Darvidel söylənci
Mehcə dönür atasının evinə,
Küsü qalıb acıq olar ürəkdə.
Alıb gedir birçə oğlu Qaraşı,
Küsü qalıb acıq olar ürəkdə.
O, küsünü döndərmişdi açığa
Öz elində çevrilmişdi artığa,
Dözməyirdi içindəki yanığa,
Küsü qalıb acıq olar ürəkdə,
Mehcə gözəl varlığına uymuşdu,
İlk sevgini o yenidən duymuşdu,
Qoca ərin qılığından doymuşdu,
Küsü qalar, acıq olar ürəkdə.
Gəlib gördü üzlər, gözlər dəyişib,
Varlıq hər gün, adam hər an dayişir.
Yan-yövrəsi dəyişmişdi Qammadın,
Varlıq hər gün, adam hər an dəyişir.
Darvideldə Qammad tək at çapırdı.
Yoxsul, yazıq el-obanı çapırdı,
Başevindən hər gün bir daş qopurdu,
Varlıq hər gün, adam hər an dəyişir.
Artıb burda hərki-hərki, kim-kimə
Soyub eli obaları vergilər.
Çoxu köçür bu yerləri tərkidər.
Varlıq hər gün, adam hər an dəyişir.
Ata evi sıxdı, boğdu Mehcəni,
Ata evi qıza soyuq, dar gələr.
Bacıları sevinsə də bu işdə
Ata evi qıza soyuq, dar gələr.
Qammad soyuq qarşıladı gəlini,
Sevirdisə soyuq tutdu əlini,
İtirmişdi Mehcə sevgi gülünü,
Ata evi qıza soyuq, dar gələr.
Bu dönüklük, üzgörənlik nədəndi,
Tanıqlıqla qadın, sevgi ötəndir,
Sevməyənlər bağış, gəlir küdəndir,
Ata evi qıza soyuq, dar gələr.
Qammad bicdi, düşüncədə beciddi,
Kim beciddir üstün odur gedişdə.
Donqultular, deyinmələr üstəlik,
Kim beciddi üstün odur gedişdə.
Qarışıqlıq hər bir yeri tutmuşdu,
Üzədurma, gözbərəltmə artmışdı,
Bunlar gedib İşdayağa çatmışdı,
Kim beciddi üstün odur gedişdə.
Vergilərə qarşı durur kənd, şəhər,
Çomaq çəkib, bel qaldırır kəndlilər,
Kəlirləri üstələyir vergilər,
Kim beciddi üstün odur gedişdə.
Qammad bicdi, düşüncədə çoxüzlü,
Bunu ona, onu buna vur, yaşa.
Kəndlə şəhər durdu yenə üz-üzə.
Bunu ona, onu buna vur, yaşa.
Vuruşdurdu, barışdırdı bir uçdan,
Vergi aldı asqırmaqdan, quluncdan,
Şey qalmadı qabar dolu ovuçda,
Bunu ona, onu buna vur, yaşa.
Ona qarşı bu çaxnaşma üç ildir,
Ellər şaha gözlərini bərəldir,
Qammad bunu şaha qarşı yönəldir,
Bunu ona, onu buna vur, yaşa.
Mehcə deyir,-Qammad kimdir, nəçidir,
Yerinc şahın köləsidir, şah deyil.
Başeindir bu yığılan vergilər,
Yerinc şahın köləsidir, şah deyil.
Şaha qarşı getməliyik hamımız,
Öz əlimiz, öz yurdumuz, qapımız.
Özumüzdən olmalıdır sapımız.
Yerinc şahın köləsidir, şah deyil.
Şahın dolu saxlancları partlayır,
Vardan Başev alt-üst şişib çatlayır,
Şahdır elin dirriyini odlayan,
Yerinc şahın köləsidir, şah deyil.
Mehcə dağa dirəmişdi Qammadı,
Öc sevgini döndərəcək açığa.
Şah arvadı şaha qarşı yaraqlı,
Öc sevgini döndərəcək acığa.
Qaraş gərək Mindiyara şah ola,
Şahın yeri çatar ancaq oğula,
Üstüağdan gərək özüm öc alam,
Öc sevgini döndərəcək acığa.
Anam-bacım, qardaşlarım, əl tutub,
Əkbitənin saxlançına mən çatım.
Sizə deyir bu sözləri şah qadın,
Öc sevgini döndərəcək açığa.
İki yolun arasında dayanma,
Qırıb səni beşləşdirər ikilik,
Buna qılıq, ona qalıq olarsan,
Qırıb səni beşləşdirər ikilik.
Bunu tutdun o qaçacaq dalından,
Onu tutdun bu çıxaçaq yolundan.
Heç biri də tutmayaçaq qolundan,
Qırıb səni beşləşdirər ikilik.
Nə o sənə, nə bu sənə yol deyil,
Hakı çalış, bunda ağla, onda gül,
Onu yaxın, bunu uzaq yaxın bil,
Qırıb səni beşləşdirər ikilik.
Mehcə ilə Mindon iki yol idi.
İkiləşdi İşdayağın bir yolu.
Birinə ər, o birinə ataydı,
İkiləşdi İşdayağın bir yolu.
Qocalmışdı 350 yaşında.
Söz, üz, ad, say qalmayırdı başında,
Üşüyürdü qoça yaşın qışında
İkiləşdi İşdayağın bir yolu.
Çatmayırdı işdə-gücdə anlağı,
Üstəlik də qız küsüsü, danlağı.
Acı oldu şahlığının sonluğu,
İkiləşdi İşdayağın bir yolu.
Mehcə getdi, Qaraşı da apardı,
Biri gəldi, biri getdi oyunu.
Bu küsüdə böyük acıq gizlənib,
Biri gəldi, biri getdi oyunu.
Şah Qaraşı səsləyirdi yuxuda,
Kövrək baxış doğururdu çoxunda.
Gözlər batıb, parıltısı çuxurda,
Biri gəldi, biri getdi oyunu.
Gedən elçi boş qayıtdı küsülü.
Elçilərin səsi, sözü üzülür
Pis qoyuldu bu gedişin özülü.
Biri gəldi, biri getdi oyunu.
Darvidelə özü getdi Üstüağ.
İşdayağın sözü ona uluydu.
"Ket, ancaq ki, onlar ilə vuruşma".
İşdayağın sözü ona uluydu.
Ancaq heç kəs qabağına çıxmadı,
Mehcə, Qaraş, Qammadına baxmadı,
Üstüağı bunlar boğub sıxmadı,
İşdayağın sözü ona uluydu.
Burda acı, ağır günlər keçirtdi.
Çox kəndləri Qammad düzə köçürtdü.
Acı gözlər ona ağı içirtdi.
İşdayağın sözü ona uluydu.
– Mən Qaraşın qardaşıyam, kiçiyi.
Oğul şahdır, ata şahın yerində,
Qaraş başdır, mən də onun önəri,
Oğul şahdır, ataşahın yerində.
Mən gəlmişəm aparmağa sizləri,
Nə çox gördüm bu çoxdan çox uzləri,
Saymayıram artıq əskik sözləri,
Oğul şahdır ataşahın yerində.
İki oğul bir anadan doğulub,
İki oğul bir atadan doğulub,
Biz bir yerdə qazanarıq uğuru,
Oğul şahdır ataşahın yerində.
– Mən dönmərəm Əkbitənə bir daha
Dağ çayları axır, geri dönməyir,
Dönsəm ora mən şah kimi dönərəm,
Dağ çayları axır, geri dönməyir,
Özü desin bu, sən deyən sözləri.
Görsün burda bu acıqlı üzləri,
Gəlsə, burda qatdanacaq dizləri,
Dağ çayları axır, geri dönməyir.
Mənim könlüm sarsılmışdır yanıqdır
Sənin adın oğul deyil, atıqdır,
Tanrı bilir könlüm sizdən sınıqdır,
Dağ çayları axır, geri dönməyir.
– Niyə belə danışırsan, şah ana,
Bir qandandır, bir soykökdən olanlar
Bizik şahın bükülməyən dizləri,
Bir qandandır bir soykökdən olanlar.
Sən gedəndən şah da çox-çox qoçalıb,
Düşüncəli baxışları haçalı,
Azalıbdır huşu-başı, bacarı,
Bir qandandır bir soykökdən olanlar.
Ancaq dizi qatdanmayıb hələ də.
Döyüş olsa çoxlarını mələdər,
Gətirməyin pis söz, pis ad dilə də,
Bir qandandır bir soykökdən olanlar.
Qammad susdu, danışmadı, dinmədi,
Saman altdan su yeridər dinməyən.
Ona qarşı yol kəsdirdi gədikdə
Saman altdan su yeridər dinməyən.
Ürəyindən şahlıq adı keçirdi,
Günü ayla, ayı illə biçirdi
Qulaq verib sözü sözdən seçirdi,
Saman altdan su yeridər dinməyən.
Üstüağı götürməkdi yolundan,
Qaraşın da dəyəcəkdi dalından,
Mehcə şahlıq yazdırmışdı alnında,
Saman altdan su yeridər dinməyən.
Qayıdanda düşkün idi Üstüağ,
Yollar kimi dolambaçdı düşünçə.
Nə deyəcək şaha görən, Başevdə
Yollar kimi dolambacdı düşüncə.
Darvideli acıq odu bürüyüb,
Burda alt-üst nə vardısa çürüyub,
Vergi elin var-yoxunu kürüyüb,
Yollar kimi dolambacdır düşüncə.
Nə deyəçək gördüyündən babaya,
Doğru desə qan düşəçək araya.
Nə dərman var görən belə yaraya,
Yollar kimi dolambacdır düşüncə.
Gədik üstə onun yolu kəsildi,
Yolkəsənin yolda qalar gündəri
Ya kölə ol, ya da ki, öl, dedilər,
Yolkəsənin yolda qalar gündəri.
– Bura uzaq qarlı dağlar başıdır.
Ölüm belə köləlikdən yaxşıdır,
Bu, mənə yox, böyük şaha qarşıdır,
Yolkəsənin yolda qalar gündəri.
Bunu deyib qılınçını çəkdi o,
Acıqanı kəsib, qırıb, tökdü o,
Bir da baxdı, gördü burda təkdi o,
Yolkəsənin yolda qalar gündəri.
Yolkəsənlər bir də çıxdı yoluna,
Göz ağardar ölüm qarlı zirvədən.
Yenə qılınc, yenə topbuz, yenə ox,
Göz ağardar ölüm qarlı zirvədən.
Üstüağın əli gedir yarağa,
Qaçır hamı, gücü verib ayağa,
Beş-beş gələn on-on düşür torpağa,
Göz ağardar ölüm qarlı zirvədən.
Gecə qızıl qan içində boğulur,
Yaraqlılar qalaq-qalaq yıxılı,
Qarlı gecə yolkəsəndən qorxulu
Göz ağardar ölüm qarlı zirvədən.
Təzə zirvə, təzə gədik, təzə tin,
Gədiklərin yumaq-yumaq yolu var.
Bir takım da kəlir haray-haşirlə,
Gədiklərin yumaq-yumaq yolu var.
Qılınc yarır gecə qarı, sazağı,
Yolkəsənlər çən tək alır oylağı,
Qar tutubdur buzlu, qarlı oymağı
Gədiklərin yumaq-yumaq yolu var.
Üstüağın döşü-başı yaralı,
Qan damcısı gözlərində qaralır,
Onun üzü yavaş-yavaş saralır,
Gədiklərin yumaq-yumaq yolu var.
Birdən dönüb o üç kərə bağırdı,
Sözbir, dilbir, əlbir haray biləndir.
Harayına o, Boz Qurdu çağırdı,
Sözbir, dilbir, əlbir haray biləndir.
Gündoğarda sökülürdü dan yeri,
Qızıl göyün qaşı döşü dipdiri,
Ulduzların baxışları dupduru,
Sözbir, dilbir, əlbir haray biləndir.
Uğuldadı sanki yaxın yal-yarğan,
Meşə, qaya, döş səsləndi bir azdan.
Qurd sürüsü yüyürürdü o yandan,
Sözbir, dilbir, əlbir haray biləndir.
Yolkəsənlər bağıraraq bayıldı,
Adam ölür çox-çox qanlı qorxudan.
Qurd ağzında yüz-yüz qarın söküldü,
Adam ölür çox-çox qanlı qorxudan.
Üstüağın qaralırdı gözləri,
Yavaş-yavaş bükükülüdü dizləri.
Ta anlaya bilməyirdi sözləri,
Adam ölür çox-çox qanlı qorxudan.
Yolkəsənlər qanlı yerlə bir oldu,
Hər bir yana qorxu-ürkü yayıldı,
Qurdu görüb Üstüağ da bayıldı.
Adam ölür çox-çox qanlı qorxudan.
Bu səs gedib çatdı bütün ölkəyə,
Qorxu-ürkü ayaq tutub yayılar.
"Qurd sürüsü yüz-yüz adam dağıdıb".
Qorxu-ürkü ayaq tutub yayılar.
Mehcə, Qammad dedi, bunlar yalandır,
Şaxta vurub, bu da qışda olandır.
Bu soraqlar soraqları dolandı.
Qorxu-ürkü ayaq tutub yayılar.
Üstüağ da gecə çox qan itirdi.
Boz Qurd onu öz belində gətirdi,
Yaralını Əkbitənə yetirdi.
Qorxu-ürkü ayaq tutub yayılar.
Boz Qurd dedi gördüyünü Mindona.
Boz Qurd adam dili bilib haçansa.
Ana "bala vay" deyərək ağladı,
Boz Qurd adam dili bilib haçansa.
Üstüağın yaraları sağaldı,
Ağrıları toxdayaraq yoxaldı,
Qurdu anıb düşüncəsi çoxaldı,
Boz Qurd adam dili bilib haçansa.
Boz Qurd onun yardımçısı, əlbiri,
Söz anlayan, haray bilən dilbiri,
Komabiri, arabiri, çölbiri,
Boz Qurd adam dili bilib haçansa.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-darvidel-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Alpis gəzdi, üç qardaşı tapmadı,Min yaşayar pis tanrıdan yayınan.
Qanlı Gədik vuruşu söylənciTunqər şahlıq kürkü geydi əyninə,Şahdan da çox minminbaşı güclüdür.
Quraqlıq söylənciQanlı gədik vuruşları bitmişdi,Sınıq, qırıq, çapıq qalır vuruşdan.
Tanrıyla görüş söylənciÜz tutmuşdu tanrılara Odərpay,Qıtlıq olur çəkişəndə tanrılar.
Başqa şairlərin şeirləri
Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
MərhəmətMərhəmət umuruq özgələrindən,Ələ baxan olub bu boyda Vətən!
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun