki, mən qaplanam, sən öküz,
Basılaraq öləcəksən yüzdəyüz,
Kim nə bilir nə olacaq bir azdan.
Güləşdilər iki qaplan, iki ər,
Tunqər qalxdı öz yerindən birtəhər,
Nələr olur, gör, bir anda, gör, nələr,
Kim nə bilir nə olacaq bir azdan.
Qollar dəmir məngənədir elə bil,
Qıçlar yerdə girdənədir elə bil,
Hər deyilən söz iynədir elə bil,
Kim nə bilir nə olacaq bir azdan.
Biri dedi, yanıqüzsən, yazıqsan,
Biri dedi, beli boşsan, qopuqsan,
Biri dedi, sən yel dolu qovuqsan,
Biri dedi, sən Tunqərə tutuqsan,
Kim nə bilir nə olacaq bir azdan.
Dizə çökdü Turpar, ancaq aşmadı,
Çiyni üstə düşdü, ancaq çaşmadı,
O Tusərin qabağından qaçmadı,
Kim nə bilir nə olacaq bir azdan.
Birdən çıxdı o Tusərin əlindən,
Qamarlayıb tutdu onun belindən,
Sonra onu üzdü birdən yerindən,
Bir söz çıxdı Tusər şahın dilindən,
Kim nə bilir nə olacaq bir azdan.
– Vurma yerə məni Turpar, qoy yerə,
Tutuq ollam sənə hər gün yüz kərə,
Şah olarsan, mən başbaşı ellərə,
Kim nə bilir nə olacaq bir azdan.
Turpar onu qoydu yerə, dayandı,
Üzlər güldü, al çiçəyə boyandı,
“Turpar” deyib sanki hamı oyandı,
Kim nə bilir nə olacaq bir azdan.
Tusər dedi: – Turpar bizə şah olsun,
Onun adı “İran şahı” qoyulsun,
Tusər onun şah başbaşı sayılsın,
Kim nə bilir nə olacaq bir azdan.
Tunqər tutdu iki gəncin qolundan,
– Qardaş olun-dedi-birlik yolunda,
Turan durub İranelin dalında,
Kim nə bilir nə olacaq bir azdan.
Turan, İran, iki ölkə, iki yurd,
Iki olmaq bir olmaqdan yaxşıdır.
Hamı dedi, Turq, Tunq, Sərtüz söyləsin,
Iki olmaq bir olmaqdan yaxşıdır.
Besyar, Sona qaldı yenə Turanda,
Üzüyanıq Turpar şahsa İranda,
Tusər güldü, həm sevindi yalandan,
Iki olmaq bir olmaqdan yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-buzer-tuser-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qız toplumu meşəlikdə busurdu,Min yaraqlı gizlənmişdi susurdu,
Ana söylənciBir gün Tunqər anasıyçin darıxdı,Çox yaraya toxdaq-dərman anadır.
Görüş söylənciUğureldə yerinc idi Elçiçək,Qıtlıq olmur qadın yerinc olanda.
Hindellə Uğurel söylənciSevgililər dağda, düzdə ovdaydı,Hər bir şeyi kəsi vermə sevgiyə.
Başqa şairlərin şeirləri
میان پیشت اصحاب فرهنگ بسته
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.