Ov söylənci
Səslənclərin səsi düşür meşəyə
Səs dağları, kolluqları darayır.
Dördayaqlı çaşıb, ürküb sıçrayır,
Səs dağları, kolluqları darayır.
Ov atının kişnərtisi o başdan,
Ov itinin hürüşməsi bu başdan,
Ovçuların pıçıltısı yavaşdan,
Səs dağları, kolluqları darayır.
Maral, cüyür, ceyran, keçi sürüsü,
Zolaqlının dolucası, irisi,
Tutanclanır dağ kəlinin dirisi,
Səs dağları, kolluqları darayır.
Hər yarpaqda, hər ağacda dörd boya,
Könül oxşar ürək açan boyalar.
Ana gör-gör sərgisində hər nə var,
Könül oxşar ürək açan boyalar.
Dağ çayların şır-şırından yuxlayar,
Düzək qaya tutub səsi saxlayar,
Burda şaxıb ildırımlar toxdayar,
Könül oxşar ürək açan boyalar.
Qurd ayıyla, ayı qurdla bir qaçır,
Yüz boyada, yüz cür, yüz soy quş uçur,
Gül qoxusu meşə-meşə gül saçır,
Könül oxşar ürək açan boyalar.
Gün çıxmayıb güntez yeri ağarıb,
Ulu Günəş anasıdır gör-görün.
Varlıq ana günəşini gözləyir.
Ulu günəş anasıdır gör-görün.
Oynaqlayır sular çayda, bulaqda,
Civildəşir xırda quşlar budaqda,
Güzgü tutub axmaz dağa qıraqdan,
Ulu Günəş anasıdır kör-körün.
Sarı yarpaq yerdə sarı sərinçdir,
Çay, göl, meşə dolu-dolu gəlincdir,
Gül, səs, uduq, ağac, boya sevincdir,
Ulu Günəş anasıdır gör-görün.
Yorğa atın belindədir İşdayaq,
Ova çıxıb ovlananlar sevgidə,
Ağ at üstdə Mehcə sanki ağ quşdur,
Ova çıxıb ovlananlar sevgidə.
Şah at yortur şahca ilə yanaşı,
Mehcə ona, o Mehcəyə yaraşır.
Geyib hamı al çalarlı qumaşı,
Ova çıxıb ovlananlar sevgidə.
Qarbaş gəlir, arxasınca yüz adam,
Yüz səslənclə səssizliyə səs qatar,
Bizuc, tutaq, tutanc tutan, ox atan
Ova çıxıb ovlananlar sevgidə.
İtlər qovur bir balalı ceyranı,
Bir-birinə ana, bala yaraşır.
Dörd bir yandan ov çevrəsi daralır,
Bir-birilə ana, bala yaraşır.
**Süfrə
***hava, nəfəs
****Mələkə
Ana qaçır, bala qalır geridə,
Balasını ana tez-tez yüyürdər,
Ovçu durub neçə addım bəridə,
Bir-birinə ana, bala yaraşır.
İtlər hürür, ovçular da hay salır,
Ceyranları, ürkü, qorxu, küy alır,
Dörd bir yandan ov çevrəsi daralır,
Bir-birinə ana, bala yaraşır.
Oxu alıb yaya qoyur İşdayaq,
Ov həm yasdır, həm sevincdir ovçuya,
Mehcə deyir;-Vurma, ana yazıqdır,
Ov həm yasdır, həm sevincdir ovçuya.
Ovçu birdən dartım yayı buraxır,
O, çeyranı vıyıldayan ox yaxır,
Ana aşır, bala çeyran qarıxır,
Ov həm yasdır, həm sevincdir ovçuya.
Bala ürkür, qaçır, sanki oynayır
Baxanların könlü başı göynəyir,
Qancıl ovçu o ceyranı neyləyir,
Ov həm yasdır, həm sevincdir ovçuya.
Ölən ceyran qan içində ağlayır,
Öləndə da ana ağlar, bala yox.
Bu göz yaşı Mehcəni də ağladır,
Öləndə də ana ağlar, bala yox.
Ağlar Mehcə öz ərinə qısılır,
Şah özü də öz işindən sarsılır,
Yetim bala durub baxır, asılı,
Öləndə də ana ağlar, bala yox.
Şah əmr edir bala çeyran tutulsun,
Neçə yerdən ona tutanç atılsın.
Baş evdəki yaşıl bağa qatılsın,
Öləndə də ana ağlar, bala yox.
Ancaq birdən gözlənilməz iş oldu,
Tanrı qoymaz tək, kimsəsiz tutuğu.
Bir qız çıxdı, qapdı getdi ceyranı,
Tanrı qoymaz tək, kimsəsiz tutuğu.
Bu gəl, bu get, heç on say da çəkmədi,
Bala ceyran o uşaqdan ürkmədi,
Anasıçın göz yaşı da tökmədi,
Tanrı qoymaz tək, kimsəsiz tutuğu.
Qorxmaz uşaq, tez-tov uşaq kim ola,
Ona baxıb şah nədənsə saralır,
Mehcə ağlar, şaha yer-göy daralır
Tanrı qoymaz tək, kimsəsiz tutuğu.
Birdən çıxır ortalığa bir gözəl,
O da ürkək ceyran kimi anadır.
Bala ceyran anasını çağırır,
O da ürkək ceyran kimi anadır.
Onu görcək, şah səsindən tanıyır,
Birdən iri, qanlı gözü qanayır.
Ötüb keçən neçə ili sanayır,
O da ürkək ceyran kimi anadır.
"Dayan!"-deyib şahın gözü qaralır,
Gör-gör solan gözlərində daralır,
Şah yıxılır ceyran sayaq, yaralı,
O da ürkək ceyran kimi anadır.
Şahı alıb gətirdilər Başevə,
Diri gedib ölü kimi dönüb şah.
Göz yaşını gürel seli, şəpəsi,
Diri gedib ölü kimi dönüb şah.
Töküldülər yozmaçılar gəldilər,
Bunu ovda o uşaqdan bildilər,
Yaxınlaşıb ağladılar, güldülər,
Diri gedib ölü kimi dönüb şah.
Adam salıb axtardılar uşağı,
Düşməyibdir şaha onun ayağı,
Axtardılar dağı, döşü, oylağı,
Diri gedib ölü kimi dönüb şah.
Qan içində çabalayır ovlanan,
Ovçuluğun əzəli var, sonu var.
Ürküb qaçan ana ovu vurmazlar,
Ovçuluğun əzəli var, sonu var.
Çox öyünür mən ovçuyam deyənlər,
Gözəlliyi yırtıcı tək didənlər,
Gizli, açıq bir-birini yeyənlər,
Ovçuluğun əzəli var, sonu var.
Ova çıxan özü dönüb ov olur,
Hər bir şeyi sonda göyə sovrulur,
Hər vuranda könlü bir az yarılır,
Ovçuluğun əzəli var, sonu var.
Çox ev yıxıb göz yaşları ceyranın,
Ov vurana heç bir yerdə yer olmaz.
Ayılmadı o üç geçə, üç gündüz,
Ov vurana heç bir yerdə yer olmaz.
Mehcənin də könlübaşı qanadı,
Axı o da bala doğan anadı,
İndi könlü şahdan çox-çox yanadı,
Ov vurana heç bir yerdə yer olmaz.
Ayılanda düşüncəsin yaymadı,
Qarbaşı da öz yanına qoymadı,
Küskün Mehcə daha şahı saymadı,
Ov vurana heç bir yerdə yer olmaz.
Şah Qarbaşı çarırtdırdı yanına,
Gizlin qalmaz ən örtülü gizlilər.
– Deyən, qızım Mindon idi meşədə?
Gizli qalmaz ən örtülü gizlilər.
– Düzdür, şahım, Mindon idi o ana,
Yer qalmayıb burda daha yalana,
Doğru bir gün gələr düzə calanar,
Gizli qalmaz ən örtülü gizlilər.
Mindon idi çıxan sənin qarşına,
Oğlu gəlib çatıb yetkin yaşına,
Çox iş gəlib yazıqların başına,
Gizli qalmaz ən örtülü gizlilər.
Şah, yazığın gəlsin qızın Mindona,
Qorxub qaçıb o Yastıdağ dalına,
Qız paltarı geyindirib oğluna,
Gizli qalmaz ən örtülu gizlilər.
Mən demədim, şahım Sizə qıymadım,
Dedim, deyim, ançaq ürək qoymadı,
Bir də burda qorxu, ürkü duymadım,
Gizli qalmaz ən örtülü gizlilər.
Şah önündə yerə sürtüm üzümü,
Qoy oğluna bağışlasın qızını,
Şah nə yaxşı gördü nəvə üzünü,
Gizli qalmaz ən örtülü gizlilər.
– İndi qorxu ötüb keçib başımdan,
Oğul tutur işdə ata yerini.
Mənim oğlum, gözəl balam, dayağım,
Oğul tutur işdə ata yerini.
Mənim oğlum Minel şahı olacaq,
Mənim adım öz oğlumla qalacaq,
Atası tək çox ölkələr alacaq,
Oğul tutur işdə ata yerini.
Körfəz, İkiçayarası, iki yan,
Kimdir indi bu yerləri arayan,
Gərək burda qancılları darayam,
Oğul tutur işdə ata yerini.
Bu üç yerdə oğlum olsun oturaq,
O bu yerdə başsızlığı yatırar,
Yerinc Qammad vergiləri batırar,
Oğul tutar işdə ata yerini.
Toplum çıxart neçə alay bir yerdə,
Ağır olsun döyüşçülər çəkərdə,
Gərək qanla qızıl otlaq göyərdək,
Oğul tutar işdə ata yerini.
Yürüş edib yeri qanla yuyaram,
O yerlərdə istəyimi yayaram,
Acıqanın gözlərini ovaram.
Oğul tutur işdə ata yerini.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ov-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tus dedi ki: – Çıxaq ova bu gecə,Səhər tezdən ovu axtar yuvada.
Turqla Tusun döyüş söylənciTusər açdı Pişikgözə qəlbini,Ürək şişər söz qalarsa ürəkdə.
Ağdanağ söylənciÇoxu getdi üzdən görsün Besyarı,Yaxşı baxsan içdə nə var üzdədir.
Anakarın ölüm söylənciBalasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Mən məvali məzhəbəm, rahım ƏliMən məvali məzhəbəm, rahım Əli,Hacətim, zikrim, nəzərgahım Əli,
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər