Ox dalınca Çatan getdi durmadan,
Ad dəyişir, ancaq el, yol dəyişmir.
At səyirtdi, Misirelə girdi o,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

Dəyişmişdi Firon yeni Fironla,
Üz-üzəydi yəhudilər Harunla,
Yaşayırdı ellər əski durumla,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

Günəş idi Misirelin tanrısı,
Kəsi-küsü, sevgi, inam tanrısı,
Tanrılıqdı, fironluqdu ağrısı,
Tanrıinanc yaşayırdı yarısı,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

Ölməz yaşam sözü girib araya,
Ölməzliyi yaşadırdı mumiya,
Ölməz sevgi, ölüm durub sıraya,
Ölməzlik də söykənmişdi buraya,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

El qumluqda ölməz ağac əkirdi,
Ölməzliyə daş Başevlər tikirdi,
Ölməzliklər Başevlərə çökürdü,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

Yəhudilər Misireldən köçürdü,
Dönməzliyə yüz minlər and içirdi,
Ağızlar od, gözlərsə yaş tökürdü,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

Çatan çatdı belə gündə ölkəyə,
O sığındı lüm-lüt, yoxsul bölgəyə,
Bir ağac yox sığınasan kölgəyə,
Ad dəyişir, ancaq el, yol dəyişmir.
Qayıqçılar aldı onu araya,
Dedilər ki, hardan gəldin buraya,
Gəl bir yerdə qızıl balıq ovlayaq,
Ad dəyişir, ancaq el, yol dəyişmir.

O dedi: – Mən minminbaşı oğluyam,
Kökdən, dibdən Tur şahına bağlıyam,
Çətin sizlə burada baş saxlayam,
Ad dəyişir, ancaq el, yol dəyişmir.


Bir balıqçı ona dedi: – Ay Çatan,
Kişi gərək hər bir işi baçarsın.
Şah oğlu da gərək ovu öyrənə,
Kişi gərək hər bir işi bacarsın.

Deyən yaxşı bacarırsan üzməyi,
Sular üstə ilan kimi gəzməyi,
Qarmaqları sıra ilə düzməyi,
Kişi gərək hər bir işi bacarsın.

Qayıq üstdə ayıq, sayıq durarsan,
Balıqlara ip, ilişkən qurarsan,
İriləri bizuc ilə vurarsan,
Kişi gərək hər bir işi bacarsın.

Balıq kürü tökür başı yuxarı,
Sən də tərsə üzməlisən axarı,
O başını hərdən sudan çıxarır,
Kişi gərək hər bir işi bacarsın.

Onda balıq ilişkənə tez düşür,
Gözləsən də bu hərdən-bir görüşü,
Hərdən dalğa ov işinə qarışır,
Hərdən balıq dalğa ilə yarışır,
Ovçu gərək üzə dalğa qarışıq,
Kişi gərək hər bir işi bacarsın.

Çatan baxdı göy sulara saraldı,
Burulqanı görcək gözü qaraldı,
Bəbəkləri xırdalaşdı, daraldı,
Kişi gərək hər bir işi bacarsın.

Biri onu itələdi yarğandan,
Çaya düşdü, səs çıxmadı Çatandan,
Yoxlanırdı o beləcə yalandan,
Kişi gərək hər bir işi bacarsın.

Çatan batdı, sarsılarkən dözümü,
Bir balıqçı suya atdı özünü,
Su altında açdı iki gözünü,
Kişi gərək hər bir işi bacarsın.

Çatan sudan asılmışdı, asılqan,
Fırladırdı onu iti burulqan,
Nil suları nə amansız, nə yaman,
Kişi gərək hər bir işi bacarsın.


Balıqçılar onu çəkdi çıxartdı,
Oddur,sudur,külək,bunlar yamandır.
Dedilər ki, yoxlayırdıq biz səni.
Oddur, sudur, külək, bunlar yamandır.

Çatan dedi: – Məni tutdu burulqan,
O fırlatdı, saldı məni ayaqdan,
Çox şey gördüm orda,balıq,quş,qaban,
Oddur, sudur, külək, bunlar yamandır.

Bundan sonra qoşuluram sizlərə,
Qurban olum bu qırışmış üzlərə,
Su altında məni tapan gözlərə,
Oddur, sudur, külək, bunlar yamandır.

Atı satdı, qayıq aldı, su atı,
İki avar onun qoşa qanadı,
Dedi,”Gedək, suda üzək, su atım,”
Oddur, sudur, külək, bunlar yamandır,
Tez öyrəndi, tez alışdı Nilə o,
Seldə yaxşı üzəmmirdi hələ o,
Tutammırdı iri balıq hələ o,
Oddur, sudur, külək, bunlar yamandır.

Əlləşirdi üzsün başı yuxarı,
Qayçılasın qollarıyla axarı,
Aldadandı çayın axar-baxarı,
Oddur, sudur, külək, bunlar yamandır.

Lil gəlirdi sular yağış yağanda,
Sevinirdı gündüz günəş çıxanda,
Yatımlıydı çən döşündən qalxanda,
Oddur, sudur, çovğun, bunlar yamandır.

Sevinirdi dalı üstdə üzəndə,
Qısılırdı yanı üstdə üzəndə,
Böyrü üstdə, qarnı üstdə üzəndə,
Oddur, sudur, külək, çovğun yamandır.

Sevinirdi tutduqların sayanda,
Şappıldayıb çay yarğanı yuyanda,
Şırıltını, pıçıltını duyanda,
Oddur, sudur, külək, çovğun, yamandır.

Balıq sanki tanıyırdı Çatanı,
Balıq deyə suya batıb çıxanı,
Çay döşəyi, bulud isə yorğanı,
Oddur, sudur, külək, çovğun yamandır.


Bir şah vardı,çaylar şahı,Aman şah,
Ölkəsinə tanrı ola şah gərək.
Sara qızı gözəl idi bu şahın,
Ölkəsinə tanrı ola şah gərək.

Çaylar şişib yazda aşıb daşanda,
Seldən, sudan ellər, kəndlər şaşanda,
Qoşar çaya üztut, mahnı qoşanda,
Ölkəsinə tanrı ola şah gərəg,
Selə kəsi verirdilər, batırdı,
Kəsi-qızı sel-su alıb yatırdı,
Sel-sulara kəsi dinclik qatırdı,
Ölkəsinə tanrı ola şah gərək.

Kəsi gəzəl olmalıydı, lap gözəl,
O yatımlı olmalıydı hər gözə,
Qız kəsiydi daşqın çaya, dənizə,
Ölkəsinə tanrı olsun şah gərək,

Gizlədirdi şah qızını hamıdan,
Gizlədirdi ağsaqqaldan, tanrıdan,
Utancaqdı şah öz qızı sarıdan,
Ölkəsinə tanrı ola şah gərək.

Çox gözəllər atılmışdı sellərə,
Mahnı olub düşmüşdülər dillərə,
Bu kəsilər dözülməzdi ellərə,
Ölkəsinə tanrı ola şah gərək.

Ancaq bir gün Nil basanda çölləri,
Çox atdılar suya atla, kəlləri,
Kəl almadı qabağını sellərin,
Ölkəsinə tanrı olsun şah gərək.

Daha gözəl qalmamışdı ölkədə,
Biri vardı, şah qızıydı, kölgədə.
İş aşmırdı buğa, gamış, cöngədən,
Ölkəsinə tanrı olsun şah gərək.

Ağsaqqallar bir ocağa yığışdı,
Başbilənlər bir-biriylə barışdı,
Şahın ölkə işlərinə qarışdı,
Ölkəsinə tanrı ola şah gərək.

Dedilər ki, gözəl yoxdur, lap düzü,
Bir gözəl var, o da gözəl şah qızı,
Həm gözəldir, həm göyərçin, həm quzu,
Ölkəsinə tanrı ola şah gərək.
Şah tutuldu, qız yeridi irəli,
– Biz bilikli-dedi-ancaq çay dəli,
Ata, bu gün qızın kəsi getməli,
Ölkəsinə tanrı ola şah gərək.


Sellər şişdi, gəlib çatdı Başkəndə,
Seldə, suda, odda ölçü-biçi yox.
Ata, ana qara geydi, ağladı,
Seldə, suda, odda ölçü-biçi yox.

Ağlar gözlə bəzədilər Saranı,
Sara kimi gözəl hanı,qız hanı,
Sara gəlib yarğan üstdə dayanır,
Seldə, suda, odda ölçü-biçi yox.

Hamı yerdə el-obalar haylanır,
Gəlir hamı yarğan yönə boylanır,
Ağı deyir hamı, küyə quylanır,
Seldə, suda, odda ölçü-biçi yox.

Balıqçılar gəlir qızı görməyə,
Son üztutu qorxmaz qıza verməyə,
Şah qızıyla danışığa girməyə,
Seldə, suda, odda ölçü-biçi yox.

Sel də baxdı qıza, deyən udqundu,
Udqunaraq güldü, güldü, uğundu,
Tökdü göydən boz buludlar yağıntı,
Seldən, sudan, yerdə uçuq, dağıntı,
Seldə, suda, odda ölçü-biçi yox.

Çatan gəldi lap yaxına qarmaqla,
Baxdı qıza ürkək-ürkək maraqla,
Qara saçlar, ağ üz, alma yanaqlar,
Seldə, suda, odda ölçü-biçi yox.

Sara gördü ona baxır bir oğlan,
Acıqlandı, atdı özün yarğandan,
Boylanaraq gördü bunu yaradan,
Seldə, suda, odda ölçü-biçi yox.
Çatan dedi: – Dayan, böyük Nil çayı,

Dedi, dayan, çox gözəldir qız payın,
Dedi, səni qancıl sayım, çay sayım,
Seldə, suda, odda ölçü-biçi yox.

Sanki bir an sel dayandı, sel yatdı.
Bu səs bütün el-obanı oyatdı,
Tanrı gördü bunu o əl uzatdı,
Seldə, suda, odda ölçü-biçi yox.

Çatan baxdı, cod qaşları çatıldı,
O sıçrayıb yatan selə atıldı,
Dalğaların axarına qatıldı,
Seldə, suda, odda ölçü-biçi yox.


Çatan dedi: – Sara,qorxma,gəlirəm,
Kim görmürsə tanrı görür bunları,
– Nil çayının yöndəmini bilirəm,
Kim görmürsə tanrı görür bunları.

Çatan üzdü burulqana qarışdı,
Burulqanlar dalğalarla çarpışdı,
Çatdı qıza qoltuğundan yapışdı,
Dalğalarla yumruqlaşdı, qarpışdı,
Kim görmürsə tanrı görür bunları.

Sel onları atdı, tutdu, oynatdı,
Baş-gözünü, qol-qıçını qanatdı,
Gah gur yerə təpdi, gah da yan atdı,
Kim görmürsə tanrı görür bunları.

Sel onları atdı, tutdu yüz kərə,
Övkələdi, çırpdı, sürtdü düzlərə.
Sonra atdı hərəsini bir yerə,
Bir adaydı, bürünmüşdü lillərə,
Kim görmürsə tanrı görür bunları.

Çatan qalxdı, gəzdi ora-buranı,
Gəzdi lildə, kol-koslarda Saranı,
Sara isə sınıq-salxaq, yaralı,
Kim görmürsə tanrı görür bunları.
Pal-paltarı didilmişdi əynində,
Neçə yara açılmışdı çiynində,
Şah qızıydı, ancaq yazıq nə gündə,
Kim görmürsə tanrı görür bunları.

Qışqıraraq Sara tez-tez bayıldı,
Səsi seltək dörd bir yana yayıldı,
Üç gün keçdı, Sara bir də ayıldı,
Kim görmürsə tanrı görür bunları.


Çoxdan köpü yatmış idi sel-suyun,
Bərk kükrəyən selin köpü tez yatar,
Nil boyunca löhmə, palçıq, lil, kötük,
Bərk kükrəyən selin köpü tez yatar.

Keçdi sel-su qorxusundan düz bir ay,
El-obanı sarsıtmışdı bu olay,
Sara, Çatan ikisi də ölüvay,
Axtarırdı ölüləri üç alay,
Bərk kükrəyən selin köpü tez yatar.

Qırxıncı gün tapıldılar adada,
Qurudular, qorundular qadadan,
Çox sevindi, toy çaldırdı şah ata,
Bərk kükrəyən selin köpü tez yatar.

Çatan dedi: – Mən də şahın oğluyam,
Soykökümlə Mindiyara bağlıyam,
Kim olsam da mən sel-sudan dağlıyam,
Şah sevgimdə gərək ötəm, çağlayam,
Şah sevgimi gərək bir də yoxlayam,
Sara ilə birgə güləm, ağlayam,
Bərk kükrəyən selin köpü tez yatar.

Ata gəldi ər oğlunun toyuna,
Daş-qaş, qızıl düzdü qızın boyuna,
Nəyi vardı qatdı oğul payına,
Bir ox qoydu at quyruğu yayına,
Atdı,-dedi:-gedək minel soyuna,
Bərk kükrəyən selin köpü tez yatar.
Balıqçılar şahdan bağış aldılar,
Yeyib, içib toyda səs-küy saldılar,
Neçə gün də şaha qonaq qaldılar,
Bərk kükrəyən selin köpü tez yatar.


Sevgi nədir, isinişmə, öyrənmə,
Sevgi öncə ilk baxışdan başlanır.
Bir də baxır, yüz də baxır gözaltı,
Sevgi öncə ilk baxışdan başlayır.

Çox sevgilər öldü,getdi,qalmadı,
Barış, küsü oldu, sevgi olmadı,
Üzlər soldu, ancaq sevgi solmadı,
Sevgi öncə ilk baxışdan başlayır.

Çox özünü atma o yan, bu yana,
Üstünlük ver ilk sevgini duyana,
Onun ilə hər yer sarı boyanar,
Sevgi öncə ilk baxışdan başlayır,

Sevirsənsə göstər onu, utanma,
Dözümlü ol,susqun olma,usanma,
Soyuqluqdan od götürüb odlanma,
Sevgi öncə ilk baxışdan başlayır.

Çox tələsmə, ayrılıq var, görüş var,
Soyuqluqla, ayrılıqla vuruş var,
Gündə-gündə yüngül küsü,barış var,
Sevgi öncə ilk baxişdan başlayır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri