İki döyüş söylənci
Çox çəkmədi Başevdəki toy-düyün,
Pisin yaxşı, yaxşının pis günü var.
Hər ikisi bir göy altda doğulub,
Pisin yaxşı, yaxşının pis günü var.
İçindəki ölmüş qurdu dirildib,
Mindiyara Hindel toplum yeritdi,
Qaçqınları qırdı-yaxdı, kiritdi,
Pisin yaxşı, yaxşının pis günü var.
O yandan da Qeysər başraq götürdü,
Suboğaza böyük yürüş gətirdi,
Hər bir şeyi tapdaladı, itirdi,
Pisin yaxşı, yaxşının da pisi var.
İki yandan əsib gəldi qasırğa,
Biri çılğın, o birisi basırğan,
Yaltaq-yazıq, basıq, həm də qızırğan,
Pisin yaxşı, yaxşının da pisi var.
Böyük toplum iki yerə bölündü,
Nə bölünsə gücdən düşər iki qat.
Üstüağ şah günbatana yüyürdü,
Nə bölünsə gücdən düşər iki qat.
Öz sıyırma qılıncını qaparaq,
Bacar getdi Hindel üstə çaparaq,
Gah yer ilə, gah da yerdən qoparaq,
Nə bölünsə gücdən düşər iki qat.
Mindiyarı iki yandan sıxdılar,
Dam-daşını, yer-yurdunu yaxdılar,
Ancaq yenə Minellidən qorxdular,
Nə bölünsə gücdən düşər iki qat.
Bu soraqlar gedib çatdı Mehcəyə,
Diləkləri döndü onun gerçəyə,
Qaraş, Qammad, Məniş döndü nərçəyə,
Nə bölünsə gücdən düşər iki qat.
Qoşaboğaz, Qoşadəniz, - su yolu,
Göz oxşayar qoşalaşan gözəllik.
Qılınc, bizuc, ox əkildi döşlərə,
Göz oxşayar qoşalaşan gözəllik.
Qeysər ilə Üstüağ şah dilləşdi,
Ürəklərdə acışmalar selləşdi,
Gümüş sular qızıl qana bələşdi,
Göz oxşayar qoşalaşan gözəllik.
Qana batdı Anadolu çökəyi,
Qanla yudu dəniz qumsal ətəyin,
Bağırtılar minib çapdı küləyi,
Göz oxşayar qoşalaşan gözəllik.
Döyüşlərdə gəlib çatdı qan dizə,
Şah Qeysərlə bir də gəldi üz-üzə,
Kölgə düşdü dağa, daşa, dənizə,
Göz oxşayar qoşalaşan gözəllik.
Üstüağ şah belə dedi Qeysərə:
– Qanlı gözü qanla gərək yuyasan.
Ağı qatdın sən babamın qanına,
Qanlı gözü qanla gərək yuyasan.
Doymamısan hələ qandan-qadadan,
Yalançısan, Qeysər, ata-babadan.
Çox oynama qan-qan deyə ortada,
Qanlı gözü qanla gərək yuyasan.
Ya yarağı yerə tolla, dön geri,
Ya da durma, qılınc çəkib gəl bəri.
Sən kimilər çox önümdə gəbərib,
Qanlı gözü qanla gərək yuyasan.
Çox qansızsan, qan-qadadan doymadın,
Barışığa bir qarış yer qoymadın,
Öz bacının soy-kökünü saymadın,
Qanlı gözü qanla gərək yuyasan.
– Üstüağ şah, Qeysər səndən qorxmayır,
Qorxuludur yalnız böyük Mindiyar.
Onsuz sənin burda ölün qalacaq.
Qorxuludur yalnız böyük Mindiyar.
Sən bacımın nəvəsisən, bilirəm,
Ancaq sənə, bacıma da gülürəm,
Mindiyarı mən düz yarı bölürəm,
Qorxuludur yalnız böyük Mindiyar.
Mən qocayam, sən ortayaş, nə olar,
Burda oğul qılıncıyla ucalar,
Çox da sısqa deyil mən tək qocalar,
Qorxuludur yalnız böyük Mindiyar.
Al, sən də dad qılıncımın dadını,
Yarar sənin ürəyinin qatını,
Sonev elə yerin, suyun altını,
Qorxuludur yalnız böyük Mindiyar.
İlk qılıncı Qeysər vurdu, dəymədi,
Üstün olar hər bir işdə bilici.
Biliciydi çox işlərdə o qoca,
Üstün olar çox işlərdə bilici.
O vurumdan qalxan yarı bölündü,
Buludların bağrı səsdən dəlindi,
İlk vuruşda Qeysər kimdir, bilindi,
Üstün olar çox işlərdə bilici.
Üstüağsa bir az dala çəkildi,
Bizuc tutub at üstündə dikəldi,
Vurdu, onun qarnı yerə töküldü,
Üstün olar çox işlərdə bilici.
Böyük Qeysər üzüntulü, sancılı,
Ağır bizuc iki böldü qancılı.
Aşdı yerə baş toplumun öncülü,
Üstün olar çox işlərdə bilici.
Qılıncını hamı qanla suvardı,
Baş itəndə göz də yaxşı görməyir.
Yaddan çıxdı kim harada döyüşür,
Baş itəndə göz də yaxşı görməyir.
Dördüncü gün döyüş bütün dayandı,
Dağ-daş, dəniz yer-yer qana boyandı,
Bilmədilər Qoşaboğaz hayandı,
Baş itəndə göz də yaxşı görməyir.
Qırılanlar, yaralılar, qaçanlar,
Ağzı üstə düşüb yeri qucanlar,
Qılıncları sonda yerə sancanlar.
Baş itəndə göz də yaxşı görməyir.
Döşü qanlı buludlar da ağladı,
Bağırtılar ürəkləri dağladı.
Qayalar da tir-tir əsdi, laxladı,
Baş itəndə göz də yaxşı görməyir.
Mehcə yenə gəldi çıxdı Başevə,
Bic pis ayaq güdər bir ev yıxmağa.
Dedi,-gedim, alım, qırım Başevi,
Bic pis ayaq güdər, bir ev yıxmağa.
Mehcə, Qammad, bir də köçkün atlılar
Əkbitənə qara, qorxu qatdılar.
Öldürdülər onlar hara çatdılar.
Bic pis ayaq güdər, bir ev yıxmağa.
Manay çıxdı qabağına onların,
Üzu-gözü acığından sapsarı,
Köçkünlərin coşdu qara qanları,
Bic pis ayaq güdər, bir ev yıxmağa.
Ev çapırdı köçkün hara çatırdı,
Çapan kimi qaçıb gözdən itirdi,
Manay vurub qılıncını ötürdü.
Bic pis ayaq güdər, bir ev yıxmağa.
İki yandan qılınc endi Manaya,
Kişi qurddu, qadın qaplan çətində.
Göydə dəydi bir-birinə üç qılınc,
Kişi qurddu, qadın qaplan çətində.
– Bir yol gəlib üzü qara dönübsən,
Üç yol gəlib dili acı dinibsən,
Qadın kimi Mehcə, çoxdan sönübsən,
Kişi qurddu, qadın qaplan çətində.
Gözün, saçın, kirpiklərin hörümçək,
Başev sənin olmayacaq ölüncə,
Öz içində sən dönübsən gülüncə,
Kişi qurddu, qadın qaplan çətində.
Gəl, indi də qılıncını yoxlayaq,
Bu Başevdə kişi yeri saxlayaq,
Qız olsaq da biz vuruşaq ər sayaq.
Kişi qurddu, qadın qaplan çətində.
– Mən gəlmişəm öldürməyə Yürüşü,
Göyərəcək qalsa budaq kök üstdə.
O sonkökdur böyük soy-kök Turərdən,
Göyərəcək qalsa budaq kök üstdə.
Gərək burda Qaraş gəlib otursun,
Turər şahın son kökünü itirsin,
Çəkişməni sona varsın, bitirsin,
Göyərəcək qalsa budaq kök üstdə.
Qocalmışam, əlim qılınc tutmayır,
Əlləşirəm, gücüm sənə çatmayır.
Barış, öyüd, söz başıma batmayır,
Göyərəcək qalsa budaq kök üstdə.
Qılınc vurmaq gəlir indi əlimdən,
Yer üzündə ya sən yaşa, ya da mən.
Bir İşdayaq, bir Başevdir dilimdə,
Göyərəcək qalsa budaq kök üstdə.
Cingildədi, şaqqıldadı qılınclar,
Qızğın olur, çılğın olur qadınlar.
Qışqırtılar, çığırtılar ucaldı,
Qızğın olur, çılğın olur qadınlar.
Ancaq birdən Mehcə susdu, yıxıldı,
Hörükləri səpələndi, dağıldı,
Bükülərək əl-ayağı yığıldı.
Qızğın olur, çılğın olur qadınlar.
Qılınc onun düz belini tutmuşdu,
Parçalayıb döşlərinə çatmışdı,
O yıxılıb qızıl qana batmışdı,
Qızğın olur, çılğın olur qadınlar.
Manay dedi -İndi sən gəl qabağa,
Çəkmə Qammad, sən özünü qırağa,
Daha kim var göz dikibdir budağa,
Qızğın olur, çılğın olur qadınlar.
– Şahlar məni şahlığımdan elədi,
Gücü, öcü ağır olur şahların,
Gözəlliyim, elim, adım heç oldu,
Gücü, öcü ağır olur şahların.
İşdayağın sevimlisi mən idim,
Öz ərimlə, öz balamla şən idim,
Başev ilə, şahlıq ilə tən idim,
Gücü, öcü ağır olur şahların.
Ölən balam, qalan igid balaşım,
Sizə qoyub getdim öcü, dalaşı.
Ey hamıdan yönsüz, küskün Qaraşım,
Gücü, öcü ağır olur şahların.
Soy adımı qara daşa yazdırın,
Sonevimi Darvideldə qazdırın,
Alın məni, şahlar kimi basdırın,
Gücü, öcü ağır olur şahların.
Qanlı yerdən qaldırdılar Mehcəni,
Su yolunda sınar sonda su qabı.
Yola düşüb Mehcə ilə getdilər,
Su yolunda sınar sonda su qabı.
Köçkünlər də baxmadılar geriyə,
Yer yox idi hər ölüyə, diriyə,
Yer yox idi Əkbitəndən bəriyə,
Su yolunda sınar sonda su qabı.
Manayı da neçələri güdürdü,
Arielli köçkünlər də gedirdi,
Biri qaçır, o birisi itirdi,
Su yolunda sınar sonda su qabı.
Başev durub arxasında Manayın,
Sıra-sıra Üstüağın alayı,
Gəlib çatıb kəsə yolu dolayı,
Su yolunda sınar sonda su qabı.
Çox çəkmədi, gəlib çatdı Üstüağ,
Üstünlərin olur hər şey döyüşdə.
Böyük uğur gətirmişdi Minelə,
Üstünlərin olur hər şey döyüşdə.
Yaraqlılar batmışdılar qan-tərə,
Alınmışdı Qoşaboğaz, Mərmərə,
Alınmışdı, paylanmışdı hər ərə,
Üstünlərin olur hər şey döyüşdə.
Oxuyurdu qoşarları ölkənin,
Oxuyurdu, oynayırdı qız, gəlin,
Sayrışırdı işıqları Minelin,
Üstünlərin olur hər şey döyüşdə.
Əkbitəndə Başev uca, yenilməz,
Başraqları enməz, yerə gömülməz,
Oğul, qızı yaraqlıdır, əyilməz,
Üstünlərin olur hər şey döyüşdə.
– Qoy öyünsün Mindiyarım yenə də,
Enməz olur başraqları düz yolun.
Biz düz yolla, düz ürəklə vuruşduq,
Enməz olur başraqları düz yolun.
Ölənlərin dirisiyik biz, demək,
Qalanları qayğılayaq biz gərək,
Qayıdana toy çaldırın təkbətək,
Enməz olur başraqları düz yolun.
Manayımı, Yürüşümü gətirin,
Xonçalardan örtükləri götürün,
Mindiyarda göz yaşları bitirin,
Enməz olur başraqları düz yolun.
Hər adama içki, taxıl, un verin,
Qış olsa da, hər bir evdən gül dərin,
Qoy güllənsin dağı, düzü hər yerin,
Enməz olur başraqları düz yolun.
– Gözəl Manay, Yürüşümün anası,
İgid qadın kişisinə dayaqdır.
Qılıncının tutarından öpərəm.
İgid qadın kişisinə dayaqdır.
Gözəl Manay, ürəyimin telisən,
Mindiyarın dadlı-duzlu dilisən,
Başev güllük, sən də onun gülüsən,
İgid qadın kişisinə dayaqdır.
Gözəl Manay, yanağının batığı,
Üstüağ şah gözəlliyin tutuğu,
Qaşların ay əyrisidir, çatığı,
İgid qadın kişisinə dayaqdır.
Yola saldın sonevinə Mehcəni,
Burda-orda cükküldəyən sərçəni,
Ölçü-biçi güdməyini, keçəni,
İgid qadın kişisinə dayaqdır.
– İgid ərim, duruşuna baş əyim,
Gərək yeri bəlli ola hərənin.
Bütün ölkə sənin adın, dilbirin,
Gərək yeri bəlli ola hərənin.
Ancaq Mehcə ölçü-biçi bilmədi,
Qan salmamış o, Başevdən getmədi,
Şahlıq dedi, göz yaşları bitmədi,
Gərək yeri bəlli ola hərənin.
Kəsi dedi o Yürüşü Qaraşa,
Özü çəkdi məni qanlı savaşa,
O bilmirdi belə aşar, dolaşar,
Gərək yeri bəlli ola hərənin.
Tanrı özü göydən buna görükdür,
Mehcə, Qaraş bizə qarşı dönükdür,
İndi onun son evciyi güllükdür,
Gərək yeri bəlli ola hərənin.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-iki-doyus-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Parsel birdən qalxdı, durdu ayağa,Yerinc yıxır, şah devirir el gücü.
Ata öyüdü söylənciBalaşq, Daryaş dayandılar üz-üzə,Üz-üzəlik gücləndirir başçını.
Ana öyüdü söylənciAnasından yuxu gördü Eldəbir,Ata, ana qoşa tanrı deməkdir.
Qaratel söylənciİlişmişdi ortalıqda Darvidel,Ortadakı iki yandan döyülür.
Başqa şairlərin şeirləri
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
MənəmArif məclisində, qanan yanındaHər sözü dillərdə yayılan mənəm.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Bir bəzm ola ki, bir mən olam, bir də yar olaBir bəzm ola ki, bir mən olam, bir də yar ola,Gülzar ola, çəmən ola, fəsli-bahar ola.